Xəbərlər
24.10.2026, 21:56
Şükür də ilahi vergidir
Sənubər Səhər
Bunu bacarmaq da xoşbəxtliyin zirvəsidir.
Əziyyətlər çəkib imtahan vermək üçün gəldiyimiz bu dünyada gördüyümüz xoş günlər cənnətin varlığına inamımızı gücləndirən, şükürlərimizin və ümidlərimizin bəhrəsi olan nemətlərdir.
«Onun hər şeyi var, heç yeri ağrımır. Nə dərdi var ki?» — kimi fikirlər ağılsızlıqdır.
Dünyanı idarə edənlər belə ömür boyu mənfi düşüncələrdən, ağrılardan, dərdlərdən və problemlərdən uzaq ola bilməyiblər.
Bəşər övladı bəşəriyyətin və kainatın bir parçasıdır.
İnsan yalnız namaz qılarkən baş əymir, əllərini göyə qaldırmır. Bu, həyatın qanunlarının özünü göstərməsidir.
Ömür boyu həmin yollardan keçirik. Bu yolların izdihamında kimin kimə, nəyə baş əydiyi, kimə əl açıb dua etdiyi çox vaxt bilinmir, görünmür.
Görünən əməllərdir. Onlar da yalnız gözlə görünmür.
Ağıl, düşüncə, qəlb dünyası, biliklər və xarakterlər əməllərə fərqli görüntü verir.
Müxtəlif münasibətlər, hücumlar və güclər qarşısında atdığımız addımlar həyatımızı yenidən qura, ona yeni istiqamət verə, bizi xoşbəxtliyə doğru apara və ya məhv edə bilər.
Ümid və şükür başımıza gələn hər şeyi dərd etməyimizə mane olur. Düzgün düşüncə isə bizi öyrənməyə, yeni əməllərə və yaşayış yolları axtarıb tapmağa sövq edir.
Gücümüz nəyə çatırsa, onu həyata keçirmək ilahi borcumuz, əbədiyyətimizin təməlidir.
İnamsız, ümidsiz yaşayanlar da nələrisə həyata keçirməyə çalışırlar.
İlahi varlıqlara qarşı çıxanlar ya boş danışır, ya da ara qarışdırırlar. Onların da cavabı əsrlər boyu lazımınca verilib.
Əziyyət çəkənlər arasında inamı olmayanlar və «şeytanlar» da olub.
Biz də bəzən zəhmət çəkməyi bacarmırıq, hər şeyi asanlıqla, hazır şəkildə əldə etmək istəyirik.
Bəli, bütün bunlara etiraz edə bilən yoxdur. Etiraz edənlər isə çox vaxt daha çox əziyyət çəkirlər.
Söhbət haqqını tələb edənlərdən getmir. Haqqını da hər kəs düzgün bilməlidir.
Haqqımız nədir?
Əməllərimizə düzgün qiymət verilməsi.
Bəs qiymət verən kimdir?
Yenə özümüz.
Bizi idarə edənlər də, bizim idarə etdiklərimiz də qarşılıqlı anlaşma yolunu mütləq tapmalıdırlar.
Bütün münaqişələr güc yolu ilə həll olunmur. Bəzən münaqişələr müvəqqəti sakitləşir, sonra isə yenidən alovlanır.
Həyat mübarizədir.
Müharibələrə çevrilən bu mübarizələr dünyanı da, həyatı da məhv edir. İnsanlar, yaşantılar və qurulanlar dağılır, məhv olur.
Sağ qalanlar, yaşayanlar, çalışanlar isə şükür edir, səbrlərini itirmirlər.
Bunların öhdəsindən gələ bilməyənlər, imkanı çox olanlar isə başqa planetdə yaşamaq üçün yer axtarırlar.
Yer kürəsi dağılsa da, dağılmasa da, ruhumuzun və əməllərimizin yeni dünyasına aparan qapılar daim açıqdır…


Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




