Xəbərlər
15.10.2026, 20:44
Unudulmayan ustad, unudulmayan insan...
Bu, Şakir Yaqubovdur
İnsanlar var, həyatdan köçürlər, amma ömürdən, yaddaşdan, ürəklərdən köçə bilmirlər. Onlar haqqında düşünəndə aradan neçə il keçdiyini unudursan, sanki indicə danışmısan, indicə səsini eşitmisən, indicə bir kəlməlik məsləhətini almısan... Şakir Hənifə oğlu Yaqubov mənim üçün belə insanlardan biridir.
Bu gün — oktyabrın 15-i, Azərbaycan jurnalistikasında öz dəst-xətti, öz sözü, öz imzası olan, iki dəfə Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülmüş Şakir müəllimin anım günüdür. 2022-ci ilin bu günü o, gözlərini əbədi yumdu. Amma inanıram ki, onun yoxluğu ilə barışmaq mümkün olsa da, onu unutmaq mümkün deyil. Çünki bəzi insanlar təkcə öz ömürlərini yaşamırlar, başqalarının həyatında da iz qoyurlar. Şakir müəllim mənim həyatımda da belə bir iz qoyub.
Onu gözəl jurnalist kimi tanıyanlar çoxdur. Peşəkarlığına, sözə məsuliyyətinə, qələminin sanbalına bələd olanlar da az deyil. Amma mənim yaddaşımda Şakir müəllim, hər şeydən əvvəl, insanlığı ilə seçilən, haqqı nahaqqa verməyən, gənclərə arxa-dayaq olan, başqasının uğuruna öz uğuru kimi sevinən bir insan kimi yaşayır.
Jurnalistikada ustad olmaq təkcə yazmağı, redaktə etməyi öyrətmək deyil. Bəzən bir insanın taleyində həlledici məqamda onun yanında dayanmaq, haqqını müdafiə etmək, ona inanmaqdır ustadlıq. Şakir müəllim bunu bacaran insanlardan idi. Elə öz taleyimdə də bunun unudulmaz bir nümunəsi var.
O illərdə qəzet redaksiyalarında redkollegiyalar fəaliyyət göstərirdi. Redaksiyanın rəhbər heyətindən — redaktordan, müavinlərdən, məsul katibdən, şöbə müdirlərindən ibarət olan bu kollegiyaların qərarları işə yeni qəbul olunanların taleyində mühüm rol oynayırdı. Redaksiyaya gələnlərin yazmaq bacarığı, davranışları müzakirə olunur, onların işə götürülməsi barədə qərar verilirdi. Bəzən bir insanın gələcək taleyi elə həmin müzakirələrdə həll olunurdu.
O vaxt Şakir müəllim “Azərbaycan gəncləri” qəzetinin təbliğat-təşviqat şöbəsinin müdiri idi. Eyni zamanda redkollegiyanın üzvüydü. Üstəlik, sözü eşidilən, fikrinə hörmətlə yanaşılan, nüfuzu olan bir jurnalist idi.
Mənim həmin qəzetdə işə qəbul olunmağımda Şakir müəllimin xüsusi rolu olub. Bunu illər keçsə də, heç vaxt unutmamışam.
Sonralar redkollegiyanın üzvlərindən biri mənə danışmışdı ki, işə qəbulum müzakirə olunarkən Şakir müəllim mənim haqqımda zəmanət xarakterli çıxış edib, işə götürülməyimi müdafiə edib.
Məni daha yaxından tanıyan, özü də həmyerlim olan bir nəfər həmin müzakirədə haqqımda bir kəlmə belə demədiyi halda, Şakir müəllim mənə dəstək olub. Məni yaxşı tanımadığı halda belə, haqqımda müsbət fikir söyləməkdən çəkinməyib. Bəlkə də onun üçün bu, adi bir çıxış, adi bir insani münasibət idi. Amma mənim üçün bu, ömrüm boyu minnətdarlıqla xatırlayacağım bir yaxşılıqdır.
İnsan bəzən bir qapıdan içəri daxil olur və ömrünün yeni bir mərhələsi başlayır. O qapının açılmasına kimin kömək etdiyini isə heç vaxt unutmamalıdır. Mən unutmamışam. Şakir müəllimin o vaxt mənə göstərdiyi etimadı, mənim üçün səsləndirdiyi ədalətli fikri həmişə minnətdarlıqla xatırlayıram. Çünki insanın yolunun başlanğıcında ona inanan birinin olması çox böyük xoşbəxtlikdir.
Şakir müəllim belə idi. O, kiminsə taleyində yaxşılığa doğru dəyişiklik etmək imkanını dəyərləndirirdi. Gənclərin qarşısında qapıların bağlanmasını yox, açılmasını istəyirdi. Redaksiyaya təzə gələn jurnalistlərə dəstək olur, onların püxtələşməsinə, özlərini təsdiq etməsinə çalışırdı. Bu gün mətbuatda tanınan, sözü və qələmi ilə seçilən bir çox jurnalistin onu fəxrlə öz ustadı adlandırması da təsadüfi deyil. Ustadlıq verilən ad deyil, qazanılan etimaddır. Şakir müəllim bu etimadı qazanmışdı.
O, işlədiyi redaksiyalarda özünə sevgi və hörmət qazandırmışdı. “Azərbaycan gəncləri”ndən sonra “Kommunist” — indiki “Xalq qəzeti”, “Həyat” — indiki “Azərbaycan” və “Səhər” qəzetlərində də həmkarlarının rəğbətini qazanmışdı. Deməli, onun böyüklüyü təkcə yazılarında, kitablarında, peşəkar fəaliyyətində deyildi. O, həm də kollektivin içində insan olaraq sevilməyi bacarırdı.
Əslində, insanın kim olduğunu anlamaq üçün onun haqqında yazılanlardan çox, arxasınca deyilənlərə, yoxluğunda xatırlananlara baxmaq lazımdır. Şakir müəllim bu mənada da xoşbəxt insan idi. Onun haqqında danışanda təkcə jurnalistikadakı xidmətləri yada düşmür. İnsanlar onun mərhəmətindən, ədalətindən, xeyirxahlığından, qayğısından söz açırlar. Deməli, o, ömrünü yalnız peşəsinə deyil, insanlara da həsr edib.
Şakir müəllimin çox gözəl ailəsi var. Tələbəlik illərindən sevib seçdiyi Elminaz xanımla qurduğu ailə onların sevgisinin, sədaqətinin və bir-birinə bağlılığının canlı nümunəsidir. İki qız övladı böyüdüb boya-başa çatdırıblar. Biri həkim, digəri iqtisadçıdır. Hər ikisi öz sahəsində ölkəmiz üçün faydalı işlərlə məşğuldur. Dörd nəvəsi var. Bu gün Şakir müəllimin ömür yolu övladlarının, nəvələrinin həyatında, onların uğurlarında, ailəsinin mənəvi dünyasında davam edir.
Elminaz xanımın hər gün Şakir müəllimdən danışması isə mənə elə gəlir ki, sevginin ən təsirli ifadələrindən biridir. İnsan sevdiyini itirəndə onunla bağlı xatirələrə sığınır. Amma elə sevgilər də var ki, xatirə olmaqla kifayətlənmir, insanın gündəlik həyatında yaşamağa davam edir. Elminaz xanımın Şakir müəllimdən sanki o, hələ də yanındaymış kimi danışması illərlə qurulmuş bir ömrün, dərin bağlılığın, qəlbdən-qəlbə uzanan bir sevginin ifadəsidir. Bədən gedir, səs susur, amma həqiqi sevgi susmur...
Bu gün Şakir müəllim haqqında düşünəndə bir daha anlayıram ki, insanın əsl sərvəti nə qazandığı adlar, nə tutduğu vəzifələr, nə də yazdığı kitabların sayıdır. Əsl sərvət onun kimlərin həyatına toxunması, kimlərin yoluna işıq salması, kimlərin yaddaşında necə qalmasıdır.
Şakir Yaqubovun sözü yaşayır. Yazdığı kitablar oxunur. Jurnalistikamızda öz dəst-xətti, öz üslubu, öz imzası qalır. Onun yetişməsinə kömək etdiyi jurnalistlər bu gün öz qələmləri ilə yoluna davam edirlər. Bir vaxtlar müdafiə etdiyi, inandığı insanlar isə onun yaxşılığını minnətdarlıqla xatırlayırlar. Mən də onlardan biriyəm.
Bəzən düşünürəm, görəsən, Şakir müəllim özü bilirdimi ki, illər əvvəl redkollegiyanın bir iclasında mənim haqqımda söylədiyi bir neçə söz bu qədər uzun müddət yaddaşımda yaşayacaq? Bəlkə də bilmirdi. Çünki yaxşı insanlar çox vaxt etdikləri yaxşılığın böyüklüyünü ölçmürlər. Onlar sadəcə vicdanlarının səsinə qulaq asırlar. Amma həmin yaxşılıq kiminsə ömründə silinməz izə çevrilir.
Bu gün onun anım günündə Şakir müəllimə bir daha ürəkdən rəhmət diləyirəm. Kaş, insanın ona olan minnətdarlığını, sevgisini, qədirbilənliyini özü sağ ikən daha çox ifadə etmək mümkün olaydı. Kaş, belə insanlara “sizin yaxşılığınızı unutmamışam” demək üçün anım günlərini gözləməyəydik...
Amma həyatın dəyişməz həqiqəti budur: bəzi sözlər gec deyilir, bəzi təşəkkürlər xatirələrə qarışır. Bununla belə, unudulmayan yaxşılıqların vaxtı keçmir.
Şakir müəllim, mən Sizi unutmadım. Mənə göstərdiyiniz etimadı, haqqımda söylədiyiniz o ədalətli sözləri, jurnalist kimi yolumun başlanğıcında mənə verdiyiniz mənəvi dəstəyi unutmadım. Bu gün Sizi ehtiramla, sevgi ilə, minnətdarlıqla xatırlayıram.
Siz cismən aramızda yoxsunuz. Amma Sizin kimi insanların yoxluğu onların varlığını silmir. Əksinə, illər keçdikcə dəyərini daha aydın göstərir. Sizin sözünüz yaşayır, qələminizin izi qalır, insanlığınız isə Sizi tanıyanların qəlbində yaşamaqdadır.
Ruhunuz şad, məkanınız cənnət olsun, Şakir müəllim!
Unudulmadınız, ustad. Unudulmayacaqsınız...
Şəmsiyyə Musaqızı,
Əməkdar jurnalist
15.10. 2026 Bakı
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



