İNSAN MÜNASİBƏTLƏRİNDƏ SAXTAKARLIQ, SÜNİLİK VƏ BAYAĞILIQ

İNSANIN İÇİ ILƏ ÇÖLÜ ARASINDAKI MƏSAFƏ HAQQINDA
ANALİTİK-PUBLİSİSTİK YAZI

İnsanın ən böyük faciəsi bəzən düşməninin çoxluğundan çox dost bildiklərinin arasında özünə yadlaşmasıdır. Elə bir vaxt gəlir ki, adam üzünə gülənlərin arasında təbəssümün istiliyini axtarır, xoş sözlərin içində bircə dənə həqiqi kəlmə tapmaq istəyir, amma əli boş qalır. Hamı danışır, hamı biri-birinə nəsə deyir, hamı kiməsə hörmət göstərir, kimisə ucaldır, kiminsə könlünü alır. Ancaq bu münasibətlərin nə qədəri ürəkdən gəlir, nə qədəri hesab-kitabın, şəxsi marağın, görünmək ehtirasının məhsuludur -bax, əsas məsələ budur.
İnsan münasibətləri qəribə bir səhnəyə çevrilib. Bəziləri özünü olduğu kimi göstərməkdən daha çox başqalarının görmək istədiyi adam olmağa çalışır. Ürəyində olmayan sevgini dilinə gətirir, düşüncəsində olmayan hörməti davranışına çevirir, inanmadığı fikirləri elə müdafiə edir ki, az qala özünü də inandırır. Həyatın bu səhnəsində hər kəsin bir rolu, bir maskası, bir də həmin maskanın arxasında gizlətdiyi həqiqəti var. Ən ağrılısı isə odur ki, zaman keçdikcə bəzi adamlar maskanı üzlərinə taxdıqlarını unudub, onu öz həqiqi simaları hesab etməyə başlayırlar.
Saxtakarlıq da elə buradan başlayır: insanın özündən uzaqlaşdığı, daxilindəki həqiqətlə zahirdə nümayiş etdirdiyi obrazın biri-birinə yadlaşdığı yerdən.

SAXTAKARLIQ - MƏNƏVİ MƏSAFƏNİN BÖYÜMƏSİ


Saxtakarlığı təkcə yalan danışmaqla məhdudlaşdırmaq olmaz. Yalan bəzən bir cümlədə üzə çıxır, saxtakarlıq isə bütöv bir həyat tərzinə çevrilə bilir. İnsan birinə gülümsəyib arxasınca danışanda, mənfəəti üçün kiminsə əlini sıxanda, ehtiyacı bitən kimi münasibətini dəyişəndə yalnız qarşısındakını aldatmır, həmçinin öz mənəviyyatının da qiymətini aşağı salır.

Hər kəsin həyatında müəyyən maraqlar, gözləntilər, şəxsi mənafelər var. Bunlar təbiidir. İnsan həm özünü düşünə, həm də başqalarına dəyər verə bilər. Problem marağın mövcudluğu ilə bitsəydi dərd yarı idi, o, münasibətin yalnız maraq üzərində qurulmasındadır. Əgər bir insanın sənə münasibəti vəzifəndən, imkanından, nüfuzundan, ona verə biləcəyin faydadan asılıdırsa, deməli, o, sənin şəxsiyyətinlə yox, səndən əldə edəcəyi nəticə ilə maraqlanır.
Belə münasibətlərdə insanın özü arxa plana keçir, onun tutduğu yer önə çıxır. Vəzifə varsa, ehtiram var, imkan varsa, yaxınlıq var, güc varsa, sədaqət nümayiş etdirilir. Vəzifə bitəndə, imkan tükənəndə, güc azalanda isə bir vaxtlar qapından əskik olmayan adamların addım səsləri də kəsilir. Sən dəyişməmisən, sadəcə olaraq, səndən faydalanmaq imkanları dəyişib.
Həyatın acı həqiqətlərindən biri də budur: bəzən insan ətrafındakıların həqiqi simasını itirdiklərinin deyil, özünün əvvəlki mövqeyini itirdiyinin hesabına tanıyır.
Ancaq burada incə məqam da var. Hər uzaqlaşan insan saxtakar, hər susan insan etibarsız deyil. Hər kəsin öz dərdi, öz sərhədi, öz həyat yolu var. İnsanı mühakimə etmək üçün yalnız bir davranışa deyil, onun zaman içində təkrarlanan seçimlərinə baxmaq lazımdır. Çünki insanın xarakteri ayrı-ayrı sözlərdən daha çox dönə-dönə göstərdiyi münasibətlərdə üzə çıxır.

SÜNİLİK - ÜRƏYİN DEMƏDİYİNİ DİLİN SÖYLƏMƏSİ


Sünilik saxtakarlığın daha incə, bəzən daha çətin sezilən formasıdır. Saxta adam çox vaxt nəyisə əldə etmək, süni adam isə özünü müəyyən cür göstərmək istəyir. O, təbii görünmək üçün belə hesablanmış davranır. Gülüşünün vaxtını, sözünün təsirini, yaxınlığının həddini ölçüb-biçir. Səmimiyyət onda daxili ehtiyac deyil, sosial üstünlük qazanmaq vasitəsinə çevrilir.

Bu gün münasibətlərin bir qismi hisslərdən daha çox nümayişə hesablanır. Kimin kimə nə dediyi, kimin kimin yanında göründüyü, kimin kimə necə münasibət göstərdiyi bəzən münasibətin özündən daha əhəmiyyətli sayılır. İnsanlar biri-birinin qədrini bilməkdən çox qədirbilən görünməyə çalışırlar. Hörmətin mahiyyəti yox, görüntüsü, dostluğun sədaqəti yox, nümayişi, sevginin dərinliyi yox, ifadə forması ön plana keçir.
Birinin dərdinə şərik olmaqla onun dərdinə şərik olduğunu göstərmək arasında böyük fərq var. Birincidə insanın ürəyi danışır, ikincidə isə çox vaxt onun sosial obrazı. Həqiqi dost bəzən heç nə demədən yanında oturar, sənə təsəlli vermək üçün böyük sözlər axtarmaz. Süni yaxınlıq isə ən ağır anda belə özünü göstərməyə fürsət tapar. Çünki onun üçün əsas olan sənin ağrının azalması yox, sənin ağrının yanında necə görünməsidir.
Münasibətlərin ən böyük sınağı da elə budur: insan başqasının həyatında iştirak etmək istəyir, yoxsa, sadəcə, onun həyatında iştirak edən biri kimi görünmək?
Səmimiyyət nümayişə ehtiyac duymur. O, özünü sübut etmək üçün hər addımda şahid axtarmır. Həqiqi yaxşılıq alqış gözləmir, həqiqi sədaqət hər gün elan olunmur, həqiqi hörmət isə insanın üzünə yox, yoxluğunda da qorunur.

BAYAĞILIQ - MƏNƏVİ DƏYƏRLƏRİN UCUZLAŞMASI


Bayağılıq yalnız kobud danışmaq, zövqsüz davranmaq, yaxud düşüncəsiz hərəkət etmək deyil. Bayağılıq insan münasibətlərində daha dərin bir aşınmanın əlaməti ola bilər. O, müqəddəs sayılmalı hisslərin gündəlik alver predmetinə çevrilməsidir. Dostluğun mənafeyə, hörmətin qorxuya, sevginin nümayişə, insanlığın isə qarşılıqlı hesaba bağlanmasıdır.
Bayağı münasibətlərdə sözün çəkisi azalır. Hamıya böyük sözlər deyilir, eyni təriflər yağdırılır, hər kəs bir anda ən yaxşı, ən dəyərli, ən əvəzolunmaz insan elan edilir. Tərif o qədər ucuzlaşır ki, bir müddətdən sonra həqiqi qiymətləndirmə ilə yaltaqlıq arasındakı sərhəd silinir. İnsan kimisə tərifləyəndə onun yaxşı cəhətini göstərməkdən çox, özünə yol açmağa çalışır. Belə bir mühitdə dürüst söz bəzən narahatlıq yaradır, yaltaq söz isə rahatlıq gətirir. Həqiqəti deyən adamın səsi sərt, həqiqəti gizlədən adamın dili şirin görünür. Nəticədə insanlar xoşlarına gələn sözləri eşitmək istəyir, ehtiyac duyduqları həqiqətlərdən isə uzaq qaçırlar.

Bayağılığın ən təhlükəli tərəfi onun adi hala çevrilməsidir. Bir dəfə edilən saxtakarlıq insanı utandıra bilər. Dəfələrlə təkrarlanan saxtakarlıq isə mühitin qaydasına çevriləndə artıq heç kim utanmır. Adamlar başqasının uğuruna ürəkdən sevinməməyi, ehtiyacı olana arxa çevirməyi, güclünün yanında əyilib zəifin qarşısında dikəlməyi həyatın adi qanunu kimi qəbul edirlər.
Beləcə, mənəvi aşınma səs-küylə deyil, səssizcə baş verir. Heç kim bir səhər yuxudan durub qərar vermir ki, bu gündən etibarən səmimiyyətsiz insan olacaq. İnsan kiçik güzəştlərlə başlayır: hansısa həqiqəti gizlədir, yaltaq söz deyir, haqsızlığa susur, bir dostunu mənfəətinə qurban verir. Sonra həmin güzəştlər xarakterə, xarakter isə həyat tərzinə çevrilir.

NİYƏ İNSANLAR ÖZLƏRİ KİMİ OLMAQDAN QORXURLAR?

Bu sualın cavabı fərdi xarakterlə bərabər yaşadığımız sosial mühitdə də axtarılmalıdır. İnsan bəzən qəbul olunmaq, sevilmək, hörmət qazanmaq üçün öz həqiqi simasını gizlədir. Fərqli düşünməkdən, etiraz etməkdən, zəif görünməkdən, həqiqəti söyləyib kimisə itirməkdən qorxur. Beləliklə, münasibətlərini qorumaq naminə özünü itirməyə başlayır.
Cəmiyyətin insan qarşısında qoyduğu görünməz tələblər də bu prosesə təsir edir. Hamı uğurlu, xoşbəx, güclü görünməlidir. Kədərini gizlət, çətinliyini göstərmə, bilmədiyini etiraf etmə, səhvini boynuna alma. Bu tələblərin içində insan öz təbii halından utanmağa başlayır. Nəticədə həqiqi həyatla nümayiş etdirilən həyat arasında uçurum yaranır. Amma insanın qüsursuz görünmək məcburiyyəti yoxdur. Onun səhv etmək, yorulmaq, tərəddüd etmək, bəzən köməyə ehtiyac duymaq haqqı var. İnsan olmaq elə budur. Özünü həmişə haqlı, həmişə güclü, həmişə üstün göstərmək cəhdi isə çox vaxt daxili güvənin çatışmazlığını gizlədir.

Səmimiyyət özünü hər kəsə açmaq demək deyil. Hər sirri söyləmək, hər hissi nümayiş etdirmək də səmimiyyətin şərti sayıla bilməz. İnsan öz sərhədlərini qoruya, hər kəslə yaxın olmaya, hər münasibətə eyni dərəcədə bağlanmaya bilər. Əsas məsələ budur ki, o, yaxın olmadığı adama yaxınlıq vəd etməsin, inanmadığı fikri öz həqiqəti kimi satmasın, verə bilməyəcəyi sədaqəti dilinə gətirməsin.
İnsan münasibətlərində dürüstlük hər şeyi demək yox, dediyinin arxasında dayana bilməkdir.

İNSAN İNSANIN AYNASIDIRMI?


Bəzən belə deyirlər: insanı tanımaq üçün onun dostlarına, ətrafına, münasibətdə olduğu adamlara baxmaq lazımdır. Bu fikirdə həqiqət payı var, amma insanı yalnız çevrəsinə görə qiymətləndirmək də düzgün deyil. İnsan bəzən yanlış mühitdə doğru qalmağa, saxta münasibətlərin içində öz səmimiyyətini qorumağa çalışır.
Bununla belə, münasibətlər insanın mənəvi dünyasını üzə çıxaran güzgülərdir. Kiminsə özündən zəif olanla necə davrandığı, ona fayda verə bilməyən insana hansı münasibəti göstərdiyi, başqasının uğurunu necə qarşıladığı, səhv edəndə üzr istəyib-istəmədiyi onun xarakteri haqqında çox şey deyir.

İNSANIN HƏQİQİ BÖYÜKLÜYÜ


yuxarıdakılara göstərdiyi ehtiramla deyil, aşağı hesab etdiklərinə göstərdiyi münasibətlə də ölçülür. Çünki güclünün yanında nəzakətli olmaq bəzən marağın, zəifin yanında ədalətli olmaq isə vicdanın tələbidir.
Həqiqi münasibət insanın sənə ehtiyacı olduğu vaxtda yox, sənə ehtiyacı qalmadığı vaxtda da davam edirsə, orada səmimiyyətin izlərini axtarmağa dəyər. Sənin uğuruna sevinən adamın sənin çətinliyinə də biganə qalmaması, fikrinlə razılaşmadığı halda sənə hörmətini itirməməsi, səhvini üzünə deyərkən ləyaqətini qoruması münasibətin sağlamlığını göstərən əlamətlərdir.
Əsl dostluq hər şeyə razılıq vermək deyil. Əsl hörmət hər fikri təsdiqləmək deyil. Bəzən səninlə razılaşmayan, səni səhvindən çəkindirməyə çalışan adam, hər sözünə başını yelləyən adamdan daha səmimi olur. Çünki səmimiyyət insanın xoşuna gəlməkdən əvvəl ona qarşı məsuliyyət hiss etməkdir.

SAXTALIĞIN QARŞISINDA İNSAN NƏ ETMƏLİDİR?


Saxtakarlıqdan danışarkən bir təhlükə də var: insan başqalarını tanımaq həvəsi ilə hamıdan şübhələnən adama çevrilə bilər. Hər təbəssümdə hiylə, hər xoş sözdə hesab, hər yaxınlıqda mənfəət axtarmaq da mənəvi rahatlığı əlindən alır. Bir saxtalığa görə bütün insanlara inamı itirmək, əslində, saxtalığın insana vurduğu ikinci zərbədir.
Ona görə də məsələ hamıdan uzaqlaşmaqda deyil, münasibətləri ayırd etməyi bacarmaqdadır. İnsanlara dərhal hökm verməmək, sözlə əməl arasındakı uyğunluğa diqqət yetirmək, sərhədlərini qorumaq, etimadı zamanla qurmaq lazımdır. Hər kəsə eyni qapını açmaq məcburiyyətində deyilik, amma heç kimin qarşısında bütün qapıları bağlamağa da borclu deyilik.

Ən əsası, başqalarında qınadığımız xüsusiyyətlərin özümüzdə yaranmasına imkan verməməliyik. Çünki insan saxtalığa qarşı mübarizəyə özündən başlamayanda bu mübarizə asanlıqla ittihama çevrilir. Başqasının yaltaqlığını pisləyib özümüz yaltaqlanırıqsa, başqasının süniliyindən şikayət edib özümüz rol oynayırıqsa, deməli, problem yalnız ətrafımızda deyil.
Özünə veriləcək ən çətin sual budur: mən münasibətlərimdə həqiqətən olduğum adamam, yoxsa qarşımdakı insanın məndən gözlədiyi adam?
Bu sualın cavabı bəzən insanı başqalarını tanımaqdan daha çox özünü tanımağa aparır. Bəlkə də, mənəvi yetkinliyin başlanğıcı elə həmin nöqtədədir.
Və sonda:

İNSANLIĞIN QİYMƏTİ


Həyatın son hesabında insanın neçə nəfərin xoşuna gəldiyi, neçə məclisdə başa keçirildiyi, neçə dəfə təriflənib alqışlandığı deyil, neçə münasibətdə həqiqi qala bildiyi əhəmiyyət daşıyır. Çünki şöhrət dəyişir, vəzifə bitir, imkanlar azalır, məclislər dağılır. Bütün bunlardan sonra insanın əlində qalan onun xarakteri, vicdanı və başqalarının yaddaşında buraxdığı mənəvi izdir.
İnsan münasibətlərinin ən böyük sərvəti bahalı hədiyyələr, gurultulu vədlər, təmtəraqlı təriflər deyil. Ən böyük sərvət etibardır. Elə etibar ki, insan sənin yanında özünü müdafiə etmək məcburiyyətində qalmasın; sözünü ölçüb-biçərək danışmasın; zəifliyini gizlətməsin; uğuruna sevinəndə arxasında gizli niyyət axtarılmasın.
Adətən bir səmimi susqunluq yüz süni nitqdən, bir həqiqi əl tutmaq min nümayişkaranə təbəssümdən qiymətlidir. Çünki insanın qəlbi çox şeyi unuda bilər, amma hansı münasibətin içində özünü rahat, hansının içində yad hiss etdiyini gec-tez anlayır.
Dünya onsuz da kifayət qədər mürəkkəbdir. İnsan münasibətlərini də saxtalıqla, süniliklə, bayağılıqla ağırlaşdırmağa nə ehtiyac var? Bir az daha dürüst olmaq, bir az az danışıb çox əməl etmək, bir az az tərifləyib çox dəyər vermək, bir az az görünməyə çalışıb daha çox insan olmaq mümkündür. Bəlkə də cəmiyyətin mənəvi sağlamlığı böyük şüarlardan deyil, məhz bu kiçik, amma əhəmiyyətli davranışlardan başlayır. İnsan özünü aldatmaqdan əl çəkəndə başqasını aldatmağa da daha az ehtiyac duyur. Münasibət mənfəətdən deyil, vicdandan qidalananda isə səmimiyyət yenidən öz yerini tapır. Axı insanın insana verə biləcəyi ən böyük hədiyyə onun yanında özünü aldanmış deyil, anlaşılmış, istifadə olunmuş deyil, dəyərləndirilmiş, tənha deyil, insan hiss etməkdir.
Və bəlkə də bütün mənəvi ucalığın ən sadə ölçüsü budur: İNSANLARLA MÜNASİBƏT QURARKƏN ONLARIN GÖZÜNDƏ BÖYÜMƏYƏ YOX, ÖZ VİCDANININ QARŞISINDA KİÇİLMƏMƏYƏ ÇALIŞMAQ!
Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

ÇL: "Real Madrid" qələbə qazanıb, "Bavariya" və "Arsenal" heç-heçə edib

Sənubər Səhər : Pisliklərin günahkarı kimdir? - FOTO

Soyuq havalarda bu 3 qaydaya əməl edin - Həkimdən vacib tövsiyələr

“Kızılcık şerbeti” izləyicilərinə pis xəbər

MƏKTƏBDƏ VAHİD FORMA VƏ GEYİM SƏLİQƏSİ

İNSAN MÜNASİBƏTLƏRİNDƏ SAXTAKARLIQ, SÜNİLİK VƏ BAYAĞILIQ

Alyona Əliyeva ukraynalı uşaqlarla İçərişəhəri gəzdi - FOTOLAR

BUDURMU HƏQİQƏTİN?!.

Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub - FOTO - YENİLƏNİB

Azərbaycanlı itkin ailələri ilk dəfə Avropa İttifaqında qəbul olunublar

Ərdoğan İlham Əliyevə zəng etdi

Üçtərəfli görüşə hazırlıq başlayıb

Xəyyam beşinci dəfə ata oldu

Neftçalada pambıq yığımı mövsümündə yüksək məhsuldarlıq gözlənilir - Fotolar

Leyla Əliyeva Səmərqənddə reabilitasiya mərkəzində - Fotolar

Oktyabrın 21-i Bəxtiyar Siracovun ad günüdür

Haqqın və sözün sirdaşı Səttar Qarağaclı yaradıcılığı

Kreml Ukrayna üzrə üçtərəfli danışıqları bərpa etməyə hazırdır - YENİLƏNİB

Türkiyə Pakistan və daha iki ölkə ilə müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb

Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - Sərəncam

Dövlət Statistika Komitəsinin strukturu dəyişib

Mirzoyan: Rusiya dəmir yollarının konsessiyası qərb tərəfdaşlarımızda suallar doğurur

Bakıda üç metro stansiyası ətrafında nəqliyyat sıxlığını azaldacaq yeni yol: İşlər nə yerdədir?

Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

Aİİ hesabatı: Ermənistanın geosiyasi seçimi, daralan imkanları

Sabah rayonlarda yağış yağacaq

Bir kəndin taleyi, bir xalqın yaddaşı: Qərbi Azərbaycanın Almalıq kəndi

Yəməndə husilərin hücumları zamanı 8 nəfər ölüb

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031