Turaztv.az » Xəbərlər » Bu gün səni məndən ayıran soyuq payız axşamıdır..qürub vaxtıdir.. - FOTO
Xəbərlər

Bu gün səni məndən ayıran soyuq payız axşamıdır..qürub vaxtıdir.. - FOTO

26.11.2026, 11:25 9
Bu gün səni məndən ayıran soyuq payız axşamıdır..qürub vaxtıdir..O müdhiş axşamdan düz 9 il ötüb..amma, sənin yoxluğunu apara bilməyib, sən hər zaman mənim qəlbimdə, canımda, evimdə, eşiyimdə, yollarında, işimdə, gücündə, yuxularımda, şeirlərimdəsən....sənsiz heç bircə anım oldumu..? Sənin o qabarlı əllərin, o günəşdən yanıb qaralmış zəhmət dolu çöhrən hər an göz önümdə olub...sən ölümünlə də mənə qüvvət verdin ki, səni yaşada bilim...Şam kimi ömrümüzə əriyənim, evinə, balalarına, atama bağlı etibarlım, günəş məhəbbətlim...ruhun şad, məkanın cənnət olsun Ana.. ((
Əzizə Ağahüseynqızı

ANA

Məkanın, məzarın çiçəklər açsın,
Ətiri burnumda qalanım ana.
O soyuq odada necə yatırsan,
Ay isti otağı talanım, ana?!

O nurlu yanağın solmasın deyə,
İstisiz, ocaqsız qalmasın deyə,
Orda sənə soyuq olmasın deyə,
Şam kimi yanında qalanım, ana!

Ay sözü bütövüm, əhdə vəfalım,
Ay kövrək ürəklim, başı bəlalım,
Qoy sənin qadanı mən özüm alım,
Bir ömür qadamı alanım, ana!

Ürək sözlərimdən bina hörərsən,
Bu şeir mülkümdən şəfa görərsə,
Əgər bir sözümdən yalan dərərsən,
Qoy məni öldürsün yalanım, ana!

Baxışın ömrümə toxunan gəvə,
Sökülməz ilməsi sən vuran həvə,
Əzizə deyəndə dur gedək evə,
Durub xəyallara dalanım ana.


ÖLÜMÜN ƏLİNƏ VERMƏRƏM SƏNİ
Anama…
Ömür yollarımda uğur mələyim,
Simurğum, şehirli şeir lələyim,
Tanrıdan ən ülvi arzu, diləyim,
Çiçəktək solmağa qıymaram səni,
Ölümün əlinə vermərəm səni.

Qaldır baxışını ürəyimə ax,
Şimşəktək göyümdə alovlanıb çax!
Dur, yenə yolumu gözlə, mənə bax,
Dərd olub könlünü oymaram sənin,
Ölümün əlinə vermərəm səni.

İnamın güc gəlsin sabahlarına,
Kövrəlmə, xitam ver can ahlarına,
Tanrım da göz yumar günahlarına,
Buludtək dolmağa qoymaram səni,
Ölümün əlinə vermərəm səni.

Çəkilsin, sovuşsun azarın, ahın,
Tanrı özü olsun sənin pənahın,
Ay səcdə etdiyim, ay qibləgahım,
Min il də qoxlasam doymaram səni,
Ölümün əlinə vermərəm səni.


ANAM, MƏNİM MÜQƏDDƏSİM

Xəyallarım çözələnir, ilk yadıma sən düşürsən,
Bir az qəmgin, bir az kövrək, bir az da ki, şən düşürsən,
Bənzərsizsən, bir dənəsən, varlığınla tən düşürsən,
Sənsən açdığım cığırım, ilk addımım, izim, yolum,
Anam, mənim müqəddəsim, varlığına qurban olum.

Ömür yolun zəhmət dolu, xeyirxahtək anılırsan,
Sirli cansan, yaradansan, yerdə Allah sanılırsan.
Duz-çörəkli adın qalıb, el içində tanınırsan,
Ruzusundan pay verənim, bərəkətlim, əli bolum,
Anam, mənim müqəddəsim, varlığına qurban olum.

Sən babamın, sən nənəmin ilk nübarı, ilk barısan,
İncə məxluq yaransan da, oğul kimi vüqarısan,
El-obanın, doğmaların çiçək açan gülzarısan,
Tükənməyən bir xəzinəm, əslim, köküm, soyum, ulum,
Anam, mənim müqəddəsim, varlığına qurban olum.

Sevgi verdin Günəş kimi, o heç zaman sönən deyil,
Adın hər vaxt ucadadı, zirvələrdən enən deyil,
Sən bəşərin anasısan, bəşər səni yenən deyil,
Şahdamarım, canda qanım, sinəmdəki vuran solum,
Anam, mənim müqəddəsim, varlığına qurban olum.

Möcüzəsən, baş açmadım, sirli qüvvə, şirin ansan,
Dəryamısan, dənizmisən, necə böyük bir ümmansan!
Qoy işığa həsrət qalım, zəhmətini əgər dansam,
Şirin sözüm, eynim, özüm, görən gözüm, əlim, qolum,
Anam, mənim müqəddəsim, varlığına qurban olum.

Hər gələndə adın dilə, bulud kimi hey doluram,
Həsrət-həsrət çağırıram, bayatımda dən oluram,
Qoşulub yaz yellərinə ruhun ilə şən oluram,
Həm küləyim, həm qarımsan, həm yağışım, həm də dolum,
Anam, mənim müqəddəsim, varlığına qurban olum.

Ovxarlıdı qələm dəryaz, fikrim də dolu bir zəmi,
Qış axşamı, qərib şəhər, xatirələr aldı məni,
Əziz tutub xətirini əzizlədin Əzizəni,
Qılığına, mehirinə, işığına axım, dolum,
Anam, mənim muqəddəsim, varlığına qurban olum.


ANAM

Sadədən sadəydin, təmizdən təmiz,
Əlinin qabarı ətirli anam.
Ömrünü pərvanə edib yaşadın,
Balalar yanında xətirli anam.

Uçub evimizdən hayana getdin?
Qayıt, gözlərimi duman burüyüb.
Boş qalmıs yuvanda əlinin izin,
Amansız həsrətin əli kürüyüb.

Hardasan, gəl qoyma uçulam, gedəm,
Hicranın köksünü dağıdır, didir.
Qayıt, sacını as, ocağı yandır,
Evimiz sənsizlik xiffətindədir.


QÜRUB VƏ SƏN

Yenə də qollarım sinəmdə çarpaz,
Yenə dayanmışam qüruba sarı.
Yenə danışıram xəyallarınla,
Sükutun buzunu qırsaydın barı!

Bu həmin qürubdu göz qapadığın,
Alıb əllərimdən apardı səni.
Bu həmin qürubdu insafı dayaz,
İsti ocağından qopardı səni.

Gunəş vücudunu torpaqlar qucub,
Ay Ana, nə şirin yatırsan orda?
Oyan, varlığıma dol həyat kimi,
Qalıb əziz balan çox intizarda.

Sən çıxıb gedəndən bu ev, eşik də,
Sükunət içində xəyala dalıb.
Dumanı çəkilmir elə o gündən,
Göyün yanağı da buludlu qalıb.

Vərəqlər islandı duyğularımdan,
Xatirən dil açdı yaddaşım kimi.
Mənim pəncərəmi döyən damcılar,
Yağır qəbrin üstə göz yaşım kimi.


ANA

Aylara, illərə tikələnmişəm,
Sənsiz ilmə-ilmə söküldüm ana.
Yoxluğun sinəmə vurdu min düyün,
Dərdimə, qəmimə büküldüm, ana.

Ömrümdən qılınc tək sıyrıldı illər,
Kövrək bayatıyla dindi könüllər,
Qocaman çinardım döydü fəsillər,
Payız yarpağı tək töküldüm, ana.

Mən sənə Tanrıdan övlad payınam,
Ömrünə gül açan günün, ayınam,
Qəmli-qəmli axan bir dağ çayınam,
Azaldım, sozaldım, çəkildim, ana.


ANA

Sənin görüşünə çox yubanmışam,
Üz tutub yanına gəlirəm, ana.
Surətin gözümdə heykələ dönər,
Hicrinlə qəlbimi dəlirəm, ana.

Bu yollar tez bitsin, gözüm sevinsin,
Üzünə üz qoyum, üzüm sevinsin,
Sətirim sevinsin, sözüm sevinsin,
Şeirimlə gözümü silirəm, ana.

Günəşsən, gülüşün mənə zərindi,
Qiymətin əvəzsiz, haqqın dərindi,
Ana nə deməkdi, necə şirindi?
Mən indi bilirəm, bilirəm, ana.


ƏN DOĞMA ADAM

Açdım qapısını bir yaz axşamı,
Anamın buludlu baxışı güldü.
Gümüşü şimşəyin dodağı qaçdı,
O uca göylərin yağışı güldü.

Çırpdı gülüşünü qəmli könlünə,
Çilik-çilik oldu nəm baxışları.
Qəlbindən dilinə süzülüb axdı,
Sevinc alqışları, şən alqışları.

Dil açdı, danışdı divarı, daşı,
Güllü yorğanının çiçəyi güldü.
Mən onu dünyada ən doğma adam,
O məni ən əziz qonağı bildi.


Bu gün səni məndən ayıran soyuq payız axşamıdır..qürub vaxtıdir.. - FOTO
ƏZİZƏ AĞAHÜSEYNQIZI
26.11.2026

Oxşar xəbərlər