Xəbərlər
Əflatun Hüseynoğlunun “Gəl gedək İlahi işığa doğru” kitabı barədə düşüncələr
TƏBRİK EDİRİK!...
Əflatun Hüseynoğlunu heç tanımırdım desəm düzgün olmazdı. Tanıyırdım və ya tanıyıram ifadəsi də mənim onun haqqında bilgilərimi tam ifadə etmir.
Onu bir dəfə bir yığıncaqda ötəri, ayaqüstü görmüşdüm. Hətta, səhv etmirəmsə əl tutub salamlaşmışdıq da. Lakin onun məni tanıdığını, kimliyimi bildiyini güman etmirəm. Onun haqqında bildiklərim də din xadimi (molla) olması və “Muslim media” kanalının “Haqqa sarı” verilişində bir neçə dəfə qonaq qismində iştirak etməsi idi.
Təvazökarlıqdan uzaq da olsa deməliyəm ki, mənim özüm də bu verilişdə dəfələrlə iştirak etmişdim və verilişin aparıcısı, mənim dostum, Borçalı yazarlarının ağsaqqalı, folklorşünas, “Şərəf” və “Xalqlar Dostluğu” ordenli yazıçımız Əli Abbasın Əflatun Hüseynoğlu haqqında ürəkdolusu və razılıqla danışdığının şahidi olmuşdum. Bu günlərdə Əli müəllimi yoxlamağa getmişdim. Onu öz xudmani və gözəl kitabxanasında kitab oxuyan gördüm. Hansı kitabı oxuduğu ilə maraqlandım və bir qədər də təəccübləndim. Çünki səhhəti ilə bağlı həkimlər ona yazı-pozudan uzaq durmağı (91 yaş sizə zarafat gəlməsin) məsləhət görüblər. Ərklə “A kişi, həkimlər sənə oxuma deməyiblərmi?” – deyib, kitabı əlindən aldım və bu kitabın Əflatun Hüseynoğlunun “Gəl gedək İlahi işığa doğru” adlı kitabı olduğunu gördüm. Doğrusu, dərhal bunun dini məzmunlu bir kitab olduğunu düşündüm. Lakin kitabın iç səhifəsində şeirlər və məqalələr yazısını oxuyanda məni maraq götürdü. Elə oradaca açıb oxumağa başladım. Əli müəllim kitabdakı yazıların ilk cümlədən məni “tutduğunu” duydu. Götür apar, evdə oxuyarsan, Əflatun Borçalımızın filosof şairidir, oxuyanda görəcəksən, dedi. Və beləcə məni Əflatun Hüseynoğlunun “İlahi işığa doğru” aparan yaradıcılığı ilə tanışlığım başladı...
Həcmi cəmisi 107 səhifədən ibarət olan kitabı birnəfəsə oxuyub başa vurduqdan sonra özümdə onu yenidən, düşünərək oxumaq zərurəti hiss etdim və belə qərara gəldim ki, bu dəfə bu kitabı elə-belə oxumayım, oxuduqca özüm üçün qeydlər eləyim, necə deyərlər, oxuduqlarımdan yararlanmağa çalışım.
Əvvəla ondan başlayım ki, kitabın titul vərəqində “Redaktor: Mahmud Kamaloğlu” yazısını oxuyanda kitabın ağır çəkili olması qənaətinə gəldim. Çünki hörmətli professorumuzun ədəbi-bədii zövqünə və bu sahəyə prinsipiallığına və tələbkarlığına bələd olduğumdan dəyərli bir kitabla rastlaşdığıma şübhəm qalmadı. Kitabı oxuduqca hörmətli Mahmud müəllimin kitaba ön söz əvəzi yazdığı qısa məqalədə şairin yaradıcılığının çox sərrast annotasiyasını verdiyinin şahidi oluruq. Burada səsləndirilən hər bir fikir və ifadə kitabı oxuduqca öz təsdiqini tapır.
“Gəl gedək İlahi işığa doğru” kitabının müəllifin sayca 9-cu kitabı olması faktı özü Əflatun Hüseynoğlunun artıq “ədəbiyyat kürəsi”ndə bişdiyinə dəlalət edir. Hörmətli Mahmud Kamaloğlunun da yazdığı kimi, “O, ədəbiyyat sahəsində istər Borçalıda və Azərbaycanda, eyni zamanda Türkiyədə və başqa yerlərdə artıq yetərincə tanınmış bir simadır, şeirləri aşıqlar və xanəndələr tərəfindən sevilərək oxunur və Borçalı ədəbi mühitində onun xüsusi yeri və hörməti vardır”.
Kitabın əvvəlində “Müəllifdən” başlıqlı yazıda Əflatun müəllim geniş oxucu kütləsinə, xüsusən də gənclərə müraciətlə çox aktual və vacib bir məsələ olan “oxu”maqdan və mütaliədən “yenidən kitablara sarılmağın” vacibliyindən söz açır, “Əsl kitabın yerini heç nə əvəz edə bilməz” deyə, çox önəmli bir məsaj verir. Haqlı olaraq qeyd edir ki, “gözəl dinimiz İslamda da Uca Allahın insanlığa ilk əmri ”OXU”dur.
Kitabda şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin, “İti Qələm” Respublika Ədəbi Birliyinin və “Ağsu Yazarları” Ədəbi Birliyinin üzvü, Bakı şəhərindən olan Elxas Comərdin Əflatun Hüseynoğlunun şeirlərinin tədqiqinə həsr etdiyi “İlahi hissin dərgahı – RUH” adlı məqaləsi diqqət çəkir. Bu məqalədə Elxas Comərd qeyd edir ki, Əflatun Hüseynoğlu poeziyası insana ruh verən poeziyadır. Çünki şairin özünün ruhu zəngindir, təmizdir, yaxşıdır, müsbətə köklənmiş ruhdur. Sözlərinin təsdiqi kimi o, şairin “Dünyada” şeirindən misraları misal gətirir:
“Hər kəsin önündə bir qisməti var,
Hərə öz payını alar dünyada.
Özgə ruzisinə göz dikənlərin
Arzusu gözündə qalar dünyada.”
Hərə öz payını alar dünyada.
Özgə ruzisinə göz dikənlərin
Arzusu gözündə qalar dünyada.”
Elxas bəy şairin yaradıcılığını bir çox aspektlərdən araşdıraraq, haqlı olaraq bu qənaətə gəlir ki, şair Əflatun Hüseynoğlu yaradıcılığında janr müxtəlifliyi, fikir orijinallığı, bədii təsvirlər, məna çalarları o qədər isti, duyğusal, o qədər gözəl verilir ki, oxuduqca oxumaq istəyirsən. Sanki bu şeirlərdəki sözlər, qafiyələr, bəndlər elə bil şairin sehrli çubuğu ilə düzülüb sıralanır.
Kitabda həmçinin filoloq Nəsib Abidin də “Düşüncənin qüdrəti” adlı məqaləsi yer almışdır. Bu məqalədə də Əflatun Hüseynoğlunun lirikasının həyatiliyi, insanın ruhuna rahatlıq gətirməsi, bu şeirlərdəki dünyəvilik, məntiqi düşüncə, həyat təcrübəsindən qaynaqlanan ibrətamiz nəsihətlər yüksək poetik məziyyətlər kimi dəyərləndirilir.
Gənc jurnalist Mahmud Əyyublu da vaxtilə – səkkiz il bundan əvvəl Əflatun Hüseynoğlunun yaradıcılığı ilə bağlı “Palitra” qəzetinin 101-ci sayında oxunaqlı bir məqalə dərc etdirmişdir. O da Əflatun Hüseynoğlunun şeirlərinin ruhunu düzgün duya bilmiş, onun poeziyasını xalqa çatdırmağı özünün mənəvi borcu bilmişdir.
Əflatun Hüseynoğlunun şeirlərinin əksəriyyəti klassik xalq folklorumuza daha yaxın olub, aşıq şeirləri üslubundadır. Oxucunu özünə çəkib sevdirən də elə budur. – deyən gənc jurnalist Mahmud Əyyublu haqlı olaraq qeyd edir ki, folklor xalqın ruhudur və bu ruhda yazılmış şeirlər və belə şeirlər yazan şairlər xalqın yaddaşına köçərək həmişəyaşar olurlar.
Əflatun Hüseynoğlunun “Gəl gedək İlahi işığa doğru” kitabında yer alan uğurlu yazılardan biri də “Turan” informasiya mərkəzinin – Turan.info az saytının redaktoru, AYB-nin və AJB-nin üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent Məlahət xanım Babayevanın “Akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş daha bir dəyərli poema və yaxud şair Əflatun Hüseynoğlunun “Sən bir günəş oldun xatirələrdə” poemasının ictimai-mənəvi dəyəri” adlı dəyərli və qiymətli, elmi və bədii araşdırmalarla zəngin olan məqaləsidir.
Məqalənin girişində hörmətli müəllif qeyd edir ki, “Azərbaycan ədəbiyyatında şəxsiyyətlərin həyatını və elmi fəaliyyətini poeziya vasitəsi ilə əks etdirmək ənənəsi qədimdən mövcuddur. Bu ənənə bu gün də davam edir.
Qədin Borçalı mahalında, indiki Aşağı Kartli bölgəsində yaşayıb yaradan saz-söz ustadları arasında özünü istedadlı qələm sahibi, – filosof-şair, publisist kimi çoxdan təsdiq edən, ictimaiyyət arasında özünü ictimai xadim və böyük hörmət və nüfuz qazanan sevimli soydaşımız Əflatun Hüseynoğlunun akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr etdiyi “Sən bir günəş oldun xatirələrdə” adlı poeması da məhz elə həmin ənənənin son illərdə yazılmış ən gözəl və ən layiqli nümunələrindəndir.”
Hörmətli Məlahət xanım poemanı ədəbi və dilçilik kriteriyalar baxımından təhlil edərkən bu poemanı müasir Azərbaycan ədəbiyyatının uğurlu nümunələrindən biri kimi qiymətləndirərək onu tarix və dilçilik nöqteyi-nəzərindən dəyərli bir mənbə hesab edir. Əsərdə bədiiliklə konkretliyin, tarixi faktların çox gözəl uzlaşdığını və bir-birini tamamladığını qeyd edir. Fikirlərinin isbatı kimi də tez-tez poemadan sitatlar gətirərək oxucunu inandırır.
Kitabın “Publisistika” bölümündə yer alan “Əslən Borçalı, ruhən Turançı Azərbaycan şairi” adlı yazı da səmimiliyi və oxunaqlılığı ilə diqqət çəkir. Kürüstünün nadir istedada və yüksək intellektə malik, hərtərəfli savadlı, 15-dən çox kitab müəllifi olan oğlu Mülkədar Nadirə həsr olunmuş bu məqalə elimizin dəyərli bir oğlunu tanıtmaqla yanaşı, oxuculara vətən sevgisi, insana, təbiətə məhəbbət, Turançılıq-türkçülük ideyaları aşılayır. Düzgün insan tərbiyəsi, əhatəsində yaşayan insanlara hörmət hissi, namusla yaşamaq, ədəb-ərkan qaydalarını qavrayıb təbliğ etmək, onu gələcək nəsillərə ötürmək kimi milli-mədəni dəyərlərimiz bu məqalədə səlis və rəvan bir dillə oxuculara çatdırılır.
Şairə Səringül Sadə ilə tanışlıqdan və dostluqdan, şairənin yaradıcılığından bəhs edən “Bir dostluğun tarixçəsi və yaxud kölgədən işığa çıxan yaradıcılıq” başlıqlı yazı da olduqca maraqlıdır. Əflatun Hüseynoğlunun öz dili ilə desək, o bu yazıda “bu ecazkar Borçalı torpağının yetişdirdiyi çoxlu sayda söz adamlarından, ruh oxşayan qələm sahiblərindən biri haqda öz düşüncələrini yazmaq istəmişdir. Şairə ilə dostluq tarixçəsini müfəssəl təsvir etdikdən sonra Əflatun Hüseynoğlu şairənin poeziyasını belə qiymətləndirir: “Son zamanlar Səringülün yaratdığı poeziya nümunələri diqqətimi möhkəm cəlb edir. Bir-birindən gözəl qoşma və gəraylıları, müxtəlif şeirləri, o cümlədən klassik formada folklor incisi olan bayatı janrında yazdığı əsərləri adamı valeh edir. Onları oxuduqca hiss edirsən ki, bu misralar gözəl bir söz ustasının qəlbindən süzülərək oxucuların könlündə özünə yeni bir taxt qurmağa qadirdir.”
Kitabda ədəbiyyatşünaslıq elminin predmeti olan “Azərbaycan ədəbiyyatında nəzirəçilik və təxmis” adlı elmi məqalə də yer almışdır. Bu mövzunun elmi cəhətdən araşdırılması və təhlili ədəbiyyatşünas alimlərin və filosofların işi olduğundan biz yalnız onu qeyd edə bilərik ki, müəllif çox cəsarətlə və bu sahədə mükəmməl bilgi ilə mövzunu araşdırmış, nəzirə və təxmisin gözəl nümunələrini yaratmışdır.
Təqvimdəki ay adları ilə bağlı kitabın yekun bölümü olan “Ay adlarımız” adlı yazı fikrimizcə çox vacib və önəmlidir. Bu yazıda Əflatun Hüseynoğlu təəssüf hissi ilə qeyd edir ki, hazırda işlətdiyimiz ay adları Avropa mənşəlidir və türk xalqları üçün həmin sözlər yaddır və mənaları da anlaşılmazdır. Məlumdur ki, bu miladi tarixi ilə hesablamadır və bizə vaxtilə çar Rusiyası tərəfindən zorla qəbul etdirilmişdir və Sovet dövlətinin də “qayğısı və himayəsi” sayəsində bu gün də istifadə edilərək işlənməkdədir. Lakin bəzi xalqlar bu ayların adlarını özlərinə məxsus adlarla əvəzləyərək rəsmi və ya qeyri-rəsmi şəkildə işlətməkdədirlər. Dediklərinin isbatı kimi müəllif Qaqauziyada (Moldova respublikası) çıxan “Ana Sözü” qəzetində Qaqauz dilində işlənən ay adlarını misal gətirir. Apardığı araşdırmalar zamanı vaxtilə dilimizdə işlənən ay adlarını aşkar edir. Kitabındakı yazılara tarix qoyarkən həmin adlardan istifadə edir. Hər bir ayda baş verən iqlim durumu, həmin ayda görülən işlər zərgər dəqiqliyi ilə üst-üstə düşür. Hər ayın özünə məxsus əlamətləri bu adlarda öz ifadəsini yerli-yerində tapıb.
Ay adlarına diqqət yetirək:
1. Ocaq – yanvar
2. Çillə – fevral
3. Bozay – mart
4. Çiçək – aprel
5. Elat – may
6. Qızmar – iyun
7. Bürkü – iyul
8. Qorabişən – avqust
9. Yığım – sentyabr
10. Əkin – oktyabr
11. Güzdək – noyabr
12. Aralıq – dekabr
Hələ uşaqlıqdan hamımıza yaxşı tanış olan “boz ay”, “böyük çillə”, “kiçik çillə”, “qora bişən” kimi sözlər əsrlərin sınağından uğurla çıxaraq xalqımızın qan yaddaşında bu gün də yaşamaqdadır.
Əflatun müəllim bu yazıda eyni zamanda son zamanlar xalqımızın dilinə yad, danışığımıza uyğun gəlməyən söz və terminlərin dilimizə daxil olmasına diqqət çəkir. Dilçi alimləri, şair və yazıçıları, jurnalistləri, bütün elmi ictimaiyyəti buna fikir verməyə və Azərbaycan dilinin saflığının qorunması uğrunda mübarizə aparmağa çağırır.
Möhtərəm oxucular, bir qədər geri qayıdaraq Əflatun Hüseynoğlunun kitabdakı poeziya nümunələri barədə fikirlərimi sizinlə də bölüşməklə “Gəl gedək İlahi işığa doğru” kitabı barədə təəssüratlarımı bitirmək istəyirəm.
Şairlər peyğmbərlərdən sonra Uca Allahın ən çox sevdiyi insanlardır. Onlara mələklər vasitəsilə o gözəl kəlmələr süzülüb gəlir. Peyğəmbərlərə gələn vəhylər kimi o da hər zaman olmur, yalnız uca tanrının istəyi ilə olur fikri ilə tam razıyam. Kitabdakı şeirlərin əksəriyyəti ürək açan, könül oxşayan məqamlarla zəngin, oxunaqlı, dilə yatımlı, hamı tərəfindən başa düşüləndir.
Kəlağayın əlvandı,
Görənlər mələk sandı.
Sevənlər oda yandı,
Hurisən yoxsa pəri?
Şirindi hər sözlərin,
Can alandı gözlərin.
Güllər açır izlərin,
Üzün güləndən bəri.
Gəzdiyin gülşən yerdi,
Bilmirəm necə sirdi?
Əflatun səni gördü,
Unutdu dərdi-səri.
Görənlər mələk sandı.
Sevənlər oda yandı,
Hurisən yoxsa pəri?
Şirindi hər sözlərin,
Can alandı gözlərin.
Güllər açır izlərin,
Üzün güləndən bəri.
Gəzdiyin gülşən yerdi,
Bilmirəm necə sirdi?
Əflatun səni gördü,
Unutdu dərdi-səri.
Dünyanın cənnət guşəsi olan Borçalının allı-güllü Kürüstü adlanan axarlı-baxarlı bir torpağında yaşayan Əflatun Hüseynoğlunun şeirlərinin şirinliyi elə o torpaqdan qaynaqlanır. Dünyagörmüş, müdrik şairin müdrikliyi şeirlərində özünü büruzə verir:
Kürüstündə çoxdu gözəl insanlar,
Mən burada gövhər-kanı görmüşəm.
Səxavəti, mərifəti yerində,
Duruşunda sultan-xanı görmüşəm.
Sözünə düz, mərd oğullar yetirər,
Nanəcibi, müxənnəti itirər.
Qazancını halalından gətirər,
Keşəli tək bir ümmanı görmüşəm.
Mən burada gövhər-kanı görmüşəm.
Səxavəti, mərifəti yerində,
Duruşunda sultan-xanı görmüşəm.
Sözünə düz, mərd oğullar yetirər,
Nanəcibi, müxənnəti itirər.
Qazancını halalından gətirər,
Keşəli tək bir ümmanı görmüşəm.
Poeziyamızın ən çətin növlərində gözəl poetik lövhələr, deyimlər, yaddaqalan ifadələr yarada bilib şair. “Bayatılar çələngi” başlıqlı dörtlüklər belə ifadələrlə zəngindir:
Hər aylar,
Hər ildə var hər aylar.
Hardasan can sirdaşım,
Könlüm səni haraylar.
Gözdərinə,
Baxacaq göz dərinə.
Dərya, ümman yığılsa,
Tay olmaz gözdərinə.
Hər ildə var hər aylar.
Hardasan can sirdaşım,
Könlüm səni haraylar.
Gözdərinə,
Baxacaq göz dərinə.
Dərya, ümman yığılsa,
Tay olmaz gözdərinə.
Ən müqəddəs kitab insanın özüdür. Özünü oxumağı bacarmalısan. – deyən, Tanrının verdiklərinə şükr edən, özü də Tanrı qulluğunda duran şair, yazıçı, filosof, din xadimi olan Əflatun Hüseynoğlunun söz xəzinəsini beləcə gəzib dolaşdıq istəkli oxucular. Onun bu çiçəkli söz boxçasındakı xəzinəsində mənim görə bilmədiklərimi, duya bilmədiklərimi də sizin ixtiyarınıza buraxıram. Oxuyun, hikmətlərə vaqif olun. Ta ki, könlünüz şad, gözünüz nurlu olsun.
Sevgilərlə:
HÜMBƏT HÜSEYNOV
Gürcüstan, Borçalı,
Marneuli bələdiyyəsi,
Qırxılı kənd sakini,
Qullar ictimai məktəbinin direktoru,
tarix fənni üzrə baş müəllim,
Gürcüstanın maarif əlaçısı,
“Ədəbi üfüqlər” verilişinin
redaktoru və aparıcısı
5 Güzdək (noyabr) 2026-cı il.
ZiM.Az
Turaztv.az












