
Xəbərlər
25.05.2026, 13:44
ÇAĞDAŞ POETİK NƏFƏS... - FOTO
Aidə Adıgözəlin yaradıcılığın məhz belə adlandırmaq daha ədalətli olar...
Müasir ədəbiyyatımızda, öz dəsti-xətti, yaradıcılıq üslubu olan Aida Adıgözəlin şeirlərin oxuyanda daxildən keçirdiyim hiss bu düşüncəni mənə diktə edir. Çünki, onun şeirləri istər səpələnmiş, sərbəst, istərsədə klassik qafiyə üzərində qurulsa da, düşüncə tamamilə müasir və psixoloji xarakter daşıyır. Demək olar ki, heç bir şeirinin mətinində süni pafos yoxdur. Onun şeir mətinlərində ağrı “oynanılmır”, yaşanılır. Məhz buna görə onun misraları ruha toxunur, yaddaşda qalır.
Çox vaxt da onun şeirlərini təkrar - təkrar oxumuşam. Çünki, o şeirlərdə yaşanmış hissin ağırlığını, daxili sarsıntının səmimiyyətini duymuşam. Mənə elə gəlib ki, onu oxuyarkən insan sadəcə misraları yox, bir ömrün iç səsini duyur, hiss edir.
Onun şeirlərində xüsusilə diqqət çəkən məqamın biri də odur ki, o, kədəri bəzəmir, olduğu kimi, özüdə çox sadə, danışıq dilində göstərir. Bu isə poeziyanın ən çətin və ən qiymətli tərəflərindən biridir. Çünki oxucu süni emosiyanı yox, həqiqi ağrını dərhal hiss edir.
Bu gün Facebookda onun bir yerdə üç şeir paylaşdığın görüb oxudum. Əvvəl misralar, sonra isə şeirlər elə bil, bir-birinin davamı kimi qəsddən düzülmüşdü. Bu şeirlərdə, yuxarıda dediyim kimi ilk diqqətimi çəkən cəhət müəllifin daxili ağrısını süni poetik bəzəklərlə yox, yaşanmış hissin təbii sarsıntısı ilə ifadə etməsi oldu. Hər üç mətndə sevgi yalnız romantik duyğu kimi yox, insanın varlığına hopmuş tale, yaddaş, həyat yükü və mənəvi dağılma kimi təqdim olunmuşdu. Bu üç şeirin hər biri, bir-birini tamamlayan psixoloji mərhələlər təsiri bağışlayır. “GET...”- ayrılığın məcburi qəbuludurursa, “ADI VƏ DADI OLMAYAN ŞEİR” - şeiri, həyat və ölüm fəlsəfəsinin sərt tənhalığı, “GƏL” - isə insanın son ümidi və ruhunun harayıdır.
"GET" - şeiri zahirən ayrılıq şeiridir, amma daxilində sevginin yas mərasimi yaşayır. İlk misradan etibarən şair sevgini “ölmüş” hesab edir:
"Ürəyimdə məzar tikdim sən adlı,
qəm çiçəyin gətir basdır, bitir get.
Qaytar mənə səndə olan nəyim var,
gəlişinlə izlərini itir, get."
“Ürəyimdə məzar tikdim sən adlı...”
Bu obraz çox güclü bənzətmə, metoforadı. Burada ürək həm qəbiristanlıq, həm də xatirələrin yaşadığı məkan kimi təqdim olunur. “Qəm çiçəyin gətir basdır”- misrası isə adi ayrılıqdan daha dərin mənəvi dəfn anlamı yaradır.
Şeirin əsas poetik gücü, misralarda işlənə ziddiyyətlərdədir.
Şeirdə mətin boyu getmək istəyən insan, amma unuda bilməyən ürək,
sönən sevgi və içəridə yaşayan ümid.
"Ağrıların, sancıların adamı,
yaddaşından sil gizlincə adımı.
Boğulduğun dəniz idi, adamı,
əllərimi qayıq elə götür, get."
“Boğulduğun dəniz idi, adamı, əllərimi qayıq elə götür, get.”-misrası ilə şair sevən insanın özünü xilasedici vasitəyə çevirir. Qarşı tərəf onu məhv etsə belə, yenə də ona çıxış yolu verir. Bu, klassik fədakar sevgi motividir.
Növbəti bənddə isə ümid yenidən doğulur:
"Bir gün yenə günəş çıxar, haçansa...
Bir gün ümid sabahlara oyansa.
Gözün azıb pəncərəmə boylansa,
al qəlbimi, ümidlərə ötür, get."
“Bir gün yenə günəş çıxar, haçansa...”-deməklə şair həyatın davam etməsi demək istəyir. Axı günəş həyat deməkdi.
Şair bilir ki, ayrılıq əbədi deyil, insan bir gün yenə yaşamağa məcbur olacaq. Amma ən ağrılı məqam budur: - “al qəlbimi, ümidlərə ötür, get.”
Yəni sevgi bitir, amma ürək yenə həmin insanda qalır.
Şeirin son bəndi isə psixoloji baxımdan çox təsirlidir:
"Yavaş-yavaş kölgələrə dönürsən,
gözün yolda, boynubükük gedirsən.
Kor gözlərim görür necə sönürsən,
getməmişdən səni mənə gətir, get."
Müəllif necədə sadə, - “Kor gözlərim görür necə sönürsən...”- misrası ilə el deyiminin ibarəli işlədir.
Burada - “kor göz”- fiziki yox, mənəvi yorğunluq simvoludur. Şair artıq hər şeyi itirib, amma yenə qarşısındakı insanın içindəki çöküşü görə bilir. Sonda ; -“getməmişdən səni mənə gətir, get.”- misrası isə paradoksal və çox güclü poetik tapıntıdır. İnsan gedir, amma şair istəyir ki, heç olmasa əvvəlki “o insan” geri qaytarılsın.
“Adı və dadı olmayan şeir” isə artıq sevgi yox, həyatın faniliyi və insanın yoxa çıxması haqqındadır. Burada Aidə xanım sərt realizmə keçir. Şeir ölüm romantikasına yox, ölüm həqiqətinə söykənir.
Elə buna görə də ilk misralardan şeir çox soyuq və qəfildir:
Ölməyə nə var ki, gözünü yum, get...
Burax dünyanı da, qayğıları da.
Gələrlər, gedərlər, yolu ot basar,
bir gün tərgidərlər darıxmağı da.
“Ölməyə nə var ki, gözünü yum, get...”
Bu sadə misra ilə şair ölümün qaçılmazlığını daha dəhşətli göstərir. Şair ölümü böyütmür, əksinə adi bir hərəkət kimi təqdim edir.
Şeirdə insanın ölümündən sonra dünyada necə tez unudulduğu təsvir edilir:-“Gələrlər, gedərlər, yolu ot basar...”
Burada “ot basmaq” zamanın insanı necə silməsi göstərilib. Çox sadə...
Sonrasın düşünmə geyimlərinin,
verərlər yoxsulun biri geyinsin.
Ya suya atarlar, ya basdırarlar,
insan qoxusuna torpaq sevinsin.
Ən ağır misralardan biri budur ; -“insan qoxusuna torpaq sevinsin.”
Torpaq burada həm ana, həm məzar obrazıdır. İnsan sonda torpağın payına çevrilir.
Bir gün dəyişərlər yataq yerini,
yığarlar paketə qalan nə varsa.
Atarlar çardağın tozlu küncünə,
ya da daş qəlblisi vurub yandırsa...
Şeirin gücü məhz məişət detalları ilə fəlsəfi dərinliyi birləşdirməsindədir:
geyimlərin paylanması, yatağın dəyişdirilməsi, qalan əşyaların çardağa atılması...
Bunlar ölümün poetik yox, real tərəfidir.
Ən təsirli fəlsəfi nəticə isə budur:
Bir göz qırpımında yaşandı bitdi,
seyr etdin illərə sığışmağını.
İndi anladınmı doğulanların
dünyaya gələndə ağlamağını.
“İndi anladınmı doğulanların dünyaya gələndə ağlamağını.”
Bu misralarda həyatın özü faciə kimi təqdim olunur. Körpənin doğularkən ağlaması burada insan taleyinin əvvəlcədən hiss edilməsi anlamına gəlir.
Şeirin sonuncu bəndi çox güclü simvolikadır:
"Torpağın üstündə daşdan baş daşı,
torpağın altında bir qucaq sümük.
Bir neçə xatirə... yadlara düşsə,
bir də arxivlərə atılmış kimlik..."
“Torpağın üstündə daşdan baş daşı, torpağın altında bir qucaq sümük.”
İnsan ömrünün yekunu iki obrazla tamamlanır. Üstündə ad, altında unudulmuş bədən, bir qucaq sümük....
Bu şeir çağdaş poeziyada ekzistensial düşüncəyə yaxın duran, insanın faniliyini sərt realizmlə ifadə edən uğurlu nümunə təsiri bağışlayır.
“Gəl”- şeir isə bu üç mətn içində emosional baxımdan ən yanğılısıdır. Burada ayrılıq artıq sadəcə kədər deyil — xəstəlik, məhv və kimlik itkisinə çevrilib.
Bütün bunlar elə ilk misradan diqqəti çəkir:
"Tamarzıyam səndə qalan günlərə,
bir qucaqlıq, bir sinəlik ölüm, gəl.
Həsrət adlı xərçəng sardı canımı,
ağrılara, acılara gülüm, gəl."
“Tamarzıyam səndə qalan günlərə...”-misrası artıq keçmiş zaman yox, insanın yaşamaq istəyinin səbəbidir.
“Həsrət adlı xərçəng sardı canımı...” - misrası isə çox sərt və güclü metaforadır. Həsrət adi kədər yox, bədəni içəridən yeyən xəstəlik kimi göstərilir.
Şair növbəti bənddə isə sevgini təbiət ünsürləri ilə eyniləşdirir:
"Coşub yenə içimdəki qəm... daşır,
al əlimdən bu kədəri sən daşı.
Yüküm ağır, yolum çətin, mən naşı,
gəl tufanım, gəl yağışım, selim, gəl."
“gəl tufanım, gəl yağışım, selim, gəl.” - misrası təbiət ünsürləri olmaqla bərabər, həmdə göstərir ki, qarşı tərəf həm dağıdıcıdır, həm də həyat verən qüvvədir.
Şair üçüncü bənddə insanın daxili dağılmasını verilir:
Sən gedəli lal olmuşam, susuram,
xoş günlərim parça-parça...qusuram.
Tapdanmaqdan sınıq-sökük hasaram,
gəl dodağım, gəl ağzımda dilim, gəl.
“xoş günlərim parça-parça... qusuram.”-misrası psixoloji baxımdan ifadəsinə görə çox ağırdır. Keçmiş artıq xatirə kimi yox, insanın içindən çıxan ağrı kimi təsvir olunur.
Hər şeirdə poetik zirvə olduğu kimi, buradada ən böyük poetik zirvə son bənddir:
"Əcəl gəldi qapım döydü dünən də,
"gəl al"‐dedim həm cismimi,ruhən də.
İtirmişəm vətənimi sinəndə,
yurdum-yuvam, kənd-kəsəyim,elim, gəl...
“İtirmişəm vətənimi sinəndə...” - misrası ilə şair artıq sevgili insan yox, vətən, yurd, ev, kimlik, sığınacaq kimi verir.
Elə bu misra da şeiri adi sevgi mətnindən çıxarıb mənəvi köç və daxili didərginlik səviyyəsinə qaldırır.
Bəlkə də bu şeirləri ayrı-ayrılıqda qarşıma çıxıb, oxusaydım, bu üç şeiri bir yerdə oxuduğum qədər düşüncəmdə yuxarıda deyilənləri birgə formalaşdıra bilməyəcəkdim. Çünki, bu üç şeirdə məni çəkən xüsusiyyətlərdə birinci sadə danışıq dili olduğu kimi, şairin həmin dildə adi sözləri qeyri-adi mənalara çevirə bilməsi idi. Məsələn, “ürəkdə məzar”, “həsrət adlı xərçəng”, “əllərimi qayıq elə” və “insan qoxusuna torpaq sevinsin” kimi obrazlar oldu.
Şeirlərin içindəki daxili monoloq da oxucuya danışmaqdan çox, öz içində özünə etirafına bənzəyirdi. Bu da müəlliflə oxucu arasında səmimiyyət yaradır. Fəlsəfi kədər
Buradakı ağrı təkcə fəlsəfi kədər yox, sevgi ağrısıda deyil. Çünki burada ölüm, unudulmaq, insanın faniliyi, yaddaşın itməsi, mənəvi dağılma və bu kimi dərin mövzular oldu.
Sonda müasir ədəbiyyatımızın poetik nəfəsi olan Aida Adıgözələ sağlam can sağlığı, uzun ömür və daim poeziya ətri gətirən nəfəsli misralar arzulayıram.
Böyük səmimiyyətlə,
Elxas Comərd.
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay
















