Xəbərlər
27.09.2026, 21:50
MƏN ARZUMA ÇATDIM... - FOTO
Şəhid Famil Habil oğlu Əlizadənin son nəfəsində gülərək, döyüş yoldaşlarına dediyi son söz haqqında...
Müharibə və onun dəhşətləri haqqında dünya mövcud olandan bəri saysız-hesabsız filmlər çəkilib, videolar hazırlanıb, xatirələr danışılıb, əsərlər yazılıb, dastanlar qoşulub. İllərlə izləsək, dinləsək, oxusaq belə, bəlkə də, bir ömür bunların hamısını qavramağa yetməz. Müharibənin ağrısını, acısını illərlə daşımışıq, illərlə yaşamışıq...
Məni bu yazını yazmağa, içimdən sözləri kələf kimi çözələməyə vadar edən isə 44 günlük Vətən müharibəsi zamanı mərd oğullarımızdan birinin — şəhid balamız Famil Habil oğlu Əlizadənin son nəfəsində “MƏN ARZUMA ÇATDIM” deyərək gözlərini əbədi yumması oldu.
Bəlkə də, bu fikri yanlış ifadə edirəm. Amma şəhid olan oğullarımızın hamısının son nəfəsində bu müqəddəs sözün ürəklərindən keçdiyinə, bunu deməsələr belə, mənəvi olaraq bu arzu ilə döyüşdüklərinə inanıram.
Çünki otuz il boyu ağrısını, həsrətini yaşadığımız bir həqiqət vardı: doğma torpaqlarımızın işğaldan azad edilməsi.
Dünyanın ikili münasibətinin, bəzi güc dövlətlərinin dəstəyinin yaratdığı şəraitdən istifadə edən Ermənistanın hərbi-siyasi qüvvələri tərəfindən işğal olunmuş, dağıdılmış, viran qoyulmuş dədə-baba torpaqlarımıza qovuşmaq, illərlə çəkdiyimiz həsrətə son qoymaq xalqımızın ən böyük arzularından birinə çevrilmişdi.
Ərən oğullarımızın ən böyük arzusu isə həmin torpaqların azadlığı uğrunda döyüşmək, Vətənin bütövlüyü naminə canlarından keçmək idi.
Mən isə bu sözün təsiri altında müharibənin yaratdığı dəhşətlərdən yox, o dəhşətlərin içərisində yaşanan hisslərdən, Famil balamız kimi minlərlə igidimizin arzusunda olduğu amala qovuşmaq duyğusundan yazmaq istəyirəm.
İstər Böyük Vətən müharibəsinin (1941–1945), istərsə də mənim iştirakçısı olduğum Əfqanıstan müharibəsinin məğzində, sün'i də olsa, beynimizə bir Vətən ideologiyası yerləşdirilmişdi. Biz milyonlarla insan bu ideologiyanın təsiri altında döyüşlərə atıldıq, şərəfli döyüş yolu keçdik. Yüz minlərlə oğullarımız şəhid oldu, sağlamlığını itirdi.
Amma 44 günlük müharibənin bizə yaşatdığı qüruru, qazandığımız Zəfərin sevincini yaşayarkən, mütləq Famil kimi balalarımızın qarşısında baş əyməliyik.
Onları böyüdən, boya-başa çatdıran, dövlətin bir qəpiklik yardımını belə gözləmədən övladına hər şeyini verən ailələrinin qarşısında da illərlə borclu olduğumuzu anlamalıyıq.
Müharibənin dəhşətindən savayı, hər bir əsgərin yaşadığı hiss o qədər təmiz, saf və pakdır ki, onu sözlə ifadə etmək çoxumuza çətinlik yaradar.
Vətənin, xalqın illərlə həsrətində olduğu yurdların işğaldan azad edilməsinə qalxan hər bir əsgərin hansı şücaət sahibi olduğunu dərk etməliyik.
Çünki müharibənin yaratdığı vahimənin içərisində qorxmamaq, uğrunda mübarizəyə qalxdığın amalın gerçəkləşməsi üçün canını belə fəda etmək böyükdən-böyük şücaət tələb edir.
Hələ uzaqdan, hətta kinolarda baxdığımız zaman ağır hərbi texnikanın içimizdə yaratdığı vahiməni bir neçə dəqiqə dinləsək, görərik ki, o vahimənin içərisində qorxmazlığını nümayiş etdirən balalarımız necə böyük bir cəsarət göstəriblər.
Onlar ən böyük ehtirama layiqdirlər desəm, bəlkə də, yenə az olar.
Həqiqətən, hər addımının ölümə bir addım da yaxınlaşmaq olduğunu bildiyin, kipriyin qırpılması qədər qısa bir anda ölümün səni yaxalaya biləcəyini dərk etdiyin bir məqamda irəli getmək, döyüşmək, Vətən üçün canından keçmək böyük qəhrəmanlıqdır.
Və uğurlu döyüş yolu keçərək şərəfli tarix yazmaq, bizim azadlığımız və haqqımız uğrunda canını fəda etmək — bu torpaqlara sahib çıxmağın ən ağır, ən uca nümunələrindən biridir.
Bu igid balalarımızdan biri də mənə bütün bu hissləri yaşadan Famil Habil oğlu Əlizadədir.
Famil 1999-cu il mayın 3-də Masallı rayonunun Ərkivan qəsəbəsində, Bağlıküçə məhəlləsində dünyaya göz açıb. Habil kişinin ailəsində bir bacı və iki qardaş olublar.
Famil də bir çox yaşıdı kimi uşaqlıq və yeniyetməlik illərini doğma qəsəbəsində keçirib. 2016-cı ildə Ərkivan qəsəbəsindəki 3 saylı tam orta məktəbi bitirib.
Sonrakı təhsilini Bakı şəhərində yerləşən 2 saylı Peşə Liseyində davam etdirib. Elektrik avadanlıqlarının xidməti və təmiri üzrə elektrik montyoru peşəsinə yiyələnib.
2017-ci ilin iyulunda SHXÇDX-nin Masallı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb, 2020-ci ilin yanvarında hərbi xidmətdən tərxis olunub.
44 günlük Vətən müharibəsi başlayan kimi, Famil də Vətənin çağırışına səs verib. Səfərbərlik üçün sentyabrın 21-də ərizə yazıb, sentyabrın 27-dən döyüşlərə başlayıb.
İlk döyüşlərdən özünü bacarıqlı, qorxmaz və cəsur əsgər kimi göstərib. Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinin işğaldan azad edilməsində böyük şücaətlər göstərib. Bütün cəbhə boyu qorxmazlığı və döyüş qabiliyyəti ilə özünü nümunəvi əsgər kimi təsdiqləyib.
Və...
21 oktyabr 2020-ci il.
Aldığı güllə yarasından sonra belə, döyüş yoldaşlarına gülümsəyərək son sözünü deyib:
“MƏN ARZUMA ÇATDIM...”
Sonra gözlərini əbədi yumub.
Sanki bütün ömrünün, bütün döyüşünün, bütün arzularının mənasını cəmi üç sözə sığdırıb:
MƏN ARZUMA ÇATDIM!
Oktyabrın 22-də Familin nəşi doğulub boya-başa çatdığı Masallı rayonunun Ərkivan qəsəbəsindəki Bağlıküçə qəbiristanlığında, uğrunda canından keçdiyi Vətən torpağına tapşırılıb.
Onun şücaəti və xidmətləri dövlət tərəfindən “Vətən uğrunda” və “Füzuli rayonunun işğaldan azad olunmasına görə” medalları ilə qiymətləndirilib.
Amma düşünürəm ki, Familin ən böyük mükafatı sinəsindəki medal yox, son nəfəsində söylədiyi o üç sözdür:
“MƏN ARZUMA ÇATDIM...”
Bəlkə də, onun arzusu yalnız öz arzusu deyildi.
Bu, otuz il həsrətini çəkdiyimiz torpaqlara qovuşmaq arzusu idi.
Bu, ata-baba yurdlarının azadlığını görmək arzusu idi.
Bu, Vətənin bütövlüyünü görmək arzusu idi.
Və Famil kimi minlərlə oğul həmin arzunun yolunda öz ömrünü yarımçıq qoydu.
Biz isə onların yarımçıq qalan ömrünün bəhrəsi olan Zəfəri yaşayırıq.
Ona görə də Zəfər sevincimizi yaşayarkən, şəhidlərimizi yalnız xatırlamaqla kifayətlənməməliyik. Onların ailələrinin qarşısında mənəvi borcumuzu da unutmamalıyıq.
Çünki bizim bu gün qürurla söylədiyimiz “Zəfər” sözünün içərisində Famil kimi minlərlə şəhidimizin qanı, arzusu və yarımçıq qalan ömrü var.
Şəhid Famil balamızın son sözündən təsirlənərək qələmə aldığım bu yazı ilə bütün şəhidlərimizə Uca Yaradandan rəhmət diləyirəm.
Ruhları qarşısında baş əyirəm.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Elxas Comərd.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








