Turaztv.az » Xəbərlər » Müəllim ömrünün işığında... - FOTOLAR
Xəbərlər

Müəllim ömrünün işığında... - FOTOLAR

26.11.2026, 11:06 29
İlqar Əkbərov – 70

İnsan ömründə elə insanlar var ki, zaman onları bizdən uzaqlaşdırmır, əksinə, illər keçdikcə dəyərini daha dərindən anlamağa başlayırıq. Bir vaxtlar həyatımızın müəyyən bir mərhələsində qarşımıza çıxan, yolumuza işıq salan, düşüncəmizə, dünyagörüşümüzə təsir edən belə insanlar yaddaşımızda adi bir xatirə kimi deyil, ömrümüzün ayrılmaz parçası kimi qalırlar. Müəllimlər isə bu insanların sırasında xüsusi yer tuturlar. Çünki onlar yalnız bilik öyrətmir, insan yetişdirirlər.

Noyabrın 26-da vaxtilə şagirdi olduğum Bakı Dövlət Universitetinin nəzdindəki 1 saylı Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseydə sinif rəhbərimiz olmuş İlqar Əkbər oğlu Əkbərovun 70 yaşı tamam olur. Bu münasibətlə keçmiş şagirdlərinin adından ona ünvanladığım sözlər, əslində, bir müəllimə olan minnətdarlığın, illərin sınağından çıxmış doğmalığın ifadəsidir.

Müəllimlik hər kəsin bacara biləcəyi, sadəcə, bilik ötürməkdən ibarət bir peşə deyil. Bu peşənin görünməyən, kitablarda yazılmayan, bəzən heç bir pedaqoji metodikada öyrədilməyən incəlikləri var. Uşağın qəlbinə yol tapmaq, onun xarakterini duymaq, istedadını üzə çıxarmaq, darıxanda təsəlli vermək, səhv edəndə incitmədən doğru yolu göstərmək... Bunlar müəllimlik sənətinin ən böyük məharətlərindəndir.
Tanınmış pedaqoq Əkbər Əkbərovun ailəsində dünyaya göz açan İlqar müəllim, əslində, bu sənətin ab-havasında böyüyüb. Atasının yolunu davam etdirərək müəllimlik peşəsini seçib. Bəlkə də, uşaqlıqdan gördüyü müəllim ömrü, pedaqoji mühit onun gələcək həyat yolunu müəyyənləşdirib. Ancaq bir peşəni ailədən miras almaq başqa, o peşənin məsuliyyətini və mənəvi yükünü ömrünün amalına çevirmək tamam başqadır. İlqar müəllim bu yolu öz zəhməti, münasibəti və insanlara sevgisi ilə davam etdirib.

Amerikalı tarixçi və yazıçı Henri Adamsın belə bir fikri var: "Müəllimin təsiri əbədiyyətə çatır; onun təsirinin harada bitəcəyini heç vaxt demək olmaz". Məncə, bu fikir İlqar müəllimin ömür yoluna da aiddir. Çünki onun müəllim kimi təsiri təkcə dərs dediyi sinif otağının divarları arasında qalmayıb.
Bir qədər də təhsil aldığımız liseyin özünəməxsus mühitindən danışmaq istəyirəm.
Azərbaycanın müxtəlif bölgələrindən imtahan verərək seçilən, 1 saylı təmayüllü liseyin şagirdi adını qazanan uşaqlar üçün bu məktəb adi təhsil müəssisəsi deyildi. Burada biz həm oxuyur, həm qidalanır, həm də yaşayırdıq. Hər rübün sonunda evlərimizə, rayonlarımıza qayıdır, yenidən liseyə dönürdük.

Səkkizinci sinfə qədər doğma rayonlarında, ata-analarının, bacı-qardaşlarının yanında təhsil alan uşaqlar üçün birdən-birə ailədən ayrılmaq, yad mühitə düşmək, tanımadıqları insanlarla birgə yaşamağa alışmaq heç də asan deyildi. Hər uşağın öz dünyası, öz xatirələri, öz darıxmağı vardı. Kimisi ilk günlərdə evindən ötrü kövrəlir, kimisi yeni mühitə uyğunlaşmaqda çətinlik çəkirdi.

Məhz belə vaxtlarda İlqar müəllimin sinif rəhbəri kimi fərdi yanaşması özünü göstərirdi. O, hər bir uşağa sanki illərdir tanıdığı doğması kimi münasibət bəsləyirdi. Darıxan uşağın fikrini yayındırmaq üçün maraqlı söhbətlər edir, müxtəlif hadisələrdən, dahilərin həyatından, onların keçdiyi çətin və maraqlı yollardan danışırdı. Bəzən bir söhbətlə, bir xatirə ilə uşağın qəlbindəki nisgili yüngülləşdirə bilirdi.
Bu, sadəcə, sinif rəhbərliyi deyildi. Bu, uşaqların mənəvi dünyasına bələd olmaq, onların ehtiyac duyduğu anda yanında dayanmaq, özünü onlara doğma hiss etdirmək bacarığı idi.

Zaman keçdikcə bir-birimizə alışdıq, doğmalaşdıq. Bir vaxtlar ailəsindən ayrı düşdüyü üçün darıxan uşaqlar sonralar bir-birinin sirdaşına, dostuna, doğmasına çevrildilər. Bu gün geriyə baxanda anlayırıq ki, lisey bizə yalnız bilik vermədi, həm də ömürlük dostluqlar qazandırdı.
Artıq həmin liseyi bitirməyimizdən 35 il keçir. Amma bu illər nə dostluğumuzu soyuda bildi, nə də bizi bir-birimizdən uzaqlaşdıra bildi. Hər birimizin xeyir-şərində, ad günlərində, sevincində, kədərində bir araya gəlirik. Ənənəvi görüş günümüzdə isə mütləq toplaşırıq. Bütün bu illər ərzində İlqar müəllim həmişə bizimlədir, çox vaxt da bu görüşlərin təşkilatçısı, birləşdirici qüvvəsi məhz odur.
Bu gün də birlikdə liseyimizi ziyarət edirik. Bir vaxtlar şagird kimi addımladığımız dəhlizlərdən keçərkən, sinif otaqlarına baxarkən yaddaşımızda neçə-neçə xatirə canlanır. O divarlar, o pilləkənlər, o məktəb həyəti sanki 35 il əvvəlki günlərimizi bizə qaytarır. Və bütün bu xatirələrin mərkəzində yenə İlqar müəllim dayanır.

Sinifimizdə 29 nəfər olmuşuq. Bu gün hər birimizin öz həyatı, öz ailəsi, öz uğurları, öz taleyi var. Sevindirici haldır ki, sinif yoldaşlarımızın, demək olar, hamısı ali təhsil alıb, müxtəlif sahələrdə özünə yer tutub, cəmiyyətə fayda verməyə çalışıb.
Asif Paşayev, Sevil Şirinova, Aynur Qədirova, Fəzail Məmmədov, Həzi Eynalov, İlkin Rəhimov və Elçin Məmmədov pedaqoji və elmi fəaliyyətlə məşğuldurlar. Ali və orta təhsil müəssisələrində müəllim kimi çalışan bu dostlarımız bir vaxtlar aldıqları biliyi, qazandıqları təcrübəni yeni nəsillərə ötürürlər. Bəlkə də, müəllim ailəsində dünyaya gəlmiş İlqar müəllim üçün yetirmələrinin arasından yeni müəllimlərin, alimlərin yetişməsi ayrıca bir qürur mənbəyidir.

İbrahim Əlimirzəyev torpaqlarımızın azadlığı uğrunda mübarizədə iştirak edərək Azərbaycan Ordusunda yüksək vəzifəyədək yüksəlib və təqaüdə çıxıb. Qoşqar Bədəlov polis sıralarında xidmət edərək dövlətə və xalqa xidmət yolunu seçib.
Kənan Quliyev, Səyyaf Xəlilzadə, Mətləb Cəfərov, Fikrət Oğlanov, Əzizağa Bəşirov, Eldəniz Nuriyev, Füzuli Zeynalov və Hikmət Vahabov ölkəmizin aparıcı dövlət və özəl şirkətlərində çalışırlar.
Rövşən İsmixanov, Rizvan Cəfərov, Qurban Qurbanov və Muxtar Nəcəfov ölkə hüdudlarından kənarda öz işlərini quraraq fəaliyyətlərini davam etdirirlər.
Elza Hüseynova, Səbinə Məhərrəmova, Elşən və Kamran Paşayevlər, Kamran Atakişiyev və Eldəniz Məmmədov isə doğma kəndlərində müxtəlif sahələrdə çalışırlar.

Bu adların hər birinin arxasında bir ömür, bir zəhmət, bir ailə, bir həyat hekayəsi dayanır. Hərəmiz bir yola çıxmışıq, müxtəlif ünvanlara üz tutmuşuq. Amma başlanğıcımızın bir ünvanı var: liseyimiz, sinif otağımız və İlqar müəllim.
Təəssüf ki, sinifimizin yaddaşında vaxtsız ayrılıqlar da var. Ömrün baharında bizi tərk edən Mətanət Məmmədova və Əfqan İsrafilovun yeri həmişə görünür. Sinif yoldaşlarımızın adlarını çəkərkən onların da adını ehtiramla xatırlayırıq. Axı bir vaxtlar eyni sinifdə oturan, eyni süfrədən çörək yeyən, eyni arzularla yaşayan insanlardan kimsə bu gün aramızda yoxdursa, onun xatirəsi də həmin dostluğun ayrılmaz bir parçasıdır.
Bütün bu talelərə nəzər salanda bir həqiqəti daha aydın anlayırsan: müəllimin əməyi təkcə şagirdin aldığı qiymətlə, qazandığı diplomla ölçülmür. Onun əsl bəhrəsi illər sonra yetişdirdiyi insanların kimliyində, cəmiyyətə münasibətində, qurduğu ailələrdə, tutduğu mövqedə görünür.

İlqar müəllimin adını çəkəndə sinif yoldaşlarımızın hər birinin ailəsində böyükdən kiçiyə hamı onu tanıyır, hörmətlə xatırlayır. Bu, bir müəllim üçün verilə biləcək ən böyük qiymətlərdən biridir. Çünki onun şagirdləri ilə yanaşı, onların ailələrinin də yaddaşında özünə yer qazanması artıq müəllimlikdən daha böyük bir mənəvi bağdır.

Burada bir məqamın üzərində də dayanmaq istəyirəm. Təhsil Azərbaycan xalqının tarixən dəyər verdiyi, ailələrin gələcəyini bağladığı ən mühüm dəyərlərdən biri olub. Nəsillər boyu valideynlər övladlarının oxuması, savadlanması, həyatda öz yerini tapması üçün böyük fədakarlıqlar ediblər. Bu gün də valideynlərin övladlarını ali məktəbə qəbul etdirmək, onların yaxşı təhsil almasını təmin etmək üçün bəzən öz ehtiyaclarından kəsərək, boğazlarından keçirdikləri tikəni övladlarının gələcəyinə sərf etməsi bu dəyərin hələ də yaşadığını göstərir.
Ancaq təhsil yalnız universitetə qəbul olmaq, diplom almaq deyil. Təhsil həm də insan olmaq, düşünmək, fərqləndirmək, başqasına hörmət etmək, cəmiyyət qarşısında məsuliyyət daşımaqdır. Bunun təməlində isə müəllim dayanır.
Təəssüf ki, bəzən təhsilin dəyərini yalnız diplomla ölçür, müəllimin cəmiyyətdəki yerini və rolunu yetərincə qiymətləndirmirik. Halbuki bir xalqın gələcəyini formalaşdıran ən mühüm qüvvələrdən biri onun müəllimləridir.

Pedaqoqlardan biri təhsili gələcək həyata hazırlıq kimi deyil, həyatın özünün davam edən prosesi kimi dəyərləndirirdi. Bu baxımdan müəllim də yalnız dərs keçdiyi illərdə deyil, şagirdlərinin bütün həyatında iştirak edən insandır. İlqar müəllimin yetirmələri ilə bu gün də davam edən münasibəti, 35 ildən sonra belə bir araya gəlməyimiz, onunla birlikdə məktəbə baş çəkməyimiz həmin fikrin canlı təsdiqidir.
İlqar müəllimin əmək yolu da onun daim hərəkətdə, axtarışda olan insan xarakterindən xəbər verir. Pedaqoji fəaliyyətindən sonra özəl sektorda, daha sonra SOCAR-da əmək fəaliyyətini davam etdirib. Bu gün təqaüddə olsa da, işsiz qalmağı sevmir, yenə özəl sektorda çalışır.

Bəlkə də, bu, onun xarakterinin bir xüsusiyyətidir. Ömrü boyu işləməyə, yaratmağa, faydalı olmağa alışmış insan üçün dayanmaq asan deyil.
Ailə həyatında da özünəməxsus bir xoşbəxtliyi var. Bir qızı, bir oğlu – hər ikisi ali təhsillidir. Öz dili ilə desək ona baba deyən çiçəkləri var. Həyat yoldaşı Mənzər xanımın şeirlərinin isə ilk oxucusu İlqar müəllimdir. Bu detal mənə xüsusilə xoş gəlir. Çünki insanın ömrünü təhsilə, biliyə, düşüncəyə həsr etməsi ilə ailəsində sözə, şeirə, ədəbiyyata hörmətin yaşaması arasında gözəl bir mənəvi bağlılıq var.
Bəlkə də, İlqar müəllimin həyat yoldaşının şeirlərinin ilk oxucusu olması onun dinləməyi, duymağı, qarşısındakı insanın fikrinə dəyər verməyi bacaran xarakterindən irəli gəlir.

Bu gün onun 70 illik yubileyini qeyd edərkən mən yalnız bir insanın yaşadığı illəri deyil, həmin illərin içərisində yetişən insanları, qurulan dostluqları, qazanılan hörməti, yaddaşlarda qalan xatirələri düşünürəm.
İlqar müəllim bizim sinifin ikinci buraxılış sinfinin sinif rəhbəri olub. Sonralar daha iki sinfin də sinif rəhbəri kimi fəaliyyət göstərib. Deməli, onun müəllimlik yolunda bizim siniflə yanaşı, neçə-neçə başqa şagirdin də özünəməxsus yeri var. Hər birinin həyatında onun sözünün, münasibətinin, qayğısının izləri yaşayır.

70 yaş insan ömrünün bir hesabat məqamıdır. Amma bəzi insanlar üçün bu hesabatı illərin sayı ilə deyil, yetişdirdiyi insanların sayı, qazandığı hörmət və arxasında qoyduğu mənəvi izlərlə aparmaq lazımdır.
İlqar müəllim, bu gün biz – 35 il əvvəl bir sinif otağında birləşən 29 şagirdiniz – hərəmiz həyatın bir tərəfində olsaq da, yenə də sizin şagirdlərinizik. Hələ də görüşlərimizdə ətrafınıza toplaşır, xatirələrimizi bölüşür, sizinlə birlikdə keçmişə qayıdırıq. Bu, zamanın bizdən ala bilmədiyi ən gözəl sərvətdir.
Sizə möhkəm can sağlığı, uzun ömür, ailənizlə birlikdə firavan və mənalı günlər arzulayırıq. Arzu edirik ki, bu günə qədər yetişdirdiyiniz şagirdlərin uğurları, onların övladlarının nailiyyətləri də həmişə sizin sevinciniz olsun.

Çünki müəllim üçün ən böyük mükafat yetişdirdiyi insanların xoşbəxtliyini, uğurunu görməkdir.
Bəzi insanlar ömür yaşayır, bəziləri isə ömürlərə işıq salır. Siz o işıq saçan insanlardansınız, İlqar müəllim!
70 yaşınız mübarək!

Müəllim ömrünün işığında... - FOTOLAR
Eşq olsun!
Hörmətlə, şagirdiniz,
"Neft Daşları" qəzetinin redaktoru Bəhruz Məmmədov

Oxşar xəbərlər