(Bədii-publisistik yazı)

Vaxtilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alanda orta məktəbdə dəyərli kitablarını oxuduğum müəllimim Nurəddin Babayevin dərslərində oturanda bizə maraqlı tövsiyyələr, əsl pedaqoq və publisist nəzərləri ilə məsləhətlər verərdi. "Qızlar sözüm sizədir", "Qızlar söz istəyir" kitabları ilə yaddaşımızda qalmış Nurəddin müəllimə Allahdan rəhmət diləyib bu yazını yazdım.

*****


Oğlanlar, sözüm sizədir! Bu sözləri eşidəndə bir anlıq dayanıb özünüzə baxın. Görün, kim olmusunuz, kim olmaq istəyirsiniz və ən başlıcası, kim olmalısınız? Axı oğlan olmaq təkcə boy-buxun, güc-qüvvət, qolunun qüdrəti, səsinin gurultusu demək deyil. Oğlan olmaq məsuliyyətdir, mərdlikdir, qeyrətdir, sözü ilə əməli bir olan insan deməkdir.

Ay oğlanlar, bir vaxtlar ata evinin kandarından çıxan oğulun arxasınca ana dua edərdi, ata isə qürurla baxardı. Oğul ailənin dayağı, el, obanın ümidi sayılardı. Böyüyün yanında ədəb saxlayar, kiçiyə arxa durar, qız-gəlinin hörmətini qoruyar, çörəyini halal qazanardı. Çünki ona lap uşaqlıqdan öyrədərdilər ki, kişinin böyüklüyü başqasını əzməyində yox, başqasına dayaq olmağındadır.
Bəs indi necə? İndi də minlərlə mərd, zəhmətkeş, vətənpərvər oğlumuz var. Elə oğullarımız var ki, gecəsini gündüzünə qatıb ailələrini dolandırır, sərhədimizin keşiyində dayanır, xalqının gələcəyi naminə çalışırlar. Onların hər biri cəmiyyətimizin fəxri, sabahımızın təminatıdır. Ancaq etiraf edək ki, bəzən oğlan adını daşıyan, amma bu adın məsuliyyətini dərk etməyən gənclərə də rast gəlirik. Elə buna görə də bu gün oğlanlarla kişi olmaq haqqında, güclə mərdliyin, cəsarətlə məsuliyyətin fərqi haqqında danışmağa ehtiyacımız var.
Oğlanlar, unutmayın: kişilik səsini qaldırmaqda deyil, sözünü ölçüb-biçməkdədir. Əlinin gücü ilə kimisə qorxutmaq asandır, amma həmin əli ehtiyacı olan birinə uzatmağa ürək lazımdır. Qəzəblənəndə özünü saxlamaq, haqsızlıq görəndə susmamaq, səhv edəndə üzr istəməyi bacarmaq - əsl kişiliyin nişanələri bunlardır. Başqasının qəlbini qırmaq yox, qırılmış könlü almaq hünərdir.
Bir də oğlanlar, analarınızı unutmayın! Sizin boy atmağınız üçün saçına dən düşən, yolunuzu gözləməkdən gözləri qapıda qalan, bir telefon zənginizlə ürəyi yerinə gələn analarınızı. Bəzən bir xoş sözünüz, bir mehriban baxışınız, bir “Ana, necəsən” sualınız onun bütün yorğunluğunu unutdura bilər. Ananın könlünü almaq üçün nə var-dövlət lazımdır, nə də böyük vədlər. Bir az diqqət, bir az nəvaziş, bir az da övladlıq borcunu xatırlamaq kifayətdir.
Atalarınızı da unutmayın! Bəlkə də onlar sevgilərini sizin qədər açıq ifadə etmir, qayğılarını sərt sözlərin arxasında gizlədirlər. Amma ailələri üçün çəkdikləri zəhmətin, gizlətdikləri narahatlığın, səssizcə udduqları dərdlərin qiymətini bilin. Bir gün siz də həyatın ağır yükünü çiyinlərinizdə hiss edəndə anlayacaqsınız ki, ata olmaq təkcə övlad böyütmək deyil, öz ömründən pay verərək bir insanın gələcəyini qurmaqdır.
Oğlanlar, qızlara münasibətdə də özünüzü tanıdın. Qızın göz yaşını gücünüzün göstəricisinə çevirməyin. Sevgi adı ilə qısqanclığı, qayğı adı ilə qadağanı, kişilik adı ilə kobudluğu biri-birinə qarışdırmayın. Qadına hörmət etməyi bacarmayan adamın özünə hörmətindən danışması da inandırıcı deyil. Unutmayın, hər bir qız kiminsə bacısı, kiminsə övladı olduğu üçün deyil, ilk növbədə insan olduğu üçün hörmətə layiqdir. Əsl tərbiyə də elə buradan başlayır.
Bir məsələ də var: zəhmətə münasibət. Hazır uğur arzulamaq, asan qazanc dalınca qaçmaq, başqasının hesabına yaşamaq istəyən adam çətinlik qarşısında tez sınar. Həyatda öz yerini tapmaq üçün oxumaq, öyrənmək, işləmək, səhv etmək və yenidən başlamaq lazımdır. Heç bir halal zəhmət insanı alçaltmır. Əksinə, insanın alnının təri ilə qazandığı bir tikə çörək haram yolla əldə edilmiş sərvətdən daha qiymətlidir. Öz ayağının üstündə dayanmaq istəyən oğlan ilk növbədə öz məsuliyyətini daşımağı öyrənməlidir.
Və ən başlıcası, Vətən məsələsi var. Vətəni sevmək yalnız gurultulu sözlər söyləmək, bayraq qarşısında şəkil çəkdirmək deyil. Vətənə sevgi torpağını qorumaq, dilini yaşatmaq, tarixini bilmək, qanunlarına hörmət etmək, xalqının dərdinə biganə qalmamaqdır. Əsgərliyə gedən oğulun çiynində təkcə silah deyil, bir millətin etimadı da var. Alimin biliyi, müəllimin zəhməti, fəhlənin alın təri, həkimin şəfqəti, əsgərin ayıq-sayıqlığı - bunların hamısı Vətənə xidmətin müxtəlif ifadələridir. Hər kəs öz yerində vicdanla dayananda ölkə güclənir.
Oğlanlar, zaman sürətlə keçir. Bu gün gəncsiniz, sabah ata olacaqsınız. Bu gün sizin hərəkətlərinizə baxan balaca qardaşınız, qonşunun uşağı, gələcəyin gənci var. Onlara nəyi öyrədəcəksiniz? Kobudluğu, lovğalığı, məsuliyyətsizliyi, yoxsa mərhəməti, dürüstlüyü, zəhmətkeşliyi? Axı gələcək nəsil bizim sözlərimizdən çox, davranışlarımızdan dərs alır.
Mən sizdən qeyri-adi qəhrəmanlıq istəmirəm. Sadəcə, insan olun! Verdiyiniz sözə sahib çıxın. Haqqı nahaqqa qurban verməyin. Valideyninizin qədrini sağlığında bilin. Sevdiyiniz insanın etimadını doğruldun. Dostunuzu darda qoymayın. Zəifin qarşısında güclü görünməyə çalışmayın, güclünüzü zəifi qorumağa sərf edin. Və nə olursa-olsun, insanlığınızı itirməyin! Çünki oğlan böyüyüb kişi ola bilər, amma hər kişi əsl kişilik zirvəsinə yüksələ bilmir. Bu zirvəyə nə yaşla çatılır, nə də var-dövlətlə. Ora vicdanla, zəhmətlə, mərdliklə, sədaqətlə və insanlıqla gedən yolun sonunda çatılır.
Oğlanlar, sözüm sizədir! Bu dünyanın sizdən gözlədiyi təkcə güclü olmağınız deyil, gücünüzü yaxşılığa sərf etməyinizdir. Təkcə başınızı dik tutmağınız deyil, alnınızı açıq saxlamağınızdır. Təkcə ad-san qazanmağınız deyil, arxanızda yaxşı bir ad qoymağınızdır. Elə yaşayın ki, bir gün adınız çəkiləndə ananızın gözləri yaşarsa, bu, dərddən yox, qürurdan olsun. Atanız sizinlə fəxr etsin, övladınız sizi özünə nümunə bilsin, el-obanız haqqınızda “halal adam idi” desin.
Bax, əsl kişilik budur, oğlanlar! Qalan hər şey gəlib-keçəndir. İnsanlıq isə insanın özündən sonra dünyada qoyub getdiyi ən qiymətli izdir.
(Ardı var)
Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilsəydi, peşəkar müzakirələr üçün yeni imkan yaranardı

Məktəbli necə geyinməlidir?

Unudulmayan ustad, unudulmayan insan...

Oğlanlar, sözüm sizədir!

MƏN KİMƏM? - FOTO

QIZLAR, SÖZÜM SİZƏDİR!.. - FOTO

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - yenilənib

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək

Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib

Sabah Bakıda hava çiskinli olacaq

Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik

"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir - Yenilənib

"Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib

MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb

UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı

Görməni bərpa edən çip ilk pasiyentə implantasiya edildi

Türkmənistan Prezidenti Bakıya gəldi

Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək

“Özümü xəyanətə uğramış hiss etdim”

Şair Sevil Gül Nur xanımdan "Sənsizlik şəhəri" adlı şeirini sizlərə təqdim edirik!

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031