Turaztv.az » Xəbərlər » KÖÇƏ QOŞULURAM BAHAR GƏLƏNDƏ
Xəbərlər

KÖÇƏ QOŞULURAM BAHAR GƏLƏNDƏ

26.07.2026, 00:03 73
Küsüb sarı simi ozan könlümün,
Həsrətin sazını zilə çəkirəm.
Axıb qarışıram Kürə, Araza,
Qanlı sularını dilə çəkirəm.

Qaya sinəsindən od götürürəm,
Əsir ocaqlarda közüm ağlayır.
Bağlı qapıların pas kilidləri,
Yadlara yol salan izim ağlayır.

Təntiyir ürəyim yurd nəfəsinə,
Bulaqlar süzülüb qanımdan keçir.
Öpüb, qoxladığım dağ çiçəkləri,
Kövrək xatirətək yanımdan keçir.

Ötür xəyal atım qayalar üstədən,
Zirvələr qoynunda çənə bükülür.
Dəcəl uşaqlığım səsləyir ordan,
Gözlərim bir qərib yola dikilir.

Köçə qoşuluram bahar gələndə,
Uçur ümidlərim Vətənə sarı.
Bulud gözlərimdən bir damla düşür,
Oyulur sinəmin daş arzuları.

16.39
20..05.2026

Müəllif: Xatirə Həsrət Göyçə

Oxşar xəbərlər