
Həkim barmaqları kəsilən şəxsə mühafizəçi işlə deyib.. - FOTO/ŞİKAYƏT

Bu gün Azərbaycanda əsas problemlərdən biri də işsizlikdir. Gənclər Ali Təhsillərini başa vurduqdan sonra, böyük işsizlik sindiromu ilə qarşı-qarşıya qalırlar. Rəsmi statsitikada bu əksini tapmasa da, xüsusilə əyalətlərdə işsizlik insanların yaşayış səviyyəsini acınacaqlı edib. Bütün bunların fonunda isə, bir ailə düşünün ki, evdə olan iki qardaş da səhətlərindəki müxtəlif problemlərdən işləmə qabiliyyətlərini itiriblər, heç bir özəl və ya dövlət qurumu onları işə götürmür.
Anews.az-a danışan Salyan rayon sakini Azad Səlimov deyir ki, hələ uşaqlıqdayol verdiyi kiçik ehtiyatsızlıq barmaqlarını itirməsinə səbəb olub. Uzun illər bunun mənəvi, psixoloji travması ilə yaşayan Azad bu faciənin faciəvi həqiqətlərini böyüdükcə daha yaxşı anlayıb.
Onun sözlərinə görə, hansı qapıya getsə də, heç kəs onu işə götürmür.
Azadın qardaşı Zahir Səlimov da uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkir və işləmə qabiliyyətini tam olaraq itirib.
Azad deyir ki, qardaşı Zahir oksigen balonu ilə nəfəs alır və bunun üçün hər üç gündən bir 30 manat ödəməli olurlar.
Azad Səlimov və qardaşı dəfələrlə təqaüd almaq üçün müraciət etsələr də onlara pensiya ayrılmayıb. Onun sözlərinə görə, pensiya ilə bağlı kimə müraciət edilisə ondan külli miqdarda pul istəyir.
"Sonuncu dəfə ayın 27- Salyan rayon Mərkəzi Xəstəxanasına getdim və xahiş etdim ki, məni yoxlamadan keçirib lazım olan sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərsinlər. Lakin mənə baxan həkim Mehdi Məcidov deyir ki, gərək sənin əlin tam olmasın ki, sənə pensiya düşsün, belə bildiriş göndərə bilmərəm. Get mühafizəçi işlə də”, - deyə şikayətçi Azad Səlimov bildirib.
Açığı, həkimin hansı psixoloji vəziyyətdə barmaqları olmayan, xüsusi ilə hərbi xidmətdə olmayan bir adam haqqında "get mühafizəçi işlə” deməsini anlamasaq da, Səhiyyə Nazirliyindən məsələ ilə bağlı şərh istədik. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məsələni araşdırdıqlarını desələr də, sonradan açıqlama almaq mümkün olmadı.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimai əlaqələr söbəsinin sektor müdiri Emil Cavadov isə deyir ki, nazirliklə bağlı hər hansısa problem ola bilməz.
Onun sözlərinə görə, vətəndaşların əlillik vəziyyətinin müəyyən olunması üçün 88 nömrəli forma göndərişi səhiyyə müəssisələri tərəfindən elektron məlumat mübadiləsi sistemi vasitəsilə nazirliyə göndərilir. Yalnız bundan sonra, əlillik təyin edilir və ya rədd cavabı verilir.
"Həmin şəxslərlə bağlı forma 88-i səhiyyə müəssisəsi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə göndərir, bundan sonra komissiya müraciətə baxır, əlillik təyin olunur və ya olunmur. Sözügedən məsələ ilə bağlı isə, müraciət daxil olmayıb”, - deyə Emil Cavadov bildirib.
Bir sözlə Salyan rayon Mərkəzi Xəstəxanasının, ümumiyyətlə Səhiyyə Nazirliyinin işinin əllillik təyin etmək deyil, yoxlanışın nəticələrini Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə göndərməkdən ibarət olmasını o həkim bilməyə bilər, lakin Səhiyyə Nazirliyinin özünün bu məsələyə münasibət bildirməməsi ciddi sual doğurur. Həqiqətənmi, 4 körpəsi olan bir ailənin gələcək taleyi Səhiyyə Nazirliyini narahat etmir? Görəsən onlara vətəndaşa nə ilə məşğul olmağı öyrətmək əvəzinə öz işlərini görməyə nə mane olur?
Bütün bunlar açıq qalan suallardır, Sizə bir ailənin faciəsini tam əks etdirən 2 fotonu təqdim edirik:
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













