Xəbərlər
7.10.2026, 14:05
Sözə sədaqətin yolu - FOTOLAR
Uzun illərin dostu, jurnalist həmkarım Esmira Əzimovanın ad gününə
İnsanlar təsadüfən daxil olmur, illər keçdikcə onun bir parçasına çevrilir. Uzun illərin dostu, vaxtilə Azərbaycan mətbuatında çalışmış Esmira Əzimova da mənim üçün belə insanlardandır. Uzun illərin dostluğu, jurnalist həmkarlığı ilə yoğrulan bu münasibətdə sözə, sənətə və insana hörmət həmişə öz yerini qoruyub.Jurnalistika, hər şeydən əvvəl, vicdan işidir. Sözün çəkisini bilmək, insan taleyinə toxunarkən məsuliyyət daşımaq hər qələm sahibinə nəsib olmur. Esmira xanım bu məsuliyyəti illər boyu öz peşə yolunun əsas meyarlarından biri kimi yaşadıb. Onun yazılarında yalnız hadisə deyil, insan görünür; yalnız xəbər deyil, həyatın özü danışır.
Dostluqda isə Esmira başqa cürdür - sadə, səmimi, etibarlı. İllərin sınağından keçən dostluqların dəyəri də elə bundadır: zaman onları köhnəltmir, əksinə, mənasını artırır.
Bu gün geriyə baxanda jurnalistika yolumuzun neçə-neçə səhifəsinin xatirələrə çevrildiyini görürəm. Həmin səhifələrdə onun da özünəməxsus, işıqlı bir imzası var.
Vaxtilə Milli Məclisə deputat seçkilərində fəallıq göstərib, özü də namizəd olub. Amma namizədliyi irəli sürülmüş dairədə özbaşınalığa, haqsızlığa qarşı mübarizə aparsa da, seçilə bilməyib. Amma insanları qəlblərində o, deputat kimi yaşayıb. Esmira xanım belə mübariz, prinsipial və cəsarətli insandır.
Qələm adamının ən böyük sərvəti yazdıqları qədər insanlarda buraxdığı izdir. Esmira Əzimovanın da illərin yaddaşında qalan ən gözəl imzası sözə sədaqəti və insanlığa bağlılığıdır. Onu ad günü münasibətilə dostları adından təbrik edir, ona sağlam və bərəkətli ömür arzu edirik.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












