Turaztv.az » Xəbərlər » DOQQUZ hərfli Vətən !!!
Xəbərlər

DOQQUZ hərfli Vətən !!!

24.11.2026, 09:13 3

Vətən bəzən bir bayrağa, bir xəritəyə, bir sərhədə sığmır. Vətən insanın yaddaşında yaşayan uşaqlıq, ruhuna hopan doğmalıq, adını çəkəndə ürəyində nəsə titrədən bir ünvan olur. Mənim üçün o ünvanlardan biri, bəlkə də ən doğması, İsmayıllıdır.

İsmayıllı — doqquz hərfli bir söz, amma içində neçə ömür, neçə xatirə, neçə sevgi, neçə nisgil, neçə hekayə gizlənib...
Mən İsmayıllını yalnız dağlarına, meşələrinə, bulaqlarına, gözəlliklərinə görə sevmirəm. Mən onu insanları ilə, kəndlərinin ruhu ilə, yaddaşımda yaşayan izləri ilə, bu torpağın mənə doğma olan nəfəsi ilə sevirəm. Onun hər guşəsində bir duyğum, hər yolunda bir xatirəm, hər adında bir doğmalığım var.İsmayıllı mənim üçün yazıya çevrilmiş bir sevgidir. Bəzən bir kəndin adı məni illərin arxasına aparır, bəzən bir insanın xatirəsi bütöv bir mənzərəni gözlərim önündə canlandırır. Bəzən bir dağın sükutunda, bir bulağın axışında, bir ağacın kölgəsində sözə çevrilməyən duyğularımı tapıram.Bu gün İsmayıllının rayon kimi təşkil olunmasının 95 illiyini qeyd edərkən, onun tarixinə, keçdiyi yola, inkişafına, bu torpaqda ömür sürən və onu yaşadan insanlara ehtiramımı bildirmək istəyirəm. İsmayıllının adı ilə bağlı olan hər uğur, hər gözəllik, hər inkişaf məni sevindirir. Çünki doğma yurdun tərəqqisi insanın öz sevincidir.
İsmayıllıya olan sevgim təkcə duyğularımda, xatirələrimdə deyil, yazılarımda, kitablarımda da yaşayır. “Babadağa baxan ellər” kitabımda bu torpağın insanlarına, yaşayış məskənlərinə, yaddaşına və mənəvi dünyasına sözlə bir iz qoymağa çalışmışam. İsmayıllının 95 illik yubileyi ərəfəsində işıq üzü görən “Babadağa baxan ellər-2” adlı ensiklopedik kitabım isə bu sevgimin, axtarışlarımın və yurdun yaddaşını yaşatmaq istəyimin davamıdır.
Bir kitabın ərsəyə gəlməsi yalnız yazmaqdan ibarət deyil. O, axtarışların, görüşlərin, xatirələrin, zəhmətin, bəzən yorğunluğun, bəzən də unudulmaqdan qorxan bir yaddaşın izidir. Mənim üçün bu kitablar İsmayıllıya ünvanlanmış sevgi məktubları, onun insanlarına, kəndlərinə, keçmişinə və bu gününə ehtiram ifadəsidir.
İsmayıllı, sən mənim üçün sadəcə yollarından keçdiyim bir məkan deyilsən. Sən yaddaşımsan, yazılarımsan, duyğularımın ünvanısan. Sən haqqında yazdıqca elə bilirəm, öz içimdəki bir dünyanı da sözə çevirirəm. Sənin kəndlərini, insanlarını, tarixini yazmaqla əslində bu yurdun yaddaşına bir az da yaxınlaşmağa, onu gələcək nəsillərə tanıtmağa çalışıram.
Doqquz hərfli Vətən... Bəzən bir söz insanın bütün ömrünü ifadə etməyə yetir. Mənim İsmayıllım da elədir — adı qısa, sevgisi böyük, xatirəsi sonsuz...
Coğrafiya, bəxt işidir, tale işidir. İnsan doğulduğu yeri seçmir, amma bəzən elə bir yer olur ki, sanki ruhu orada doğulur, qəlbi oraya bağlanır, taleyi o yerlə yazılır.
Sən mənim üçün yazılan ən gözəl taleyimsən, İsmayıllım!
İsmayıllı, rayon kimi təşkil olunmağının 95 illiyi mübarək! Sənə gözəlliklərinin qorunduğu, tarixinin yaşadıldığı, insanlarının xoşbəxt və firavan olduğu daha neçə-neçə illər arzulayıram. Qoy sənin adın həmişə sevgi, qürur, inkişaf və doğmalıqla çəkilsin.
Doğma yurdun sevgisi insanın ürəyində bitməyən bir yazıdır...
DOQQUZ hərfli Vətən !!!
Təranə Əmir qızı Cəbiyeva
Yazıçı-publisist

Oxşar xəbərlər