Avropanın ən yaşıl şəhəri seçiləcək: 8 namizəd, 600 min avroluq mükafat
Avropanın səkkiz şəhəri bu həftə qitənin ən ekoloji şəhəri adına görə mübarizə aparacaq.
Avropa Komissiyası 8 oktyabrda Portuqaliyanın Gimaraynş şəhərində 2028-ci ilin “Avropa Yaşıl Paytaxtı” və “Avropa Yaşıl Yarpaq Mükafatı” mükafatlarının qaliblərini açıqlayacaq. Hazırda bu titulu Portuqaliyanın Gimaraynşe şəhəri daşıyır.
2028-ci ilin “Avropa Yaşıl Paytaxtı” adına Danimarkanın Olborq, Polşanın Belsko-Biala, Slovakiyanın Koşitse, Portuqaliyanın Porto və İspaniyanın Saraqosa şəhərləri namizəddir. Daha üç şəhər - İspaniyanın Benidorm və Çiklana-de-la-Frontiera, Portuqaliyanın Estarreja şəhəri isə 20-100 min əhalisi olan şəhərlər üçün nəzərdə tutulan “Avropa Yaşıl Yarpaq Mükafatı” mükafatına iddia edir.
Namizədlər havanın keyfiyyəti, su ehtiyatlarının idarə olunması, biomüxtəliflik və yaşıllıqlar, tullantıların idarə edilməsi, səs-küy çirklənməsi, emissiyaların azaldılması və iqlim dəyişikliklərinə uyğunlaşma üzrə qiymətləndirilib.
Finalçılar arasında Saraqosa yaşıl infrastrukturuna görə xüsusilə fərqlənib. Şəhərdə parklar, çay sahilləri, bataqlıq ərazilər, küçə ağacları və təbii zonalar vahid şəbəkədə birləşdirilir. Bunun həm biomüxtəlifliyin qorunmasına, həm də daşqın riskinin azaldılmasına xidmət etdiyi bildirilir.
Porto isə su ehtiyatlarının idarə olunması və daha isti, qeyri-sabit iqlimə hazırlığı ilə diqqət çəkib. Şəhərdə son on ildə Rio-Tinto çayının məcrası və sahilləri bərpa edilib, güclü yağışlar zamanı suyu saxlaya bilən parklar yaradılıb. Təmizlənmiş tullantı sularından isə yaşıllıqların suvarılması və küçələrin təmizlənməsində istifadə olunur.
Kurort şəhəri kimi tanınan Benidorm da yaşıllıq sahələrini sürətlə genişləndirib. 2012-ci ildən bəri ictimai bağların sahəsi təxminən 350 min kvadratmetrdən 1,5 milyon kvadratmetrə qədər artıb, ağacların sayı isə demək olar ki, dörd dəfə artıb. Hazırda şəhər sakinlərinin 92 faizi ictimai yaşıllıq ərazisindən 300 metrdən uzaqda yaşamır.
Bu dəyişikliklər Avropa şəhər planlaşdırılmasında yeni yanaşmanın formalaşdığını göstərir. Artan istilər və qeyri-sabit yağıntılar fonunda şəhərlər ağaclar, parklar və su üçün daha çox məkan yaratmağa çalışırlar.
“Avropa Yaşıl Paytaxtı” seçilən şəhərə ekoloji layihələrin həyata keçirilməsi üçün 600 min avro veriləcək. “Avropa Yaşıl Yarpaq Mükafatı” kateqoriyasında isə bir və ya iki qalibin hər birinə 200 min avro ayrılacaq.
Finalçılar planlarını beynəlxalq münsiflər heyətinə 7 və 8 oktyabrda təqdim edəcəklər. Qaliblərin adları isə 8 oktyabrda Portuqaliyanın Gimaraynşe şəhərində açıqlanacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

