HACIMƏMMƏD MƏMMƏDOV,
PEDAQOQ

İnsanın böyüklüyü yaşadığı illərlə deyil, qoruduğu mənəvi dəyərlərlə ölçülür.

İnsan dünyaya gələndə onun qarşısında uzun bir həyat yolu açılır. Bu yolun hansı istiqamətdə davam edəcəyi, insanın kim kimi formalaşacağı, cəmiyyətə nə verəcəyi, özündən sonra hansı izləri qoyacağı bir çox amillərlə yanaşı, aldığı tərbiyədən, mənimsədiyi mənəvi dəyərlərdən və həyat boyu qazandığı təcrübədən asılıdır. İnsan savadlı ola bilər, yüksək vəzifə tuta bilər, böyük sərvət sahibi ola bilər. Lakin bütün bunlar onun mənəvi cəhətdən yetkin şəxsiyyət olduğunu söyləmək üçün kifayət edərmi? Əlbəttə, yox! Çünki insanın həqiqi dəyərini yalnız bildikləri, sahib olduqları və tutduğu mövqe deyil, həm də başqalarına münasibəti, vicdanının səsi, ədalətə sədaqəti və mənəvi məsuliyyəti müəyyənləşdirir.
Bəs mənəvi tərbiyə nədir? O, sadəcə olaraq uşağa böyüklərə hörmət etməyi, salam verməyi, özünü cəmiyyətdə düzgün aparmağı öyrətməkdirmi? Bunlar mənəvi tərbiyənin mühüm əlamətləridir, lakin onun məzmunu daha genişdir. Mənəvi tərbiyə insanın daxilində həqiqətə bağlılıq, ədalət hissi, vicdan, mərhəmət, məsuliyyət, ləyaqətə hörmət və başqasının haqqını qorumaq kimi keyfiyyətlərin formalaşdırılmasıdır. Bu tərbiyə insanın yalnız davranışında deyil, düşüncəsində, qərarlarında, münasibətlərində və həyat mövqeyində özünü göstərməlidir.
Əsl tərbiyə insanın heç kəs görmədiyi yerdə də doğru davranması, öz xeyrinə olsa belə, başqasının haqqına girməməsi, gücü çatdığı halda zəifi incitməməsi, vəzifəsi olduğu halda insanları özündən aşağı görməməsidir. Çünki tərbiyənin həqiqi meyarı insanın başqalarının qarşısında necə görünməsi deyil, daxilən necə insan olmasıdır.

Tərbiyə geniş məna daşıyır


Tərbiyə bir ailənin, bir məktəbin, yaxud bir müəllimin üzərinə düşən vəzifə ilə məhdudlaşmır. O, ailədən başlayır, məktəbdə inkişaf edir, cəmiyyətin münasibətlərində möhkəmlənir və insanın bütün ömrü boyu davam edir. Ailə uşağa ilk davranış qaydalarını öyrədir, məktəb onun dünyagörüşünü genişləndirir, əmək mühiti məsuliyyətini artırır, cəmiyyət isə mənimsədiyi dəyərləri sınağa çəkir.
Tərbiyənin müxtəlif istiqamətləri vardır: əxlaqi, mənəvi, vətənpərvərlik, əmək, hüquq, estetik, ekoloji və fiziki tərbiyə. Bu sahələrin hər biri insanın kamilləşməsinə xidmət edir. Lakin onların arasında elə bir mənəvi bağ mövcuddur ki, biri digərindən ayrı təsəvvür edilə bilməz. Vətənini sevdiyini söyləyən insan xalqının haqqına hörmət etmirsə, əməksevər olduğunu deyən şəxs başqasının əməyini mənimsəyirsə, savadlı adam həqiqəti bilərəkdən təhrif edirsə, deməli, onun bilikləri ilə mənəvi davranışı arasında ciddi uyğunsuzluq vardır.
Mənəvi tərbiyə insanın özünə və başqalarına qarşı məsuliyyətini dərk etməsidir. O, yalnız yaxşılıq etməyi deyil, haqsızlığa yol verməməyi də öyrədir. Yalnız böyüyə hörmət etməyi deyil, kiçiyin də ləyaqətini qorumağı tələb edir. Yalnız öz haqqını müdafiə etməyi deyil, başqasının haqqını da öz haqqın qədər müqəddəs bilməyi aşılayır.
Deməli, tərbiyəli insan olmaq həyatın bütün sahələrində müəyyən mənəvi prinsiplərə sadiq qalmaq deməkdir.

Həqiqəti dərk etmək və ədaləti qorumaq

Mənəvi tərbiyənin əsas sütunlarından biri həqiqəti dərk etməkdir. Həqiqəti dərk etmək isə yalnız baş verən hadisələri bilməkdən ibarət deyil. Həqiqəti qəbul etmək, onu şəxsi maraqlardan üstün tutmaq, səhvini etiraf etmək və düzgün nəticə çıxarmaq da bu anlayışa daxildir.
Bəzən insan həqiqətin nə olduğunu bilir, lakin həmin həqiqət onun maraqlarına uyğun gəlmədikdə susmağa üstünlük verir. Bəzən haqsızlığı görür, amma özünə toxunmadığı üçün müdaxilə etmir. Bəzən də yaxın bildiyi adamın səhvini müdafiə edir, başqasının eyni hərəkətinə isə sərt münasibət göstərir. Belə məqamlarda insanın mənəvi mövqeyi üzə çıxır.
Ədalət şəxsi münasibətlərdən, qohumluqdan, dostluqdan, vəzifədən və maddi imkanlardan üstün tutulmalıdır. Əgər bir insanın əməyinə yalnız tanış olduğu üçün qiymət verilirsə, digərinin zəhməti isə diqqətdən kənarda qalırsa, burada ədalət prinsipinin qorunmasından danışmaq çətindir. Əgər eyni hərəkət birinə görə bağışlanır, digərinə görə qınanırsa, deməli, münasibətlərdə ölçü vahidi dəyişir.
Ədalətli olmaq hər kəsə eyni sözü demək deyil, hər kəsə haqqı olan münasibəti göstərməkdir. İnsanların imkanları, ehtiyacları və vəziyyətləri fərqli ola bilər. Lakin onların insan ləyaqəti bərabərdir. Məhz buna görə də mənəvi tərbiyə bizə öyrətməlidir ki, heç kəsin haqqı onun kasıblığına, sadəliyinə, vəzifəsizliyinə və ya özünü müdafiə etmək imkanının azlığına görə tapdanmamalıdır.
Həqiqətə xidmət etmək bəzən çətin, ədaləti qorumaq isə məsuliyyətli seçimdir. Ancaq insanın mənəvi böyüklüyü də məhz belə məqamlarda müəyyənləşir.

İnsan ləyaqətinə və əməyə hörmət


Hər bir insanın özünəməxsus ləyaqəti vardır. İnsanların təhsili, peşəsi, maddi vəziyyəti, sosial mövqeyi bir-birindən fərqlənə bilər. Lakin bu fərqlər heç kimə digərini alçaltmaq, təhqir etmək və ya onun əməyini dəyərsiz saymaq hüququ vermir.
Cəmiyyətin inkişafı müxtəlif peşə sahiblərinin zəhmətindən asılıdır. Müəllim öyrədir, həkim sağlamlığı qoruyur, mühəndis qurur, fəhlə istehsal edir, kəndli torpağı becərir, sürücü insanları və yükləri mənzil başına çatdırır, təmizlik işçisi yaşadığımız məkanı səliqəyə salır. Hər bir halal əmək öz yerində qiymətlidir. Bu əməklərin birini digərindən üstün tutmaqla insanın şəxsiyyətini peşəsinə görə ölçmək düzgün deyil.
Təəssüf ki, bəzən vəzifə sahibinə həddindən artıq ehtiram göstərildiyi halda, sadə zəhmət adamının xidməti unudulur. Halbuki vəzifə müvəqqəti, insanlıq isə ömürlük məsuliyyətdir. Bu gün yüksək mövqedə olan insan sabah həmin mövqedən ayrıla bilər. Lakin onun insanlarla necə rəftar etdiyi, kimin haqqını qoruduğu, kimin əməyini qiymətləndirdiyi yaddaşlarda qala bilər.
Mənəvi tərbiyə insanı məhz bu həqiqətə hazırlamalıdır: insanın qiyməti onun başqalarından nə qədər üstün görünməsində deyil, başqalarına nə qədər hörmətlə yanaşmasındadır.
Bir təşəkkür sözü, vaxtında verilən obyektiv qiymət, zəhmətin səmimi etirafı bəzən böyük mükafatdan daha dəyərli olur. İnsan əməyinin görüldüyünü, zəhmətinin qiymətləndirildiyini hiss etdikdə işinə daha böyük həvəslə yanaşır, cəmiyyətə fayda vermək istəyir. Deməli, əməyə hörmət yalnız mənəvi tələb deyil, həm də sağlam ictimai münasibətlərin mühüm şərtidir.
Mənəvi tərbiyə ailədən və məktəbdən başlayır
Uşaq dünyanı əvvəlcə ailəsinin gözü ilə görür. O, valideynlərinin dediklərindən daha çox, etdiklərinə diqqət yetirir. Böyüklər dürüstlükdən danışıb özləri yalan danışırlarsa, ədalətdən söz açıb haqsızlığa yol verirlərsə, uşağın zehnində ziddiyyət yaranır. Buna görə də tərbiyədə sözlə əməl bir-birini tamamlamalıdır.
Valideynin övladına verə biləcəyi ən böyük dərslərdən biri öz davranışı ilə nümunə olmaqdır. Uşağa yalan danışmamağı söyləmək vacibdir, lakin onun yanında doğru danışmaq daha vacibdir. Başqasına hörmət etməyi öyrətmək lazımdır, amma həmin hörməti gündəlik münasibətlərdə göstərmək də zəruridir. Çünki mənəvi dəyərlər yalnız nəsihətlə deyil, yaşanan nümunələrlə mənimsənilir.
Məktəbin və müəllimin rolu da əvəzsizdir. Müəllim yalnız dərs deyən, şagirdə bilik verən insan deyil. O, eyni zamanda düşünməyi, fərqləndirməyi, məsuliyyət daşımağı, başqasının fikrinə hörmət etməyi və səhvdən nəticə çıxarmağı öyrədən şəxsdir. Müəllimin ədalətli münasibəti, verdiyi qiymətin obyektivliyi, şagirdlər arasında ayrı-seçkiliyə yol verməməsi onun pedaqoji nüfuzunu müəyyənləşdirən əsas amillərdəndir.
Qırx beş il müəllimlik fəaliyyəti ilə məşğul olmuş bir insan kimi düşünürəm ki, təhsilin uğuru yalnız şagirdin nə qədər məlumat mənimsəməsi ilə ölçülməməlidir. Onun hansı mənəvi keyfiyyətlərə yiyələnməsi də eyni dərəcədə əhəmiyyətlidir. Bilikli, lakin məsuliyyətsiz; savadlı, lakin başqasının haqqına hörmət etməyən; bacarıqlı, lakin özündən zəifləri alçaldan insan yetişdirmək təhsilin qarşısında duran əsas məqsədləri tam həyata keçirmək demək deyil.
Məktəb şagirdə həm öyrənməyi, həm də insan olmağı öyrətməlidir. Bu iki vəzifə bir-birindən ayrılmamalıdır.

Gəncliyi haqq və ədalətə hazırlamaq


Gənclik hər bir xalqın sabahıdır. Bu gün uşaqlara və gənclərə nə öyrədiriksə, hansı nümunələri göstəririksə, gələcəyin cəmiyyətinin mənəvi mənzərəsinin formalaşmasına da təsir göstəririk. Buna görə gənclərin tərbiyəsi yalnız onların gələcək peşəsinə hazırlanması ilə məhdudlaşmamalıdır. Onlar həm də vicdanlı vətəndaş, məsuliyyətli ailə üzvü, ədalətli rəhbər, zəhmətkeş işçi və etibarlı dost olmağa hazırlanmalıdırlar.
Gənclərə başa salmalıyıq ki, həyatda uğur qazanmaq üçün hər vasitə məqbul sayıla bilməz. Məqsədə çatmaq qədər, həmin məqsədə hansı yolla çatmaq da əhəmiyyətlidir. Haqsızlıqla əldə olunan uğur zahirən parlaq görünə bilər, lakin onun mənəvi dəyəri şübhə altındadır. Əksinə, halal zəhmətlə, səbir və dürüstlüklə qazanılan kiçik uğur insanın alnını açıq, vicdanını rahat saxlayır.
Gənclərə yalnız hüquqlarından danışmaq kifayət deyil, onların vəzifə və məsuliyyətlərini də izah etmək lazımdır. Öz hüququnu bilən insan başqasının hüququnu da tanımalıdır. Öz fikrini müdafiə edən gənc qarşı tərəfi dinləməyi bacarmalıdır. Səhv edən zaman onu boynuna almaqdan çəkinməməli, uğur qazandıqda isə başqalarının zəhmətini unutmamalıdır.
Həyatın bütün sınaqlarından qorunmuş insan yetişdirmək mümkün deyil. Ancaq onu sınaqlar qarşısında düzgün seçim etməyə hazırlamaq mümkündür. Mənəvi tərbiyənin məqsədi də budur: gəncə yalnız nə etməli olduğunu deyil, nə üçün düzgün davranmalı olduğunu anlatmaq.
Bərabərlik prinsipi qorunmalıdır
Mənəvi tərbiyənin əsas şərtlərindən biri bərabərlik və ayrı-seçkiliyə yol verilməməsidir. Ailədə övladlara münasibətdə, məktəbdə şagirdlər arasında, iş yerində əməkdaşlara yanaşmada, cəmiyyətdə insanların qiymətləndirilməsində ədalətli meyarlar əsas götürülməlidir.
Bərabərlik o demək deyil ki, hər kəsin bacarığı, əməyi və məsuliyyəti eynidir. Bərabərlik o deməkdir ki, heç kim mənşəyinə, maddi imkanına, tanışlarına və tutduğu mövqeyə görə əsassız üstünlük qazanmamalı, heç kim də bu amillərə görə hüquqlarından məhrum edilməməlidir. İnsanların fərdi xüsusiyyətlərini nəzərə almaqla yanaşı, hamıya ləyaqətlə yanaşmaq, eyni prinsipləri eyni vəziyyətlərdə tətbiq etmək vacibdir.
Əgər uşağa ailədə ədalətli münasibət göstərilirsə, o, ədalətin nə demək olduğunu daha asan anlayır. Əgər məktəbdə hər bir şagirdin fikrinə hörmət edilirsə, gənc özünün də cəmiyyətin bərabərhüquqlu üzvü olduğunu hiss edir. Əgər iş yerində əmək insanın şəxsi əlaqələrinə deyil, gördüyü işin keyfiyyətinə və məsuliyyətinə görə qiymətləndirilirsə, etimad artır, sağlam rəqabət formalaşır.
Bərabərlik prinsipi yalnız qanunlarda yazılmaqla kifayətlənməməli, gündəlik münasibətlərdə də öz əksini tapmalıdır. Çünki insanın ədalətə inamı çox vaxt onun həyatında qarşılaşdığı konkret münasibətlərdən yaranır.

Bəs mənəvi tərbiyəyə əməl olunurmu?


Bu sual üzərində hər birimiz düşünməliyik. Mənəvi tərbiyə haqqında danışmaq asandır, ona gündəlik həyatda əməl etmək isə insandan iradə, vicdan və məsuliyyət tələb edir.
Cəmiyyətimizdə dürüstlüyü, mərhəməti, sədaqəti, zəhmətkeşliyi, böyüyə hörməti və kiçiyə qayğını həyatının əsas prinsipi hesab edən çoxlu insan var. Övladlarını halal zəhmətlə böyüdən valideynlər, vicdanla çalışan müəllimlər, insanların dərdinə şərik olan həkimlər, haqqı qoruyan hüquqşünaslar, öz vəzifəsini məsuliyyətlə yerinə yetirən əmək adamları mənəvi dəyərlərimizin yaşadığını göstərirlər. Belə insanların varlığı cəmiyyətimiz üçün ümid və dayaqdır.
Lakin digər tərəfdən, gündəlik həyatda bizi düşündürən hallar da az deyil. Bəzən sözlə əməl arasında fərq yaranır, zəhmət lazımi qiymətini almır, insanlar arasında münasibətlər şəxsi maraqların təsiri altına düşür. Bəzən başqasının uğuruna sevinmək əvəzinə ona qısqanclıqla yanaşılır, səhvi düzəltmək əvəzinə onu gizlətməyə çalışılır, üzə deyilən xoş sözün arxasında fərqli münasibət dayanır. Belə halları ümumiləşdirərək hamıya aid etmək doğru olmaz. Ancaq onları görməzlikdən gəlmək də cəmiyyətin mənəvi sağlamlığına xidmət etmir.
Mənəvi tərbiyəyə əməl olunub-olunmadığını anlamaq üçün insanların nə danışdığına deyil, necə davrandığına baxmaq lazımdır. Haqqdan danışan şəxs başqasının haqqını qoruyurmu? Ədalətdən söz açan insan qərar verərkən obyektiv ola bilirmi? Əməyə hörmət etdiyini söyləyən rəhbər işçinin zəhmətini qiymətləndirirmi? Övladına dürüstlük öyrədən valideyn özü bu prinsipə sadiq qalırmı?
Bu sualların cavabı mənəvi tərbiyənin həyatımızdakı real yerini müəyyənləşdirməyə kömək edə bilər.
Mənəvi tərbiyə yalnız bayramlarda, tədbirlərdə, çıxışlarda xatırlanan bir anlayışa çevrilməməlidir. O, insanın gündəlik davranışında yaşamalıdır. Əks halda, ən gözəl sözlər belə öz təsirini itirə bilər.

Ədəbiyyatın mənəvi dərsləri


Bədii ədəbiyyat insanın mənəvi dünyasını zənginləşdirən, onu həyatın mürəkkəb həqiqətləri ilə üz-üzə qoyan böyük məktəbdir. Ədəbiyyat bizə yalnız hadisələri izləməyi deyil, insan xarakterlərini anlamağı, davranışların nəticələri barədə düşünməyi də öyrədir.
Nizami Gəncəvinin yaradıcılığında ədalət, insanlıq, xeyirxahlıq və hökmdarın xalq qarşısında məsuliyyəti mühüm yer tutur. Onun əsərlərində insanın böyüklüyü sərvətlə deyil, ağıl, mərhəmət və ədalətlə əlaqələndirilir. Nizaminin mənəvi dünyasından süzülən başlıca dərslərdən biri budur ki, güc və imkan insanı başqalarından üstün göstərmək üçün deyil, xeyirxah işlər görmək üçün istifadə edilməlidir.
Məhəmməd Füzulinin əsərlərində sədaqət, mənəvi iztirab, insan qəlbinin incəlikləri və həqiqi dəyər məsələləri geniş əksini tapır. Onun yaradıcılığı oxucunu zahiri görünüşlə daxili aləm arasındakı fərq haqqında düşünməyə sövq edir.
Cəlil Məmmədquluzadənin satirik əsərləri isə cəhaləti, ikiüzlülüyü, saxta dindarlığı, ictimai qüsurları və insanın öz səhvlərini görmək istəməməsini tənqid edir. Bu əsərlər göstərir ki, cəmiyyətin tərəqqisi üçün təkcə nöqsanları görmək deyil, onları etiraf etmək və aradan qaldırmağa çalışmaq da lazımdır.
Mirzə Ələkbər Sabirin satirası da insanı düşündürən, cəmiyyətin ağrılı məsələlərini açan mühüm mənəvi qaynaqdır. Onun tənqid etdiyi qüsurların mahiyyəti bizə xatırladır ki, savadsızlıq, nadanlıq, məsuliyyətsizlik və mənəvi laqeydlik qarşısında susmaq problemlərin həllinə kömək etmir.
Bədii ədəbiyyatın gücü ondadır ki, o, insana hazır hökm verməklə kifayətlənmir, onu düşünməyə, müqayisə aparmağa, öz davranışına nəzər salmağa çağırır. Bu səbəbdən gənc nəslin mütaliəyə marağını artırmaq, klassik irsimizi yaşatmaq və ədəbiyyatın mənəvi imkanlarından düzgün istifadə etmək tərbiyə işinin mühüm istiqamətlərindən biri olmalıdır.

Tərbiyə nəsihətdən çox, nümunədir

İnsanlara yaxşılıqdan danışmaq olar, lakin yaxşılığın nə olduğunu ən inandırıcı şəkildə yaxşılıq etməklə göstərmək mümkündür. Dürüstlük haqqında uzun-uzadı danışmaq olar, ancaq bir dəfə dürüst davranmaq bəzən yüz sözün təsirindən daha güclü olur.
Cəmiyyətdə nüfuz sahibi olan insanların davranışı xüsusilə böyük əhəmiyyət daşıyır. Rəhbər ədalətli olmalı, müəllim obyektiv davranmalı, valideyn məsuliyyət daşımalı, ictimai söz sahibi həqiqətə hörmət etməlidir. İnsanların nümunə götürdüyü şəxslər öz mövqelərindən irəli gələn mənəvi məsuliyyəti unutmamalıdırlar.
Bununla yanaşı, mənəvi tərbiyəni yalnız ayrı-ayrı şəxslərin üzərinə qoymaq da düzgün deyil. Sağlam mənəvi mühitin yaranması üçün ailə, məktəb, mədəniyyət müəssisələri, ictimai təşkilatlar və informasiya vasitələri qarşılıqlı əməkdaşlıq etməlidirlər. İnsanların zəhmətinə hörmət göstərilən, dürüst davranışın qiymətləndirildiyi, haqsızlığın isə sakit və əsaslandırılmış şəkildə düzəldildiyi mühitdə mənəvi dəyərlərin möhkəmlənməsi daha asan olur.
Tərbiyə insanı qorxutmaq, alçaltmaq və daim qınamaq yolu ilə deyil, ona düzgün davranışın səbəbini anlatmaqla daha yaxşı nəticə verir. Səhv edən insana səhvini göstərmək lazımdır, amma onu alçaltmadan; gəncə yol göstərmək lazımdır, amma onun ləyaqətini qoruyaraq; həqiqəti demək lazımdır, amma insanlıq ölçüsünü itirmədən.
Çünki məqsəd insanı utandırmaq deyil, onu düşündürmək və daha doğru davranmağa yönəltməkdir.

Sabahımız bu gün verdiyimiz tərbiyədən asılıdır


Hər bir cəmiyyətin gələcəyini yalnız iqtisadi inkişaf, yeni binalar, texnologiyalar və maddi imkanlar müəyyən etmir. Bunlar vacibdir, lakin insan amili hər zaman əsas yer tutur. Mənəvi dəyərlərini qoruyan, əməyə hörmət edən, qanunlara əməl edən, bir-birinin haqqını tanıyan və məsuliyyətli vətəndaşlar yetişdirən cəmiyyətin gələcəyə daha möhkəm addımlarla irəliləmək imkanı vardır.
Əgər biz sabah dürüst rəhbərlər görmək istəyiriksə, bu gün uşaqlarımıza dürüstlüyün nümunəsini göstərməliyik. Əgər ədalətli cəmiyyət arzulayırıqsa, gündəlik münasibətlərimizdə ədaləti qorumalıyıq. Əgər zəhmətkeş və məsuliyyətli gənclər yetişdirmək istəyiriksə, halal əməyin qiymətini vaxtında verməliyik. Əgər insanlar arasında inam və etibarın möhkəmlənməsini istəyiriksə, öz sözümüzə sahib çıxmalı, verdiyimiz vədə əməl etməliyik.
Sabahı yalnız arzulamaqla qurmaq mümkün deyil. Sabahın təməli bu gün atılır. Bu gün ailədə deyilən söz, məktəbdə göstərilən münasibət, iş yerində verilən qərar, insanın haqqına göstərilən ehtiram sabahın mənəvi mənzərəsinə təsir edir.
Mənəvi tərbiyə bir günlük tədbir, bir neçə saatlıq söhbət və ya yalnız gənclərə ünvanlanan nəsihət deyil. Bu, davamlı diqqət, qayğı, nümunə və məsuliyyət tələb edən uzun bir prosesdir. Hər bir insan özündən başlamalı, öz davranışına nəzər salmalı, başqasından tələb etdiyini ilk növbədə özü yerinə yetirməyə çalışmalıdır.

Son söz əvəzi


Ömrünün böyük hissəsini müəllimliyə, insanlarla ünsiyyətə, sözün və həqiqətin keşiyində dayanmağa sərf etmiş bir ağsaqqal kimi düşünürəm ki, mənəvi tərbiyə məsələsi heç vaxt aktuallığını itirməyəcək. Zaman dəyişəcək, həyat tərzi yenilənəcək, elmi-texniki tərəqqi yeni imkanlar yaradacaq. Lakin insanın dürüstlüyə, ədalətə, hörmətə, mərhəmətə və etibara ehtiyacı dəyişməyəcək.
Biz gənclərə yalnız necə yaşamağı deyil, necə insan olmağı da öyrətməliyik. Onlara anlatmalıyıq ki, insanın qazandığı ən böyük sərvət başqalarının haqqına hörmətlə yanaşmaq, vicdanını təmiz saxlamaq və ömrünü faydalı işlərə həsr etməkdir. Vəzifə əldən çıxa bilər, sərvət azala bilər, şöhrət unudula bilər, lakin insanın dürüst əməlləri və yaxşı adı yaddaşlarda yaşaya bilər.
Mənəvi tərbiyəyə əməl olunub-olunmadığını hər birimiz özümüzdən soruşmalıyıq. Başqasını mühakimə etməzdən əvvəl öz davranışımızı ölçüb-biçməli, tələb etdiyimiz ədaləti öz münasibətlərimizdə də qorumalıyıq. Çünki cəmiyyətin mənəvi sağlamlığı hər birimizin şəxsi məsuliyyətindən başlayır.
Gəlin, uşaqlarımıza gözəl sözlərdən daha çox gözəl əməllər miras qoyaq. Onlara insanı var-dövlətinə görə deyil, mənəviyyatına görə qiymətləndirməyi öyrədək. Haqqın yanında dayanmağın, halal zəhmətə hörmət etməyin, ehtiyacı olanlara əl uzatmağın, sözə sədaqət göstərməyin insanı ucaltdığını anladaq.
Unutmayaq ki, tərbiyə insanın daxilində yandırılan bir işıqdır. Bu işıq nə qədər parlaq olarsa, insanın öz yolu da, cəmiyyətin gələcəyi də bir o qədər aydın görünər.
Sabahımızı düşünürüksə, mənəvi tərbiyəni bu gündən düşünməliyik. Çünki gələcəyin insanı bu günün ailəsində, məktəbində və cəmiyyətində yetişir. Sabah ədalətli dünya arzulayırıqsa, bu gün ədalətli olmağı bacarmalıyıq. Sabah dürüst insanlar görmək istəyiriksə, bu gün dürüstlüyün nümunəsinə çevrilməliyik. Sabahımızı düşünmək, əslində, bu gün özümüzdən başlamaqdır.

Son xəbərlər

İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB

Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur?

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

MƏNƏVİ TƏRBİYƏ NƏDİR? ONA ƏMƏL OLUNURMU?

“Nursema” qayıdır?

“Qızımın toyuna görə təqaüdə çıxa bilmirəm”

Xalq artisti evə buraxılıb - Vəziyyəti ağırdır

Emoməli Rəhmon Azərbaycanda səfərdədir

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub

Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

Laos AQEM-ə üzv qəbul edilib

Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək

İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb

Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Sergey Lavrov Bakıda AQEM sammitində iştirak edəcək

“Azərbaycanda İslama münasibətin şübhə altına alınması təəssüf doğurur”

Tupak Şakurun qətlinə görə ilk hökm çıxarıldı - 30 il sonra

“Xalaqızı” vəfat etdi

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib

Elnur Əliyev: "18 yerli müəssisəyə transformasiya yol xəritəsi hazırlanıb"

İlham Əliyev: "Azərbaycan beynəlxalq miqyasda istifadə oluna biləcək şəhərsalma təcrübəsi yaradır"

Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb

UEFA Çempionlar Liqasında II turun növbəti matçları keçiriləcək

Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq

Anasının dəfninə getməyib “TikTok”da sərvət qazanmışdı - Səbəbini açıqladı

Səyahət et, qoxla və pul qazan! - Xəyal kimi vakansiya elan etdilər

SEVDİYİM İNSANLAR KÖÇÜR DÜNYADAN

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031