Mən uzaq yollardan gəlirəm..

Baxış Sayı:81

Mən uzaq yollardan gəlirəm..
Mən uzaq yollardan gəlirəm Dədə
Məkanım ,mənzilim yaşımdan uzaq.
Məni oxlayıblar Gülüstançayda
Mənim daşım düşüb daşımdan uzaq.

Mən uzaq yollardan gəlirəm Dədə,
Hər zaman talanıb , yağmalanmışam.
Min calaq vurublar hər budağıma
Mənsə öz kökümdə doğmalanmışam.

Qatıb aralığı, eyləyib dəngi,
Ulaşıb hayları, farsı, firəngi.
Əzəldən bilirlər məndəki cəngi
Gələndə sıyrılıb qından gəlirəm.

Mənim haqq səsimdi ərşə calanan,
Bir də ər qılıncım--bundan gəlirəm.
Sən mənim indiki yaşıma baxma
Mən Dədəm Qorquddan, Hundan gəlirəm.

Silinməz xislətim, dəyişməz köküm,
Damara çökmüşəm, qandan gəlirəm.
Dünyaya barışam, cahana hakim
Göy Türkün özüyəm, ondan gəlirəm!

Hörmətlə.: İlqar Həkim

Oxşar xəbərlər
SON XƏBƏRLƏR