
Xəbərlər
26.06.2025, 23:35
Beş qardaşdan biri...
Qırılmasından qorxduğun, əziz - müqəddəs bir dəyər, ən qiymətlin kimi qoruyub saxladığın, sevincinə, kədərinə şərik olduğun, üzülməsini, ağlamasını istəmədiyin, tərifi imkansız sevginin adıdır, dost. Dost özünə verəcə biləcəyin ən gözəl hədiyyədir. Heç bir zaman tərk edə bimədiyin, bir-birini tərk etməyəndir, dost. Dostlar öz davranışları ilə bəlli edər özlərini. Səninləyəm deməzlər, yanındayam, deyərlər. Necəsən deməzlər, haradasan gəlirəm, deyərlər. Çünki səni dinləyəndən çox, anlayan, başa düşəndir, dost. Təsadüfi deməyiblər ki, hamı çıxıb gedəndə, gələndir, dost. Həyatda çox tanışınız ola bilər, amma həqiqi dostlar çox azdır. Təəssüflər olsun ki, müasir dövrümüzdə dostluğa, yoldaşlığa, hətta insanlığa önəm verən, sınanmış, etibarlı, dəyərli dostlar azdır. Həyat dediyin bu yolda çox insanla rastlaşırsan, amma dost dediyin əlin barmaqlarını aşmaz. Yazar -filosof Virciniya Volfun belə bir fikri var: "Bəziləri keşişlərə üz tutur, bəziləri poeziyaya. Mənsə dostlarıma üz tututam". Necə də yerində deyilmiş ifadədir. Mənim kimi... Mənim dostlarım kimi. Bu gün haqqında danışacağım insan son zamanlar hamının, hər kəsin dillər əzbəri olan "5 qardaş, 5 dost"-lardan biri haqqındadır.
Qədim zamanlardan bugünkü günümüzə qədər əsrarəngiz İsmayıllı torpağının Basqal qəsəbəsi nadir istedada, qabiliyyətə malik - ən başlıcası isə insani keyfiyyətləri özündə cəmləşdirən insanlar yetişdirmişdir. Bu keyfiyyətlərlə onlar zaman-zaman xalqımızın formalaşan mədəniyyətinin, əxlaqi dəyərlərinin qorunub-saxlanılmasında misilsiz xidmətlər nümayiş etdirmişlər.Basqal qəsəbəsinin İsmayıllı rayonunun qəsəbəsi olduğunu bəlkə də yazmağa ehtiyac yoxdur. Çünki dünyanın ən füsunkar guşəsi olan Basqal ilk növbədə ecazkar gözəlliyi, təbiəti, ələlxüsus qız-gəlinlərimizin, ana-bacılarımızın namus təcəssümü olan “kəlağayı"sı və kanovuz” yorğan üzü ilə tanınıb məşhurlaşmışdır. Basqal həm də ölkəmizə çoxlu qiymətli insan bəxş etmişdir. Onlardan Xalq yazıçısı Əbülhəsən Ələkbərzadə, Azərbaycanda aerokosmik tədqiqatların və kosmik təbiətşünaslığın bünövrəsini yaradan, görkəmli ictimai-siyasi xadim, Azərbaycan Respublikasının ilk Dövlət katibi Tofiq İsmayılov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri Maqsud və Mais Cavadovlar, Bala İsgəndərov, İtaliyanın Milli Qəhrəmanı, “Harribaldi ulduzu”na layiq görülmüş Məmməd Bağırov, şair Davud Aslan, millət vəkili, bəstəkar Novruzəli Aslanov, kifayət qədər hörmət-izzət sahibi olan Miryavər Hüseynov, jurnalist Daşdəmir Əjdəroğlu kimi istedadlı və görkəmli şəxsləri göstərmək olar. Həmçinin çoxlu alim, söz-sənət adamı Basqalın şöhrətini bütün dünyaya bəyan etmişdir. Bu məqalə jurnalistika kimi ağır və şərəfli bir peşədə misilsiz xidmətləri ilə iz qoyan, dəyərli və düşündürücü yazıları ilə oxucularının daim maraq dairəsində olan, sanballı əsərlərin müəllifi, sənətinin məsuliyyətini dərindən dərk edən, yorulmadan çalışan, eyni zamanda İsmayıllı və ismayıllılıların hörmətini ucalara qaldıran nəhəng bir qələm əhli, hamımızın sevimlisi, "5 qardaş"dan biri, dostumuz, qardaşımız Daşdəmir Əjdər oğlu Tağıyev haqqındadır. Daşdəmir Tağıyev Basqal qəsəbəsində dünyaya gəlib. Orta məktəbi əla qiymətlərlə bitirmiş Daşdəmir bu qəsəbədən pərvazlanaraq Bakıya gəlmiş, 1992-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistuka fakultəsini bitirmişdir. Hələ orta məktəb illərindən başlayaraq yerli rayon qəzetində ara-sıra yazıları görünməyə başlamışdı, Daşdəmirin. Universiteti bitirdikdən sonra “Ədalət” qəzetində məsul katib, “Elin sözü” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. Azərbaycan mətbuatında fəaliyyət göstərən 150-dən çox qəzet və jurnala özü xeyir-dua verərək onların işıq üzü görməsində yaxından yardım göstərmiş, onlarla kitabın redaktorluğunu etmiş, eyni zamanda həmin kitablarda oçerkləri də dərc olunmuşdur..
Daşdəmir Əjdəroğlu imzasıyla o, 35 ildən artıqdır ki, tanınır və imzasına hörmət bəslənilir. Daşdəmir Əjdəroğlu jurnalistikaya gəlişini belə xatırlayır: “1977-ci ilin əvvəlləriydi. İsmayıllı rayonundakı “Zəhmətkeş” qəzeti ilə ara-sıra əlaqələr saxlayır, məktəbimizdə keçirilən tədbirlərdən, doğulduğum Basqal qəsəbəsində baş veən yeniliklərdən cızma-qaralarımı çap etdirirdim. Məktəbdəki sinif yoldaşlarım mənə həsədlə baxır, bəziləri də gözü götürməməzlikdən bu yazıları atamın yazdığını söyləyirdilər. Məqsədləri bu idi ki, hövsələdən çıxararaq onlarla yersiz mübahisə edim, mən isə təbii ki, bunu heç zaman etməzdim. Müəllimlərim də şagirdlərinin uğurlarına sevinir, mənim qələm sevincimə şərik olurdular”. Diqqətinizə çatdırmaq istəyirəm ki, o dövrün mətbuatında çap olunmaq hər əlinə qələm alıb məqalə yazana qismət olmurdu. İxtisaslı jurnalistlər var idi ki, mətbuat səhifələrinə yaxın düşə bilmirdilər. Daşdəmir Əjdəroğlu da beləcə, bu çətin və şərəfli peşəni seçərək ürəyində uşaqlıq illərindən kök salan arzusunu reallaşdırdı. O, jurnalistikada ilk addımlarını atdığı gündən yazılarında taleyüklü məsələlərin, problemlərin həlli, mövcud çətinliklərin aradan qaldırılması işini gündəmə gətirdi. Sənətinə sonsuz məhəbbətlə vurğun olan Daşdəmir Əjdəroğlu aparıcı peşə kimi sayılan jurnalistikanı son dövrlərdə nüfuzdan salanlara, bu sənətə təsadüfi gələnlərə qarşı barışmaz mövqedə dayanmış, müxtəlif səpkidə sərt yazılarla onları ifşa etmişdir. O, prinsipial jurnalist mövqeyi ilə bu dövrə kimi toxunduğu mövzularda cəmiyyətimizdə təzahür edən müxtəlif anormal halların aradan qaldırılmasına nail olmuşdur.
Daşdəmir doğrudan da, dost üçün canından keçən oğuldur, nə qədər ağır və məsuliyyətli işi olsa da, hansımızın ona ehtiyacı olarsa, dərhal özünü çatdırar, o, hər birimizin qayğısını çəkər, kimin bir uğuru olsa, ona öz uğuru tək sevinər və onun haqında geniş məqalə hazırlayır, onu ictimaiyyətdə tanıtdırır. El arasında belə bir ifadə var: filankəsin üzündə Allah nuru var. Bu ifadəni o kəslər haqqında söyləyirlər ki, həmin insanlar ömür boyu xeyirli işlər görsünlər. Çöhrəsində xeyirli əməlləri təcəssüm edən Daşdəmir də belə insanlardandır. Mən çox şadam ki, Daşdəmir kimi dostum var, eloğlum var, həmkarım var. Dəyərli dostlarla dostluğumuzun dəyəri heç vaxt ölçülə bilməz. Dərd ortağımız, yaxşı və pis günlərimizdə yanımızda olan dostumuzun bu gün 60 illik yubileyidir. Əziz dostum, illər ömürdən getsə də, hər zaman gənc və dəyərli qal. Bu gün geridə qalan bir yaşının xoşbəxtliyini yaşayarkən gələcək illərin də sənə ancaq uğur gətirsin. Dostluğumuzun atəşi heç vaxt sönməsin, ildən-ilə güclənsin, qardaşım! Qələmin daim yazar olsun, dəyərli dostum, qardaşım Daşdəmir!
Hörmətlə:
"5 qardaş"dan biri,Təranə Əmir qızı Cəbiyeva
Yazıçı-publisist
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











