Turaztv.az » Xəbərlər » DƏDƏLƏR VƏ NƏNƏLƏR... - FOTOLAR
Xəbərlər

DƏDƏLƏR VƏ NƏNƏLƏR... - FOTOLAR

25.11.2026, 13:21 5

Uşaqlığımıza sığan, amma ömrümüzə sığmayan bir dünya

Gözlərimizi dünyaya açandan qəribə bir qanun bizi daban-dabana izləyib: böyüdükcə uşaqlığımız kiçilib, amma uşaqlığımızdakı adamlar böyüyüblər. Əvvəl dizinin dibində oturduğumuz, sonra əlindən tutub yeridiyimiz, bir gün də əlimizdən çıxıb xatirəyə çevrilən adamlar olublar. Dil açandan onları dədə, nənə çağırmışıq. Həqiqət isə budur ki, onlar bizim dünənimizdir, kökümüzdür, yaddaşımızdır. Bəlkə də həyatda ilk və ən təmiz sevgimiz elə dədəmizin, nənəmizin gözlərində başlayır.
Mən ata babama həmişə hamımızın müraciət etdiyimiz dədə deyə çağırmışam. Heç vaxt görməmişdim ki, dədəm danışanda tələssin. Hər sözünü ömür yolunun o başından gətirib bu başına qoyurdu. İndi-indi anlayıram ki, bir stəkan çayın yanında danışdığı əhvalatın kitab dolusu mənası var. O, çox şeyi görüb, çox şeyi yaşamışdı, amma hər şeyi danışmırdı. Çünki sanbalını qoruyub saxlayırdı. Bəlkə də elə sirrləri var idi ki, özüylə bərabər qəbir evinə apardı. O, dərdlərini dilində yox, üzündə yaşadırdı. Onun üzündəki qırışlar da elə-belə yaranmamışdı. Hər qırışın bir tarixçəsi, hər ağ tükün bir xatirəsi var idi. Mən uşaq kimi o tarixçələri hələ oxumağı bacarmırdım, çünki hələ ömrün əlifbasını tam öyrənməmişdim.

Dədə nəsihəti, nənə öyüdü...


Ağaəli dədəmiz evin dirəyi idi. O, evdə olanda evin divarları da bizə möhkəm görünürdü. Səhər tezdən həyətə çıxıb havaya baxması, qapının ağzında dayanıb küçədən keçənlərə salam verməsi, mənim və o biri nəvələrinin başlarını sığallayıb halımızı soruşması – bunların hamısı adi görünən, amma sonradan ürəyimizdə böyük boşluğa çevrilən mənzərə kimi xatırlanır. Dədəmiz (bəzi dədələr nəvələrinə adınları verirdilər) adını bizə verməsə də, haradan gəldiyimizi öyrədirdi. Bizə torpağın qədrini, çörəyin bərəkətini, böyüyün hörmətini, kiçiyin izzətini bilməyi başa salırdı. Hərdən elə kəlmələr, ifadələr işlədir, elə tənbehlər edirdi ki, həmin bircə kəlmə bizə ömürlük bəs edirdi, o dərsi heç bir məktəbin divarına yaza bilməzdik.
Bahar nənəm isə başqa möcüzə idi. Mənimçün onun əlləri dünyanın ən isti yeri idi. Onun əlləri alnıma toxunanda elə bilirdim ki, bütün ağrılar çəkilib gedir. Bişirdiyi çörəyin qoxusu, sacın üstündə qızartdığı qutabın dadı, günün hansı hissəsindəsə həyətin bir küncündə oturub yun əyirməsi, yorğan, döşək sırıması, yanında uzanarkən üstümüzü örtüb şirin, ürəkdən duası etməsi... Bu, bizim evimizin məişət mənzərəsi yox, hamımızın mənəvi yaddaşımızdır.
Nənəmiz həmişə dua ilə danışırdı. Bəzən bir “Allah saxlasın” kəlməsi onun mənə sevgisini ifadə edirdi (Ata babasının adını mənə qoymuşdu. Bəlkə də bu sevgi oradan gəlirdi). Hər dəfə qapıdan çıxanda arxasımıza su atar, yolumuza göz qoyar, xəstələnəndə gecə yarısı başımızın üstündə səhərə qədər oyaq qalardı. Bunu unutmağa əsla ixtiyarım yoxdur. Nənəmin sevgisində heç zaman hesab, ölçü, şərt olmayıb. O, məni, eləcə də digər nəvələrini nə qazandığına, nə də itirdiyinə görə sevirdi. Sadəcə, nəvəsiydim deyə sevirdi. Sonralar dərk etdim ki, bəlkə də dünyanın ən böyük sərvəti – sevgisi elə bu cür sevilməkdir.

Gələcəyimizin müəllimləri


Onlar mənimçün, ailəmiz üçün ailəmizin keçmişi yox, gələcəyimizin müəllimləri olublar. Onlar öz ömürlərindən qalanı bizim ömrümüszə köçürdülər. Bir layla ilə ana dilini, bir nağılla xeyirlə şərin fərqini, bir nəsihətlə insanlığın ölçüsünü öyrətdilər. Yuxuya gedə bilməyəndə danışdıqları nağıllarda bizi divlərin nəhəngliyini, pərilərin məsumluğunu, şahların qəddarlığını, kasıblar isə fağırlıqlarını xatırlayır, bizi yuxuya verirdilər (Sonradan bu vərdiş anamıza, atamıza da keçmişdi). O nağılların isə ən böyük qəhrəmanı insanlıq idi. Bunu o vaxt anlamırdım, ancaq illər keçəndən sonra hansısa seçimlə qarşılarkən Ağaəli dədəmin dediyi bir söz, Bahar nənəmin söylədiyi şirin nağıllar yadına düşürdü. Əslində indi də xatırlayıram, onlar bu gün həyatda olmasalarda, içimdən heç vaxt getmirlər.

Dədəmizin də, nənəmizin də yerləri görünür...


Artıq zaman dəyişib. Kənd evlərində həyətlər daralıb, ocaqların tüstüsü azalıb, uşaqların əllərində nağıl kitabları əvəzinə telefonlar (elə nağılları da telefondan oxuyub öyrənirlər) gəzdirirlər. Dədəmizin söhbətinə ayrılan vaxt azalıb, nənəmizin müxtəlif təamlar bişirirdilərsə, onları hazır yeməklər əvəzləyib. Bu gün nəvələr öz köklərindən xəbərsiz böyüyürlər. Halbuki gələcəyə gedən insanın arxası keçmişə söykənməlidir. Köksüz ağacın budağı hara qədər uzana bilər?
Ən ağrılısı budur ki, dədəmizin də, nənəmizin də yerləri görünür, hərdən onlar üçün qəribsəyirəm də: bir gün gəlir, evin qapısı əvvəlki kimi açılır, həyət əvvəlki kimi görünür, amma heç kim “ay bala, gəl görüm” demir. Eləcə də atam, anam. Çoxdandır onlar da həyatda yoxdurlar, yoxluqları məni də, digər övladlarını da ağrıdır. Stol arxasında otururq, süfrədə hər şey var, amma nədənsə çayın dadı yoxdur. Divardakı saat işləyir, ancaq evin vaxtı dayanıb. Onda anlayırıq ki, dədəmizin, atamızın, nənəmizin, anamızın yoxluqları təkcə bir insanın yoxluğu deyilmiş, bir evin dayağının, bir nəslin yaddaşının, bir uşaqlığın bütöv bir parçasının yoxluğu imiş...
Onların məskunlaşdıqları, heç zaman kənara çıxmadıqları evləri ona görə müqəddəsdir ki, orada ömür yaşayıblar. Necə ki hər daş, hər ağac, hər qapı öz yaddaşını yaşayır. Nənəmin qədimi bir sandığı vardı, orada illər boyu saxladığı köhnə yaylıq, dədəmizin divardan asdığı Buxara papaq (papağı ilə kürkünü Moskvada yaşayan bibim oğlu Səlim özü ilə aparmışdı), bir küncdə də qalan əski təsbeh – bunlar zamanın bizə qoyub getdiyi əmanətlərdir. O əmanətləri qorumaq, əslində, özümüzü qorumaqdır. Qoruya bildikmi?!. Onların min bir zəhmətlə qurduqları evləri, əkdiyi ağacları, saldığı bağları, daşını-daş üstə qoyduğu həyətləri necə qoruduq? Nənələrimizin sandığında saxladığı xalıları, palazları, kilimləri, öz əlləri ilə toxuduqları corabları, tikdikləri süfrələri, mis məcməyiləri, sərnicləri, dolçaları, samovarları, bir sözlə, bir dövrün həyatını özündə yaşadan əşyaları alverçilərə dəyər-dəyməzinə satdıq. Burada Mircəlal Paşayevin “Bir gəncin manifesti” əsərində “itə ataram, yada satmaram” ifadəsi düşdü. Ehtiyacla üzləşən qadın xalını ingilisə satmır.

Hanı o xanımların müqəddəsliyi, kişilərin qətiyyəti?

Dədə-babalarımızın evləri dörd divardan ibarət deyildi, orada evin bir yaddaşı yaşayırdı. Qapıdan içəri girəndə adamı əvvəlcə həyətin qoxusu qarşılayardı. Ortada tut ağacı, o biri tərəfdə gilas, albalı ağacları, eyvanda taxta kürsü, divar dibində su səhəngi... Hər şeyin öz yeri, hər əşyanın öz taleyi vardı. O evlərdə insanlar ömürlərini hörürdülər. Daşına, divarına, ağacına öz nəfələrindən qatırdılar, onlara yaşam verirdilər.
Yaxşı yadımdadır, rəhmətlik atam deyərdi ki, həyətdəki ağacların çoxusunu dədəmizlə nənəmiz çiyinlərində kəndin yuxarı başından gətirib əkiblər, onun kölgəsində nəvələr oturublar, meyvəsindən dadıblar. Dədə-babalar ev tikəndə bəlkə də nəvələrinin toylarını həmin həyətdə görməyi arzulayırdılar. Nənələr sandığına xalı-palaz yığanda, mis qabları parıldadanda, cehizlik əşyalarını səliqə ilə qoruyanda onları bir gün kiminsə gəlib satacağını, yaxud lazımsız əşya kimi bir küncə atacağını ağıllarına belə gətirmirdilər. Onlar hər şeyi gələcək üçün saxlayırdılar. Həmin gələcək isə biz idik.

Bəs biz nə etdik?

Zaman dəyişdi, həyat dəyişdi, şəhərlərə köçdük, yeni evlər tikdik, köhnə evlərdən uzaqlaşdıq. Bəzilərimiz ata-baba evini qoruduq, bəzilərimiz təmir etdik, bəzilərimiz isə qapısını bağlayıb taleyin ümidinə buraxdıq (kəndimizdə belə evlər çoxdur). Bir vaxtlar nəslin nəfəsi ilə yaşayan həmin həyətləri ot basıb, damları çöküb, qapıları təkcə qıfıllanmayıb, hətta paslanıb. Divarların arasından otlar boylanıb. O evlərdə Bir vaxtlar neçə-neçə insanın səsi eşidilən həmin evlərdə küləyin səsi dolaşır.

Ən ağrılısı budur ki, o evlərin içindəki tarixi də itirmişik.

Nənələrimizin xalıları, palazları, kilimləri vardı. Hər ilməsində bir zəhmət, hər naxışında bir arzu yatırdı. Onlar bu əşyaları fabrikdən alıb evə gətirməmişdilər. Bəzən aylarla, illərlə öz əlləri ilə hazırlamışdılar. Xalının üstündəki naxışa baxanda bir elin zövqünü, bir ananın səbrini, bir ailənin məişətini görmək olardı. Bəs indi o xalılar haradadır? Hansı sandığın dibində unudulub, hansı köhnə evin çardağında çürüyüb, hansı bazarda dəyər-dəyməzinə satılıb? Bəlkə də hansısa qədim mis qab bu gün kiminsə evində dekor əşyasıdır, amma onun hansı nənənin cehizi olduğunu, hansı ocaqda qaynadığını, neçə nəslin süfrəsinə xidmət etdiyini heç kim bilmir.
Mis dolça, sərnic, məcməyi, sini, aşsüzən, sac, samovar... Bunlar bizim keçmişimizin lal şahidləridir. Onların hər biri bir ailənin həyatından xəbər verir. Bir vaxtlar həmin qabların içində su daşınıb, çay dəmlənib, bayram süfrələri açılıb, qonaqlar qarşılanıb. İndi onların bir qismini adi köhnə dəmir-dümür hesab edirik. Halbuki bəzən bir köhnə mis qab bütöv bir ailə tarixinin şahidi ola bilər.

Əgər möcüzə baş versə,

bir gün nəvəmiz o dünyadan gəlib bizdən soruşsa ki, ulu babamız necə adam olub, nənəmiz hansı xalıda oturub, hansı samovarda çay dəmləyib, hansı ağacın altında dincəlib, ona nə deyəcək və göstərəcəyik? Bir fotoşəkilmi? Bir köhnə evmi? Yoxsa, sadəcə olaraq, “vaxtilə bizim də belə şeylərimiz olub” deyəcəyik?
Mənə elə gəlir ki, insanın ən böyük borclarından biri dədəsinin, nənəsinin əlini vaxtında öpmək, yanında oturub söhbətinə qulaq asmaq, halını soruşmaqdır. Çünki onların danışmağa sözü, bizim isə eşitməyə vaxtımız var. Sonradan qiymətli vaxtı itirməkdən təəssüflənməməliyik. Bir gün o söhbətlərin yerini xatirələr tutacaq, o əlləri öpmək istəyəcəyik, amma əlimiz havada qalacaq.
Dədəmiz də, nənəmiz də ömrün qürub çağına çatmadılar. Onlar ailəmizin sübhü oldular. Gedişlərindən sonra da işıqları sönməyib. O işıq bizim xatirimizdə, qəlbimizdə, ailə adət-ənənələrimizdə yaşayır.
Və bir həqiqət var: biz bu dünyada dədə-babalarımızın qoyub getdikləri yurdun əbədi sahibi yox, növbəti əmanətçiləriyik. Bizdən sonra da bu evlərin qapısını açacaq, bu ağacların kölgəsində oturacaq, bu xalıların naxışlarına baxacaq insanlar olacaq.
Onlara isə boşalmış həyəti, dağılmış evi, unudulmuş sandığı, qoruyub saxladığımız şərəfli tariximizi, yaşadığımız ocağı, sahib çıxdığımız yurdu qoymalıyıq. Deyirlər ki, əmanət sahibinin yox, onu qoruyanın adına yazılır.
Bu yazını nostalji hisslərlə yazdım, keçmişə səyahət etdim, bu günümüzə gəlib çatanlardan söz açdım. Gəldiyim qənaət isə budur ki, Dədə ilə nənə insanın arxasında qalan yox, insanın içində yaşayan adamlardır. Onların əlləri torpağa qovuşsa da, duaları başımızın üstündən çəkilmir. Və nə qədər ki bir uşaq dədəsinin dizinin dibində oturub nağıl dinləyir, nə qədər ki bir nənə nəvəsinin yoluna dua edir, bu dünyanın ən qədim, ən müqəddəs ocağı – ailə ocağı yanmaqda davam edir.
Dədəmlə nənəmin ruhlarına hörmətlə;
DƏDƏLƏR VƏ NƏNƏLƏR... - FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU














Oxşar xəbərlər