
Xəbərlər
26.09.2026, 00:57
ÖMRÜN ARXASINCA QALAN İŞIQ…
İSMAYILLI RAYONUNUN QUŞENCƏ KƏNDİNDƏ DÜNYAYA GÖZ AÇMIŞ AKİF CƏBİYEVİN ƏZİZ XATİRƏSİNƏ
Bəzi ölümlər bir evin qapısını bağlamır, bir ömrün kitabını bağlayır. Ardınca sükut gəlir:sözə, səsə, xatirəyə çevrilən ağır bir sükut... İnsan belə anlarda anlayır ki, dünyadan köçən adamın arxasınca ən çox onun yoxluğu deyil, yaşadığı ömrün izi qalır.
İsmayıllı rayonunun Quşencə kəndində dünyaya göz açmış Akif Əmir oğlu Cəbiyevin vəfatı da doğmaları, dostları və onu tanıyan insanlar üçün belə bir ağır sükut yaradıb. İndi onun adı çəkiləndə bir insanın ömrü ilə yanaşı, həmin ömrün toxunduğu insanların xatirələri də dilə gəlir. Çünki insanın həqiqi ömrü təqvimdəki illərlə deyil, ürəklərdə qalan izlərlə ölçülür.
Akif müəllim artıq aramızda deyil. Amma onun keçdiyi həyat yolu, tanıdığı insanlar, bölüşdüyü günlər və yaddaşlarda qalan insanlıq cizgiləri hələ də bizimlədir. Ölüm bir insanı həyatdan aparır, xatirədən isə apara bilmir. Elə buna görə də bəzi insanlar gedəndən sonra yox olmur - onların ikinci ömürləri başlayır: doğmalarının yaddaşında, dostlarının söhbətlərində, övladlarının xatirələrində və zamanın susmayan yaddaşında.
İndi onun adı çəkiləndə yaddaşın qapıları açılır. Bir vaxtlar adi görünən görüşlər, bir stəkan çay ətrafında deyilmiş sözlər, səmimi salamlar, gündəlik həyatın içində baş verən kiçik hadisələr birdən-birə böyük xatirəyə çevrilir. İnsan ölümün qarşısında anlayır ki, həyatda “adi” deyilən heç nə yox imiş. Bir insanın səsi, gülüşü, əl sıxması, bir cümləsi belə sonralar onun yoxluğunda bütöv bir ömrün nişanəsinə çevrilə bilərmiş.
Akif Əmir oğlu Cəbiyev də özündən sonra belə bir yaddaş qoyub getdi.
İnsan dünyaya gələndə onun qarşısında uzun bir yol açılır. O yolun haradan keçəcəyini, neçə il davam edəcəyini, hansı döngələrdən adlayacağını heç kim bilmir. Bəzən yol hamar, bəzən daşlı-kəsəkli olur. Bəzən insan sevincini bölüşür, bəzən dərdini içində daşıyır. Amma bütün bu yolların sonunda insan haqqında bir həqiqət qalır: o, necə yaşadı?
Akif müəllimin ömrünü xatırlayarkən ilk növbədə insan amili yada düşür. Çünki insanın əsl sərvəti nə topladığı mal-mülk, nə qazandığı şöhrət, nə də arxada qoyduğu maddi izlərdir. Əsl sərvət onun insanlarla münasibətində, doğmalarına bağlılığında, dostluğa sədaqətində, həyatın qarşısında nümayiş etdirdiyi ləyaqətdədir.
Belə insanlar haqqında danışanda söz də məsuliyyət daşıyır. Çünki mərhumun xatirəsini yalnız təriflərlə yükləmək onun ömrünün həqiqətinə çatmaq demək deyil. İnsan haqqında ən böyük söz onunla yaşamış insanların yaddaşındadır.
Akif müəllimi tanıyanların xatirələrində də onun özünəməxsus obrazı yaşayacaq. Hər kəs onu bir cəhəti ilə xatırlayacaq: biri səsini, biri söhbətini, biri bir yaxşılığını, biri hansısa çətin gündə göstərdiyi diqqəti, digəri illər əvvəl baş vermiş bir hadisəni yada salacaq.
Və bu xatirələrin hamısı birləşərək Akif Əmir oğlu Cəbiyevin mənəvi portretini yaradacaq.
İnsanın ikinci ömrü də elə budur !
XATİRƏLƏRDƏ YAŞAMAQ…
Ölüm həyatın ən ağır həqiqətidir. İnsan bu həqiqətlə üzləşəndə sözlər bəzən aciz qalır. “Başınız sağ olsun” demək asandır, amma bu iki sözün arxasında nə qədər böyük ağrı olduğunu yalnız itki yaşayan bilir. Çünki ölüm gələndə evin içində bir səssizlik yaranır.
Bir stul boş qalır, bir qapı daha əvvəlki kimi açılmır.
Telefonun o biri başından gələn səs kəsilir. Bir bayramın, bir görüşün, bir ailə süfrəsinin əvvəlki tamlığı pozulur. Və insan anlayır ki, yoxluq görünməyən, amma hər yerdə hiss olunan bir varlıqdır.
Akif müəllimin vəfatı da onun doğmalarının, yaxınlarının, dostlarının həyatında belə bir səssizlik yaradıb. Bu səssizliyi zaman azalda bilər, amma tamamilə yox edə bilməz. Çünki həqiqi insan itkisi unudulmur. Sadəcə ağrının şəkli dəyişir. İlk günlərin yandırıcı kədəri zaman keçdikcə sakit bir həsrətə çevrilir. Sonra insan mərhumu xatırlayanda ağlamaqdan çox, onunla bağlı gözəl bir hadisəni danışmağa başlayır.
Beləcə, ölümün qarşısında həyat öz yaddaşını qurur.
AKIF MÜƏLLİM ÖZ ZAMANININ İNSANI İDİ...
A.Cəbiyevin ömrü də artıq bu yaddaşın bir hissəsidir. İndi onun haqqında danışmaq, əslində, yalnız keçmişdən danışmaq deyil. Bu, bir insanın yaşadığı dövrə, onun əhatəsində olan adamlara, ailəsinə, dostlarına və cəmiyyətə münasibətini xatırlamaqdır.
Hər insan öz dövrünün şahididir. O, yaşadığı illərin sevincini də, çətinliyini də, dəyişikliklərini də öz taleyindən keçirir. Bir nəslin həyatına nəzər salanda həmin nəslin insanlarını xatırlamaq tarixə insan gözü ilə baxmaq deməkdir.
Akif müəllim də öz zamanının insanı idi... Onun ömründə bütöv bir dövrün izləri vardı. Uşaqlıq, gənclik, ailə həyatı, dostluqlar, zəhmət, arzular, sevinclər və itkilər... İnsan ömrü elə bunların cəmindən yaranır.
Bəzən bir insanın həyatını bir neçə cümlə ilə danışmaq istəyirik. Amma heç bir neçə cümlə bir ömrün ağırlığını daşıya bilmir. Çünki hər ömrün görünən tərəfi olduğu kimi, yalnız sahibinə məlum olan görünməz tərəfi də var. Akif müəllimin də özünə saxladığı arzuları, ürəyindən keçən sözləri, heç kimlə bölüşmədiyi düşüncələri olub.
İnsan ömrünün ən böyük sirri də budur. Biz biri-birimizi tam tanımırıq. Bəlkə də buna görə hər itki bir az da özümüzdən aparır. Çünki gedən insanla birlikdə onun bildiyi, xatırladığı, yaşadığı dünya da bizim üçün əlçatmaz olur.
Bu gün Akif müəllimin adını çəkərkən onun doğmalarının, xüsusən hamımızın yaxşı tanıdığımız əziz dostumuz bacısı Təranə xanımın, gözlərində bir insan, dostlarının yaddaşında bir yol yoldaşı, onu tanıyanların düşüncəsində isə özünəməxsus bir şəxsiyyət canlanır. İnsanların yaddaşında qalmaq üçün mütləq böyük səhnələrə çıxmaq, tarix kitablarına düşmək lazım deyil.
Bəzən bir insanın ən böyük xidməti yaxşı insan olmaqdır: sözünün üstündə dayanmaq. Dostunun dar günündə yanında olmaq. Ailəsinə dayaq olmaq. Doğmalarının sevincinə sevinmək, dərdinə şərik çıxmaq. Özündən sonra haqqında xoş söz deyiləcək bir ömür yaşamaq. Əslində, insanın dünyada qoyduğu ən qiymətli iz budur.
Akif müəllimin xatirəsi də ilk növbədə onu sevən və tanıyan insanların qəlbində yaşayacaq. Onun adı ailə söhbətlərində çəkiləcək, keçmişdən danışanda xatırlanacaq, hansısa hadisə yada düşəndə “Akif belə deyərdi...” sözləri eşidiləcək. Və bir gün onun doğmaları, övladları, yaxınları öz uşaqlarına Akif Əmir oğlu Cəbiyev haqqında danışacaqlar. Beləcə, bir insanın ömrü başqa bir nəslin yaddaşına keçəcək.
İnsan dünyadan köçür, amma onun haqqında deyilən sözlər qalır.
QƏBİRLƏR SUSUR, XATİRƏLƏR DANIŞIR...
İllər keçir, üzlər yaddaşdan bir qədər uzaqlaşır, amma bəzi insanların adı yaddaşın dərinliyində daha da möhkəmlənir. Çünki xatirənin öz qanunları var. O, insanın ən gözəl tərəflərini qoruyub saxlayır.
Akif müəllim haqqında da illər keçdikcə belə olacaq. Bu günün ağrısı sabahın xatirəsinə, sabahın xatirəsi isə zamanın yaddaşına çevriləcək. Bəlkə illər sonra onun adını çəkən biri “Mən Akifi yaxşı xatırlayıram...” deyəcək.
Ardınca bir hadisə danışacaq. Bir gülüş, bir söz, bir yaxşılıq, bir insanlıq nümunəsi... Və həmin an Akif müəllim yenidən aramızda olacaq. Çünki insanın fiziki yoxluğu onun mənəvi yoxluğu demək deyil. İnsan xatırlandığı müddətcə yaşayır.
Onun məzarına torpaq səpilərkən bir ömrün son nöqtəsi qoyulmadı. Əksinə, bir xatirənin yeni həyatı başladı. Torpaq insanı öz qoynuna alır. Zaman isə onun izlərini yaddaşa həkk edir.
Torpağın altında insanın səsi susur, amma onun haqqında deyilən sözlər göylərə qalxır. Onun əlləri daha heç kimi sıxmır, amma xatirəsi neçə-neçə insanın qəlbinə toxunur. Onun addımları eşidilmir, amma keçdiyi yollar onu tanıyanların yaddaşında qalır.
Bəlkə də ölümün qarşısında insanı ayaqda saxlayan ən böyük təsəlli budur:
Yaxşı yaşanmış ömür tam itmir. O ömür bir evdə davam edir: Bir övladda, bir dostun yaddaşında, bir söhbətdə, bir fotoşəkildə, bir dua içində. Və ən başlıcası, insanların qəlbində…
Akif qardaşımızın əziz xatirəsi qarşısında baş əyərkən onun ailəsinə, doğmalarına və yaxınlarına səbir diləmək istəyirik. Amma səbir də bəzən sözlə verilən bir təsəlli deyil. Səbir insanın zamanla öz daxilində tapdığı gücdür.
Bəzən insan haqqında yazının sonunda nə deməli olduğunu bilmir. Çünki ölümün qarşısında sözün də sonu yoxdur. Nə qədər yazsan, yenə yarımçıq qalır. Nə qədər xatırlasan, yenə bir şeylər yaddaşın o tayında qalır. Ona görə də Akif müəllimlə vidalaşarkən uzun cümlələrə ehtiyac yoxdur.
Bir dua kifayətdir: Allah rəhmət eləsin! Amma bu duanın içində böyük bir ömür, böyük bir yoxluq, böyük bir xatirə var. Qoy Akif Əmir oğlu Cəbiyevin ruhu rahat olsun.
Qoy onun dünyada qoyduğu iz silinməsin, onu tanıyan insanların yaddaşında adı həmişə hörmətlə çəkilsin, zaman keçdikcə onun haqqında danışılan hər söz bir daha göstərsin ki, insanın əsl ömrü torpağa tapşırıldığı gün bitmir. Əsl ömür ondan sonra başlayır - xatirələrdə, dualarda və insanların qəlbində.
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





