Xəbərlər
İsmayıllı - hər kəsin özünü tapdığı yurd

BƏHRUZ MƏMMƏDOV
Təbiətin insana bəxş etdiyi gözəlliklərin dili var. Kimi o dili sözə çevirir, kimi musiqiyə, kimi rənglərə, kimi də düşüncəyə. Bir dağın vüqarı şairin misralarında yaşayır, bulağın şırıltısı bəstəkarın nəğməsinə, meşələrin rəngləri rəssamın tablosuna çevrilir. Təbiətin möcüzələri filosofu düşündürür, sənətkarı yaradır, insana ilham verir.Təbiət kimini sözlə yüklədi, qələminə güc verdi. Birinə musiqi, digərinə rənglərdən dünya yaratmaq istedadı bəxş etdi. Kiməsə düşünmək, kiməsə kəşf etmək həvəsi verdi.
Heç bir xüsusi istedadı olmayanlara isə bəlkə də ən böyük neməti - yaxşı insan olmağı öyrətdi. Çünki yaxşı insan olmaq da bir sənətdir və heç də hər kəsin bacardığı iş deyil.
İsmayıllı mənim üçün hər kəsin öz dünyasından bir parça tapa bildiyi yurddur. Burada insan bəzən bir dağın zirvəsində öz vüqarını, bir bulağın başında rahatlığını, bir ağacın kölgəsində düşüncələrini, bir insanın səmimiyyətində isə doğmalığını tapır.
Bu gün İsmayıllının 95 yaşı tamam olur. Bu, təkcə bir rayonun yubileyi deyil, neçə-neçə nəslin xatirəsi, taleyi, zəhməti və sevgisidir. Bu torpağın yetirdiyi sənətkarların, alimlərin, yaradıcı insanların, ən əsası, yaxşı insanların bayramıdır.
95 yaşın mübarək, doğma İsmayıllı!
Səni sözüylə, musiqisiylə, rəngiylə, düşüncəsiylə yaşadanların da, sadəcə sevənlərin də bayramı mübarək!
Eşq olsun!
Hər ay bizim İsmayıllıya qonaq gəl
Yanvar ayı bu ayların ilkidi,
Yollar, düzlər buz bağlayıb, bərkidi.
Bu şeir də bir şairin ərkidi,
Ovçu qardaş, qarlı dağdan qayıt, gəl,
Təbiət aşiqi, vəfalı dostum,
Yanvar ayı İsmayıllıya qonaq gəl.
Ay qısadı, gün qısadı, yol qısa,
Damlarımız dimdiyindən buz asa.
Qışın ömrü bitir, batıbdır yasa,
Çillə çıxır, çərşənbələr, atıl gəl,
Təbiət aşiqi, vəfalı dostum,
Fevral ayı İsmayıllıya qonaq gəl.
Fəsli-bahar güldü torpaq üzünə,
Göy gurladı, yağış səpdi düzünə,
Bənövşələr kol dibində özünə,
Yer eylədi, Günəş, onu isit, gəl,
Təbiət aşiqi, vəfalı dostum,
Mart ayında İsmayıllıya qonaq gəl.
Aprel oldu, başladı əkin-biçin,
Çaylar daşır, körpüdən ehmal keçin.
Nişanlılar, toy gününə gün seçin,
Aşıq Yanvar, öz sazını götür gəl,
Təbiət aşiqi, vəfalı dostum,
Aprel ayı İsmayıllıya qonaq gəl.
Qardaşımın özünündü sözləri,
"Budur may ayının uzun günləri,
Görürük hər yanda qızıl gülləri".
Çölləri, düzləri bəzə lalə, gəl,
Təbiət aşiqi, vəfalı dostum,
May ayında İsmayıllıya qonaq gəl.
İyun, iyul, avqust - yayın ayları,
Çox diyarın quruyubdu çayları,
Bizdə isə bəlli deyil sayları,
Min bulaqdan su götürən çayım, gəl,
Təbiət aşiqi, vəfalı dostum,
Yay ayları İsmayıllıya qonaq gəl.
Payız yurdu bəzəyibdir al-əlvan,
Buynuz, Basqal, Lahıc, Talıstan, Cülyan,
Sevimlidir hər daşın, hər bir qalan,
Alma, armud, əzgil, heyva, yetiş, gəl,
Təbiət aşiqi, vəfalı dostum,
Payız gəldi, İsmayıllıya qonaq gəl.
Çöllər, düzlər ağ donunu geyəndə,
Soyuq olur qış qapını döyəndə,
Odun "peç"i zövq verir üşüyəndə,
Damda qaxac, damaqlarda dada gəl,
Təbiət aşiqi, vəfalı dostum,
Qış gələndə İsmayıllıya qonaq gəl.
Səlim Soltan, Tülkütəpə yaylağı,
Şeykəm olub çobanların oylağı,
Möcüzələr məskəni Babadağı,
Hər qarışın candan əziz, qucum, gəl,
Bəhruz deyir, bir vəfalı dostuna,
Hər ay bizim İsmayıllıya qonaq gəl.









