Milli Məclisin deputatları açıq məktub yayıblar
Azərbaycan Respublikası Milli Məclisinin deputatları Laçın-Xankəndi yolu və Fransa ilə bağlı açıq məktub yayıblar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə məktubda deyilir:

“Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən 30 illik işğalının aradan qaldırılması və dövlətimizin ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra Laçın-Xankəndi yolundan sui-istifadə edilməsi ilə bağlı dəfələrlə aşkar edilmiş halların qarşısını almaq üçün 2023-cü ilin aprel ayında Azərbaycan Respublikası öz suveren hüququnu həyata keçirərək, həmin yolun Ermənistanla sərhəddə olan girişində nəzarət-buraxılış məntəqəsi qurub. Qeyd edilməlidir ki, Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazidə yaşayan erməni sakinlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə bu yoldan maneəsiz istifadə etmək imkanına malikdirlər. Özlərini Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri kimi təqdim edən təxribatçıların və Ermənistan Respublikasının siyasi rəhbərliyinin yüklərin daşınması üçün yalnız Laçın yolunun üzərində dayanması məsələnin bilərəkdən siyasiləşdirilməsi və propaqanda kimi istifadə edilməsi məqsədi daşıyır. Əgər həqiqətən də söhbət humanitar yükdən gedirsə, yüklərin hansı yoldan istifadə edilməklə və haradan gəlməsinin nə əhəmiyyəti var?!

Azərbaycan hökuməti Qarabağın erməni sakinlərinin ehtiyaclarını operativ şəkildə qarşılamağa hazır olduğunu bəyan edib, o cümlədən ərzaq, dərmanlar və digər humanitar yüklərin daşınması üçün Azərbaycan Ağdam-Xankəndi yolunu təqdim edib. Bu, həm də Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiyası üçün zəruri və qaçılmaz addımdır.

Hesab edirik ki, beynəlxalq ictimaiyyət, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edən istənilən dövlət Azərbaycanın öz milli təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün gördüyü zəruri tədbirləri qəbul edir.

Xarici ölkələrdə bəzi həmkarlarımızın ifadə etdikləri narahatlığa gəlincə, biz onları obyektiv faktları nəzərə almağa çağırırıq. Qarabağda humanitar vəziyyət Ermənistan rəsmilərinin və onların təbliğatına aldananların təsvir etdiyi kimi deyildir, yaranan qıtlıq və ya çatışmazlıq Ağdam-Xankəndi marşrutundan istifadə edilməsindən imtina olunması ilə bağlıdır.

Azərbaycanda yaşayan bütün milli azlıqların hüquqlarının və təhlükəsizliyinin qorunmasına Konstitusiya və qanunlar ilə təminat verilir. Etnik ermənilərə də Azərbaycanın qayda-qanunlarına tabe olmaq üçün seçim hüququ təklif olunub.

Biz Azərbaycanın suverenliyinə hörmət bəslənilməsi zərurətini anlayan xarici tərəfdaşların dəstəyini yüksək qiymətləndiririk.

Təəssüflər olsun ki, erməni lobbisinin təsiri və müdaxiləsi nəticəsində fransalı deputatlar mütəmadi olaraq məsələnin mahiyyətini təhrif edən mövqe tutaraq, Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdürlər. Onların qərəzli fəaliyyəti və açıqlamaları məqsədyönlü şəkildə Avropa siyasi məkanını çaşdırmağa yönəlib.

Son üç ilə yaxın dövrdə Fransanın dövlətimizin daxili işlərinə qanunsuz müdaxilə etmək üçün erməni milli azlığının hüquqları və təhlükəsizliyi məsələsindən dəfələrlə sui-istifadə etdiyini, o cümlədən budəfəki süni gərginlikdən yararlanmağa cəhd göstərdiyini nəzərə almaqla, biz Fransa hakimiyyət orqanlarının diqqətini özlərinin daxili problemlərinə, habelə ölkədə hökm sürən ksenofobiya, islamofobiya, irqi və milli nifrət mühitinə, iyrənc müstəmləkə keçmişinin hələ də mövcud olan qalıqlarına cəlb etmək istərdik. Fransada qeyri millətlərdən olan şəxslərin insan hüquqlarına etinasızlığın hökm sürməsi məlum faktdır və bu baxımdan həmin ölkənin icra və qanunvericilik orqanları nümayəndələrinin Azərbaycanda yaşayan erməni sakinlərinin maraqları üçün canfəşanlıq göstərməsi siyasi riyakarlıqdan başqa bir şey deyildir.

İşğal etdiyi Korsika adasında korsika xalqının dilini tanımayan, dənizaşırı ərazilərində müstəmləkəçilik siyasəti yürüdən, həmin xalqların hüquq və azadlıqlarına hörmət etməyən Fransa, yeni kolonializm təfəkküründən əl çəkmək istəmir. Son günlər Afrikada Fransa əleyhinə baş verən hadisələr də Fransanın yeni müstəmləkə siyasətinin iflasa uğradığını bir daha sübut edir. Etnik azlıq anlayışının Fransada qəbul edilməməsi fonunda digər regionlarda hansısa azlıq üçün xüsusi hüquqlar tələb etmək siyasi riyakarlıqdır.

Fransanı qonşusu Almaniyadan nümunə götürərək törətdiyi qətliamları etiraf etməyə, həmin xalqlara kompensasiya verməyə çağırırıq. Fransalı deputatlar özlərində cəsarət taparaq, öz hökumətindən müstəmləkə altında saxladığı xalqlardan üzr istəməyi tələb etməlidirlər. Fransalı deputatları öz ölkələrinə aid olmayan siyasi məsələlərə deyil, Fransanın yürütdüyü yeni kolonializm siyasətinə qarşı mövqe nümayiş etdirməyə səsləyirik.

Müharibə cinayətləri törədən şəxsin Fransa deputatları və rəsmiləri tərəfindən müdafiə edilməsi, onun azad olunmasına çağırışlar etmək müharibə cinayətlərinə, insanlıq əleyhinə cinayətlərə bəraət qazandırmaqdır. Özünü hüquqi dövlət adlandıran Fransa rəsmilərinin belə tələblər irəli sürməsi insanlığa, mənəviyyata sığmayan çağırış, həmçinin beynəlxalq humanitar hüquqa hörmətsizlikdir.

Biz bildiririk ki, Ermənistandakı revanşist qüvvələrin köhnə təsəvvürlərdən və şovinist ideologiyadan əl çəkə bilməməsi heç də erməni xalqının xeyrinə deyildir. Fransanın da bu revanşizmi təşviq etməsi, ilk növbədə erməni sakinlərinə ziyan vurur. Onların yalan təbliğat yolu ilə Azərbaycanı beynəlxalq ictimaiyyətin gözündən salmaq üçün göstərdikləri cəhdlər uğursuzluğa məhkumdur.

Azərbaycan bölgədə sülh və sabitlik yaradılması üçün konstruktiv dialoqa sadiq olduğunu dəfələrlə nümayiş etdirib. Hər kəs anlamalıdır ki, xalqların dinc gələcəyinin qurulması yolu suveren dövlətlərin daxili işlərinə müdaxilədən deyil, həqiqi əməkdaşlıqdan keçir”.

1. Adil Əliyev – bitərəf

2. Əhliman Əmiraslanov - Yeni Azərbaycan Partiyası

3. Hicran Hüseynova - Yeni Azərbaycan Partiyası

4. Qənirə Paşayeva-bitərəf

5. Səməd Seyidov - Yeni Azərbaycan Partiyası

6. Eldar İbrahimov - Yeni Azərbaycan Partiyası

7. Eldar Quliyev – bitərəf

8. Qüdrət Həsənquliyev - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

9. Hikmət Məmmədov - Yeni Azərbaycan Partiyası

10. Tahir Kərimli - Vəhdət Partiyası

11. Asim Mollazadə - Demokratik İslahatlar Partiyası

12. Elşən Musayev - Azərbaycan Demokratik Maarifçilik Partiyası

13. Musa Qasımlı – bitərəf

14. Fazil Mustafa - Böyük Quruluş Partiyası

15. Fəzail Ağamalı - “Ana Vətən” Partiyası

16. Sevinc Fətəliyeva - Yeni Azərbaycan Partiyası

17. Ramin Məmmədov - Yeni Azərbaycan Partiyası

18. Kamal Cəfərov - Yeni Azərbaycan Partiyası

19. Nurlan Həsənov - Yeni Azərbaycan Partiyası

20. Sədaqət Vəliyeva - Yeni Azərbaycan Partiyası

21. Elnur Allahverdiyev - Yeni Azərbaycan Partiyası

22. Erkin Qədirli - Respublikaçı Alternativ Partiyası (REAL)

23. Sabir Rüstəmxanlı - Vətəndaş Həmrəyliyi Partiyası

24. Razi Nurullayev - Milli Cəbhə Partiyası

25. Kamran Bayramov - Yeni Azərbaycan Partiyası

26. Rauf Əliyev - Yeni Azərbaycan Partiyası

27. Elman Nəsirov - Yeni Azərbaycan Partiyası

28. Elman Məmmədov - Yeni Azərbaycan Partiyası

29. Arzu Nağıyev – bitərəf

30. Rasim Musabəyov – bitərəf

31. Cavanşir Feyziyev – bitərəf

32. Soltan Məmmədov – bitərəf

33. Nigar Arpadarai - bitərəf

34. Əminə Ağazadə - bitərəf

35. Sevil Mikayılova – bitərəf

36. Könül Nurullayeva - bitərəf

37. Tural Gəncəliyev - bitərəf

38. Azər Kərimli - bitərəf

39. Azay Quliyev - bitərəf

40. Anatoliy Rafailov – bitərəf

Son xəbərlər

Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib

Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub - VİDEO

Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı

"Bloomberg": Pxenyanın nüvə başlıqlarının sayı ABŞ-nin müdafiə sistemini sıradan çıxara bilər

Mayda temperatur 32 dərəcəyədək yüksələcək - AYLIQ PROQNOZ

Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib

"Bunun qarşısını ala bilmərik" - Rektor

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək - TARİX AÇIQLANDI

Maliyyə Nazirliyində Aparat rəhbəri təyin olundu

VƏSİLƏ USUBOVANIN ANIM GÜNÜ... - FOTO(TARİX)

Aprelin son günündə 22 dərəcə isti gözlənilir

"Süni intellekt hamımızı öldürə bilər"

İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var

Bir gülüşündən sarı - FOTO

Sara Əzimovaya yeni vəzifə verilib

İçdiyi dərmanlar ölümünə səbəb oldu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi - Biri öldü

Estetik əməliyyatına sərvət xərclədi - Fotolar

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Şahin Mustafayev İrəvandadır

Azərbaycanın axtardığı şəxslər bu ölkələrdə tutuldu

“Fidan Zeyn həm salonumu işlədib pul qazanır, həm də həbs olunmağıma çalışır”

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Yağır yağmadığın cəmini yağış - FOTO

Qeydiyyat bu gün bitir

Evlərini və maşınlarını satıb kəndinə 10 milyon dollar xərclədi - Fotolar

Coliyə nə olub? - Foto

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930