Xəbərlər
26.10.2025, 01:10
FENOMEN QADIN LİDER - FOTOLAR
MEHRİBAN XANIM ƏLİYEVA ŞƏFQƏT VƏ XEYİRXAHLIQ SİMVOLU, HƏM DƏ PREZİDENT İLHAM ƏLİYEVIN ƏN YAXIN SİLAHDAŞIDIR
Vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı, humanistliyi həyat amalına çevirən şəxslərin ideyalarının, xoş əməllərinin gələcək nəsillər üçün nümunəyə çevrilməsi tarixi həqiqətdir.Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəstxətti ilə daxil olan belə şəxsiyyətlərdəndir. Nəcib əməlləri ilə xalqının sevimlisinə çevrilmiş Mehriban Əliyeva Heydər Əliyev Fondunun rəhbəri kimi Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirib. Birinci xanım bu nəciblik missiyasını şərəflə yerinə yetirir.
Xeyirxahlıq və mərhəmət daim bütövlükdə dünyanın, insanlığın bəlkə ən çox ehtiyac duyduğu məsələ kimi aktuallığını saxlayıb. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaradıb, eyni zamanda gələcək nəsillərə olduqca vacib və nəcib bir yolun əsas konturlarını göstərib. Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik idealları əsasında reallaşdırılmış genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib.
Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə millətin hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolunu, mühüm xidmətlərini danmaq olmaz. Bu fəaliyyət dairəsi çoxşaxəli olmaqla, həyatımızın bütün sahələrinə dərindən nüfuz edib.
Heydər Əliyev Fondu dünyada öz çoxmiqyaslı, xeyirxah fəaliyyəti ilə seçilən, böyük layihələrə imza atan vətəndaş cəmiyyəti qurumudur. Ulu öndərin adını daşıyan, onun ideya və əməllərinin təntənəsinə xidmət işində öncüllük və örnək göstərən bu nadir təsisat ölkədə və dünyada səhiyyə, təhsil, elm, mədəniyyət, mənəviyyat sferalarında müxtəlif səpkili tədbirləri gerçəkləşdirməklə, bir sıra yönlərdə dövlət siyasətinin həyata keçirilməsində hərəkətverici amilə çevrilməklə misilsiz bir nüfuz qazanmışdır.
Bu nüfuzu ölkəmizin birinci xanımı, fondun prezidenti Mehriban xanım Əliyeva gətirib.
O, adət-ənənələrimizə hörmət, diqqət və sayğı ilə yanaşan güclü qadın kimi çağdaş dünyada bənzərsiz bir rəhbər xarakterini əks etdirir. Bunun arxasında çoxşaxəli və səmərəli fəaliyyət dayanır, o, nəinki qadınlar, həmçinin gənc qızlar üçün örnək olaraq bir sıra ali dəyərlərə söykənir. Mehriban xanım Azərbaycan xalqının, dövlətinin maraqlarını beynəlxalq aləmdə əks etdirir, eyni zamanda çağdaş Azərbaycan qadınının ictimai-siyasi obrazını da dünyaya tanıdır. Ölkəmizin siyasi-iqtisadi, sosial-ictimai, mədəni-mənəvi tərəqqisində xüsusi yeri, xidmətləri olan və daim İlham Əliyevlə çiyin-çiyinə çalışan Azərbaycanın birinci xanımı hazırda dünyada öz sözü, samballı nüfuzu olan lider qadın örnəyinə çevrilib.
Əlbəttə ki, bu xeyirxahlıqdan, nəcib əməllərdən, sosial layihələrdən danışarkən Mehriban Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Artıq 31 ildir əsasında mərhəmət, şəfqət, xeyirxahlıq kimi ali dəyərlər dayanan Heydər Əliyev Fondu öz prinsiplərinə sadiq qalaraq, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirir.
Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. O cümlədən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da vurğulamaq lazımdır ki, Fond, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun dəstəyilə artıq uzun illərdir ki, müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır.
Aksiyalarda ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, “Qarabağ həqiqətləri” adlı bukletlər və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub.
Şərqlə Qərbi özündə birləşdirən Azərbaycan milli-mənəvi dəyərləri ilə sivilləşir, dünyaya inteqrasiya prosesi sürətlənir. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər əsas xətt olaraq davam etdirilir. Azərbaycanın imicinin yüksəldilməsində, onun dünyaya təqdimində görülən bu və ya digər işlər dövlətin maraqlarını ifadə edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin ənənələrinin davamçısı olan Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti ilə məhz Azərbaycanın yüksək dəyərlərini, humanizm prinsiplərini beynəlxalq aləmə təqdimində əvəzsiz rola malikdir.
Birinci vitse-prezidentin fəaliyyətində ən mühüm məqamlardan, istiqamətlərdən birini, bəlkə də birincisini şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər təşkil edir.
Mehriban xanım Əliyeva bu gün valideyn himayəsindən məhrum uşaqların mənəvi anası, dərdli şəhid analarının, qaçqın və məcburi köçkünlərin dayağıdır. Harada yardıma möhtac biri varsa, o, Mehriban xanımın pənahındadır. Birinci xanım xeyirxah qəlbinin səsi ilə bütün qüvvəsini, zamanını təmənnasız olaraq insanların rifahı, xoşbəxt yaşamı uğrunda sərf edir.
Bütün bu keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət isə, əlbəttə ki, Mehriban Əliyevanın müstəqil Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır.
Bu gün Mehriban Əliyeva özünə xas olan yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə ona həvalə edilən vəzifəni layiqincə daşıyır, ölkədə həyata keçirilən siyasi kursun uğur qazanmasına mühüm töhfələr verir.
Mehriban xanım Əliyeva ölkəmizdə milli dövlətçilik institutunun formalaşmasına böyük töhfələr verən siyasi-mədəni rəhbər, çoxyönlü fəaliyyət meydanı ilə dünyada tanınan, qəbul edilən humanist xadimdir. Çağdaş Azərbaycan tarixinə onun adı artıq modern qadın rəhbər, fenomen qadın lider kimi yazılmışdır.
Əlipənah KƏNGƏRLİ HACIYEV
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



















