İNSAN MÜNASİBƏTLƏRİ, DOSTLUQ, SƏDAQƏT VƏ MƏNƏVİ SEÇİM HAQQINDA ESSE


İnsan insanı tanımaq üçün bəzən bir ömür sərf edir, amma yenə də yanılır. Çünki adamın üzündəki təbəssüm ürəyindəki münasibətin güzgüsü deyil. Dilindən bal daman hər kəsin qəlbində mərhəmət, əlini çiyninə qoyan hər kəsin ürəyində sədaqət olmur. Həyatın qəribə bir qanunu var: bəzən səni heç tanımayan birinin düşmənçiliyi yox, dost bildiyin adamın başqasına göstərdiyi yaxınlıq daha çox düşündürür. Onda öz-özünə sual verirsən: mən bu adamı nə qədər tanıyırmışam?
“Düşmənimin dostu mənim də düşmənimdir” deyimi, əslində, insan münasibətlərinin ən həssas nöqtələrindən birinə toxunur. Burada söhbət müharibədən, siyasi qarşıdurmadan, hansısa böyük münaqişədən yox, gündəlik həyatımızdan, bir süfrənin başında oturan adamlardan, biri-birinə dost deyən insanlardan, eyni məclisdə gülüb sonra arxadan danışanlardan, insanın insana münasibətindən, dostluğun səmimiyyətindən, sədaqətin qiymətindən gedir.


Görəsən, bir insanın səninlə münasibəti olduğu halda, sənə qarşı qərəzli olan, səni sevməyən, uğurunu həzm edə bilməyən birinin yanında rahatlıqla əyləşməsi nə deməkdir? Bu, sadəcə, tanışlıqdırmı, yoxsa bir münasibətin başqa münasibətlə sınağa çəkilməsidir? Əlbəttə, hər kəsin öz çevrəsi, öz seçimi var. Heç kəsdən tələb etmək olmaz ki, bizim xoşlamadığımız hər kəsdən üz döndərsin. Ancaq insan münasibətlərində bir sərhəd var: başqasının azad seçiminə hörmət etmək başqa şeydir, dost bildiyin adamın sənə qarşı qərəzi olan birinin yanında sənin haqqında qurulan haqsızlıqlara şərik çıxmasını qəbul etmək tamam başqa şey.
İnsan bəzən dostunun düşməninin kim olduğuna yox, dostunun həmin adamla münasibətinə baxaraq öz yerini müəyyənləşdirməyə çalışır. Çünki hər yaxınlığın arxasında bir məna axtarırıq. Bir adamın kimlə oturub-durduğu, kimə hörmət göstərdiyi, kimin uğuruna sevindiyi, kimin uğursuzluğuna ürəyində yer ayırdığı bizə onun daxili dünyası haqqında müəyyən təsəvvür yaradır. İnsan münasibətlərində sözlər çox şeyi gizlədə bilər, davranışlar isə gec-tez həqiqəti üzə çıxarar.
Bəzən iki nəfər arasında inciklik yaranır. Səbəb bir söz, bir anlaşılmazlıq, bir haqsızlıq, yaxud illərlə yığılıb qalmış narazılıq olur. Tərəflərdən biri inciyir, digəri özünü haqlı sayır. Bu, həyatın adi halıdır. Ancaq həmin münasibətə üçüncü bir adam qoşulanda məsələ dəyişir. O üçüncü adam hər iki tərəfi tanıya, hər ikisi ilə münasibət saxlaya bilər. Burada onun böyüklüyü tərəflərdən birini kor-koranə müdafiə etməkdə yox, haqqı nahaqdan ayırmaq bacarığındadır. Əgər o, birinin könlünü almaq üçün digərinin xətrinə dəyir və birinin yanında hörmət qazanmaq üçün o birini alçaldırsa, deməli, dostluğu mənəvi dəyərdən çox şəxsi maraq vasitəsi kimi qəbul edir.
Ən ağrılı münasibətlər də elə buradan başlayır. Bir vaxtlar sənə “qardaşım” deyən adamın səninlə problemi olan şəxslə yaxınlaşması səni bəlkə də incitməzdi. Əgər o yaxınlıqda sənin əleyhinə qurulan bir niyyət, sənin haqqında deyilən haqsız sözlərə verilən gizli dəstək olmasaydı... İnsan başqasının seçiminə dözə bilər, amma özünə qarşı münasibətin dəyişdiyini hiss edəndə daxilən sarsılır. Çünki insan üçün ən çətin şey düşmənini tanımaq yox, dostunun ona münasibətini yenidən qiymətləndirməkdir.
Həyatda elə adamlar var ki, hamı ilə yaxşı münasibətdə olmaq istəyirlər. Heç kimin xətrinə dəymir, heç kimin qarşısında mövqe bildirmir, hər kəsə gülümsəyirlər. İlk baxışda bu, xoş xasiyyət kimi görünür. Ancaq bəzən həmin mehribanlığın arxasında prinsip yoxluğu dayanır. Bu adamlar münasibətlərin yaxşı olmasını istəyirlər, amma bunun üçün heç bir məsuliyyət daşımaq istəmirlər. Sənə qarşı haqsızlıq ediləndə susurlar, haqsızlıq edənlə qarşılaşanda səmimi davranırlar, sonra da hər iki tərəfə eyni sözləri deyirlər: “Mən hamınızla yaxşı olmaq istəyirəm”.
Halbuki hamı ilə yaxşı olmaq üçün bəzən kiminsə haqsızlığına göz yummaq lazım gəlirsə, bu, artıq yaxşı münasibət deyil. Bu, öz rahatlığını başqasının qürurundan üstün tutmaqdır. İnsan hər kəslə mehriban ola bilər, amma hər kəsə eyni dərəcədə etibar etməyə borclu deyil. Salam vermək başqa şeydir, ürəyini açmaq başqa. Bir məclisdə yanaşı oturmaq başqa şeydir, birinin haqsızlığına şərik çıxmaq tamam başqa.
Bəs onda “düşmənimin dostu mənim də düşmənimdir” deyimini necə başa düşməliyik? Məncə, bu sözləri hərfi mənada qəbul edib insanları iki yerə bölmək düzgün deyil. Çünki həyatda münasibətlər bəzən bizim düşündüyümüzdən daha mürəkkəb olur. Bu gün incik olduğun adam sabah səninlə barışa bilər. Bu gün səni anlamayan insan sabah sənin ən böyük dayağına çevrilə bilər. İnsanların münasibətləri dəyişir, hisslər dəyişir, zaman çox şeyi öz yerinə qoyur.
Ancaq bir şey dəyişməməlidir: insanın haqq-ədalət duyğusu. Əgər bir adam sənə qarşı qərəzli olan şəxsin yanında dayanırsa, bu, hələ onun sənə düşmən olması demək deyil. Amma həmin adam sənin haqqında deyilən yalanları təsdiqləyir, səni gözdən salmağa çalışır, sənin uğursuzluğuna sevinir və sənə qarşı münasibətdə başqasının qərəzini özünə meyar seçirsə, onda onun sənə münasibəti barədə düşünməyə haqqın var. Çünki burada söhbət kimin kiminlə dost olmasından yox, kimin hansı mənəvi mövqedə dayanmasından gedir.
İnsan münasibətlərinin ən böyük bəlası da budur: biz bəzən özümüzə yaxın bildiyimiz adamlardan sədaqət gözlədiyimiz halda özümüz başqalarına qarşı nə qədər ədalətli olduğumuzu unuduruq. Bizə qarşı edilən haqsızlığı dərhal görür, başqasına etdiyimiz haqsızlığa isə bəraət qazandırırıq. Özümüzün incikliyini böyük, başqasının incikliyini kiçik sayırıq. Halbuki hər kəsin qəlbində görünməyən bir yara, dilə gətirmədiyi bir ağrı var. İnsan başqasının qəlbini qırmazdan əvvəl bir anlıq öz ürəyini düşünə bilsə, bəlkə də bir çox münasibətlər dağılmaz.
Əsl dostluq insanları biri-birinə qarşı qaldırmaq yox, onları biri-birinə daha yaxşı tanıtmaqdır. Əsl insanlıq kiminsə tərəfini tutmaq naminə başqasını alçaltmaq yox, münasibətlərdə ədaləti qorumaqdır. Bəzən dostunun səhvini etiraf etdirməklə, onun haqsızlığını üzünə deməklə ona xəyanət etmirsən. Bəlkə də bu sənin ona ən böyük yaxşılığındır. Çünki dostluq hər sözə baş əymək, hər hərəkətə haqq qazandırmaq deyil. Dostluq insanın gözünü həqiqətə bağlamaq yox, həqiqəti görməsinə kömək etməkdir.
İnsan yaşa dolduqca anlayır ki, ətrafında çox adamın olması hələ tənhalığın yoxluğu demək deyil. Bəzən böyük məclisdə tək qalırsan, bəzən də bir nəfərin səmimi sözü sənə bütöv bir dünyanın istiliyini verir. Ona görə də münasibətlərin sayından çox keyfiyyətinə baxmaq lazımdır. Səni hər gün axtarandan çox çətin günündə səni unutmayan, səninlə hər məsələdə razılaşandan çox haqsız olanda səni dayandıran, yanında tərifləyəndən çox yoxluğunda da hörmətini qoruyan adam qiymətlidir.
Bəlkə də insanın əsl böyüklüyü düşmənlərinin sayında yox, münasibətlərini nifrətə qurban verməməsindədir. Heç kəsdən öz düşmənini düşmən bilməsini tələb etmək olmaz. Amma hər kəsdən vicdanlı olmağı, haqsızlığa şərik çıxmamağı, dostluğun adını şəxsi mənafeyinə alət etməməyi gözləmək olar. Çünki insanı insan edən onun kimləri sevməsi qədər, kimlərə qarşı necə davranmasıdır.
Sonda bir həqiqət qalır: dostunun kimlə dostluq etməsindən əvvəl, həmin dostluğun içində sənin haqqında hansı münasibətin yaşandığına bax. Əgər orada sənin haqqına hörmət varsa, narahatlıq üçün səbəb yoxdur. Yox, əgər sənin adın o məclisdə alçaldılır, sənin qəlbinə dəyən sözlərə gülünür, sənin uğursuzluğun kimlərinsə sevincinə çevrilirsə, onda məsələ artıq, sadəcə, dostluq deyil. Çünki insan münasibətlərində ən ağır zərbə həmişə düşməndən gəlmir. Bəzən o zərbəni dostluğun nə olduğunu bildiyini zənn etdiyin adamın laqeydliyi vurur. Və onda anlayırsan ki, insanı yanında saxlayan sözlər yox, ona verdiyi dəyər, insanları biri-birinə bağlayan məclislər yox, mənəvi yaxınlıqdır.
Düşmənimin dostu mənim də düşmənimdir - əgər o, mənə qarşı olan haqsızlığın dostudursa. Yox, əgər o, münasibətlərini qoruyaraq ədaləti də qoruya bilirsə, deməli, onun dostluğu düşmənçilikdən daha böyük bir dəyərə söykənir: İNSANLIĞA.





DÜŞMƏNİMİN DOSTU MƏNİM DƏ DÜŞMƏNİMDİR - FOTO
Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb

Avtomobil TIR-la toqquşdu - Ölən və yaralananlar var

Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi

BU VƏTƏN SƏNİN, MƏNİM, ONUN VƏ HAMIMIZINDIR - FOTO

İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

KƏLAĞAYI: XANIMLARIMIZIN MİLLİ BAŞ TACI...

DÜŞMƏNİMİN DOSTU MƏNİM DƏ DÜŞMƏNİMDİR - FOTO

Ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri ilə bağlı qanun layihəsi I oxunuşda təsdiqlənib

Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb

Mətbuat Şurası mediada süni intellektdən istifadə qaydalarını tənzimləyən prinsip hazırlayır

Azərbaycan XİN Pakistana başsağlığı verib

Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq

Mətbuat Şurasının IX qurultayı keçirilir

Konfrans Liqası: “Trabzonspor” qələbə qazanıb, "Ayaks" məğlub olub

Eyni serialda rol alacaqlar

✍ Sevil Azadqızı : MÜƏLLİM ŞƏXSİYYƏTİNİN FORMALAŞDIRICI TƏSİRİ

“Ona zəng etdim, qan tökülməsi dayandı” - Netanyahu

Sel suları Alişanın evini də basdı - Foto

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

MƏN KİMƏM? - FOTO

Hacıməmməd Məmmədov : İRADƏNİN GÜCÜ

GÜLƏBƏTİN ƏTİRLİ ŞEİRLƏR...

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031