Xəbərlər
7.10.2026, 00:37
SÖZÜN İÇİNDƏ YAŞAYAN QADIN
YERİ SÖZLƏ YOX, ÜRƏKLƏ ÖLÇÜLƏN YAXIN DOSTUM VƏ QƏLƏMDAŞIM FAZİLƏ RÜSTƏMOVANIN AD GÜNÜNƏ
Keçməkeşli dünyamızda, çalxalanan zəmanəmizdə adam var ki, onu tanımaq üçün əllərini sıxmaq kifayət eləmir. Onu oxumaq lazımdır. Bəzisini isə nəinki oxumaq, hətta onun sözünün arxasında dayanan sükutu da eşitmək gərəkdir. Uzun müdət külünc vurduğum mətbuatdan, sonra isə ziyalıların cəmləşdiyi qrupdan istedadlı şair, qələm sahibi, rəssam, ən başlıcası isə, işgüzar, cəfakeş xanım kimi tanıdığım, 54 il əvvəl Azərbaycanın cənnətməkan guşəsi olan Tovuz şəhərində dünyaya göz açmış və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin məzunu Fazilə Rüstəmova belə adamlardandır.
Jurnalistin işi sözü tapmaqdır. Şairin tapdığı sözün içində gizlənən adamı tapmaq. Rəssamın işi isə sözü və sözün işində gizlənmiş adamı boyalarla təsvir etmək, iç dünyasının gizlin tərəflərini palitra üzərində əks etdirməkdir. Fazilə xanım bu üç yolun kəsişməsində dayanıb. Bir əlində qələm, bir əlində insanın dərdi, bir əlində də fırça. Bir tərəfdə hadisə, bir tərəfdə həmin hadisənin insan ürəyində buraxdığı iz, digər tərəfdə isə ...
Jurnalistika ona dünyanın üzünü göstərib. Şeir dünyanın üzünün arxasını. Fırça isə hamısını…
Fazilə Rüstəmovanın yazılarında mənə ən çox xoş gələn cəhətlərdən biri budur: o, insanı hadisədən böyük görür. Hadisə bu gün var, sabah unudulur. İnsan isə yadda qalır. Ona görə də onun qələmində adi görünən bir insanın taleyi birdən-birə böyük bir hekayəyə çevrilə bilir. Bir kəlmə, bir baxış, bir köhnə şəkil, bir ana xatirəsi... Bunların hər biri onun üçün yazının başlanğıcıdır…
ŞAİR ADAMIN ÜRƏYİ BİR AZ QƏRİBƏ OLUR…
Hamının keçib getdiyi yerdə o dayanır. Hamının adi saydığı şeydə qeyri-adilik axtarır. Hamının unutduğu bir sözü yadda saxlayır. Çünki şair üçün söz təkcə söz deyil, həm də taledir.
Fazilə Rüstəmovanın şairliyi də, məncə, elə buradan başlayır.
Onun poetik dünyasında insan var. İnsan isə həmişə bir az kədərdir, bir az ümiddir, bir az da yarımçıq qalmış arzudur. Şeir həmin yarımçıq yerləri tamamlamır, əksinə, onları işıqlandırır. Oxucuya deyir ki, bax, burada bir insan yaşamışdı. Burada bir ürək döyünmüşdü. Burada bir söz deyilməmiş qalmışdı...
Fazilə xanımın qələmi hay-küylü qələm deyil. O, sözün üstünə qışqırmır. Sözlə sakit danışır. Bəlkə də buna görə onun yazısında səmimiyyət hiss olunur. Çünki həqiqi sözün səsi çox vaxt ucadan çıxmır.
JURNALİST KİMİ O, HƏYATIN İÇİNDƏDİR…
Şair kimi həyatın içindəki görünməyən qatları axtarır. Rəssam kimi isə bunların ortaq məxrəcini tapmağa çalışır. Bu üç xüsusiyyət birləşəndə ortaya yalnız yazıçı yox, həm də müşahidəçi bir insan çıxır. O, insanların üzünə baxıb onların demədiklərini duymağa cəhd edir. Əslində jurnalistika da, poeziya da, rəssamlıq da bir növ insan axtarışıdır.
Jurnalist soruşur: “Nə baş verdi?”
Şair soruşur: “Bəs insanın içində nə baş verdi?”
Rəssam isə soruşur: “Bu baş verənləri hansı rəngdə, çalarda çəkim?”
Fazilənin qələmi bu üç sualın arasında hərəkət edir.
Məncə, onun yaradıcılığının əsas dəyəri də bundadır: o, sözü nümayiş etdirmək üçün yazmır, sözü yaşatmaq üçün yazır. Çünki yazılan hər söz ədəbiyyat olmur. Bəzən söz, sadəcə, kağızı doldurur. Bəzən isə bir cümlə insanın içində illərlə yaşayır. Qələmdaşım F.Rüstəmovanın sözünün də belə yaşamaq istəyi var..
İNSAN HAQQINDA YAZMAQ ASANDIR…
İnsanın özünü yazmaq çətindir. Çünki insanın görünən tərəfi ilə görünməyən tərəfi arasında böyük bir məsafə var. O məsafəni yalnız diqqətli göz, həssas ürək və sözə məsuliyyətlə yanaşan qələm keçə bilir. Fazilə xanım həmin məsafəni keçməyə çalışanlardandır.
Onun haqqında danışarkən “jurnalistdir”, “şairdir”, “rəssamdır” demək mənə bir az az görünür. Çünki insanı peşəsi ilə tam ifadə etmək olmur. İnsan gördüyü işdən də böyükdür. Fazilə xanımın böyüklüyü yəqin ki, sözə münasibətindədir. O, sözün qiymətini də, sözün insanı yaralaya biləcəyini də, sağalda biləcəyini də bilir, duyur, anlayır. Bəlkə buna görə onun qələmində söz həm yara, həm məlhəm təsiri bağışlayır.
Həyatda elə adamlar var ki, onları tanıdıqca dünyanın bir az da böyük olduğunu anlayırsan. Çünki onların içində ayrıca bir dünya yaşayır. Fazilə Rüstəmovanın dünyası da sözlərdən qurulub: bir az jurnalistikanın sərt gerçəkliyi, bir az poeziyanın kövrəkliyi, bir az qəlbləri oxşayan, ovsunlayan rəng çaları, bir az qadın duyğusu, bir az insan ağrısı, bir az da həyata inadla bağlanan ümid...
Və bütün bunların ortasında bir qələm. O qələm yazdıqca həyat danışır. Həyat danışdıqca insan görünür. İnsan göründükcə söz öz həqiqi qiymətini tapır. Bəlkə də şair-jurnalistin ən böyük qazancı elə budur: yazdığı söz bir gün öz müəllifindən ayrılıb oxucunun yaddaşında yaşamağa başlayır.
Söz və qələm, fırça ustası Fazilə Rüstəmovaya isə sözün, fırçanın uzunömürlü olmasını arzulamaq qalır. Bəzi insanlar ömürlərini yaşayırlar. Bəzi insanlar da ömürlərini sözə çevirirlər.
SÖZÜN, RƏNGİN VƏ İNSANIN MÜƏLLİMİ
İnsan tanıyıram ki, bir peşə ilə kifayətlənmir. Elə bil bir ömür ona az gəlir. Bir ömrün içində bir neçə ömür yaşamaq istəyir. Bir tərəfdən öyrədir, bir tərəfdən yazır, bir tərəfdən də rənglərin dili ilə danışır. Haqqında bəhs etdiyim Fazilə Rüstəmova da belələrindəndir.
O, QƏLƏM USTASIDIR…
Gənclərə yalnız öyrətmir, dünyaya baxmağın yollarını da göstərir. Jurnalist bəzən birinin yaddaşında bir cümlə kimi qalır, bəzən bir baxış kimi, bəzən də illər sonra xatırlanan bir insan kimi. Fazilə xanımın bu sahədəki müəllimliyi də, görünür, elə buradan başlayır: insan yetişdirməkdən.
O, HƏM DƏ ŞAİRDİR...
Şairlik isə başqa məsələdir. Şair dünyaya hamının baxdığı yerdən baxmır. O, adi bir hadisənin içində qeyri-adi bir duyğu görür. Payızda təkcə saralan yarpağı yox, ömrün saralan tərəflərini də görür. Yağışda təkcə su damcılarını yox, insanın içində yığılıb qalan sözləri eşidir.
Fazilənin şairliyi də həyatın bu görünməyən tərəflərinə boylanır.
Jurnalist hər cür insan arasında olur, sözlə təbliğat aparır.
Şair sözün sirrini axtarır.
Rəssam isə sözü rəngə çevirir.
Fazilə Rüstəmovanın üçüncü dünyası da elə buradan başlayır - rəssamlıqdan.
Rəssam üçün ağ kətan boşluq deyil. O, imkan deməkdir. Hələ deyilməmiş söz, çəkilməmiş xətt, seçilməmiş rəng deməkdir. Rəssamın qarşısındakı ağlıq bəzən insanın qarşısındakı həyat qədər sonsuz görünür. Fazilə rənglərlə də danışmağı bacarır. Elə buna görə də onun dünyasında sözlə rəng biri-birinə yad deyil. Şeirində bir rəng var, rəsmində bir misra. Müəllimliyində poeziya, poeziyasında müəllimlik, rəssamlığında isə insan duyğusu yaşayır. Bu üç sənət əslində biri-birindən o qədər də uzaq deyil. Jurnalist insanın içindəki işığı üzə çıxarmağa çalışır.
Şair həmin işığın sözünü axtarır. Rəssam isə onu rəngə çevirir.
F.Rüstəmovanı maraqlı edən də məhz bu üç istiqamətin bir insanda qovuşmasıdır.
Hər adamın içində bir dünya olur, amma hamı həmin dünyanın qapısını aça bilmir. Bunun üçün insanın həm baxmağı, həm görməyi, həm də gördüyünü ifadə etməyi bacarması lazımdır.
Fazilə xanım baxanlardan deyil, görənlərdəndir. Ona görə də onun jurnalistliyi yalnız redaksiyanın divarları arasında, kompüterlərin monitoru arxasında qalmır, şeiri yalnız kitab səhifəsində yaşamır, rəssamlığı da yalnız kətanın çərçivəsinə sığmır. Çünki əsl sənət insanın peşəsindən çıxıb xarakterinə çevriləndə başlayır. F.Rüstəmova da sənəti xarakterinə çevirən insanlardandır. Bəlkə onun əlində qələm olanda jurnalist danışır, fırça olanda şair susub rənglərə qulaq asır. Bəlkə də şeir yazanda rəssam içində bir rəng seçir, rəsm çəkəndə jurnalist hansısa görünməz dərsi keçir. İnsan belə bütöv olanda maraqlı olur.
Bir insanın üç sənətlə məşğul olması hələ möcüzə deyil. Əsas məsələ bu üç sənətin bir ürəkdə necə yaşamasıdır. Fazilə xanımın ürəyində söz də var, rəng də, insan da. Ən vacibi də insandır. Çünki jurnalist insanın yetişdirilməsində, kamilləşməsində öz sözünü deyir, şair insanın ruhuna toxunur, rəssam insanın gördüyünü başqa cür görməyə vadar edir.
Üç yol.
Üç sənət.
Amma bir məqsəd var: insanı anlamaq və insana gözəllik vermək!
Fazilənin həyatında da sözlər rəngə, rənglər sözə çevrilir.
Amma bütün bunlardan danışıb onun ən mühüm cəhətini unutmaq olmaz:
O, ÇOX GÖZƏL DOSTDUR
Dostluq qəribə şeydir. Hər adamla danışmaq olar, amma hər adamla susmaq olmur. Hər adamın yanında gülmək olar, amma hər adamın yanında dərdini demək olmur. Sirdaş dediyin adam isə sənin danışdıqlarını yox, bəzən danışmadıqlarını da anlayandır. Fazilə xanım belə sirdaşlardandır. Onun yanında insan özünü izah etmək məcburiyyətində qalmır. Çünki o, dinləməyi bacarır. Dinləmək isə yalnız susmaq yox, qarşındakı insanın sözünün arxasındakı ağrını, sevincini, narahatlığını duymaqdır.
Fazilə Rüstəmovanın qayğıkeşliyi də elə-belə, nümayiş üçün olan qayğı deyil. Sakit, təmənnasız, insana hiss etdirmədən göstərilən qayğıdır. Bəzən bir telefon zəngi, bəzən bir “necəsən?”, bəzən vaxtında deyilmiş bir cümlə... Elə xırda görünən şeylər var ki, insanın yadında böyük hadisələrdən daha uzun qalır. Qayğıkeş insanın fərqi budur: o, sənin ehtiyacını deməyini gözləmir. Fazilə xanımda bu xüsusiyyət var. Bəlkə də jurnalistliyi, şairliyi, rəssamlığı və dostluğu birləşdirən görünməz bir xətt elə budur – insana münasibət.
Bəzən düşünürəm, insanın sənəti ilə xarakteri biri-birindən ayrılmamalıdır. Əgər bir insan gözəllik yaradırsa, onun davranışında da gözəllik olmalıdır. Əgər şeir yazırsa, ürəyində də şeir olmalıdır. Əgər insanlara dərs deyirsə, əvvəlcə özü insanlığın dərsini bilməlidir. Fazilə Rüstəmovanın fərqli tərəfi də budur: onun yaradıcılığı ilə insanlığı biri-birinə yad deyil.
Fazilə Rüstəmovanın yaradıcılıq dünyasına baxanda adam düşünür ki, bəlkə də sənət ayrı-ayrı sahələr deyil. Sənət insanın dünyaya münasibətidir. Kimisi onu sözlə deyir, kimisi rənglə göstərir, kimisi də bir şagirdin həyatına toxunaraq yaşadır.
Fazilə xanım isə üçünü də edir. Və buna görə onun haqqında danışanda, sadəcə, “jurnalist”, “şair”, “rəssam” demək kifayət etmir. O, söz öyrədən, söz yaradan və sözü rəngə çevirən bir sənət adamıdır.
Bəzi insanlar həyatdan keçib gedirlər. Bəziləri isə keçdikləri yerlərdə bir iz qoyurlar.
Jurnalist – ağ vərəqlərin, saf sözlərin, kompüterin monitorunun yaddaşında.
Şair - oxucusunun ürəyində.
Rəssam - baxanın gözündə.
Fazilə Rüstəmovanın üç sənəti də ona üç ayrı iz qoymaq imkanı verir. Amma bütün izlərin bir ünvanı var: insan.
Fazilə Rüstəmova mənim üçün həmin həqiqi dostlardan biridir
Onu üç sənəti ilə tanıtmaq olar: müəllim, şair, rəssam. Amma onu ürəklə tanıyanlar üçün bunların hamısından əvvəl başqa bir adı var: Fazilə - dost, sonra sirdaş, sonra da qayğıkeş insan. Və bütün bunların üstündə isə bir qadın ürəyi dayanır - sözə həssas, rəngə bağlı, insana doğma.
Bəzi insanlar həyatımıza gəlir və gedirlər. Bəziləri isə həyatımızın bir küncündə özlərinə səssizcə yer edirlər. Fazilə Rüstəmova elə insanlardandır. Onun yeri sözlə deyil, ürəklə ölçülür.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















