Turaztv.az » Xəbərlər » QƏLBİMİZƏ MÖHÜRÜNÜ VURAN GÖZƏLLİK DÜNYASI
Xəbərlər

QƏLBİMİZƏ MÖHÜRÜNÜ VURAN GÖZƏLLİK DÜNYASI

24.11.2026, 13:36 10
95 YAŞLI İSMAYILLI TƏBİƏTİN YAZDIĞI POEZİYA, TARİXİN YAŞATDIĞI YADİGARDIR

Hansısa məkanı yaxından tanımaq üçün təkcə xəritəyə baxmaq yox, o yerləri duymalı, havasını udmalı, suyundan içməli, dağlarının sükutuna qulaq asmalısan. Cənnətməkan sayılan İsmayıllıda da təbiət təkcə gözəllik yaratmayıb, sanki insan qəlbinin ən həssas tellərinə toxunan bir nəğmə bəstələyib. Niyaldağın, Baba dağın, eləcə də Fit dağının vüqarı, quşlarla səssəsə verib insanlara sərinlik gətirən qalın meşələrin pıçıltısı, ana laylasını xatırladan çayların şırıltısı, dumduru bulaqların zümzüməsi İsmayıllı adlı nəğmənin ayrı-ayrı notlarıdır. Başqa sözlə desək, bu notların birləşməsindən isə İsmayıllı adlı möhtəşəm bir təbiət simfoniyası yaranıb.
Azərbaycanın əsrarəngiz gözəlliyə malik dilbər guşəsi, Odlar Yurdunun yaşıl mirvarisi İsmayıllının 95 illik yubileyi də gəlib çatdı. Özünü bu məkanın vətəndaşı, sakini sayan, eləcə də bu məkanla qürur duyan hər kəsin bu gün bayramıdır. Bu, təkcə bir rayonun təqvimdəki yaşı demək deyil, minilliklərin yaddaşını özündə yaşadan və üzü bəri yol alaraq maraqlı olaylarla yadda qalan qədim yurdun keçdiyi tarixi yolun, yetişdirdiyi insanların, qoruduğu milli-mənəvi dəyərlərin və qurub-yaratdığı sabahın bayramıdır.

Çoxunun diqqətini özünə və qoynuna cəlb edən İsmayıllımızda

hər fəslin öz rəngi, hər kəndin öz taleyi, hər dağın öz əhvalatı var. Baharda torpaq nəfəs alır, ağaclar çiçəyə dönür, yamaclar yaşıl xalıya bürünür. Yayda meşələrin kölgəsi insanı dünyanın hay-küyündən ayırıb təbiətin qoynuna çəkir. Payız gələndə dağlar elə bil rəssamın əlindəki rənglərə bürünür. Qışda isə ağ örpəyə bürünmüş zirvələr insanı əzəmət və əbədiyyət haqqında düşünməyə vadar edir. Burada təbiət heç vaxt susmur, elə hər fəsildə başqa dildə danışır. O dili ustad şairimiz dədə Musa Yaqub bütün yaradıcılığı boyu yetərincə tərənnüm edib.

Babadağın, Niyal dağının əzəmətli

zirvələri sanki bu yurdun alnına çəkilmiş vüqar xəttidir. Girdiman çayının suları əsrlərin yaddaşını özü ilə daşıyır. Meşələri isə İsmayıllının yaşıl ürəyidir. Ağacların sıx budaqları arasından süzülən günəş şüaları torpağın üzərinə qızılı naxışlar salır. Yarpaqların xışıltısı küləyin dili ilə danışan təbiətin səsidir. Bir tərəfdən quşların nəğməsi eşidilir, digər tərəfdən meşənin dərinliyindən gələn bulaq şırıltısı bu nəğməyə qoşulur. Meşələrin dərinliyindəki hər ağac, qayaların qoynundan süzülən hər bulaq, kənd yollarının kənarındakı hər daş bu torpağın tarixindən bir parça danışır. Mirvariyə bərabər bu guşənin gözəlliyini təkcə seyr etmirlər, həm düşünür, duyur, onunla nəfəs alır və özlərini bu təbiətin ayrılmaz parçası hesab edirlər. Elə Topçu meşəsində gəzmək kifayət edir ki, onun havasında torpağın ətrini, yarpaqların təravətini, yağışdan sonrakı saflığı duyasan. Yarpaqların arasından gələn havanı udduqca adamın ruhu yüngülləşir, ürəyi təzələnir.

Torpağının qatlarında

gözəlliyi qədər qədim tarixi yatan İsmayıllı ərazisi minilliklər boyu müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dövlətçilik ənənələrinin izlərini yaşadıb. Girdimanın adı çəkiləndə tariximizin qüdrətli səhifələrindən biri, Albaniya dövlətinin görkəmli hökmdarı Cavanşir xatırlanır. Talıstan yaxınlığındakı Cavanşir qalası keçmişin daş yaddaşı olmaqla hələ də ucalığını qoruyur. Qalada dəfələrlə olmuşuq. Divarlarına tamaşa edənlərə elə gəlir ki, daşlar danışa bilsəydi, onlara neçə-neçə döyüşdən, igidlikdən, sədaqətdən və Vətən sevgisindən söz açardı.

Tarixi bizim eradan əvvələ gedib çıxan Basqalda

kəlağayıya düşən naxışlar zövq oxşamaqla yanaşı, xalqımızın dünyagörüşünü, qadın əllərinin incəliyini və sənətə sonsuz məhəbbətini yaşadır. Burada sənət peşədən çox nəsildən-nəslə ötürülən mənəvi mirasdır. Basqalın qədim məhəllələri, kəlağayı sənətinin zərifliyi bura gələnləri ofsunlayır.

Lahıcın daş döşənmiş küçələri,

misgərlik sənətinin əsrlərdən süzülüb gələn ənənələri İsmayıllını yurdumuzun zəngin mədəniyyət xəzinəsinin mühüm ünvanına çevirib. Lahıcda çəkic səsləri sanki tarixlə bu gün arasında körpü yaradır.

Bu məkanın özünəməxsusluğu

onun kəndlərində, el adətlərində, süfrələrində, qonaqpərvərliyində, ağsaqqal sözünə ehtiramında da yaşayır. İvanovkanın özünəməxsus təsərrüfat ənənələri, Qalacığın təbiət möcüzələri, Talıstanın tarixi nəfəsi, Diyallının el-obası, Sulutun, Tircanın qədim izləri bu yurdun zəngin mənzərəsini tamamlayır. Hər kənd bir kitabdır. Hər kitabın öz qəhrəmanı, öz yaddaşı, öz danışılmamış hekayəsi var.

Bu yurdun əsl gözəlliyi

təkcə dağında, dərəsində, çayında, meşəsində yox, onun hər cür çətinliyə dözən zəhmətkeş, fədakar insanlarındadır. Bəli, İsmayıllının ən böyük sərvəti insanıdır, torpağı kimi insanları da bərəkətlidir. Əlləri torpağa, qəlbləri el-obaya bağlı zəhmət adamları, elmin və mədəniyyətin inkişafına töhfə verən ziyalıları, sənətkarları, müəllimləri, həkimləri, qurub-yaradan insanları bu diyarın mənəvi simasını formalaşdırıblar. Burada zəhmət çörəyin dadında, mərdlik insanın sözündə, qonaqpərvərlik evin açıq qapısında özünü göstərir.

İsmayıllı rayonunun inzibati ərazi vahidi kimi

1931-ci ilin noyabrın 24-də yaradılması onun müasir tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Zaman dəyişib, nəsillər bir-birini əvəz edib, kəndlər böyüyüb, yollar uzanıb, şəhər müasirləşib. Dünənin zəhməti bu günün quruculuğuna, bu günün quruculuğu isə sabahın ümidlərinə çevrilib.
Ötən 95 il ərzində böyük inkişaf yolu keçmiş İsmayıllı qədimliyini qorumaqla yanaşı, müasirliyə doğru inamla addımlayan diyar kimi də öz tarixini yazır. Turizm imkanları, kənd təsərrüfatı ənənələri, təbii sərvətləri, sənətkarlıq məktəbləri və sahibkarlıq potensialı bölgənin gələcək inkişafına açılan geniş üfüqdür. Bu torpağın hər qarışında quruculuq üçün imkan, hər kəndində inkişaf üçün potensial mövcuddur, hər insanı sabaha inamlıdır.

İsmayıllının 95 illik yubileyinə

nəzər salarkən bir həqiqət aydın görünür: rayonun tarixi yalnız ötən illərin sayı ilə ölçülmür. Bu tarix torpağa səpilən toxumda, yetişdirilən məhsulda, ucaldılan binada, salınan yolda, məktəbə gedən uşağın sevincində, doğma yurduna qayıdan insanın gözündə yaşayır. Tarix həm də bir xalqın öz torpağına olan sevgisinin zaman-zaman təsdiqidir.
İsmayıllı, sən Azərbaycanın sinəsində döyünən yaşıl ürəklərdən birisən!
Dağların sənin vüqarın, meşələrin nəfəsin, çayların səsin, bulaqların saflığın, insanlarının mərdliyi isə mənəvi zənginliyindir. Sən keçmişinlə öyünən, bu gününlə yaşayan, sabahına ümidlə baxan bir yurdsan. Sənin hər kəndində bir ömür, hər daşında bir tarix, hər cığırında bir xatirə var.

95 il

bir rayonun inzibati tarixində əlamətdar bir zaman kəsiyidir. Amma bir yurdun könüllərdə qazandığı ömür bundan qat-qat uzundur. İsmayıllının əsl yaşı onun torpağında yetişən çörəkdə, bulağından içilən suda, insanlarının yaddaşında və nəsillərə ötürülən sevgidədir.

95 yaşlı İsmayıllımızın qarşısında

daha böyük sabahlar durur. Qədim yurdumuzun meşələrinin həmişə yaşıl olmasını, bulaqlarının daim çağlamasını, tarixi abidələrinin əbədiyaşarlılığını, kəndlərinin abadlığını, insanlarının firavanlığını arzu edirəm. İnanıram ki, gələcək nəsillər də bu torpağın qədimliyini, gözəlliyini və müqəddəsliyini eyni sevgi ilə yaşadacaqlar.

İSMAYILLI, VƏTƏNİM MƏNİM

Vətən sevgisi, yurd nisgili və el-obanın 95 illiyinə ithaf

İsmayıllı, adın düşüb dilimə,
Bir sevda yazılıb səninlə mənə.
Dağların baş əyir könül telimə,
Sən mənim ömrümün ilk nəğməsisən.

Qoynunda min illik tarixim yatır,
Hər daşın bir ömrün yadigarıdır.
Torpağın insanın iftixarıdır,
Sən mənim qürurum, fəxrim, səsimsən.

Basqalın ilməsi, Lahıc sənəti,
Hər kəndin öz yeri, öz məhəbbəti.
Səndə bir xalqımın var əmanəti,
Sən mənim keçmişim, gələcəyimsən.

Gözümü açmışam dağlarına mən,
Bir ömür bağlanıb torpağına mən.
Ayrı düşsəm belə qucağından mən,
Sən mənim qürurum, fəxr yerimsən.

Qoynunda böyüyən igidlərim var,
El üçün döyünən ürəklərim var.
Səninlə ucalan arzularım var,
Sən mənim canımsan, var-dövlətimsən.

Bir gün saçlarıma qar ələnəndə,
Ömür yollarıma izlər düşəndə,
Son nəfəs dodaqda titrəyəndə də,
Sən mənim havam, sən ürəyimsən.

Nə Bakı unutdurar, nə də yad ellər,
Vətən sevgisiylə döyünər ürəklər.
Bir torpaq uğrunda yaşayar ərlər,
Sən mənim and yerim, İsmayıllımsan!

İsmayıllı, vətənim, öz elim-obam,
Sən mənim ürəyim, sən mənim dünyam.
Harada yaşasam, sənə bağlıyam,
Azərbaycan adlı Vətən içində
Ən doğma ünvanım, İsmayıllımsan!







QƏLBİMİZƏ MÖHÜRÜNÜ VURAN GÖZƏLLİK DÜNYASI
Daşdəmir ƏJDƏROĞLU

Oxşar xəbərlər