
Xəbərlər
22.10.2026, 00:03
BUDURMU HƏQİQƏTİN?!.

BUDURMU HƏQİQƏTİN?!.
(Tanış bir minsifət mazoşist "kişi"ciyə)
Sən bəs deyirdin ki, o ağac çürük,
Durub kölgəsinə qaçırsan indi?!.
Bir vaxt hapa-gopa basdığın körük
Yanmır, tüstüsünü qucursan indi...
Ağzını açanda -düzəm-deyirsən,
Eləsə, əyricə düzdə nə işin?!
Xəlvətə düşəndə kimi öyürsən,
Titrəyir ağzında damağın, dişin?
Səndən söz alırlar bir ala dillə,
Sən də döşəyirsən nə "demişəm"sə.
Məndən kənar dolan hər ay, hər illə
Yalan dostluğuna yad "qəmiş"əmsə!..
Mənə çatdırırlar bil ki, hər şeyi,
İkiüzlülüyün örtmə üstünü.
Dost bildiklərinlə içdiyin meyi --
Yada sal birbəbir şərab dəstini...
Zəmanə suçumu bu aşınmağın?
Süni mərdliyin də bir sonu olmuş..
Məndən ona-buna söz daşımağın
Səninçün "kişilik" qanunu olmuş...
Yapışmır, uyuşmur fənaya uyub
Əməlin, mərdliyə, yaşayatmaza;
Birinin üstünə beşini qoyub,
Boşdan çatdırırsan başıçatmaza...
Hər mələk addımın iblisanədir,
Tələsmə, hərdənbir dön, izinə bax.
O baxış bucağın xanə-xanədir,
Sərraf gözlərimlə gəl özünə bax...
Tərifin gah mənə, gah da onadır...
Saxta "can" söyləyən hər cana yadam.
Nitqində "öy" ilə "söy" yanyanadır-
Bumu həqiqətin, minsifət adam?!.
Yalaqca, yaltaqca süslədiyini
Görkə, üzəvari bəyan adamsan.
Yanımda qımışıb pislədiyini
Daldada göz üstə qoyan adamsan...
Bunlar bildiyimin azıdır hələ;
Dinnəm damla-damla, leysan yağmaram.
And-aman etsən də sən innən belə,
İpinin üstünə odun yığmaram...
Bəsdir ona-buna tərsə yozumun,
İnanmayanı da dümsükləyirsən...
Əcəb tənəsi var sənə yazımın;
Haqq tərəzisini niyə əyirsən?!.
Sənsən bulud-bulud, lay-lay bulanmış...
Sənsən qurşamında qurşaqsız olan...
Neçə nüftəsinə yad zoğ calanmış
"Saqqız ağacı"na qırsaqqız olan...
Qəbul et, rəsmini cızmışam daha,
Sözü burcutmağa gümanın yoxdur...
Nə var onu dedim, inan Allaha,
Dinin ola bilər, imanın yoxdur!..
Yusif Nəğməkar
19.10.2026.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



