Turaztv.az » Xəbərlər » HƏR CÜR EHTİRAMA LAYİQ ŞƏMSİYYƏ XANIM
Xəbərlər

HƏR CÜR EHTİRAMA LAYİQ ŞƏMSİYYƏ XANIM

24.11.2026, 00:03 14
(Qələm dostumuza, könül sirdaşımıza, dərd ortağımıza...)

Həyatda tanıdığımız elə insanlar var ki, onları ömrümüzün qazancı hesab edirik. Onlarla yola çıxarkən bu yolun harada kəsişməsinin, hansı söhbətin, hansı təsadüfün dostluğa çevrilməsinin fərqində deyilik. Zaman şütüdükcə belələrinin varlıqlarına alışmaq da olar, dəyərlərini daha dərindən anlamaq da. İllərimizin yaxın dostu, bəzən hətta özümüzə sirdaş, həmdəm bildiyimiz qələmdaşımız Şəmsiyyə Kərimova da bizim üçün məhz belə insanlardandır.
Onunla dostluğumuzun təməli söz, qələm və yaradıcılıqla qurulmayıb. Dostluğumuzun görünməyən, möhkəm telləri də mövcuddur: dərdimizi bölüşmək, sevincimizi paylaşmaq, bəzən bir kəlmə ilə biri-birimizi anlamaq, bəzən də heç nə demədən könül dilində danışmaq... Axı hər kəslə danışa bilərik, amma hər kəslə dərdləşmək, ürəyinin qapısını açmaq mümkünsüzdür. Balaca uşağa da bəllidir ki, bundan ötrü salam verdiyin, çörək kəsdiyin şəxsin - insanın qarşısında etibar ediləsi bir ürək, səmimiyyətinə inanılan ruh da dayanmalıdır.

Siz bizim üçün həm qələm dostu, həm könül sirdaşı, həm də həyatın keşməkeşli yollarında dərdimizi bölüşə bildiyimiz doğma insansan, hər şrydən öncə, zərif cindin nümayəndəsisən. Bu doğmalığın ölçüsü də yoxdur, tərəzisi də. Zamanın sınağından keçmiş səmimiyyət, insanın insan olaraq qalmaq bacarığı isə onun ən böyük dəyəridir, əsl qiymətidir.
HƏR CÜR EHTİRAMA LAYİQ ŞƏMSİYYƏ XANIM

Biz media mənsublarına məlumdur ki, söz adamının taleyi bir az da qəribə olur. O, başqalarının sevincini yazır, amma öz kədərini çox vaxt cümlələrinin arasında gizlədir. Başqalarının dərdinə məlhəm axtarır, öz yaralarına isə səssizcə “duz basır”. Bəzən bir qəzet səhifəsinə sığdırdığı həqiqətlər bir ömrün danışa bilmədiyi sözlərdən daha ağır olur. Siz də qələminizin məsuliyyətini, sözünüzün müqəddəsliyini, həqiqətin ağırlığını anlayan xanım-xatın qələm sahibisiniz.
Baş redaktoru olduğunuz “Yeni təfəkkür” qəzeti sanballı, sayılıb-seçilən mətbu nəşri olmaqla bərabər, həm də düşüncəyə, sözə, həqiqətə verilən dəyərin ifadəsidir. Qələm sahibi olmaq asandır, amma qələmin məsuliyyətini daşımaq, sözün arxasında dayanmaq, ictimai fikrə öz möhürünü vurmaq daha çətindir və təbii ki, bu, hər kəsə müyəssər olmur. Sizin bu yolda çəkdiyiniz zəhmət, göstərdiyiniz iradə və sözə bağlılığınız ayrıca ehtirama layiqdir. Biz bunu sizi tanıdığımız gündən bu yana yüksək qiymətləndirmişik.

Həmişə düşünmüşük ki, insanın böyüklüyü tutduğu vəzifədən çox toxunduğu ürəklərin sayı, qazandığı etibar və arxasında qoyduğu mənəvi izlə ölçülür. Həyatın ən böyük mükafatı da təkcə insanın haqqında deyilən xoş sözlər olmur, həmçinin onun yoxluğunda hiss edilən doğmalığıdır, məhrəmliyidir. Sizə arzumuz budur ki, ömrünüz boyu bu doğmalığı, sevgini, hörməti və etibarı ətrafınızda daim görəsiniz.
Əzizimiz Şəmsiyyə xanım!
Ad gününüzdə sizə uzun ömür arzulamaqla kifayətlənmirik. İstəyimiz budur ki, ömrünüz bəərəkətli olduğu qədər mənalı, günləriniz çox olduğu qədər işıqlı, qəlbiniz aşıq olduğu qədər d
həmişə rahat olsun. Heç bir haqsızlıq qələminizin cəsarətini, heç bir xəyal qırıqlığı ürəyinizin mərhəmətini, heç bir həyat sınağı insanlara olan inamınızı əlinizdən ala bilməz.

Arzumuz budur ki, qapınızı xoş xəbərlər döysün, süfrənizdən ruzi-bərəkət, evinizdən sevinc, ürəyinizdən ümid əskilməsin. Allah sizi sevdiklərinə bağışlasın, sağlamlığınızı, könül rahatlığınızı, yaradıcılıq həvəsinizi daim qorusun. Bu yaşınız sizə ötən illərin yorğunluğunu deyil, yeni arzuların sevincini, yeni uğurların qürurunu bəzş eləsin.
Bir də həyatın elə bir çağında olasınız ki, arxaya dönüb baxanda peşmanlıqlarınızı deyil, gözəl xatirələrinizi görəsiniz, yanınızdakı insanların sevgisini, qəlbinizdəki rahatlığı, yazdığınız sözlərin insan talelərində buraxdığı izləri hiss edəsiniz.
Sevinirik ki, bu dünyada sizin kimi qələm dostlarımız var! Nə yaxşı ki insanın dərdini bölüşə biləcəyi, sevincini heç bir tərəddüd etmədən paylaşacağı, bir xoş sözünə ürəkdən sevinəcəyi insanlar var. Və bir də, yaxşı ki, bizim də həyatımızda sizin kimi insan mövcuddur, yaşayır və yaşayacaq! Yaxşı ki, varsınız, əziz dostumuz! Yaxşı ki, yollarımız kəsişib, bu ömür yolunda sizi tanımışıq!
Qələminiz heç vaxt susmasın, sözünüz dəyərdən düşməsin, ürəyiniz yaşamaq sevgisindən yorulmasın. Həyat sizə yazdığınız ən gözəl yazılardan da gözəl bir ömür bəxş etsin!

Bu səmimi təbrik və xoş arzulara Cəmil müəllim də qoşulur. İkimizin adından sizə möhkəm cansağlığı, uzun və bərəkətli ömür, ailə səadəti, yaradıcılıq uğurları və bitib-tükənməyən könül xoşluğu diləyirik.
Ad gününüz mübarək, əziz Şəmsiyyə xanım!

Dərin hörmət, səmimi dostluq və könül sevgisi ilə,
Daşdəmir ƏJDƏROĞLU və Cəmil ZƏNHULLAOĞLU

Oxşar xəbərlər