Həyatda çoxlarından fərqlənən insanlar haqqında söz demək həmişə çətindir. Onlar haqqında qürur və iftixar hissi ilə çox yazılar yazılıb, çox fikirlər söylənilib. Belə insanlar müdrik şəxsiyyət, yazıçı, müəllim kimi sevilir və yadda qalırlar. İnsan ömrü boyu yoluna çıxan işıqlı insanlara görə Tanrıya şükür edir. Elə məqamlar olur ki, insan Allahla təkbətək qalır, dualarında ona arxa-dayaq olmuş insanları xatırlayır. Belə anlarda xeyirxah insanların varlığı qəlbə rahatlıq gətirir. Əməlisaleh insanlar da həmişə xeyirxah əməlləri və duaları ilə yaşayırlar.
Bəzən elə olur ki, tanıdığımız, getdikcə daha çox sevdiyimiz insanlar haqqında yazacağımızı əvvəlcədən düşünmürük. Lakin zaman keçdikcə onların həyat və fəaliyyətini gələcək nəsillərə çatdırmağın mənəvi borc olduğunu anlayırıq. Mənim də böyük hörmət bəslədiyim yazıçı, jurnalist, müəllim Məmmədmirzə Rzayev haqqında bildiklərimi və xatirələrimi qələmə almağımın səbəbi də budur.
Haqqında söz açdığım böyük ürək sahibi Məmmədmirzə Rzayev doğulduğu elə, torpağa və Vətənə sonsuz məhəbbətlə bağlı idi. O, bu elin adət-ənənələrini təkcə qoruyub yaşatmır, həm də öz həyatı və yaradıcılığı ilə başqalarına sevdirirdi. O, əsl Azərbaycan vətəndaşı kimi yaşadı, arzularını övladlarının və yetirmələrinin əməllərində yaşatdı.
Onun azərbaycançılığı bütün xarakterində, davranışında, milli ruhunda və mənəvi aləmində özünü göstərirdi. Ərəbşünaslığı dərindən bilən dilçi, ədəbiyyatçı, müəllim, yazıçı və jurnalist idi. Doğulduğu Müdrü kəndinin mühiti, ailə tərbiyəsi bu keyfiyyətlərin formalaşmasında mühüm rol oynamışdı. Atası Şahsuvar kişi savadlı iqtisadçı idi, uzun illər kolxozun baş mühasibi işləmişdi. Allah rəhmət eləsin. Nəcibliyi, yüksək mənəviyyatı isə anası Güllübəyim xanımdan irsən almışdı.

Ali təhsilini başa vurduqdan sonra doğma kəndə qayıdan Məmmədmirzə müəllim şagirdlərinə təkcə ana dilini və ədəbiyyatı deyil, doğma yurdu, torpağı, təbiəti sevməyi də öyrədirdi. O, deyirdi ki, torpaqsız həyat yoxdur. İnsan doğma torpağını sevmirsə, harada yaşamasından asılı olmayaraq, həqiqi xoşbəxtliyi tapa bilməz. Torpaq insanı yedirdən, geyindirən ən böyük nemətdir. Bir buğda dənəsini torpağa səpsən, o, bunu artıqlaması ilə qaytarar. Torpağın özünəməxsus ətri var, onu heç bir ətriyyat əvəz edə bilməz. Torpaq saf qəlb kimidir, onu ürəklə sevmək lazımdır.
Məmmədmirzə müəllimin əsərlərində də torpaq və insan həmişə ön planda dayanırdı. O deyirdi ki, torpağın üzərində tikan da bitir, qızılgül də, buğda da, alaq da. Torpaq bundan utanmır, insanlar isə öz nöqsanlarını gizlətməyə çalışırlar. "Düzlüyü torpaqdan öyrənin" – bu fikir onun həyat fəlsəfəsinin ifadəsi idi.
Məhz bu düşüncələr onu doğma elinə, torpağına və Vətəninə daha da bağlamışdı.
Məmmədmirzə Rzayev bu gün aramızda olmasa da, əsərləri, xatirələri və yaratdığı obrazlar yaşayır. Bir yazıçı üçün bundan böyük xoşbəxtlik ola bilməz. Yazıçılıq və şairlik onun fitrətindən gəlirdi. Sanki dünyaya yazıb-yaratmaq, insanlara mənəvi sərvət qoyub getmək üçün gəlmişdi.
Onun "Yol gedər sizə, dağlar", "Olmuş əhvalatlar, lətifələr və rəvayətlər", "Sarabəyim" kitabları zəngin yaradıcılığının ən dəyərli nümunələrindəndir. Bu əsərlər dərin məzmunu, həyatiliyi və milli ruhu ilə oxucunu düşündürür.
Filoloq kimi biliyi, publisist kimi müşahidə qabiliyyəti, hadisələri həyat həqiqətləri ilə qəlbinin duyğularını birləşdirərək təqdim etməsi ona geniş oxucu rəğbəti qazandırmışdı. O, "İsmayıllı xəbərləri", "Zəhmətkeş" və "Girdiman" qəzetlərində müntəzəm çıxış edərək peşəkar publisist kimi özünəməxsus yaradıcılıq dəst-xətti formalaşdırmışdı.
Kitabları Məmməd Mirzə imzası ilə çap olunmuş bu sadə ömür sahibi səmimiyyəti ilə insanların qəlbində özünə əbədi yer qazanıb. Onun qələmə aldığı əsərlər xalqımıza və ədəbiyyatımıza bəxş etdiyi qiymətli mənəvi sərvət, dəyərli irsdir.
Məmməd Mirzənin ömür kitabını vərəqlədikcə onun zəngin şeir yaradıcılığı ilə də tanış oluruq. Şeirlərində həyatın işıqlı tərəflərini, insanların zərif duyğularını, arzu və istəklərini, qurub-yaratmaq həvəsini, ata-ana məhəbbətini böyük sevgi ilə tərənnüm edib. O, insan zəkasını, zəhməti və təbiətin füsunkar gözəlliklərini ilhamla qovuşduraraq oxucuya təqdim edib. Maraqlıdır ki, bütün bunlara baxmayaraq, heç vaxt özünü şair adlandırmazdı. Rayonun "Zəhmətkeş" qəzetində birlikdə çalışdığımız illərdə dəfələrlə şahidi olmuşam ki, neçə-neçə müəllifin şeirlərini redaktə edib cilalayar, onları daha mükəmməl hala gətirərək çap etdirərdi.
Məmmədmirzə Rzayev (Məmməd Mirzə) 1943-cü il yanvarın 20-də İsmayıllı rayonunun Müdri kəndində anadan olub. 1955-ci ildə Müdri yeddiillik məktəbini, 1959-cu ildə Göyçay Pedaqoji Məktəbini, 1969-cu ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib. Bir müddət doğma kənd məktəbində müəllim işləyib. Hərbi xidmət zamanı kiçik aviasiya mütəxəssisləri hazırlayan kursu bitirərək aviasiya cihazları və oksigen avadanlığı üzrə mexanik kimi xidmətini davam etdirib.
1972–1976-cı illərdə İsmayıllı Rayon Qiyabi Orta Məktəbində, 1977–1981-ci illərdə isə şəhər 1 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsində çalışıb.
1982-ci ildən "Zəhmətkeş" qəzetində kənd təsərrüfatı şöbəsinin müdiri təyin olunub və 2001-ci ilədək həmin vəzifədə fəaliyyət göstərib.
Məmmədmirzə müəllim ömrü boyu bədii yaradıcılıqla məşğul olub. Şeir, hekayə və publisistik yazıları respublika mətbuatında, eləcə də "İsmayıllı xəbərləri" qəzetində müntəzəm dərc edilib. "Dağ çiçəkləri" ədəbi məclisinin və "İsmayıllı Yazarları" ictimai-ədəbi birliyinin fəal üzvü olmuş, bir müddət "Dağ çiçəkləri" ədəbi məclisinə rəhbərlik etmişdir.
Pedaqoji mövzuda yazıları "Azərbaycan dili və ədəbiyyatı tədrisi" məcmuəsində, hekayələri isə "Azərbaycan" və "Ulduz" jurnallarında dərc olunub. "Biz dörd nəfər idik" adlı hekayəsi Azərbaycan Radio və Televiziya Komitəsinin elan etdiyi müsabiqədə mükafata layiq görülmüş, Azərbaycan Radiosunda səsləndirilmişdir.
Bir müddət İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbdə də çalışmış, oradan əmək fəaliyyətini başa vuraraq təqaüdə çıxmışdır.
Məmməd Mirzə müəllimin həyatı ilə yaradıcılığı bir-birini tamamlayırdı. O, həmişə xalqına və insanlara faydalı olmağa çalışır, humanistliyi, nəfsinə toxluğu və yüksək mənəvi keyfiyyətləri ilə seçilirdi. Ruha qida verən əsərləri ilə oxucularına xidmət etməkdən heç vaxt yorulmurdu.
Məmməd Mirzə təkcə el ağsaqqalı deyil, həm də canlı ensiklopediya idi. Zəngin biliyi, geniş dünyagörüşü və bütöv xarakteri ilə seçilirdi. Nümunəvi ailə başçısı idi. Ailəsində böyük hörmət sahibi olmuş, övladları onunla daim fəxr etmişlər. Dörd övladının hər birinə ali təhsil verməsi də onun elmə və təhsilə münasibətinin bariz nümunəsi idi.
Ən böyük xoşbəxtlik insanın xatirələrdə yaşamasıdır. Məmməd Mirzə müəllim də bu gün xatirələrdə əbədi yaşayan insanlardandır.
O, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi. Əməyi dövlət və ictimaiyyət tərəfindən çoxsaylı təltif və mükafatlarla qiymətləndirilmişdi.
Onunla sonuncu dəfə yubiley tədbirində görüşdük. Çıxış edərək onu təbrik edənlərdən biri də mən idim. Həmin görüş bu gün də yaddaşımdadır. Oxucularının fikirlərinə böyük hörmətlə yanaşır, əsərləri haqqında hökm verməyi onların ixtiyarına buraxırdı. Bir dəfə ondan: "Siz necə yazıçısınız?" – deyə soruşanda təbəssümlə: "Bunu siz oxucular bilərsiniz," – cavabını vermişdi.
Məmməd Mirzə müəllim yaddaşımda həmişə nurani çöhrəli, təmkinli, müdrik insan, əsl yazıçı və ziyalı kimi yaşayacaq. Onun ömür yolu və yaradıcılığı yaşından asılı olmayaraq hər kəs üçün örnəkdir. Çünki yazdıqları insan üçün yazılmış mənəvi xəzinədir.
Məmməd Mirzə müəllim 10 fevral 2023-cü ildə dünyasını dəyişdi. Allah ona qəni-qəni rəhmət eləsin! Məkanı cənnət olsun!

Son xəbərlər

Əziz qardaşım Vüqar!

Hacıməmməd Məmmədov : Xatirələrdə yaşayan ömür

Sevinc Yunuslu : Azərbaycan qadınları mətindir!.. - FOTO

DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir

Azərbaycan neftinin qiyməti 117 dolları keçib

Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb

Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Tovuza dolu düşdü - FOTO

Bu rayonlarda işıq olmayacaq - Yenilənib

Yaş deyil, zaman dəyişir: mədəniyyət institutları yenilənmə yolunda

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır

Türk Hava Yolları saqqal qadağasını ləğv etdi

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Sona Abbaszadə : Dünya məni heçə saydın - FOTO

Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

PÜSTƏ RƏVAN : SƏN OLMAYAN YERDƏ - FOTO

Sevgisiz ürək əzablarla qovrular - FOTO

AYNA-nın 141 – çağrı mərkəzi nə vaxt cavab verəcək?

İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş

Yasamalın bu ərazilərində işıq olmayacaq

“Başkalarının hayatı”nın yayım günü dəyişdi

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər

Tacikistanla oyuna ciddi hazırlaşmışıq - Azərbaycan millisinin futbolçusu

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıya gəldi

“Kızılcık şerbeti”ndə yeni sima - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930