
Xəbərlər
22.05.2026, 00:55
SƏSİ BAL KİMİ OLAN XANƏNDƏ - FOTOLAR
İllərin sənətçisi Arzu Əliyevanın Prezident mükafatına layiq görülməsi hamımızı sevindirir
“Xanəndə - toylarda, məclislərdə, konsertlərdə və s.-də oxuyan peşəkar müğənni. Bir tərəfdə tarzən və xanəndə oturub, musiqi çalınır”.
Uzeyirbəy HACIBƏYLİ
“Qızışan xanəndə qavalını hərləyir, tarçı tarını kökləyir, kamançaçı simləri düzəldir, nəğməney səsi göy qayalardan əks-səda verirdi”.
Süleyman RƏHİMOV
“...Qarabağ şikəstəsi deyən cavan xanəndənin mahnısı dəniz üzərindən yüksələrək, ta uzaqlara qədər işləyirdi”.
Mehdi HÜSEYN
İnsan dünyaya göz açandan musiqi ilə dostlaşır. Musiqi onu bütün həyatı boyu müşayiət edir. Ana laylasını eşidəndə oxumaq istəyi baş qaldırır. Körpə uşaq anasının laylası altında rahatlıq tapır və yuxuya gedir. Bəzən də elə olur ki, anasının laylasını özünün körpə zümzüməsi ilə müşayiət edir. Hərdən körpə böyüyəndən sonra da oxumaq həvəsini itirmir. Elə bir adam tapmaq olmaz ki, oxumağa meyilli olmasın... Səsi olan da, olmayan da oxuya bilməsə də, zümzümə etməyi xoşlayır. Və bu oxumaq həvəsi onu hətta müğənniliyə də aparır.
Hamı nə vaxtsa səs tellərinin açılacağı xəyalı ilə yaşayır, müxtəlif "səsaçan vasitə”lərin tətbiqinə çalışır. Səsi olan xanəndələr qida rasionlarında səsə ziyanlı yeməklərdən boyun qaçırırlar. Deyilənlərə görə, sənət aləmində səsinin gözəlliyinə, diapazon genişliyinə görə tayı-bərabəri olmayan Xan Şuşinski düyü xörəyi yemirmiş. Deyirmiş ki, düyü səs tellərini qurudur, oxumağa əngəl törədir. Xan əmi rütubətli havada müəyyən muğamları oxumaqdan vaz keçirmiş...
ÖZ SƏS TEMBRİ, İFA ÇALARLARI İLƏ SEÇİLƏN XANƏNDƏ
Azərbaycan ifaçılıq sənətinin zənginliyi ondadır ki, burada hər bir sənətkarın öz yeri, öz dəst-xətti var. Əməkdar artist, Prezident mükafatçısı Arzu Əliyeva da özünəməxsus dəst-xətti olan xanəndələrdəndir.
Bu yerdə sənətkar haqqında musiqi bilicisi, müğənni Pünhan Əfəndiyevin dediklərini nəzərinizə çatdırırıq: “Arzu Əliyeva xalq musiqisinə dərindən bələd olan, öz oxu tərzini yüksək bədii zövqlə təqdim edən xanəndədir. O, oxuduğu muğam, xalq mahnı və təsniflərinə xüsusi bir rəng qatır. Bu musiqi nümunələrinin orijinallığını qoruyub saxlayan Arzu xanım onları öz xalları, zəngulələri ilə sanki yeni üslubda təqdim edir. Bu da əsl sənətkara xas olan keyfiyyətdir ki, onu yalnız sənət təcrübəsi olan ustad qazana bilər”.
Bu doğrudan da, belədir. Arzu Əliyeva öz səs tembri, ifa çalarları ilə seçilən xanəndədir. Əsl xanəndə oxusunun ilk avazlarından tanınmalıdır. Bu cəhət də Arzu xanımın yaradıcılığı üçün çox səciyyəvidir. Bir halda ki, söz yaradıcılıqdan düşdü, onu sənətə gətirən yaradıcılıq yoluna qısa bir nəzər salaq.
Arzu Qurban qızı Əliyeva 1991-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Səbail rayonunda yerləşən Tofiq Məmmədov adına 239 saylı orta məktəbin I sinfinə gedib, 2008-ci ildə həmin məktəbin XI sinfini bitirib. Bundan əlavə 2002-ci ildə Yasamal rayonunda yerləşən 22 saylı musiqi məktəbinə muğam dərsləri almağa gedib, 2008-ci ildə həmin məktəbi qırmızı diplomla bitirib. O, eyni zamanda yeddiillik fortepiano təhsili dəalıb. 2008-2012-ci illərdə bakalavr, 2013-2015-ci illərdə magistr pilləsi üzrə Azərbaycan Respublikasının Milli Konservatoriyasını qırmızı diplomla bitirib. Konservatoriyada oxuduğu illərdə dərslərini əla qiymətlə oxuduğu üçün Süleyman Ələsgərov adına təqaüdlə təltif edilib.
Respublikanın Xalq artisti, dosent, Şərəf orderli Mənsum İbrahimovdan muğam dərsi alıb. İlk dəfə istedadını müəllimi üzə çıxarıb. Məhsuliyyətli və böyük səhnədəki çıxışı 2003-cü ildə Heydər Əliyev adına Sarayda keçirilib. Belə ki, ölkə Prezidenti İlham Əliyevin andiçmə mərasiminə ayrılmış konsert proqramında ifası rəğbətlə qarşılanıb. 2004-cü ildə Türkiyə Respublikasında keçirilən VII Uluslararası dünya festivalında uğurlu çıxış edib. 2005-ci ildə Üzeyir Hacıbəyovun 120 illiyinə həsr olunmuş Muğam ifaçılarının 1-ci Respublika müsabiqəsinə seçilən 20 finalçıdan biri də Arzu Əliyeva olub. Onu da qeyd edək ki, müsabiqə Azərbaycan televiziyası ilə yayımlanıb. Həmin ildə Dövlət Muğam Teatrının rəhbərliyi tərəfindən işə dəvət alıb və orada çalışdığı üç il ərzində bir çox dövlət tədbirində uğurla çıxış edib.
A.Əliyeva 2006-cı ildə Astara rayonunda keçirilən Muğam ifaçılarının III Respublika müsabiqəsinin "Qrandpri" mükafatına layiq görülüb. 2006-cı ildə Qazaxıstanda keçirilən "Delfi Oyunları" müsabiqəsinin laureatı olub və 2007-ci ildə Hindistanın Dehli, Laknao və Hardivar şəhərlərində "Mədəniyyət günlərinə" həsr olunmuş konsertlərdə, eyni zamanda həmin ildə İranda "Azərbaycan günləri"ndə də iştirak edib. 2007-ci ildə daha bir səfəri Cənubi Koreyanın Seul şəhərinə olub. Burada kecirilən "Azərbaycan günləri"ndəki çıxışları cox gözəl qarşılanıb. 2007-ci ildə Səmərqənddə keçirilmiş Şərq təranələri festivalında YUNESKO-nun baş mükafatına layiq görülüb. 2008-ci ildə Vyanada keçirilmiş "Mədəniyyət günləri"ndə iştirak edib və 2008-ci ildə Fransanın Paris, Belçikanın Brüssel, Almaniyanın Münhen şəhərlərinə səfərlərdə olub. O, həmçinin Çinin, Mərakeşin, Litvanın, Rusiyanın müxtəlif şəhərlərində keçirilmiş "Mədəniyyət günləri"ndə də maraqlı ifaları ilə tamaşaçıların qəlblərini fəth edib.
Hazırda fəaliyyətini Akademik Opera və balet teatrında və Beynəlxalq Muğam Mərkəzində davam etdirməklə bir çox dövlət tədbirində də çıxışlar edir.
Ailəlidir. 1 övladı var.
ÖZ YOLUNU TAPAN XANƏNDƏ
Onu xanəndəlik sənətinə gətirən yol orta məktəbdən başlayıb. Cavan vaxtlarında klassik şairlərimizin yazdığı şeirləri, qəzəlləri çox oxuyub. Bəzi məclislərdə xırda-xırda oxuyarmış. Bu nümunələri oxumaqla həm muğam avazlarını, həm də muğam ifaçılığı üçün gərəkli olan klassik üslubları, xanəndəyə lazım olan priyomları mənimsəməyə başlayıb. Amma bununla yanaşı, vurğunu olduğu klassik, əvəzsiz sənətçilərin səsinə qulaq asır, ifaları dinləyir, onlardan bəhrələnirdi. Onların ifaları vasitəsilə xanəndəlik sənətinin sirlərini öyrənməyə çalışıb. Hətta təzə-təzə xanəndəliyə gələndə onlar kimi oxumağa çalışıb. Nəhayət, öz yolumu tapıb. Bunun üçün də daim öz üzərimdə çalışıb. Çünki sənətə qədəm qoyan hər bir kəs bu sahədə öz yolunu tapmalıdır. Əgər belə olmazsa, ona sənətkar deməzlər.
Bax, beləcə ustadlardan öyrənə-öyrənə öz yolunu tutan Arzu Əliyeva bu gün özü ustaddır. O, muğamlarımızı, xalq mahnılarımızı, təsnifləri və bəstəkar mahnılarını çox şövqlə və xüsusi ifa tərzi ilə yalnız respublikamızda deyil, dünyanın müxtəlif ölkələrində də əzmlə təbliğ edib. Etiraf etməliyik ki, o dövrün təbliğatı ilə bu gün arasında bir xeyli fərqlər var. Elə ustadla söhbətimizdə o da bu məsələni xüsusi vurğuladı:
“Bir vaxtlar xalq musiqimizə maraq müəyyən qədər azalmışdı. Biz sənətkarlar da bundan çox mütəəssir olurduq. Hətta bəzilərində bir ruh düşkünlüyü yaranırdı. Amma mən həmişə əmin idim ki, muğam daim yaşayacaq. Çünki bu əbədiyaşar bir sərvətdir. O nə itəndir, nə də tükənənl. Bu gün mənim və mənim kimi düşünənlərin ümidləri doğrulub. Möhtərəm prezidentimiz İlham Əliyev, ölkəmizin birinci xanımı, millət vəkili Mehriban xanım Əliyeva musiqiyə, incəsənətə xüsusi diqqət və qayğı göstərirlər. Heydər Əliyev Fondunun muğamla bağlı layihələri sayəsində muğamımız dirçəldi, çox qabiliyyətli muğam ifaçıları meydana gəldi. Biz onların simasında gələcəyin layiqli ifaçılarını görürük. Bununla biz sənətkarların da rifahı yaxşılaşıb. Nə deyim, muğamı qoruyanları Tanrı qorusun”.
SƏSİ VƏ İFASI İLƏ QƏLBLƏRİ FƏTH EDƏN XANƏNDƏ
Maraqlı düşüncələri ilə həmsöhbətimiz olan Əməkdar artist Arzu Əliyeva bu gün muğam sənətinə göstərilən qayğı və diqqətdən ürəkdolusu danışsa da, gənc muğam ifaçılarına tövsiyələrini də söylədi: “Muğamat özü dərin bir elmdir. Elə bir elmdir ki, hələ də onu tamam-kamal öyrənə bilən olmayıb. Biz də, bizim ustadlarımız da muğam dəryasından bəzi zərrələri əxz etmişik. Amma doğrudan da bu elmi bilmədən muğamı ifa etmək düzgün deyil. Muğam oxumaq yalnız səsin gücünə bağlı deyil. Hər bir muğama uyğun qəzəl seçimi, qəzəllərin düzgün tələffüzü, bunun üçün də əruz vəzninin qayda-qanunlarını və bu kimi vacib cəhətləri öyrənmək lazımdır. Əgər belə olmasa, muğam oxuyan tamam-kamal ifaçı kimi yetişə bilməz. O, sənətdə naşı olacaq. Bu sənət də naşılığı sevmir. Çünki hər dövrdə muğam xiridarları olub, bu gün var, sabah da olacaq. Onları aldatmaq olmaz. Bunun üçün də zəhmət çəkərək əsil sənət nümayiş etdirmək lazımdır”.
Arzu xanımın bu tövsiyələrini qələmə aldıqca yadıma ustad Hacıbaba Hüseynovun bu misraları düşdü:
Ey cavanlar, siz o Tanrı, sizə canım qurban,
Qoymayın siz, bu muğamatımızı xar olsun.
MİLLİ OPERA SƏNƏTİNİN İNKİŞAFINDA XİDMƏTLƏRİ OLAN XANƏNDƏ
O, bütöv Azərbaycanın qızıdır. Arzu Əliyeva gənc olsa da, oxuduğu mahnıların ömrü uzundur, sanbalı və çəkisi ölçüyəgəlməzdir. Yanıqlı səsi, məharətli ifası yaddaşımıza yazılır, milli-mədəni irsimizə töhfə etdiyi sənət inciləri sənət tariximizin altun səhifəsinə çevrilir. Milli opera sənətimizin bugünkü inkişafında əvəzsiz xidmətləri olan Arzu Əliyevanın Akademik Opera və Balet Teatrının səhnəsindəki ifaları, əsas partiyaları dəyərli sənət örnəkləridir. O, haqlı olaraq, çağdaş musiqimizin ən güclü səslərindən hesab olunur.
O, nəinki operada, muğam sənətində də tamaşaçısını böyük ustalığı ilə heyrətləndirməyi bacarıb. Arzu xanım muğamlarımızın mahir ifaçısıdır. Bir tamaşaçı kimi izlədiyimə görə, çox çətin muğamlar oxuyur.
Muğamlarımızda qəlbinin bütün duyğularını dilə gətirən A.Əliyeva qədim xalq sənətinin bütün gözəlliyini dinləyiciyə çatdıra bilir. Bu muğamları dinləyəndə qeyri-ixtiyari, Azərbaycanın Birinci vitse-prezidenti, İSESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın muğam haqqında fikirlərini xatırlayırıq: “Muğam bizim qəlbimizin xüsusi məqamıdır… Muğam dəryasının sualtı cərəyanları çoxdur, bu cərəyanlara daldıqca biz insan hisslərinin sirli yelpazəsinin istiliyini hiss edə bilirik, varlığı onun bütün müxtəlifliyində dərk edirik”. Arzu xanım muğam ifaçılığı ilə həmin dəryanın sualtı axınlarında məharətli qəvvas kimi üzür, qiymətli sənət incilərini tapıb üzə çıxarır.
VƏTƏNİN AĞRI-ACISINI İÇİNƏ ÇƏKƏN, MAHNILARINA HOPDURAN XANƏNDƏ
Mənim fikrimcə, sənətkarın şöhrəti elə yüksək bir zirvəni fəth etməlidir ki, onun tərəf müqabili olmaq, onunla eyni səhnəni bölüşmək, bir teatrda rol almaq böyük şərəf olsun. Arzu Əliyeva da belə gənc sənətçilərdəndir.
Muğamlarımızı, təsniflərimizi qəlbini yandıran vətən, yurd dərdinin təsirilə daha yanıqlı oxuması hamını onun Qarabağ xiffətindən xəbərdar edirdi. Onu dinləyəndə sanki tarixin dərinliklərindən gələn bir fəryadı eşidirsən. Bu fəryadda yaralı bir ürəyin çırpıntıları ilə yanaşı, həm də parçalanmış xalqın ağır hüznü, kədəri var. Azərbaycan gözəlinin ən dərin, gizli hisslərinin tərcümanı olan bu səs öz sahibinin könül sirrini və təlatümünü neçə-neçə ürəyə daşıyır. Bu səsdə nə yoxdur? Gələni-gedəni olmadığından ot basmış Qarabağ diyarının yurd yerləri, Arazın sularının qəmli hekayəsi, qulluqsuz qalmış ağacların şikayəti, Dərbəndimizin, Təbrimizin... ağrısı-acısı... Hansı birini deyək? O xalqımızın Qarabağ həsrətini bütün Azərbaycanın dərdinə çevirə bilib. Ecazkar səsi ilə bütöv Azərbaycan sevgisini ürəklərdə alovlandırıb...
Vətən həsrətilə ürəyi səsində döyünüb, ürəklə oxuduqları onu hamıya sevdirib...
SƏNƏTİ VƏ SƏSİ İLƏ SƏRHƏDLƏRİMİZİ AŞAN XANƏNDƏ
Sənətdə olduğu, fəaliyyət göstərdiyi bu illərdə zəhməti hədər getməyib. Belə ki, dövlət tədbirlərində bu sənəti layiqincə təmsil etdiyi üçün ölkə rəhbərliyi və dəvət edildiyi festival və müsabiqələrdə müsiflər tərəfindən aldığı mükafatlar göz önündədir. 2009-cu ildə keçirilən Respublika Muğam Müsabiqəsində laureat adını qazanaraq müsabiqənin ən gənc iştirakçısı kimi Bəstəkarlar İttifaqının mükafatını alıb. 2013-cü il fervralin 2-də Gənclər mükafatı laureatı və bununla yanaşı "İlin işgüzar xanımı" adına layiq görülüb. 2011-ci ildə "Azərbaycan gözəldir", 2013-cü ildə "Deyin hardadır" və 2017-ci ildə 3-hissəli musiqi albomu işıq üzü görüb. 2013-cü ildən "Əsli və Kərəm" opersında Əsli, 2015-ci ildən "Leyli və Məcnun" operasında Leyli obrazını canlandırmağa davam edib. Tamaşalarda tərəf müqabilləri — Respublikanın Xalq artisti, ustadı Mənsum İbrahimov və Respublikanın Əməkdar artistləri Təyyar Bayramov, Elnur Zeynalov və İlkin Əhmədovdur. Həmçinin Beynəlxalq Muğam Mərkəzinin solistidir. Muğam sənətilə məşğul olmağa başladığı ilk gündən bu günə qədər, musiqimizi 30-dan çox ölkədə festival, dövlət bayramları və mədəniyyət günləri ilə əlaqədar tədbirlərdə təmsil edib. ABŞ, Böyük Britaniya, Brazilia, Fransa, Almaniya, Avstriya, Belçika, İsveçrə, İtaliya, Albaniya, Amsterdam, Malta, Rumıniya, Rusiya, Polşa, Cənubi Koreya, Çin, Gürcüstan, Hindistan, Qazaxıstan, Özbəkistan, Bolqarıstan, Macarıstan, İran İslam Respublikası, İspaniya, Mərakeş, Qətər, Litva, Serbiya, Tunis, Türkiyə və Yunanıstan bu sıradandır.
27 may 2018-ci ildə Əməkdar artist adına, 2020-ci ildə "Humay" mükafatına, 2025-2026-cı illərdə Prezident mükafatına layiq görülüb. Hazırda fəaliyyətini Akademik Opera və Balet teatrında, eləcə də Beynəlxalq Muğam mərkəzində davam etdirir.
SƏNƏTƏ VƏSİQƏSİNİ MƏNSUM İBRAHİMOVDAN ALAN XANƏNDƏ
O, qeyd etdiyimiz kimi, çağdaş muğam sənətinin sütunlarından hesab edilən Mənsum İbrahimovun tələbəsi olub. Mənsum müəllimlə bağlı xatirələri ipə-sapa düzmək üçün yaddaşını oyatmağa çalışır. Onun verdiyi məsləhətləri, tövsiyyələri çözələyir.
Danışdıqlarından hiss edilir ki, zaman Mənsum müəllimin sezdiklərini təsdiqləyib. O vaxt bəlkə heç özü də özünə inanmırdı. Qeyri-müəyyənlik içində vurnuxurdu. Amma daxilindəki səs onu harasa çəkirdi, bilmirdi hara... O, insanda insanı görməyi bacaranlardandır. Pedaqoqduri axı, müəllimdiri axı. Görmək üçün təkcə göz kifayət eləmir axı. Necə ki, dinləmək üçün təkcə qulaq bəs etmir, gərək ürək də bu işdə iştirak eləsin.
Arzu xanım danışır, bəzi incə mətləblər haqqında dilləndikcə, düşündükcə bu qənaətə gəlirəm ki, Mənsum müəllim kimi insanlar Tanrı tərəfindən seçilmişlərdir. Bu müstəsnalığı onların qismətinə Tanrı yazıb. Ustad sənətkar musiqi mədəniyyətimizdə böyük xidmətlər göstərmiş və bu gün də özlərinin səsləri, ifaları ilə ölkəmizə şöhrət gətirən xeyli xanəndənin də müəllimi olub. Onlar sənətə vəsiqəni məhz Mənsum İbrahimovun əlindən alıblar.
Mənsum müəllim illərə meydan oxuyan səsiylə XXI əsrə adlayıb. Tələbələri onu unudulmağa qoymur, öz səslərinin qanadında daşıyırlar bu nadir səsi. Xarakterinin cizgiləri var səslərində - ağayanalıq, nəciblik, sadəlik və böyüklük. Mütəvazi insandır. Efirlərdə ən az görünən xanəndələrdəndir, həmişə tələbələrini önə çəkir, onlarla fəxr edir. O da ustadının əmanətini onlara ötürə bildiyi üçün özünü bəxtiyar hesab edir.
Bu yazını yazmağım səbəbsiz deyil. Bu günlərdə ifasını maraqla dinlədiyim, səsinə həvəslə qulaq kəsdiyim Arzu Əliyeva Prezident İlham Əliyevin imzası ilə mükafata layiq görülüb. Bu, təkcə məni yox, digər tamaşaçıları, muğamsevərləri, Arzusevərləri, pərəstişkarlarını da qürurlanıdrdı, sevindirdi, qəlbimiz riqqətə gətirdi. Öz ustadının tövsiyələrinə əməl etməklə, bu sənətin sirlərini öyrənməklə peşəkar muğam ifaçısı səviyyəsinə qalxmaq heç də asan iş deyil. Haqqında bəhs etdiyim Arzu xanım da məhz bu mərhələləri keçərək ustad zirvəsinə yüksəlib. Və sənəti, əziyyəti, cəfakeşliyi və ən əsası muğam sənətini qoruması yüksək qiymətləndirilib. Arzu Əliyeva hələ gəncdir, yaşının bu çağında sənət eşqi ilə yaşayır, ürəyi musiqi ilə döyünür. Biz də deyirik ki, ustad xanəndə səviyyəsinə yüksələn Arzu xanım, oxuyan ürəyiniz daim var olsun!
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





















