Xəbərlər
16.10.2026, 01:15
✍ Sevil Azadqızı : MÜƏLLİM ŞƏXSİYYƏTİNİN FORMALAŞDIRICI TƏSİRİ

Bu baxımdan müəllim şəxsiyyəti görünməz, lakin çox güclü bir təsir mexanizmi kimi fəaliyyət göstərir və bu təsir illərlə insanın daxilində yaşayır. Müəllim eyni zamanda şagirdin özünəinamının formalaşmasında mühüm rol oynayır. Bir müəllimin vaxtında dediyi bir təşviqedici söz, göstərdiyi kiçik diqqət və ya inam ifadəsi şagirdin həyatında dönüş nöqtəsinə çevrilə bilər. Cünki insanın özünə inamı çox zaman başqalarının ona olan münasibətindən qidalanır. Müəllim şagirdin potensialını görüb onu dəyərləndirdikdə, şagird özünü kəşf etməyə başlayır və bu kəşf prosesi onun gələcək uğurlarının əsasını qoyur, lakin bunun əksi olduqda yəni müəllim laqeyd, kobud və ya haqsız olduqda şagirdin daxilində qorxu, güvənsizlik və mənəvi boşluq yaranır. Bu isə onun inkişafına mənfi təsir göstərir və bəzən uzun illər aradan qaldırılması çətin olan psixoloji izlər buraxır. Buna görə müəllimlik sadəcə peşə deyil, həm də böyük mənəvi məsuliyyət daşıyan bir missiyadır. Müəllim şəxsiyyəti yalnız fərdi səviyyədə deyil, cəmiyyət səviyyəsində də mühüm rol oynayır. O, milli kimliyin, mədəni dəyərlərin, dilin və tarixin daşıyıcısıdır və bu dəyərləri yeni nəslə ötürərək cəmiyyətin davamlılığını təmin edir. Əgər müəllim öz köklərinə bağlıdırsa, milli və mənəvi dəyərləri yüksək tutursa, bu keyfiyyətlər şagirdə də ötürülür və beləliklə sağlam düşüncəli, milli kimliyini dərk edən, vətəninə bağlı bir nəsil formalaşır. Əks halda bu bağ zəifləyir və cəmiyyətin mənəvi dayaqları sarsıla bilər.
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı müəllimin rolunu dəyişdirmiş kimi görünsə də, əslində onun əhəmiyyətini daha da artırmışdır. Çünki bu gün informasiya bolluğu içində doğru ilə yanlışı ayırmaq, məlumatı təhlil etmək, düzgün qərar vermək bacarığı daha vacibdir və bu bacarıqların formalaşmasında müəllim əsas rol oynayır. Müəllim şagirdə yalnız məlumat vermir, o həm də düşünməyi öyrədir, sual verməyi öyrədir, araşdırma aparmağı və nəticə çıxarmağı öyrədir. Bu isə müasir dünyanın ən vacib bacarıqlarındandır. Müəllim həm də emosional zəkanın inkişafında mühüm təsirə malikdir. O, şagirdin hisslərini anlamağa, empati qurmağa, öz emosiyalarını idarə etməyə kömək edir, çünki sağlam cəmiyyət yalnız savadlı deyil, eyni zamanda emosional baxımdan balanslı fərdlərdən ibarət olmalıdır və bu balansın təməlində yenə müəllim dayanır. Müəllimin şəxsi nüfuzu və daxili mədəniyyəti də onun təsir gücünü müəyyən edən əsas amillərdəndir. Müəllim öz üzərində işlədikcə, dünyagörüşünü genişləndirdikcə, etik davranış qaydalarına əməl etdikcə onun sözü daha təsirli olur və şagirdlər tərəfindən daha ciddi qəbul edilir. Bu isə təlim-tərbiyə prosesinin keyfiyyətini yüksəldir. Digər tərəfdən müəllim şagird üçün yalnız bir müəllim deyil, çox zaman dost, məsləhətçi və həyat yolunda istiqamət verən bir bələdçi rolunu oynayır. Şagird çətin anlarında müəllimə üz tutur, ondan dəstək və yol göstərmə gözləyir və bu zaman müəllimin verdiyi düzgün istiqamət şagirdin həyatında böyük rol oynayır. Bu münasibət qarşılıqlı etimad üzərində qurulduqda daha da güclü təsir yaradır.
Nəticə olaraq demək olar ki, müəllim şəxsiyyəti insan həyatının formalaşmasında əvəzsiz rol oynayır. Onun təsiri görünməz olsa da son dərəcə dərin və davamlıdır. Güclü şəxsiyyətə malik müəllimlər yetişdikcə cəmiyyət də sağlam, düşüncəli, məsuliyyətli və mənəviyyatlı fərdlərlə zənginləşir və bu da gələcəyin daha möhkəm, daha işıqlı və daha ümidverici olmasına zəmin yaradır. Müəllim bir insanın deyil, bütöv bir nəslin taleyinə təsir edən ən böyük qüvvələrdən biridir və bu qüvvənin düzgün istiqamətdə istifadəsi cəmiyyətin inkişafının əsas şərtlərindən biridir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


