Xəbərlər
5.10.2026, 13:42
Bu vətəndaşların kredit borcu silinəcək
Kredit götürən hər bir vətəndaşı çətin maliyyə vəziyyətinə düşdükdə borcun silinməsi ehtimalı və bunun hüquqi əsasları maraqlandırır.
Azərbaycan qanunvericiliyinə əsasən, bank kreditlərinin avtomatik bağışlanması mexanizmi olmasa da, Mülki Məcəllə və sığorta hüququ çərçivəsində borcun ləğv edildiyi və ya silindiyi xüsusi hallar mövcuddur.
Sığorta olduqda
Kredit götürülərkən həyat sığortası müqaviləsi bağlanıbsa, borcalan vəfat etdikdə və ya I qrup əlillik qazandıqda qalan borc məbləğini sığorta şirkəti ödəyir. Bu halda borc öhdəliyi vətəndaşın və ya onun ailəsinin üzərindən götürülür.
Borcalan vəfat etdikdə (Sığorta olmadıqda)
Əgər sığorta yoxdursa, borc öhdəliyi varislərə keçir. Varislər borcu yalnız miras qaldıqları əmlakın dəyəri həddində ödəməlidirlər. Əgər vəfat edən şəxsin heç bir əmlakı yoxdursa və ya varislər mirasdan rəsmən imtina ediblərsə, bankın borcu tələb edəcəyi şəxs qalmadığı üçün borc ümidsiz hesab olunur və silinir.
Bankın öz hüququ ilə bağışlaması
Mülki Məcəlləyə əsasən, kreditor (bank) borclunu borcdan azad edə bilər. Lakin bu, dövlətin məcburiyyəti ilə deyil, yalnız bankın daxili qərarı və iradəsi ilə baş verir. Praktikada banklar bəzən uzun müddət ödənilməyən borclar üzrə əsas məbləğ ödənildikdə hesablanmış faizləri və ya cərimələri (dəbbə pulunu) bağışlayırlar.
Dövlətin xüsusi qərarları ilə
Şəhid ailələri, müharibə əlilləri və ya xüsusi sosial kateqoriyaya aid şəxslər üçün dövlət başçısının Fərmanı və ya xüsusi sosial proqramlar çərçivəsində kredit borcları dövlət büdcəsi, yaxud bankların sosial fondu hesabına ödənilərək bağlanıla bilər.
3 illik iddia müddəti keçdikdə
Mülki Məcəlləyə görə, müqavilə öhdəlikləri üzrə ümumi iddia müddəti 3 ildir. Əgər vətəndaş borcu ödəmir və bank 3 il ərzində məhkəməyə müraciət etmirsə, bank məhkəmə yolu ilə borcu tələb etmək hüququnu itirə bilər. Lakin bu halda da borc avtomatik ləğv olunmur; bankın daxili sistemində və Mərkəzi Bankın Kredit Reyestrində mənfi tarixçə kimi qalır.
Ümidsiz borc kimi balansdan çıxarıldıqda
İllərlə yığılıb qalan və təmin olunması mümkün olmayan borcları banklar daxili mühasibatlıq qaydalarına uyğun olaraq "ümidsiz borc" kimi təsnifləşdirib balansdan çıxara bilərlər. Bu, bankın daxili maliyyə əməliyyatıdır və vətəndaşın borcdan hüquqi olaraq tamamilə azad olunması demək deyildir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

