"Ağsu Yazarları" Ədəbi Birliyinin növbəti toplantılarının birində dəyərli ziyalımız, hörmətli şairimiz Əlövsət Saldaş çıxışında, sözün mahiyyəti haqqında olduqca maraqlı və düşündürücü bir fikir söylədi. Həmin fikir təxminən belə idi: "Hər şeyin necə öz səsi, rəngi, ətri varsa, sözün də özünəməxsus səsi, rəngi və ətri var."

Bu fikirləri eşidəndən sonra böyük heyranlıqla Əlövsət müəllimin çıxışına qulaq asır, deyilənlərin dərin məntiqi üzərində düşünürdüm. Bəzi məqamları dərhal anlayır, bəzilərinin isə mənasını özüm üçün tam aça bilmirdim. Onun sözlərinin cazibəsi məni elə ovsunlamışdı ki, çıxışın sonrakı izahlarını belə əvvəlki fikirlərin sehrindən ayrılıb tam qavraya bilmədim.
Öz-özümə qərara gəlmişdim ki, iclas başa çatdıqdan sonra Əlövsət müəllimə bu barədə söhbət edib, söylənilən fikrlərin mahiyyətini daha ətraflı soruşacağam. Lakin həmin gün buna fürsət olmadı. O vaxtdan bəri isə hər dəfə sözün sehrindən, poeziyanın ecazından düşünəndə Əlövsət müəllimin həmin fikirləri yadıma düşür, məni yenidən düşünməyə vadar edir.

Doğrudur, indiyədək bir çox şairlərimizin yaradıcılığı ilə tanış olmuş, elə poetik təsvirlər oxumuşam ki, onları bəzən ən mahir rəssam belə həmin canlılıqla tabloya köçürə bilməz. Sözün yaratdığı mənzərə göz önündə canlanır, misralar rəngə çevrilirdi. Amma yenə də Əlövsət müəllimin dediyi "sözün ətri" anlayışı mənim üçün tam mənası ilə aydınlaşmırdı. Düşüncələrimdə sanki tamamlanmayan bir boşluq qalırdı.
Bu gün isə dəyərli şairlərimizdən biri, sosial şəbəkədə yeni dostluq münasibəti qurduğum hörmətli ziyalımız Adilə Aslanovanın son günlər yağan yağışların coşdurduğu Qaraçay çayına həsr etdiyi şeirini oxuyarkən həmin boşluğun dolduğunu hiss etdim.
Misraları oxuduqca sanki Qaraçayın gurultusunu eşidir, onun çılğın axarını görür, yağışdan sonra torpağa yayılan o təravətli ətri duyurdum. Şeirin hər misrası ruhuma bir su səsi kimi hopur, qəlbimdə yeni duyğular oyadırdı. Elə o an anladım ki, Əlövsət müəllimin "Ağsu Yazarları" Ədəbi Birliyinin toplantısında söylədiyi fikir təsadüfi deyildi. Doğrudan da, həqiqi sözün öz rəngi var – onu görürsən; öz səsi var – onu eşidirsən; öz ətri var – onu qəlbinlə duyursan.

Doğurdan da poeziyanın gücünü bir daha burada görüb duydum. Bəzən bir ömür düşünə bilmədiyin həqiqəti bir misra sənə öyrədir. O zaman anlayırsan ki, söz təkcə yazılmır – o, görünür, eşidilir və duyulur. Əsl poeziya da məhz bu möcüzənin adıdır.
Adilə xanımın "QARAÇAY - 2" şeirini oxuduqca elə bilirəm dağ çayı şırıltıyla məni öz ağuşuna alıb aparır. Təlatüm, həyacan, cana üşütmə...
Zaqatalada son vaxtların güclü yağışından sonra nəriltiylə axan Qaraçay kimi...?
Adilə Aslanovanın "QARAÇAY" şeiri daha çox ictimai-fəlsəfi lirika nümunəsidir. Burada "Qaraçay" təkcə bir çay deyil, həm də təbiətin amansızlığı, taleyin sərt sınaqları və insanın acizliyi kimi simvolik məna daşıyır. Şair, şeirdə müşahidə etdiyi hadisədən doğan ağrını ümumiləşdirərək insan taleyinin faciəsinə çevirir.

"Mən sənə gah şeir, gah nağıl dedim,
Amandır, yolumu kəsmə, Qaraçay!
Sənə ruhum qədər ömür dilədim,
Sus, belə amansız əsmə, Qaraçay!"


Şair, şeiri müraciətlə başlayır və sanki Qaraçayı canlı bir varlıq kimi qarşısına alır və onunla danışır. Bu, üslub klassik ədəbiyyatda tez-tez rast gəlinən xitab üsuludur.
"Gah şeir, gah nağıl dedim" - misrası Adilə xanımın Qaraçaya həmişə məhəbbətlə, heyranlıqla yanaşdığını göstərir. Lakin indi həmin məhəbbətin yerini yalvarış və nigarançılıq tutur. "Amandır" sözü vəziyyətin nə qədər ağır olduğunu ilk misralardan hiss etdirir.

"Üşütdün yayın bu cırhacırında,
Ağla gəlməyəni başa gətirdin.
Dünyanın bu sərsəm qırhaqırında,
Bizi Əzrayılla tuşa gətirdin."


Bu bənddə şair çay daşdıqda yarada biləcək təbiət fəlakətinin miqyasını göstərir.
"Yayın bu cırhacırında üşütdün"- ifadəsi təbiətin adi qanunlarının pozulmasını göstərir. Yayın istisində belə insanın canına üşütmə düşməsi yaşanan qorxunun bədii ifadəsidir.
"Ağla gəlməyəni başa gətirdin"- misrası isə gözlənilməz fəlakəti ifadə edir.
"Bizi Əzrayılla tuşa gətirdin"- misrası, şeirin ən təsirli misrasıdı.
Burada ölüm mələyi obrazı daşqının insanların həyatını necə təhlükəyə atdığını çox güclü şəkildə ifadə edir.

"Heç güvən qoymadın bu gün,sabaha,
Qara canavartək ağzın köpüklü.
Ümidimiz qalıb yalnız Allaha,
Elə hücum çəkdin körlü-kötüklü."


Şeirin bu bəndində Qaraçay artıq vəhşi bir qüvvə kimi təqdim olunur.
"Qara canavartək ağzın köpüklü"- bənzətməsi daşqının coşqun axınını, ağzı köpüklü canavar kimi göz önündə canlandırır.
"Ümidimiz qalıb yalnız Allaha"- misrası isə insanın bütün maddi güclərinin aciz qaldığını göstərir.
"Körlü-kötüklü" - ifadəsi isə selin qarşısına çıxan hər şeyi aparmasını canlı şəkildə təsvir edir.

"Çox acı rüzgarlar yaşatdın bizə,
Dirilik suların zəhərə döndü.
Əbədi yazısan sən bəxtimizə,
Sevinc gözümüzdə qəhərə döndü."


Şeirin bu bəndi ilə şair hadisənin mənəvi nəticələrini ümumiləşdirir.
"Dirilik suları" - adətən həyat mənbəyidir. Lakin burada həmin su ölüm və fəlakət gətirdiyi üçün, şairin dili ilə - "zəhərə döndü" - deyilir.
"Sevinc gözümüzdə qəhərə döndü"- misrası isə insanın bir an içində bütün sevincinin kədərə çevrilməsini poetik şəkildə ifadə edir.

"Qoşulma zamanın qara qəhrinə,
Bilirsən qarışıb o baş, bu başı.
Daha tab qalmayıb acı nifrinə,
Barı bundan belə kəssin göz yaşı."


Şair bu bənddə sanki təbiətlə barışmaq istəyir.
"Qoşulma zamanın qara qəhrinə" – onsuz da dövr ağırdır, sən də bu ağırlığı artırma.
"Daha tab qalmayıb" - misrası insanların dözüm həddinin sonuna çatdığını bildirir.
Son misrada isə artıq şair ümid verir:
Barı bundan belə kəssin göz yaşı.
Bu, şairin duası və arzusu kimi səslənir. Çünki, şair birinci bənddə deyir;

"Mən sənə gah şeir, gah nağıldedim..."


Mənə görə, bu şeirin ən uğurlu cəhəti şairin Qaraçayı düşmən kimi yox, vaxtilə sevdiyi, lakin indi ona ağır sınaq yaşadan bir dost kimi təqdim etməsidir. Buna görə də şeirdə nifrət deyil, inciklik və yalvarış üstünlük təşkil edir. Elə bu xüsusiyyət də şeir səmimilik və təsir gücü qazandırır.

Dəyərli ziyalımız, hörmətli şairimiz Adilə Aslanovanın "BU GECƏ ŞİPŞİRİN ŞEİR YAZACAM" misrasıyla başlayan şeirini özüm bilərəkdən sona, yəni ikinci kimi götürüb yanaşmamı ortaya qoymağı məqsədli fikirləşdim. Çünki şairimizin bu şeiri həm lirik, həm də fəlsəfi çalarları olan, insanın daxili aləmini, yaşadığı ağrıları, həyatla və özü ilə hesablaşmasını ifadə edən güclü poetik nümunədir. Şeirin əsas ideyası insanın öz ruhuna enərək, bütün maskaları çıxarıb həqiqəti dilə gətirmək istəyir.

"Bu gecə şipşirin şeir yazacam,
Ruhumun yarımçıq qalan yerindən.
Çıxarıb ciyərin qaysaqlarını,
Büsbütün qovrulan, talan yerindən."


Şair elə ilk misradaca oxucunu poetik etirafa hazırlayır. "Bu gecə şipşirin şeir yazacam"- ifadəsi zahirən nikbin səslənsə də, sonrakı misralar göstərir ki, bu "şirinlik" sevincdən deyil, böyük ağrıların içindən süzülüb gələn bir həqiqətdir.
"Ruhumun yarımçıq qalan yerindən"- misrası isə insan taleyində tamamlanmamış arzulara, sağalmayan yaralara işarədir. Ruhun "yarımçıq" qalması daxili bütövlüyün pozulmasını ifadə edir.
"Ciyərin qaysaqları"- xalq dilində ən ağır mənəvi yaraların rəmzidir. Şair həmin qaysaqları qoparmağa, köhnə ağrıları yenidən yaşamağa hazırdır. Şeirdə, - "Qovrulan, talan yer"- isə həyatın insanın daxilində yaratdığı viranəliyin poetik obrazıdır.

"Pərvanə eşqinə yanan şəm kimi,
Adını unudan bir sərsəm kimi,
Cığası dağılan bir sənəm kimi,
Mehrimin dağ-daşa salan yerindən."


Şair bu bəndi tamamilə təşbehlər üzərində qurur.
Çünki, bilirik ki, "Pərvanə eşqinə yanan şəm"- obrazında, həm aşiq, həm də məşuq eyni anda yanır. Sevgi burada fədakarlıq və məhv olmaq mənası daşıyır.

"Adını unudan bir sərsəm kimi"- misrası isə insanın özünü itirməsini, şəxsiyyət böhranını ifadə edir.
"Cığası dağılan bir sənəm" –misrasında isə şair əvvəlki gözəlliyini, bütövlüyünü itirmiş bir varlığın obrazını canlandırır.
Şeirin son misrasında isə şair deyir ki, bütün məhəbbətim dağlara - daşlara səpələnib. Bu, sevginin qarşılıq görməməsini, hisslərin boşluğa axmasını ifadə edən güclü bənzətmədir.

"Qütbü bilinməyən, qədəri sonsuz,
Ənliksiz, kirşansız, bəzəksiz, donsuz,
Dəyişmir şüarı, nidası onsuz,
Özümü özümdən alan yerindən."


Şair bu bəndlə insanın daxili aləminin sərhədsizliyini göstərir.
"Qütbü bilinməyən" – istiqaməti olmayan, haraya getdiyi bilinməyən bir ruh halıdır.
"Ənliksiz, kirşansız, bəzəksiz" - sözləri saxtalıqdan uzaq, maskasız, olduğu kimi görünən həqiqəti əvəz edir.
"Özümü özümdən alan yer" - misrasıyla şair, insanın ən dərin hisslərinin mənbəyini göstərir. Burada insan artıq özü üzərində hakimiyyətini itirir; hisslər onu idarə edir.

"Kölgələr günəşi gizlətməz daha,
Satdım kədərimi bahadan baha.
Qələmim çox batıb savab-günaha,
Yazdığım, pozduğum falan yerindən."


Bu bənddə artıq müəyyən mənəvi oyanış hiss olunur.
"Kölgələr günəşi gizlətməz daha"-misradaki fikir, həqiqətin artıq ört-basdır edilməyəcəyini bildirir.
"Satdım kədərimi bahadan baha"- misrası isə şeirdə çox maraqlı poetik tapıntıdır. Şair ağrılarının ona çox baha başa gəldiyini, onları böyük əvəz hesabına yaşadığını bildirir.
"Qələmim çox batıb savab-günaha" – misrası isə şair taleyinin etirafıdır. Yəni, yazdığı hər söz həm savaba, həm də günaha çevrilə bilər.
"Yazdığım, pozduğum fal"- ifadəsi insanın taleyini özü yazıb-pozmaq cəhdini də xatırladır.

"Asacam özümü köhnə nağıldan,
Məchul qəhrəmanlar çıxıb ağıldan,
Qurtarıb canımı quru "sağ ol"dan,
Tutacam dilimin yalan yerindən."

qla bitir. "Özümü köhnə nağıldan asacam" –fikiri ilə şair köhnə təsəvvürlərdən, illüziyalardan birdəfəlik quraraq biləcəyini çatdırır.
"Məchul qəhrəmanlar çıxıb ağıldan" –fikriylə isə saxta bütlərə, uydurulmuş qəhrəmanlara artıq inanmadığını göstərir.
"Quru '"sağ ol'" - ifadəsi isə, şairin səmimiyyətsiz minnətdarlıqlara, formal münasibətlərə etirazdır.
"Tutacam dilimin yalan yerindən" -misrası isə şeirin ən güclü misrasıdı. Çünki, şair bununla demək istəyir ki, insan ilk növbədə özünü sorğu-suala çəkməli, öz yalanını boğmağa çalışmalıdır. Şair başqalarını deyil, əvvəlcə öz dilini, öz sözünü məsuliyyətə cəlb edir. Ona görə də bu misra şeirin mənəvi zirvəsidir.

Bu şeir daxili hesabat, mənəvi təmizlənmə və həqiqət axtarışının poetik etirafıdır. Müəllif keçdiyi həyat yoluna nəzər salır, ağrılarını gizlətmir, köhnə illüziyalardan imtina edir və ən sonda insanın ən çətin mübarizəsinin öz vicdanı və öz dili ilə olduğunu göstərir.
Mənim diqqətimi xüsusilə cəlb edən cəhət odur ki, şair bu şeirdə başqalarını ittiham etmir. O, əvvəlcə öz ruhunun ağrısını açır, sonra isə- "dilimin yalan yerindən tutacam"- deyərək ən ağır hökmü özünə verir. Elə buna görə də şeir oxucuda inam yaradır və təsir gücü qazanır.
Adilə Aslanovanın bu iki şeiri üzərində bir dost yanaşmada sözün səsini eşitdim, gözəlliyini görüb, bütün varlığımla ətrini duydum.
Sonda dəyərli ziyalımız, hörmətli şairəmiz Adilə Aslanova ya bol-bol yaradıcılığ uğuru arzulayıb, sözün səsini, gözəlliyini, ətrini seçdiyim bu şeirləri ilə mənə yaşatdığı üçün ona sağlam can sağlığı, uzun ömür, sevincli günlər arzulayıram.
Böyük səmimiyyətlə,
SÖZÜN RƏNGİ, SƏSİ VƏ ƏTRİ...
Elxas Comərd.
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.

Son xəbərlər

Sözün Hikmət günəşi, hər zaman əlahəzrət sözlərinlə günəş parlaqlığında qal...

Doğum gününüz mübarək olsun, əziz Ana! - FOTOLAR

SÖZÜN RƏNGİ, SƏSİ VƏ ƏTRİ...

Dənizdə batan Ümid müstəntiq işləyirmiş

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları – Həkim məsləhəti

Xəzər dənizində zəlzələ olub

Bakıda evdə meyit tapıldı

Messi "MLS Ulduzlar matçı"nın heyətindən çıxarıldı

Almaniyada yüngülmühərrikli təyyarə yaşayış evinə çırpıldı - 2 pilot həlak oldu

Dünyanın NAĞIL KİMİ 15 mənzərəsi

Ukrayna Xəzərdə İrana aid ticarət gəmisini vurdu - Ölən var

QAÇILMAZ FACİƏlƏRƏ SƏBƏB OLA BİLƏCƏK BU HALLARIN QARŞISI ALINMALIDIR

KÖÇƏ QOŞULURAM BAHAR GƏLƏNDƏ

ELXAS MÜƏLLİM TƏŞƏKKÜR EDİRƏM, DİQQƏT VƏ DƏYƏRİNİZ ÜÇÜN.

Bal yeyərkən bunlara diqqət edin!

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq edildi

Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verdi

Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb

Tural Abbaslı: ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur”

Professor İsmixan Rəhimovun sevimli tələbələrindən biri...

Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq

Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib

Cəlilabad ədəbi mühitinin öz ziyalısına təşəkkürü

Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib

Yaponlar niyə yerdə yatır? - Yataqsız evlərin sirri

Azərbaycan futzal komandası Avropa Universitet Oyunlarında ikinci olub

BDYPİ isti hava ilə bağlı sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031