Xəbərlər
8.10.2026, 21:31
Həmişə belə görün, olduğun kimi qal...

Bəlli ki, abır-həya (da) kökdən gəlir. Bəlli ki, zatca bütöv insandan illər, əsrlər sonra da zatca bütöv insanlar törəyir... Heç bir şübhəm yoxdur ki, hazırda əməlcə yarıya biməyənlərin soyunda-kökündə əməlcə yarıtmaz adamlar çox olub...
Adamlar var ki, illərlə ünsiyyət qurur, kim, nəçi, hansı əməlin yiyəsi olduğunun fərqinə vara bilmirsən. Belələri şeytanın vəsfi ilə yollarını azır, nəfsi istəkləri hesabına uçuruma yuvarlanırlar. Sənə də onlar üçün sadəcə, heyfislənmək qalır...
Ancaq (barmaqhesabı) adamlar da var ki, onlarla ünsiyyət sənə güc-təpər verir. Süfrədə bir yerdə oturanda, səfərə bir yerdə - eyni maşında çıxanda elə bilirsən, sənə Allahdan iltifat göstərilir, lütf verilir. Bu, çox dəqiq müşahidədir, özüm də dəfələrlə belə halla qarşılaşmışam.
Səmimi etiraf edim ki, on ilə yaxındır tanıdığım Hüseyn Məmmədov – yazıçı-publisist, ən əsası, dəyərli insan Hüseyn İsaoğlu ürək-könül dəftərimdə qayıbı olmayan çox az sayda insanlardandır. Onu ilk gün necə görmüşəmsə, illər sonra da eynidir. Yüksək xarakter və xasiyyəti onu mənə o qədər doğma edib ki, elə bilirəm, eyni qanın daşıyıcısıyıq.
Hüseyn müəllim dağlar gözəli Gədəbəydəndir. Ona insanlıq, insan lətafəti bəxş edən təkcə Gədəbəyin saf, büllur havası, ağız donduran suyu, sığallı yaylaqları, kövrək hənirtili düzləri... deyil, həm də kökdən – gendən gələn əzmdir; deməli, Hüseyn müəllimi mənə bu qədər doğma və sevimli edən onun zatca – ulusca mənimlə eyni libasda olmasıdır.
Bir insan özünü nə qədər içində gizlədə bilər ki? Bir ay, bir il... Sonra bəlli ki, nəfsi bəlağəti onun aşkar – iç üzünü faş edir. Belələrini çox görmüşəm. Ancaq nə xoş ki, Hüseyn İsaoğlu indiyədək eyni gözlərlə mənə baxır və eyni əllərlə məni salamlayır. On il əvvəl salamlaşarkən hansı hissin cəngində pərvaz etmişəmsə, bu gün də salamlaşarkən həmin isti – hərarətli hissi duyuram. Demək ki, Hüseyn İsaoğlunun zatında yalançı ünsürlər olmayıb, onun genində ancaq birsifət düzlüklər qərar tutub.
Hüseyn İsaoğlunun kitabları haqqında bir neçə yazım var. Hər kitabı haqqında yazı yazarkən onun necə kövrək, həlim, duyğusal və yalnız doğru düşünən ürəyə malik olduğunu sezmişəm; o, hətta obrazlarını, onları əhatə edən mühiti belə çox ehtiyatla, sevgi fonunda qınayır, yaxud onlarla dərindən ülfət qurur. Adicə bir fakta nüfuz edim – onun “Kədər tablosunda sevinc işığı” əsəri bu dediklərimə şahidlik edir. Əsərin baş obrazı uşaq ikən ayaqlarını itirir, ancaq bir dəfə də olsun, onu bu hala salanı, yaxud yaşadığı həyatı qarğımır. Sonda yardımçı ayaqlarla da olsa, istəyinə yetir – Allah ona gecikmiş xoşbəxtliyi daddırır və s.
Bu, Hüseyn İsaoğlunun qənaətidir – demək, özü necədirsə, obrazlarını da eyni qəlibə salır. Bu da bizi əmin edir ki, o, sözün həqiqi mənasında insan oğlu insan – kişi oğlu kişidir...
Hüseyn müəllimin kifayət qədər qayğısı var; dəfələrlə çətinliklər onu sarmaşıq kimi sarıb, ancaq hər dəfə o, Allahın lütfü ilə həyata bağlanmağı bacarıb. Yalnız içi-çölü sevgi və insanlıqla dolu adam belə bir libasda görünə bilər...
Hələ uşaq ikən yuxuda gördüyü ömür qatarı Hüseyn İsaoğlunu – sevgi və lütflə dolu bu insanı 65 yaşın hüduduna gətirib çıxarıb. Əminəm ki, bu 65 ilin ürək-könül dəftərində onun bəlkə də çox az qayıbı var və ya heç yoxdur. Axı ürəyi ilə sevən insanın nöqsanı, bir qüsuru olmur...
65 illik ömrü Hüseyn İsaoğlunun “həyat pasport”udur. 65 illik ömür hamı üçün bir yubiley anıdır. Hüseyn İsaoğlu üçün də bu yubiley yaşı 65 il əvvəlin təqdimatıdır. İndi o, ömrünün 65-ci mərtəbəsində oturub aşağıda qalanlara baxır; xoşbəxtdir ki, çətin bir an ilə qarşılaşmır. Ondan geridə qalanlar işıqlı, parlaq və özü qədər sadə - həlim görünür.
İndi Hüseyn İsaoğlu yubiley yaşının ən həssas dönəmi ilə üz-üzədir. O, indi bu isti-qaynar hənirtinin hüdudunda bir az uşaqlaşır, bir az kövrək olur, bir az kədərlənir..., daha çox isə müdrikləşir... İndi könlünü ürcah etdiyi Söz də onu qaynar münasibətə sövq edir.
Hüseyn müəllim haqqında ancaq xoş sözlər deyiləcək insandır. Çox mədəni insandır, təmiz əxlaq daşıyır. Bu, bəs edir ki, hamılıqla onun iç dünyasının səmimiyyətinə inanaq. Bu, bəs edir ki, aramızda mələk qiyafəsində (Yusif timsallı) bir insan olduğuna əmin olaq.
Hüseyn İsaoğlunun 65 illik həyat pasportunda dəyişməz şəxsiyyəti xarakterizə edir. Bu “pasport”da ifadə olunanlar 65 yaşlı bir insanın – bir qələm sahibinin həyat fəlsəfəsi kimi də diqqət çəkir. Mən (şəxsən) bu “pasport”da Hüseyn müəllimi daha çox ruhuna vurğun, içindəki Allah xofundan çəkinən, milli-genetik xüsusiyyətlərə əməl edən, əxlaqlı-sakit davranışı ilə öyülən... bir insan kimi görürəm. Zatən illər əvvəl onu məhz bu görkəmdə kəşf etmişəm.
Hüseyn İsaoğlunun yubiley yaşına cızdığım bu yazı səmimiyyətin ilıq üfüqlərində bərq vuran gerçək, səmimi bir qələm adamının həyat zöhrələri ilə təmas quran bir doğmalıq hekayəsidir. Qələmimi arada onun epik ruhunun səmimi çalarları ilə əhatələyir, ilıq çöhrəsində mənalanan təbəssümə şahid oluram. Bu yazını onun 65 illik ömrünə xırda bir töhfə hesab edir, onun bundan daha artığına layiq olduğunu ərz edirəm.
Hüseyn müəllimin qələmindən çıxan yazıların çoxu bir növ, tarixi sənəddir; toxunduğu həqiqətlər, real lövhələr nəsillər üçün bir görk və sabaha gur işıq salan bir mayak ola bilər. Yetər ki, fəhm edək, idrakımıza sığışdıraq.
Hüseyn İsaoğlunun insanlıq örnəkləri də yubiley yaşına layiqli hədiyyədir – Allahın ona hədiyyəsidir, bu rakursda iqrar etdikləri isə özünün özünə hesabatıdır. Bu örnəkləri heç bir narahatlıq keçirmədən, tərəddüdsüz bir orden kimi onun yaxasından asa bilərik.
Əziz Hüseyn İsaoğlu! Səni 65 illik yubileyin münasibətilə ürəkdən təbrik edir, can sağlığı, hüzur və rahatlıqla dolu ömür arzulayıram. Həmişə belə görün, olduğun kimi qal!
Sənin əməlin də, Cənnətin də məhz budur...
Hikmət Məlikzadə,
şair- publisist
Prezident mükafatçısı
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





