Turaztv.az » Xəbərlər » Aləmzər İlay yaradıcılığına bir baxış - FOTO
Xəbərlər

Aləmzər İlay yaradıcılığına bir baxış - FOTO

25.11.2026, 12:31 12

Ədəbiyyat hər zaman cəmiyyətin aynası, insan ruhunun isə ən saf tərcümanı olmuşdur. Bu aynaya baxarkən bəzən cəmiyyətdəki ədalətsizliklərin acı həqiqətlərini, bəzən də insan qəlbinin ən dərin, kövrək duyğularını görürük. Müasir Azərbaycan poeziyasında özünəməxsus dəst-xətti, səmimiyyəti və vətəndaş mövqeyi ilə seçilən qələm sahiblərindən biri də Aləmzər İlay təxəllüsü ilə tanınan şair-publisist Aləmzər Şəhriyar qızı Xudiyevadır.
1966-cı ildə qədim və füsunkar Ordubad rayonunun Aşağı Aza kəndində dünyaya göz açan Aləmzər xanımın yaradıcılıq mayası elə doğma yurdun saflığından, bərəkətli torpağından və zəngin mənəvi mühitindən yoğrulmuşdur. Həyatını pedaqoji fəaliyyətə – gənc nəslin təlim-tərbiyəsinə həsr edən şairə, əvvəlcə M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda, daha sonra isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil alaraq həm sözün elmi sirlərinə, həm də insan psixologiyasının incəliklərinə dərindən bələd olmuşdur. Müəllimlik peşəsinin gətirdiyi məsuliyyət və həssaslıq onun poeziyasında da aydın hiss olunur. Beş kitab müəllifi, 2021-ci ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olan Aləmzər İlayın şeirləri ölkə mətbuatında mütəmadi dərc olunaraq geniş oxucu rəğbəti qazanmışdır. Üç övlad anası olan şairənin misralarında həm bir ananın şəfqəti, həm də bir ziyalının cəmiyyətə olan narahat baxışları əksini tapır.
Şairənin yaradıcılığında cəmiyyətdəki mənəvi aşınmalara, riyakarlığa və tamahkarlığa qarşı kəskin barışmazlıq var. Onun "Yoxdur Allah qorxusu?" şeiri əslində bir fərdin deyil, vicdanı susmayan bütöv bir cəmiyyətin hayqırtısıdır. Müəllif bu şeirdə öz mənfəətini hər şeydən üstün tutan, dövlət malını talayan, üzə gülüb arxadan quyu qazan insanları kəskin tənqid atəşinə tutur:


Bu həyatda nə qədər yaşayıb ömür sürən,
Cəmiyyətdə özünü hamıdan üstün bilən,
Özünün xeyrin güdüb, başqasını incidən,
Riyakar insanların yoxdur Allah qorxusu?


Şair insan acizliyini böyük ustalıqla bədii təzad üzərində qurur. O xatırladır ki, adi bir milçəyin qanadını belə yaratmağa gücü çatmayan bəndə, nəfsinə yenilərək haqqı nahaqqa qatır, özgə haqqını yeməkdən çəkinmir:

Bir milçəyin qanadın, gücü çatmaz yaratsın,
Amma haqqı-nahaqqa qatıb deyər qoy batsın,
Dövlət malına yanmaz, istəyər ki, hey satsın,
Bu yolla pul yığanın yoxdur Allah qorxusu?


Bu ictimai həssaslıq "Yoxdur qərəzi" şeirində sosial ədalət ideyaları ilə birləşir. Şairə dünyanın özünün gözəl olduğunu, lakin insanların tamahı və laqeydliyi ucbatından bu gözəlliyin kölgələndiyini ürək ağrısı ilə qələmə alır. Cəmiyyətdəki kəskin maddi təbəqələşmə şairənin vicdanını sızladır:

...Adam var, xərcləyir, pulu kalandır,
Adam var, pul tapıb çörək alammır,
Qəlbsizlər kimsəyə dərman olammır,
Naxələf, vicdanı çəkmir tərəzi,
Düzlüyə kiminsə yoxdur qərəzi.


Aləmzər İlayın poeziyasında insan qiyməti onun maddi sərvəti, mənsəbi və ya mənsub olduğu bölgə ilə deyil, məhz mənəvi saflığı, sözə verdiyi dəyər və ilqarı ilə ölçülür. Müəllif "Seçmərəm" rədifli şeirində özünün həyat fəlsəfəsini və insana münasibət prinsipini açıq şəkildə bəyan edir:

Mən bu fani dünyada qəlbi zarlı seçmərəm,
Əsla pula aldanıb kasıb, varlı seçmərəm.
...
Haralı olmasının fərqi yoxdur mənimçün,
İnsanı ayırmağa bir diyarlı seçmərəm.


"Vicdan kürsüsündə" əyləşərək kimsənin keçmişinə qərəzlə yanaşmadığını deyən şairə, yalnız sədaqətsiz və dəyər bilməyən insanlara könlündə yer vermədiyini vurğulayır. Həyatın enişli-yoxuşlu yollarından keçən, "bəzən zəhəri də su kimi içən" müəllif üçün ən böyük mənəvi dayaq təmənnasız dostdur. "Hanı?" şeirində Aləmzər İlay dar gündə sınanmış, güvən körpüsü qura bilən həqiqi dostların sorağına çıxır:

İnanc qırılaraq güvənsiz qalsa,
Tikanlı bağçalar gülüstan olsa,
Sədaqət dostluqda bir körpü salsa,
Belə gözəl dostlar, söyləyin, hanı?


İctimai mövzularda nə qədər sərt və barışmazdırsa, sevgi lirikasında Aləmzər İlay bir o qədər həssas, kövrək və qürurludur. Onun sevgi şeirlərindəki lirik qəhrəman sevgidə diqqət, qayğı, arxa-dayaq və mənəvi bütövlük axtaran bir qadındır. "Özümü sevdirə bilmədim yenə" şeirində ömrünün baharını qışa çevirən laqeydliyə qarşı dərin bir kövrəklik və qüssə hakimdir:

Uca dağlar kimi ona söykənim,
Üşütməsin məni gecənin çəni,
Yaxın buraxmasın kədəri, qəmi,
Sevgidə tapmasın min bir bəhanə,
Özümü sevdirə bilmədim yenə.

Lakin şairənin lirik qəhrəmanı heç vaxt öz mənliyini sındırmır. Sevgi qarşılıqsız qaldıqda və ya təkəbbürə qurban verildikdə, qadın qüruru ön plana çıxır. "Daşa dönübdür" şeirində şairə sevginin yaşaması üçün "təmiz, saf vicdan" tələb olunduğunu xatırladır və gecikmiş etirafların artıq daşa dönmüş qəlbi isidə bilməyəcəyini qətiyyətlə söyləyir:

Sən, mənə sevirəm sözün söyləmə,
Daha o sözlərə güvən qalmayıb.
Sözünlə dağ basıb, sinə közləmə,
Qəlbim soyuqluğu çoxdan anlayıb.


Bu üsyan və qürur "Sən hardan biləsən" şeirində özünün kulminasiya nöqtəsinə çatır. Vaxtilə "şimşək kimi çaxan, bulud tək dolan" saf bir eşqin dəyərini bilməyən, əhdi-ilqarına sadiq qalmayan qarşı tərəfə ünvanlanan bu misralar əsl sevginin nə demək olduğunu poetik dillə izah edir:

Gülən gözlərimdə nəm qalacaqsa,
Hörmət aramızda kəm olacaqsa,
Nifrət sevgimizdən öc alacaqsa,
Sən hardan biləsən məhəbbət nədir.
...
Olmadın qəlbimin sevgi açarı,
Dondurdun buz kimi ərimiş qarı,
Tutmadın verdiyin əhdi, ilqarı,
Sən hardan biləsən məhəbbət nədir.


Aləmzər İlayın yaradıcılığı süni pafosdan və mürəkkəb, anlaşılmaz ibarələrdən uzaq, xalq ruhuna yaxın, duru və səmimi bir poeziyadır. Onun şeirlərində həm müəllim öyüdü, həm ana qayğısı, həm vətəndaş yanğısı, həm də sevən bir qadının zərif çırpıntıları vəhdət təşkil edir. "Aləmzərin qalar gözəl bir izi" — deyən şairə, doğrudan da, sözə sədaqəti və insanlığa sevgisi ilə müasir ədəbiyyatımızda özünün səmimi və işıqlı izini qoymaqdadır.

Hüseyn İsaoğlu, yazıçı - publisist,AYB - nin və AJB - nin üzvü

Oxşar xəbərlər