
Xəbərlər
4.02.2025, 00:18
Hacıməmməd MƏMMƏDOV - 75 - FOTOLAR
Hacıməmməd MƏMMƏDOV - 75
ƏN UZUN HƏYAT MƏNALI YAŞANANDIR
Çoxdan, lap çoxdan tələbəlik çağlarımda, Bakıda yaşayanda və ixtisasım üzrə işləyəndə arzularımdan biri də bu olub ki, Hacıməmməd Məmmədovu yaxından tanıyım, onunla tanış olum. Çünki zəmanəsinin ən populyar, yazdıqları hətta “daşdan belə keçən” “Zəhmətkeş” qəzetində Hacıməmməd müəllimin oçerklərini, bədii-publisist qeydlərini, başqa janrda yazılarını tez-tez oxuyardım. Müəllifin aydın, rəvan dili, həyat hadisələrinə münasibəti, tərənnüm etdiyi obrazların sözlə portretini yaratması bir oxucu kimi mənə böyük ustad yazarlarımızın yaradıcılıqlarını xatırladırdı. Lakin onu görmək arzu olaraq qalırdı. Hacıməmməd müəllim isə fasiləsiz yazırdı. Doğma İsmayıllımızdan, onun kəndlərindən, zəhmətkeş insanlarından, görkəmli ziyalılarından soraqlar verirdi. Gah mülayim, gah da sərt.
İSMAYILLIMIZIN HACISI
Allah-taala heç vaxt yaratdığı bəndəsinin arzusunu ürəyində, niyyətini könlündə qoymur. Əgər əlin, ünün nəyəsə, harasa, hansısa məqsədə çatmırsa, demək, qismətin deyil. Bir də bəşər boyu səslənən bu deyimə şəkk-şübhə gətirmək doğru olmaz: alın yazısından qaçmaq mümkün deyil.
Hacıməmməd müəllimlə görüşmək də mənim bəxt payımda varmış. Amma necə? Ötən əsrin 80-ci illərinin sonlarında rayonda təşkil edilmiş bir tədbirdə təsadüfən üz-üzə gəldik. Qan, can qohumu Şahməmməd Dağlaroğlu ilə şirin söhbətimiz zamanı ağsaçlı bir nurani kişinin bizə yaxınlaşdığını gördüm və maraqla ondan soruşdum. Ş.Dağlaroğlu isə tövrünü pozmadan dedi: “İsmayıllımızın hacısı gəlir, Hacıməmməd müəllim”. Sən demə, rayonda dost-tanış onu belə adlandırırmış. Mən isə heç özümdə deyildim, həmişəki ovqatım yox idi. Onun gəlişi, şirin danışığı, məzəli söhbətləri əhvalımı tamam dəyişdirdi. O gündən mən də onu hacı deyə çağırmağa başladım…
Bilirdim: insan üçün ən dəhşətli şey – gözləri açıq ikən yatmış adama çevrilməkdir. Belə adam baxır, lakin heç nə görmür, heç bir şey haqqında düşünmür... Məni Hacıməmməd müəllimin ismin altı halında da hallanası mümkün olan səsi özümə qaytardı: “Noolub, qaqəş? A kişi, jurnalist də xəstələnər? Ə, bir başını yuxarı qaldır görüm... Dedilər ki, qələm yoldaşın, tanınmış qəzet jurnalisti nəsə özünü yaxşı hiss eləmir, dözə bilmədim, özümü çatdırdım bura”. Bu məlhəm səsdən kövrəldim. Azacıq keçmiş qürur hissi duydum. “Gör mənim qayğıma kim qalır, illərlə görüşmək istədiyim məşhur jurnalist, hər bir yazısı əks-səda salan Hacıməmməd Məmmədov” – deyə düşündüm. Ya ağrıdan, yaxud da həyadan doyunca onun üzünə baxa bilmədim. Çox çəkmədi, Hacıməmməd müəllimlə Şahməmməd Dağlaroğlu, eləcə də oradakı digər dostlarım maşın təşkil edib məni ata yurdum Basqala yola saldılar...
Hacıməmməd Məmmədovun şanlı yubileyi haqqında bu yazını hazırlayarkən qalmışam naçar: onu necə təqdim edim? Qüdrətdən vergisi olan ziyalı, qələm sahibi kimi, yoxsa son dərəcə alicənab, mərd, dağ qürurlu, ömrü boyu əyilməyən, sınmayan, sözübütöv insan, nümunəvi ailə başçısı – KİŞİ kimi? Birini digərindən heç cür seçmək mümkün olmayan yüksək keyfiyyətlər nadir adamlarda, özü də kamil, müdrik, həssas insanlarda birləşə bilər. Məsələn, Hacıməmməd müəllimdə olduğu kimi. Onun həyatı zəhmətlə yoğrulmuş bir ömür yoludur. Yaradıcılığı isə bədii, kövrək, həzin, təbii mənzərələri xatırladan aləm, dünyadır. Hünər istəyirəm bu iki – biri digərinə qaynaq, vəhdət olan ali cəhətləri ayıra bilsin. Ancaq mən sözügedən hər iki cəhət barədə danışmaq, yazmaq istəyirəm. Böyük Mirzə Cəlil yazırdı ki, ayna silinəndə işıq altında daha şəffaf və parlaq olur. H.Məmmədovun da istər yaradıcılığı, istərsə də insanlığı bir aynaya bənzəyir. Beləliklə, ilk öncə onun ömür yolu haqqında.
ÖZÜ DEMİŞKƏN:
1950-ci ildə, qışın oğlan çağında İsmayıllımızın dilbər güşələrindən olan, bənzərsiz dağ kəndi olan Pirəqanımda zəhmətkeş ailədə dünyaya göz açıb. Kəndlərində məktəb olmadığından ibtidai təhsilini Bağəlidə, natamam orta təhsilini Müdri kəndində, orta təhsilini isə Lahıc qəsəbəsində alıb.
1967-ci ildə orta təhsili başa vurub, sənədlərini Gəncə Dövlət Pedoqoji İnstitutunun Filologiya fakültəsinə verib, amma müsabiqədən keçə bilməyib. Hərbi xidmətdən sonra H. Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsinin əyani şöbəsinə qəbul olunub. Ailə vəziyyəti ilə əlaqədar bir il sonra rektorun adına ərizə yazıb qiyabi şöbəyə keçib. 1972-ci ilin sentyabrında ilk dəfə jurnal götürüb sinfə daxil olub, əmək fəaliyyətinə başlayıb. Onda rəhmətlik İsrayıl Həsənov İsmayıllı Rayon Maarif Şöbəsinin müdiri idi. H.Məmmədovun qiyabi oxumağının və ilk dəfə müəllim kimi Mücühəftəran kənd səkkizillik məktəbinə müəllim təyin edilməsinin əsas səbəbkarı İsrayıl müəllim olub.
1975-1976-cı illərdə rayonda çıxan "Zəhmətkeş" qəzetinin məktublar şöbəsində ədəbi işçi vəzifəsində çalışıb. Qəzetə yerli kadrlar gəldiyindən Qurbanəfəndi kənd səkkizillik məktəbinə direktor təyin edilib. Çalışdığı beş il müddətində böyük uğurlar və təcrübə qazanıb. Ailə vəziyyətinə görə xahişi ilə rayon qiyabi orta məktəbinə metodist təyin olunub. 1999-cu ildən 2017-ci ilədək İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində dil-ədəbiyyat müəllimi çalışıb.
12 dekabr 1999-cu ildə keçirilmiş ilk bələdiyyə seçkilərində İsmayıllı bələdiyyəsinə üzv seçilib və beş il fəaliyyət göstərib. 2006-cı ildən indiyədək 89 saylı İsmayıllı Dairə Seçki Komissiyasının həlledici səs hüquqlu komissiya üzvüdür.
Qeyd etdiyimiz kimi, onun yaradıcılıq yolu da şaxəlidir. "Səndən başqa bir sevdiyim bəndə yox", " Həyata sığmayan ömür ", "Ziya ocağı", "Həyat həqiqətləri" şeirlər kitabının müəllifi, “Bir ovuc torpaq - Pirəqanım", "Eldən gedən oğul", "Uğur yolları", "Ömürdən əlli yarpaq" kitablarının həmmüəllifi, dil-ədəbiyyat ixtisası üzrə dərslik, metodik vəsaitlər, 5-11-ci siniflər üzrə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə testlər, "Ədəbiyyatdan sual - cavab" kitablarının müəllifidir. İkinci Qarabağ müharibəsi zamanı rəşadət göstərmiş XTQ giziri şəhid Ramil Aydın oğlu Musayev haqqında xatirə kitabının - "Qəhrəmanın şəhadəti” kitabının da müəllifidir.
Onun çapa hazırlanmış iki – “Bizdən qalsa, söz qalacaq" və "Hər adam iz qoymur köçüb gedəndə" şeirlər kitabı da tezliklə oxucuların ixtiyarına veriləcək. Sonuncu kitabı isə ömür-gün yoldaşı Gülnaz xanımla 50 illik "Qızıl" toylarına ithaf olunub.
Hacıməmməd Məmmədov Azərbaycan müəllimlərinin bir neçə qurultayının nümayəndəsi olub. 2000-2001-ci illərdə "İlin ən yaxşı müəllimi " adına layiq görülüb.
2002-2003-cü tədris ilində Respublika üzrə keçirilən pedaqoji mühazirələr müsabiqəsində məruzəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin birinci dərəcəli diplomuna layiq görülüb. Onun məqalələri mütəmadi olarq “Azərbaycan müəllimi", “Təhsil problemləri" qəzetlərində, "Təhsil" jurnalında dərc olunub.
O, Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqları Rəyasət Heyətinin "Qızıl qələm" media mükafatı ilə təltif edilib. 2007-ci ildə "Qabaqcıl təhsil işçisi" döş nişanına, 2010-cu ildə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. Onun əməyi 100-dən çox fəxri fərman, diplom və pulla mükafatlandırılıb.
H.Məmmədov hazırda "Dağ çiçəkləri" Ədəbi Məclisinin üzvü, İsmayıllı Yazarları İctimai Birliyi sədrinin müavinidir.
Ailəlidir, Üç övladı, beş nəvəsi var. Gülnaz xanımla ailə həyatı qurub, Vəfa, Elxan və Elnur adlı övladların atasıdır. Nəvələrinin beşi də məktəblidir.
Onu da qeyd edim ki, Hacıməmməd Məmmədovgilin ailəsində səkkiz övlad boya-başa çatıb. Sonbeşiyi isə Hacıməmməd müəllim olub. 3 qardaş və beş - Eşvə, Giləxanım, Meyvə, Bikə və Şura adlı bacısını itirib. Hamısının övladları olub. Anası Ceyran xanım 1960-cı ildə, atası Mirzəməmməd kişi isə 1965-ci ildə dünyalarını dəyişiblər. Çox çətinliklərlə üzləşən H.Məmmədov qardaşları Məmməd və Ağaməmmədin, bir də analığı Soltanxanımın köməkliyi ilə oxuyub, özünə gün-güzəran qurub.
Yüzlərlə halal əməyinə tapınan qəhrəmanlarını yerdən göyə ucaldan, onları peşəkarlıqla vəsf edən, düzü düz, əyrini də əyri kimi təqdim edən Hacıməmməd müəllim özü haqqında “xəsisliklə” də olsa, yazmağı unutmayıb. Onun bioqrafik qeydləri xarakterik olduğundan, hətta nöqtə-vergülünə toxunmadan oxucuların diqqətinə çatdırdıq.
HACIMƏMMƏD MƏMMƏDOV SÖZ USTASI, MAHİR FİKİR SƏRRAFI KİMİ
Əslində isə yaşanan ömrün anları daha maraqlı, cəzbedici, yaddaqalımlıdır. Milli mətbuatımızın öndəri Həsən bəy Zərdabi yaradıcı adamı, xüsusən ömrünü, taleyini qəzetçiliyə bağlayan kəsləri arqaşları tarım çəkilən hanaya, onların qələm məhsullarını isə xalçaya vurulan ilmələrə bənzədib. Yelənə, gölə, ornamentlərə bir ilmə az, yaxud yerində vurulmazsa – çeşni oxşarlığı düz gəlmədiyi kimi, cümlədə bir söz artıq, yaxud əskik olarsa, məna, məzmun, məntiq dəyişər. Ömrünün yarıdan çoxunu mətbuata, konkret qəzetçiliyə sərf edən Hacıməmməd Məmmədov, sözün həqiqi mənasında, çeşni-ilmə, söz ustası, mahir fikir sərrafı kimi tanınıb və tanınır da.
O, qarış-qaış gəzdiyi kəndlərin təbiətinə, əhalinin güzəranına yaxından bələd olub, psixoloq-jurnalist kimi sakinlərlə görüşüb, onları dinləyib, qayğı və istəklərini qələmə alıb. Onun oçerk qəhrəmanları özgə bir planetdən yox, məhz doğulduqları, boya-başa çatdıqları ellərin, obaların əmək adamları, yalnız əllərinin qabarına, alınlarının tərinə güvənən, halal çörək qazanan insanlardır. Yüz il keçsə də, həmin zəhmət adamları, ziyalılar iki cəhətə görə unudulmayacaqlar. Əvvəla, təmiz, halal, təmənnasız fədakarlıqlarına görə, ikincisi də Hacıməmməd Məmmədov kimi məharətli, səriştəli jurnalistin bədii boyalarla, parlaq təfəkkürü ilə onların timsalında ümumiləşdirilmiş əməkçi obrazı yaratdığına görə.
YAZILARINDAKI ORİJİNAL FORMALAR, PRİYOMLAR KLASSİK ƏNƏNƏLƏRƏ SÖYKƏNİB
Hacıməmməd müəllim mindən artıq məqalənin müəllifidir. Bu faktın üstündən sükutla, ötəri keçmək biganəlik olardı. Adam var ki, atasına məktub yaza bilmir, yaxud da yazmaq istəmir. Ancaq bizim Hacıməmməd Məmmədov şirin yuxusuna haram qatıb, istili-şaxtalı axşamlar yazı qəhrəmanları yatanda, o, onların dünənini, bu gününü, sabahını təsvir və tərənnüm edib. Mindən artıq məqalə! Bu, ən azı min gecə yuxusuz qalmaq deməkdir. Eyni zamanda ən azı min adamı sevindirməkdir, müəllifin özünün qürur hissi duymağıdır.
Böyük Mirzə Cəlildən sonra milli mətbuatımızda satirik janrda, xüsusən felyeton yazanlarımız demək olar yox idi. Doğrudur, bu boşluq müəyyən zaman kəsiyində Əvəz Sadıq, Seyfəddin Dağlı, Salam Qədirzadə, Cahangir Gözəlov və başqaları tərəfindən dolduruldu. Lakin əyalətdə çalışan Hacıməmməd Məmmədovun yazılarındakı orijinal formalar, priyomlar həmişə klassik ənənələrə söykənib.Yazdıqlarının hərəsinin öz qayəsi, öz məramı, məqsədi, konkret ünvanı, tipajları var. Bu baxımdan etiraf etmək yerinə düşər: necə ki Mirzə Cəlilin felyetonları çağdaş dövrümüz üçün örnəkdir, nümunədir, əzizdir, inanırıq ki, Hacıməmməd Məmmədovun yaratdıqları da gələcək nəsillər üçün eyni dərəcə maraqlı və dəyərli olacaq.
H.Məmmədov öz qəhrəmanlarını çox yaxşı tanıyır. Sənət baxımından bu yazıların çoxu bitkin və tamdır. Bunlarda süjet də var, kompozisiya da, konflikt də, xarakter də, şirin yumor da, eyham da! O, yazmağı, özü də dadlı-duzlu yazmağı özünə şərəf və ləyaqət, alınaçıqlığı, üzağlığı qəbul edən əyalət yazarlarımızdan biridir. Onun ədəbi qəhrəmanları mənəm, sənsən, odur.
75 il yaşamaq, həyat proseslərinin, olaylarının bilavasitə müşahidəçisi və yazarı olmaq hər adamın qismətinə çıxmır. Ağsaqqalımız, həmkarımız Hacıməmməd Məmmədov isə bu ucalığa yüksəlib, layiq olduğu şərəfə çatıb, mənalı həyat yaşayıb. Ona bundan sonra da uzun ömür, cansağlığı, daha yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay