Turaztv.az » Xəbərlər » SAZIN SƏSİNDƏ ELİN NƏFƏSİ, SÖZÜN AHƏNGİNDƏ SƏNƏTKARIN KÖNÜL DÜNYASI - FOTOLAR
Xəbərlər

SAZIN SƏSİNDƏ ELİN NƏFƏSİ, SÖZÜN AHƏNGİNDƏ SƏNƏTKARIN KÖNÜL DÜNYASI - FOTOLAR

25.11.2026, 11:57 12
Aşıq Elçin İsmayıllı – ənənəyə söykənən, sözə könül verən sənət adamı


"Mənim üçün Elçin hər şeydən əvvəl sevimli şagirdimdir. Onun uğurlarında müəllim zəhmətinin bəhrəsini görür, sənət yolunda irəliləyişində bir vaxtlar məktəb partası arxasında oturan o istedadlı uşağın böyüyüb kamilləşməsinə şahidlik edirəm. Bu, müəllim ömrünün ən gözəl duyğularından biridir."
Hacıməmməd Məmmədov Müəllimi.

Bəzən insanın həyat yolunda elə adamlarla qarşılaşırsan ki, illər keçsə də, onların yaddaşında qoyduğu iz silinmir. Zaman dəyişir, insanlar böyüyür, həyatın müxtəlif sınaqlarından keçirlər, amma bir vaxtlar yaranmış səmimi münasibətlərin xatirəsi yaşayır.
Xüsusilə sənət adamları ilə tanışlığın, yaradıcılıq mühitində qurulan münasibətlərin özünəməxsus bir yaddaşı var. Bəzən illər keçir, ünsiyyət seyrəlir, hər kəs öz həyat və yaradıcılıq yolu ilə irəliləyir. Ancaq sənətə olan maraq, bir vaxtlar yaranmış fikir və söz ünsiyyəti yenidən qələmi əlinə almağa səbəb olur.

Bu yaxınlarda qələminə və şəxsiyyətinə hörmət etdiyim Hacıməmməd Məmmədovun bir vaxtlar orta məktəbdə şagirdi olmuş, bu gün isə söz-sənət adamı kimi tanıdığımız Aşıq Elçin İsmayıllı haqqında yazdığı "AŞIQ ELÇİN İSMAYILLI – SAZIN SƏSİNDƏ YAŞAYAN ELİN SÖZÜ" adlı yazını oxudum. Müəlliminin şagirdi haqqında ürəkdən söylədiyi xoş sözlər məni bir neçə il əvvəl tanıdığım, müxtəlif tədbirlərdə görüşüb ünsiyyətdə olduğum, haqqında iki dəfə yazı qələmə aldığım Aşıq Elçin barədə yenidən yazmağa sövq etdi.
Çünki insanların bir-birini tanıması üçün bəzən illər, bəzən də bircə görüş kifayət edir. Sənət adamlarını tanımaq isə bir qədər fərqlidir. Onları tanımaq üçün yalnız ifalarına qulaq asmaq, şeirlərini oxumaq yetərli deyil. Gərək sənətinə münasibətini, seçdiyi yolun məsuliyyətini, hansı mənəvi qaynaqlardan bəhrələndiyini də görə biləsən. Çünki sənətkarı sənətkar edən təkcə istedadı deyil, həm də o istedada göstərdiyi sədaqət, çəkdiyi zəhmət və yaratdıqlarına bəslədiyi sevgidir.

Aşıq sənəti xalqımızın minilliklərdən süzülüb gələn mənəvi sərvətlərindən biridir. Sazın hər pərdəsində tariximizin bir səhifəsi, hər havasında el-obamızın bir xatirəsi, hər sözündə xalqımızın sevinc və kədəri, məhəbbəti, həsrəti, mübarizəsi yaşayır. Bu sənət yalnız musiqi deyil, həm də xalqın yaddaşı, milli kimliyi, mənəvi dünyasıdır.
Ona görə də sazı yaşatmaq, aşıq havalarını qorumaq, dastanlarımızı, gəraylılarımızı, qoşmalarımızı gələcək nəsillərə çatdırmaq adi bir ifaçılıq fəaliyyəti hesab edilə bilməz. Bu, həm də milli-mənəvi irsimizə xidmət missiyasıdır.
Elə bu missiyanın daşıyıcılarından biri olan Aşıq Elçin İsmayıllı haqqında hələ iki il əvvəl yazdığım hər iki yazıya yenidən nəzər saldım. Həmin yazılarda onun sənətə gəlişindən, ifaçılıq bacarığından, şairlik istedadından, müxtəlif tədbirlərdə iştirakından söz açmış, yaradıcılığına uğurlar arzulamışdım. Bu gün isə Hacıməmməd müəllimin qəlbindən süzülüb qələminə köçən müəllim duyğularını, şagirdinin yaradıcılıq fəaliyyəti ilə bağlı paylaşdığı məlumatları bir daha nəzərdən keçirərkən, onun sənət yoluna başqa bir baxış bucağından nəzər salmaq, haqqında yenidən yazmaq ehtiyacı duydum.

TANIŞ OLAQ: AŞIQ ELÇİN İSMAYILLI


Məmmədov Elçin Hüseyn oğlu 1984-cü il mayın 4-də İsmayıllı rayonunda anadan olub. Hələ uşaqlıq illərindən musiqiyə, xüsusilə saz sənətinə böyük maraq göstərib. On iki yaşından saz çalmağa başlayıb. Bu maraq zaman keçdikcə onun həyatının ayrılmaz bir hissəsinə, gələcək sənət yolunun əsas istiqamətinə çevrilib.
Aşıq Cavid Əmiraslanov kimi tanınmış sənətkarlardan dərs alması, ustad-şagird ənənələrinə söykənərək bu sənətin incəliklərini öyrənməsi onun yaradıcılıq dünyasının formalaşmasında mühüm rol oynayıb.
Ustad-şagird münasibəti aşıq sənətinin ən qədim və ən müqəddəs ənənələrindən biridir. Bu münasibətdə yalnız sazın köklənməsi, havaların ifası, barmaqların pərdələr üzərində gəzişi öyrədilmir. Burada həm də sənətə hörmət, sözə sədaqət, elin adət-ənənələrinə bağlılıq, ustadın zəhmətinə ehtiram aşılanır. Əsl sənətkarın böyüklüyü də bir qədər bu ənənələrə necə sahib çıxmasında görünür.
Elçin ailəlidir, üç övlad atasıdır. Sənət yolunda qazandığı uğurlarla yanaşı, ailə məsuliyyətini də daşıması onun həyatının bütövlüyünü göstərir. İnsanın sənətdə ucalması qədər ailəsində sevgi, hörmət və qayğı mühiti yaratması da dəyərlidir.
Elçinin sənət yolunda qazandığı təcrübə, müxtəlif tədbirlərdə iştirakı, ustad sənətkarlarla eyni səhnəni bölüşməsi onun bu sahədəki fəaliyyətinin mühüm göstəriciləridir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü olması, İsmayıllı rayonunda Aşıq Yanvar Bədəlov adına Aşıqlar Birliyində təmsil olunması, rayonun və respublikanın mədəniyyət tədbirlərində iştirakı onun saz sənətinə bağlılığını təsdiqləyir.
Professor Məhərrəm Qasımlının müəllifi və aparıcısı olduğu Mədəniyyət kanalının "Saz-söz axşamı" verilişində dəfələrlə Aşıq Elmanla birlikdə qonaq olması, dastan söyləməsi, aşıq havaları ifa etməsi də onun sənət fəaliyyətinin diqqətəlayiq məqamlarındandır.
Bu cür sənət məclisləri aşıq sənətinin yaşadılması, ustadların təcrübəsinin gənc nəslə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki sazın səsi yalnız səhnədə eşidilməməli, elin yaddaşında, insanların könül dünyasında da yaşamalıdır.

SAZ BİR ALƏT, SÖZ BİR DÜNYA, SƏNƏT İSƏ MƏSULİYYƏTDİR

"Bir müəllim kimi səninlə fəxr edirəm. Çünki sən öyrəndiyin sözün qədrini bilən, sazın müqəddəsliyini qoruyan, elin sevgisini qazanmağa çalışan sənətkar övladısan."
Hacıməmməd Məmmədov Müəllimi.

Aşıq Elçin İsmayıllının yaradıcılığında diqqətimi çəkən əsas məqamlardan biri onun yalnız ifaçılıqla kifayətlənməməsi, eyni zamanda, şeir yaradıcılığına da xüsusi maraq göstərməsidir.
Mən həmişə belə düşünmüşəm ki, sazla söz bir-birini tamamlayan iki mənəvi qanaddır. Sazın dili ilə deyilən sözün arxasında düşüncə, duyğu, yaşantı dayanmalıdır. Sözün musiqi ilə qovuşması isə həmin duyğuların təsir gücünü daha da artırır. Aşıq sənətinin özünəməxsusluğu da məhz bu bütövlükdədir

Elçinin şeirlərində həyatın müxtəlif üzləri, insanın daxili aləmi, sevgi, sədaqət, tənhalıq, mənəvi narahatlıq, zamanın dəyişən münasibətləri və insan taleləri öz ifadəsini tapır. Onun qələmindən süzülən misralarda bəzən təbiətin gözəllikləri, bəzən könül duyğuları, bəzən də cəmiyyətə ünvanlanan narazılıq və suallar diqqəti cəlb edir.
Məsələn, "AXTAR MƏNİ" şeirində özünü təbiətin qoynunda, çəmənlikdə, çiçəkdə, çeşmənin suyunda, bülbülün nəğməsində axtarmağa çağıran lirik qəhrəmanın səsi eşidilir:

"Yerim bir göy çəmənlik,
Heç də deyildi mənlik,
Sıxsa qəlbini təklik,
Çəməndə axtar məni."


Burada təbiət sadəcə təsvir obyekti deyil, insanın mənəvi dünyasının bir parçasıdır. Şair öz varlığını təbiətin gözəllikləri ilə eyniləşdirir, sanki demək istəyir ki, məni tanımaq istəyirsənsə, ruhumun doğma olduğu yerlərə üz tut.
Şeirin son bəndində isə sazla sözün vəhdəti daha aydın görünür:

"Sən Elçinin sazında,
Sözündə axtar məni."

Məncə, bu iki misra təsadüfi deyil. Burada sənətkar özünü ifadə etməyin ən doğma ünvanını göstərir. Onu axtaranlar sazının səsində, sözünün ahəngində, yaradıcılığının izində tapa bilərlər.
"DİLLƏN, SAZIM, OYAT MƏNİ" şeirində isə artıq sazın özü ilə həmsöhbət olan, ondan mənəvi dayaq, yol göstərən bir dost kimi bəhrələnən sənətkarın duyğuları ilə qarşılaşırıq:

"Yaman yatdım, yuxuladım,
Dinlən, sazım, oyat məni.
Qoyma belə bir də yatım,
Dillən, sazım, oyat məni."


Bu misralarda sazın adi musiqi alətindən daha böyük məna daşıdığını görürük. Saz burada sənətkarın könül sirdaşı, yaddaşını oyadan, onu öz köklərinə qaytaran mənəvi qüvvədir.

Şeirin sonrakı bəndlərində "ƏSLİ -KƏRƏM" dünyasına, "SARI TEL" havasına müraciət etməsi də onun aşıq sənətinin ənənələrinə bağlılığını göstərir. El havalarının, dastan qəhrəmanlarının, saz havalarının şairin düşüncəsində necə yer tutduğunu görürük.
"BİLMİRƏM" şeiri isə bir qədər fərqli ovqatdadır. Burada həyatın ziddiyyətləri, insan münasibətlərindəki dəyişikliklər, mənəvi dəyərlərin aşınması, taleyin anlaşılmazlığı və insanın öz daxilində apardığı mübarizə ön plana keçir.

"Fələk kökləyib sazımı,
Çala bilmirəm, bilmirəm.
Bu necə alın yazıdır,
Bilə bilmirəm, bilmirəm."

Sazın köklənməsi ilə taleyin köklənməsi arasında maraqlı bir məna əlaqəsi yaradılır. Sənətkarın əlində saz var, amma onun səsini istədiyi kimi dilə gətirmək mümkün deyil. Bu, yalnız ifa çətinliyi deyil, həm də həyatın qarşıya çıxardığı maneələr qarşısında insanın yaşadığı acizlik duyğusudur.
Şeirdəki sualların cavabsız qalması da təsadüfi deyil. Bəzən insan həyatın elə məqamları ilə üzləşir ki, nə qədər düşünsə də, baş verənlərə məntiqli cavab tapa bilmir.

"Zəmanə bizdən də aldığın aldı,
Bir dərin quyunun dibinə saldı"


misralarında isə dövrün yaratdığı mənəvi narahatlıq ifadəsini tapır.
"SƏNIN ÜÇÜN " şeirində insan münasibətlərinin başqa bir tərəfi, qəlbin yorğunluğu, səbrin tükənməsi, həyatın insana yaşatdığı görünməz ağrılar diqqətə çatdırılır. Burada müəllif insanın daxili aləminə nüfuz etməyə, görünənlə görünməyən arasındakı fərqi göstərməyə çalışır.
Xüsusilə:

"Həyat əbədidir, ömrümüz qısa,
Hələ açılmamış nə qədər sirr var."


Bu misralar həyatın fəlsəfi mahiyyəti haqqında düşünməyə sövq edir. İnsan ömrü məhduddur, amma həyatın sirləri, insan qəlbinin dərinlikləri, dünyanın anlaşılmazlıqları tükənmək bilmir.
Elçinin rübailərində də ənənəvi xalq şeiri üslubuna, qafiyə və məna bütövlüyünə maraq görünür. Gülün qızarmasını günəşin nuruna bağlayan bədii sual-cavabdan tutmuş, sədaqət, ilqar, ümid və zaman haqqında düşüncələrə qədər müxtəlif mövzulara toxunur.

"Dedim:–Qönçələnmiş təzə bir gülə,
Niyə qızarmısan bu səhər belə?
Dedi: – Gün nurudur qızardan məni,
Xoş gəlməyimçün şeyda bülbülə."


Bu rübai xalq şeirimizdə geniş yer tutan təbiətlə insan duyğularının vəhdətini xatırladır. Gül və bülbül obrazları vasitəsilə məhəbbətə, gözəlliyə, könül yaxınlığına işarə edilir.
Əlbəttə, hər bir qələm sahibinin yaradıcılığında inkişaf etdirilməli, cilalanmalı məqamlar olur. Elçinin də şeirlərində poetik ifadənin daha da zənginləşdirilməsi, bəzi misraların ahəng və məna baxımından təkmilləşdirilməsi onun gələcək yaradıcılığı üçün yeni imkanlar aça bilər. Əsas odur ki, onun söz demək həvəsi, duyğularını misralara çevirmək istəyi və sazla sözə bağlılığı var.

SÖZÜNƏ KİTAB, SƏNƏTİNƏ ZƏHMƏT, YOLUNA UĞUR

"Əziz Elçin, bir vaxtlar müəllimin olaraq sənə dilimizin, ədəbiyyatımızın, sözün və mənəviyyatın gözəlliklərini öyrətməyə çalışmışam. Bu gün isə sən sazın dili ilə xalqımıza öz sözünü deyirsən."
Hacıməmməd Məmmədov. Müəllimi.

Elçinin yaradıcılıq fəaliyyətində diqqətəlayiq məqamlardan biri də kitab müəllifi olmasıdır. "KÜSƏNLƏRİ BARIŞDIRIN " adlı ilk kitabının adı belə müəllifin mənəvi dünyası haqqında müəyyən təsəvvür yaradır.
Barışıq, mərhəmət, insanlıq, könül yaxınlığı – bunlar aşıq sənətinin də, ümumiyyətlə, xalqımızın mənəvi düşüncəsinin də əsas qayələrindəndir. Küsənləri barışdırmaq, incimiş könüllərə körpü salmaq, insanları mehribanlığa çağırmaq hər kəsin bacardığı iş deyil. Bunun üçün insanın özündə də bir könül genişliyi olmalıdır.

İkinci kitabının nəşrə hazırlanması isə onun yaradıcılıq axtarışlarının davam etdiyini göstərir. Arzu edək ki, bu kitab da tezliklə oxucularla görüşsün, müəllifin söz dünyasına yeni bir səhifə əlavə olunsun.
Məhsəti Şairlər Məclisinin İdarə Heyətinin qərarı ilə 2023-cü ildə "Heydər Zirvəsi" diplomuna layiq görülməsi, 8 Noyabr – Zəfər Günü münasibətilə "Zəfər" medalı ilə təltif olunması, "Şərəfli ömür – Şərəf" ordeninə layiq görülməsi, Türkiyə və Misirdə keçirilən müxtəlif tədbir və müsabiqələrdə iştirakı onun sənət fəaliyyətinin fərqli məkanlarda da təqdim olunduğunu göstərir.
O, eyni zamanda, İsmayıllı Rayon Regional Mədəniyyət evinin nümayəndəsi kimi fəaliyyət göstərir.
Bütün bunlar onun sənət yolunda atdığı addımların, göstərdiyi fəallığın və qazandığı təcrübənin müəyyən göstəriciləridir. Lakin mənim qənaətimcə, sənət adamının ən böyük mükafatı aldığı diplomların, təltiflərin sayı ilə deyil, insanların qəlbində qazandığı hörmətlə ölçülür. Sazını dinləyənlərin, sözünü oxuyanların könlündə özünə yer tapa bilirsə, deməli, sənətkarın zəhməti hədər getməyib.

MÜƏLLİMİN QÜRURU, ŞAGİRDİN SƏNƏT YOLU

"Mənim üçün bu gün Elçinin qazandığı uğurlara baxmaq, onun sənət yolunda inamla addımladığını görmək bir müəllim kimi qəlbimdə böyük sevinc və qürur doğurur."
Hacıməmməd MƏMMƏDOV.

Bu yazıda Elçindən söz açarkən bir məqamı xüsusi vurğulamaq istəyirəm. Yazının qələmə alınmasına səbəb olan Hacıməmməd Məmmədovun "AŞIQ ELÇİN İSMAYILLI – SAZIN SƏSİNDƏ YAŞAYAN ELİN SÖZÜ" adlı yazısında, demək olar ki, hər sətirdə bir müəllim ömrünün mənəvi qazancı, şagirdinin uğurları ilə yaşayan bir insanın qüruru duyulur. Yazı boyu sitat gətirdiyim fikirlər də müəllifin bir müəllim kimi keçirdiyi səmimi duyğuların ifadəsidir.
Çünki illər ötür, şagirdlər böyüyür, hərəsi öz həyat yolunu seçir. Biri elmə, biri sənətə, biri istehsalata, digəri başqa bir sahəyə üz tutur. Müəllim isə Hacməmməd Məmmədovun timsalında olduğu kimi, onların hər bir uğurunda bir vaxtlar çəkdiyi zəhmətin bəhrəsini görür.
Bu gün Elçinin saz çalması, el havalarını ifa etməsi, şeirlər yazması, kitab nəşr etdirməsi, milli sənətimizin təbliğinə öz töhfəsini verməsi, əlbəttə, sevindirici haldır. Ancaq bütün bunların onun müəllimi Hacməmməd müəllimə yaşatdığı xoş duyğular məni daha çox duyğulandırdı.
Vaxtilə ona sözün qədrini bilməyi, dilimizin gözəlliklərini duymağı öyrətməyə çalışan müəllim bu gün şagirdinin sazının səsində həmin sözlərin başqa bir ahəngdə yaşadığını görür.

Bəlkə də müəllimlə şagird arasında illər sonra yaranan ən gözəl mənəvi körpü elə budur: müəllim bir vaxtlar öyrətdiyi sözün şagirdinin həyatında başqa bir sənətə çevrildiyini görür.
Sazın səsi xalqımızın yaddaşından gələn səsdir. Onu qorumaq, yaşatmaq, gələcək nəsillərə çatdırmaq hər bir sənət daşıyıcısının mənəvi borcudur.
Məndə fürsətdən istifadə edib Aşıq Elçin İsmayıllıya ustadların sənət məktəbinin sədaqətini qorumasını, öyrəndiklərinin üzərinə öz yaradıcılıq təcrübəsini əlavə etməsini arzulayıram. Və deyirəm:-Sazınla yanaşı, sözün də daim inkişaf etsin. Qoy ifaların el məclislərinə sevinc, sözlərin könüllərə rahatlıq gətirsin.
Sənə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, yaradıcılıq həvəsi və yeni-yeni uğurlar arzulayıram. Ustadlarının qarşısında başın uca, sənət meydanında sözün sanballı, el-obanın yanında hörmətin daim olsun.
Unutma ki, sənətkarın yolu heç vaxt tamamlanmır. Hər yeni ifa, hər yeni şeir, hər yeni kitab onun sənət ömrünə əlavə olunan bir səhifədir.

Sazın kökü elin yaddaşından,
Sözün gücü ürəyin yanğısından,


Sənətkarın ucalığı isə insanlara bəxş etdiyi mənəvi dəyərdən gəlir.
Sazın sinəndə, sözün dilində, elin sevgisi ömründə olsun, Aşıq Elçin İsmayıllı!
Qoy sazın heç vaxt susmasın, sözün yarımçıq qalmasın. Hər yeni gün sənə yeni bir ifa, yeni bir şeir, yeni bir yaradıcılıq sevinci gətirsin.
Sənə uğurlar, əziz dostum!
Böyük səmimiyyətlə,

Elxas Comərd.
AYB-nin üzvü,
Şair-publisist.

Oxşar xəbərlər