Xəbərlər
26.09.2026, 13:04
Hacıməmməd Məmmədov : Xoş iz buraxmaq istəyən insan - FOTO

Esmira Nurməmməd qızı Əlişova – adı çəkiləndə ilk növbədə göz önündə zəhmətə bağlı, gördüyü işə ürəyini qoyan, sadəliyi ilə ucalan, mərdliyi və cəsarəti ilə seçilən bir Azərbaycan qadınının obrazı canlanır. Elə insanların ömrü var ki, onların həyatını yalnız tutduğu vəzifə, gördüyü iş, qazandığı nailiyyətlərlə ölçmək mümkün deyil. Belə ömürlərdə insanın başqalarının həyatına toxunduğu anlar, etdiyi yaxşılıqlar, qoyduğu mənəvi izlər daha böyük məna daşıyır.Esmira xanım da məhz belə insanlardandır.
İsmayıllı şəhərində zəhmətkeş bir ailədə dünyaya göz açan Esmira Nurməmməd qızı uşaqlıqdan zəhmətin, halal əməyin, ailə dəyərlərinin nə demək olduğunu görərək böyüyüb. Orta təhsilini İsmayıllı şəhər 3 nömrəli lisey məktəbində başa vurub. Sonrakı həyat yolunda isə öz maraq və bacarıqlarına uyğun istiqamət seçərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Humanitar Kollecində rejissorluq–ssenarist ixtisası üzrə təhsil alıb.
Bu ixtisas onun xarakterinə, dünyagörüşünə və yaradıcılıq imkanlarına sanki bir açar olub. Çünki səhnə yalnız söz demək, tədbir aparmaq və ya tamaşa hazırlamaq deyil. Səhnə həm də insanlara düşüncə aşılamaq, duyğu oyatmaq, yaddaş yaratmaq sənətidir. Esmira xanımın fəaliyyəti də illər keçdikcə bu anlayışın ətrafında formalaşıb.
2018-ci ildən İsmayıllının mədəniyyət sistemində çalışan Esmira xanım bu sahədə özünəməxsus dəst-xətti ilə seçilir. O, müxtəlif tədbirlərin təşkilində, bədii kompozisiyaların hazırlanmasında, ssenarilərin yazılmasında, mədəni-kütləvi proqramların ərsəyə gəlməsində fəal iştirak edir. Bir çox tədbirlərin aparıcısı kimi səhnəyə çıxır, sözün məsuliyyətini anlayaraq hər bir tədbirin ruhuna uyğun üslub tapmağa çalışır.
Onun üçün mədəniyyət sadəcə iş yeri deyil. Mədəniyyət insanın mənəvi dünyasına açılan qapıdır.
Esmira xanım bu qapının açıq qalması, milli dəyərlərimizin, tarixi yaddaşımızın, mədəni irsimizin və vətənpərvərlik duyğularının gənc nəslə çatdırılması üçün öz əməyini əsirgəmir. Bu istiqamətdə gördüyü işlər onun peşəsinə münasibətinin göstəricisidir.
Peşəkar inkişafını da daim diqqətdə saxlayır. “Mədəniyyət–2040” və “Teatr İdarəetməsi” beynəlxalq sertifikat proqramlarını uğurla başa vurması onun öz sahəsinə yalnız mövcud biliklərlə kifayətlənmədən, daim yenilik axtarışında olduğunu göstərir. Çünki sənət və mədəniyyət sahəsində çalışan insan üçün öyrənmək heç vaxt başa çatan proses deyil. Zaman dəyişdikcə ifadə vasitələri dəyişir, tamaşaçı dəyişir, tədbirlərin mahiyyəti və təqdimat forması yenilənir. Əsl peşəkar isə bütün bunlarla ayaqlaşmağı bacarır.
Esmira xanımın fəaliyyətində isə bir məqam var ki, onu sırf peşə uğurundan daha yüksəyə qaldırır: təmənnasız xidmət.
2020-ci ilin ağır və sınaqlı günləri...

Vətən müharibəsi Azərbaycan xalqının həyatında silinməz iz qoyduğu kimi, hər bir vətəndaşın da qəlbində öz izini buraxdı. O günlərdə insanlar öz imkanları daxilində Vətənə, əsgərə, dövlətə dayaq olmağa çalışırdılar.
Esmira xanım da həmin günlərdə kənarda qalmadı.
Rəhbərlik etdiyi qadın qrupu ilə birlikdə tamamilə təmənnasız olaraq yüzlərlə Azərbaycan bayrağı tikdi. Həmin bayraqlar bölgədə ehtiyac olan yerlərə çatdırıldı. Bəlkə də bir parça parçadan, bir neçə rəngdən, sapdan və iynədən yaranırdı o bayraqlar... Amma onların hər birinin arxasında bir qadının ürəyi, bir ananın duası, bir insanın Vətən sevgisi vardı.
İynənin hər ilməsində bir ümid, hər tikişində bir arzu vardı.
Və gün gəldi...
Həmin əllərin tikdiyi bayraqlar azad olunmuş torpaqlarda dalğalandı.
Esmira xanım üçün bundan böyük mükafat nə ola bilərdi?
İnsan bəzən gördüyü işin bəhrəsini illər sonra görür. Bəzən etdiyi yaxşılığın kimə çatdığını belə bilmir. Amma elə anlar olur ki, insanın çəkdiyi zəhmət Vətənin tarixinin bir parçasına çevrilir. Esmira xanımın tikdiyi bayraqların azad torpaqlarda dalğalanması da məhz belə mənəvi dəyəri olan hadisələrdəndir.

Pandemiya dövründə də onun rəhbərlik etdiyi qadın qrupu insanlara kömək göstərməkdən geri dayanmayıb. Qadınların öz əlləri ilə hazırladıqları qoruyucu maskalar ehtiyacı olan insanlara təmənnasız paylanıb. O ağır günlərdə bəlkə də kiçik görünən belə bir əməl kiminsə sağlamlığına, kiminsə rahatlığına, kiminsə sabaha inamına çevrilib.
Əsl yaxşılığın ölçüsü də elə budur: sən nə qədər verdiyini yox, verdiyinin kimə nə qədər lazım olduğunu düşünürsənsə, etdiyin yaxşılıq bir o qədər qiymətlidir.

Esmira xanımın həyatında asan keçən yollar da olmayıb.
Uzun illər xəstəliklə mübarizə aparıb. Çox əziyyətlər çəkib, həyatın ağır sınaqları ilə üz-üzə qalıb. İnsan sağlamlığının qədrini bəzən məhz belə sınaqlardan keçəndə daha dərindən anlayır. Xəstəlik insanı həm fiziki, həm də mənəvi baxımdan sınağa çəkir. Lakin Esmira xanım bu çətinliklərin qarşısında ruhdan düşməyib. Bu gün, şükürlər olsun, səhhəti yaxşılaşıb və o, yenə də həyatın, əməyin, yaradıcılığın içindədir.
Bəlkə də çəkdiyi əziyyətlər onun qəlbini daha da həssaslaşdırıb.
Ona görədir ki, Esmira xanımın xarakterində bir-birini tamamlayan xüsusiyyətlər var: mərdlik və incəlik, ciddilik və mehribanlıq, cəsarət və təvazökarlıq.
O, sözünü bilən, işinin məsuliyyətini dərk edən, lazım gələndə qətiyyət göstərməyi bacaran bir qadındır. Eyni zamanda qəlbi kövrəkdir. İnsanlara münasibətində səmimiyyət, davranışında sadəlik, üzündə təbəssüm var. Gülərüzdür, mehribandır, işgüzardır. Özünü heç vaxt gördüyü işlərdən üstün tutmur.


Əslində insanın böyüklüyü də bir qədər bundadır.
İnsan gördüyü işlə ucalır, amma sadəliyi ilə yadda qalır.
Esmira xanımın ailə həyatı da onun üçün ayrıca bir məsuliyyət məktəbidir. İki övlad anasıdır. Övlad böyütmək, onları həyata hazırlamaq, onların gələcəyinə görə narahat olmaq hər bir ana üçün böyük məsuliyyətdir. Bu gün onun oğlunun hərbi xidmətdə olması isə ana qəlbinin həm qürurunu, həm də nigarançılığını özündə birləşdirir.
Əsgər anası olmaq asan deyil.
Ana üçün övlad harada olsa, onun ürəyi də oradadır. Hər telefon zəngi bir sevinc, hər xəbər bir rahatlıq, hər gecə isə bir dua deməkdir. Vətənə xidmət edən oğul isə ana üçün həm qürur, həm də müqəddəs bir əmanətdir.
Esmira xanımın həyatına nəzər salanda onun haqqında bir həqiqət aydın görünür: o, özündən çox başqalarına faydalı olmağa çalışan insanlardandır.
Onun ən böyük arzusu da elə budur: hər kəsin həyatında və yaddaşında xoş bir iz buraxmaq, faydalı əməlləri ilə xatırlanmaq.
Bu arzu, əslində, çox böyük arzudur.

Çünki insanın adı bir sənəddə, bir siyahıda, bir vəzifədə qala bilər. Amma insanın izi başqalarının yaddaşında qalır. Yaxşılıq edən insanın adı bəzən illər sonra belə hörmətlə çəkilir. Bir tədbirdə yaratdığın gözəl duyğu, bir gəncə aşıladığın vətən sevgisi, ehtiyacı olan birinə uzatdığın əl, bir əsgərin yoluna göndərdiyin bayraq, bir insanın çətin günündə yanında olmağın — bunların heç biri itib getmir.
Zaman onların üzərinə öz möhürünü vurur.
Esmira Nurməmməd qızı Əlişovanın həyat yolu da belə xatirələrdən, belə əməllərdən yoğrulub.
O, mədəniyyət sahəsində çalışan bir mütəxəssisdir, rejissordur, ssenaristdir, tədbir təşkilatçısıdır, aparıcıdır. Amma bütün bunlardan əvvəl insandır. Və onun fəaliyyətinin ən qiymətli tərəfi də insanlığını gördüyü işə gətirə bilməsidir.
Çünki sənət insanı düşündürür, mədəniyyət insanı zənginləşdirir, yaxşılıq isə insanı yaşadır.
Bu gün Esmira xanım İsmayıllının mədəni həyatında öz imzasını yaradan qadınlardan biridir. Onun hazırladığı ssenarilərdə, təşkil etdiyi tədbirlərdə, səhnədə söylədiyi sözlərdə, yetişdirdiyi bədii kompozisiyalarda bir məqsəd hiss olunur: insana, Vətənə, milli dəyərlərə xidmət etmək.
Və bəlkə də onun həyat fəlsəfəsini ən yaxşı ifadə edən söz elə öz arzusudur:
“Hər kəsin həyatında və yaddaşında xoş bir iz buraxmaq, faydalı əməllərimlə xatırlanmaq istəyirəm.”
İnsanın ömrü illərlə ölçülür.

Amma ömrün mənası illərin sayında deyil, o illərə sığdırılan yaxşılıqların sayındadır.
Bir gün zaman keçəcək, bu günlərin çoxu xatirəyə çevriləcək. Səhnələr dəyişəcək, tədbirlər bitəcək, yazılan ssenarilərin səhifələri çevriləcək. Amma bir vaxtlar qadın əllərinin tikdiyi Azərbaycan bayraqları azad torpaqların üzərində dalğalanacaq. Həmin bayraqlara baxan hər kəs bilməsə də, o bayraqların hər bir ilməsində bir qadının zəhməti, duası və Vətən sevgisi yaşayacaq.
Esmira xanımın ən böyük mükafatı da bəlkə elə budur.
İnsanın özündən sonra qoyduğu ən qiymətli miras mal-dövlət deyil, yaxşı addır.
Ən böyük əsəri yazdığı ssenari deyil, yaşatdığı gözəl duyğudur.
Ən böyük izi isə özündən sonra başqalarının qəlbində buraxdığı işıqdır.
Esmira Nurməmməd qızı Əlişovanın yolu da həmin işığın yoludur.
Qoy bu yol uzun, aydın və uğurlu olsun. Qoy onun qəlbindəki mərdlik, incəlik, insan sevgisi və Vətən məhəbbəti heç zaman azalmasın. Qoy övladlarının xoş soraqları, əməyinin bəhrələri, gördüyü xeyirxah işlər onun ömrünə yeni-yeni mənalar gətirsin.
Və illər sonra onun adı çəkiləndə insanlar desinlər:

“Bu qadın öz ömrünü yalnız özü üçün yaşamadı. O, bacardığı qədər insanlara, sənətə, mədəniyyətə və Vətənə faydalı olmağa çalışdı. Onun həyatdan keçən izi yaxşılıqdan keçdi.” Esmira xanım, yeni yaşınız mübarək, möhkəm cansağlığı arzulayıram! Var olarsınız hər zaman!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



