Turaztv.az » Xəbərlər » DAĞLAR MƏNİ ÇAĞIR GƏLİM.
Xəbərlər

DAĞLAR MƏNİ ÇAĞIR GƏLİM.

24.11.2026, 00:03 19
Aybəniz Qafarlı
Bu soyuq,küləkli havada könlümə güllü çiçəkli dağlar düşdü...

Həsrətidən göynəyirəm,
Dağlar, məni çağır gəlim.
Sənsiz ömrü neyləyirəm,
Dağlar,məni çağır gəlim.

Dumanında azmaq üçün,
Yeni nəğmə yazmaq üçün,
Gördüyümü yozmaq üçün.
Dağlar,məni çağır gəlim.

Güllərindən üzüm bir az,
Tellərimə düzüm bir az,
Cığırında gəzim bir az,
Dağlar, məni çağır gəlim.

Ormanına baxım nolar,
Sıldırıma çıxım, nolar,
Daş xınası yaxım nolar,
Dağlar, məni çağır gəlim.

Hicranından yorulmuşam
Ağlamışam, durulmuşam
Vallah sənə vurulmuşam
Dağlar, məni çağır gəlim.

Keçib ayım, ilim səndə
Ana deyib dilim səndə
İzim səndə,yolum səndə
Dağlar,məni çağır gəlim.

Yorulmaram yoxuşundan,
Qorxmaram sərt baxışından,
Döysə məni yağışında,
Dağlar,məni çağır gəlim.

Gül çiçəkli talasına,
Bağrı xallı lalasına,
İskəndərin qalasına
Dağlar məni çağır gəlim.

Vüqarımı səndən aldım,
Yurd yerimi yada saldım,
Sənsiz elə tənha qaldım,
Dağlar məni çağır gəlim.

DAĞLAR MƏNİ ÇAĞIR GƏLİM.

Oxşar xəbərlər