Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

Qarşıma bir video çıxdı. Canavar sürüsündən danışılırdı. Videoda deyilirdi ki, sürünün önündə yaşlı canavarlar gedir. Onlar hərəkətin sürətini müəyyənləşdirir, sürünü öz güclərinə deyil, ən zəif və yorğun olanların imkanlarına uyğun aparırlar. Məqsəd hamıdan tez irəliləmək deyil, sürünün bütövlüyünü qorumaqdır.

Düşündürücü deyilmi? Təbiətin qanunları nə qədər mükəmməl, insanın yaratdığı qaydalar isə bəzən nə qədər qəribədir...

Bizim cəmiyyətdə çox vaxt önə keçmək üçün yaş, təcrübə, müdriklik deyil, maddi imkan, vəzifə və nüfuz əsas götürülür. İnsanlar bəzən kimin ardınca getməli olduqlarını onun nə bildiyinə görə yox, nəyə sahib olduğuna görə müəyyənləşdirirlər. Halbuki hamıdan öndə getmək heç də hamıya yol göstərmək demək deyil.
Burada bir məqamı da qeyd edim. Fil sürüsündə yaşlı filin yaddaşında əvvəllər gördüyü, bəlkə də uzun illər əvvəl keçdiyi yollar, su mənbələri qalır. Quraqlıq zamanı bu yaddaş sürünün xilası olur. Gənc fillər həmin yeri heç vaxt görməsələr də, yaşlının təcrübəsi onları suya aparan yolu tapa bilir.
İnsan həyatında da belə deyilmi? Bəzən hamımızın axtardığı çıxış yolu kiminsə illər əvvəl qazandığı təcrübədə gizlənir. Bizim yeni hesab etdiyimiz bir çətinlik başqasının çoxdan yaşayıb geridə qoyduğu bir sınaq ola bilər.
Amma nədənsə insan cəmiyyətində yaş artdıqca təcrübənin dəyəri həmişə artmır. Əksinə, bəzən yaşlı insanın sözü eşidilmir, fikri köhnəlmiş sayılır, özü isə cəmiyyətin sürətlə dəyişən həyatından kənarda qalır. Xüsusilə də texnologiyanın inkişaf etdiyi indiki dövrdə yeni vasitələri mənimsəməkdə çətinlik çəkən yaşlılara elə baxılır ki, sanki onlar zamanın gerisində qalıblar.
Bəli, dünya dəyişir. Texnologiya yenilənir, həyat sürətlənir, dünənin yeniliyi bu gün adi bir vasitəyə çevrilir. Gənclərin bu dəyişikliklərə daha tez uyğunlaşması təbiidir. Onların çevikliyi, enerjisi, yeni fikirləri cəmiyyət üçün böyük üstünlükdür. Ancaq bir insanın hansısa yeni proqramı bilməməsi onun həyatı daha az anlaması deməkdirmi? Müasir cihazlardan istifadə edə bilməmək insanın illərlə qazandığı həyat təcrübəsini dəyərsizləşdirə bilərmi?
Məncə, yox.
Bir telefonun imkanlarını öyrənmək olar. Yeni texnologiyaya yiyələnmək, süni intellektdən istifadə etmək, dünyanın dəyişən qaydalarına uyğunlaşmaq da mümkündür. Amma bir insanı tanımaq, çətin gündə doğru qərar vermək, ailəni qorumaq, dostun dərdini sözsüz anlamaq, bir səhvin hansı nəticələrə gətirib çıxaracağını əvvəlcədən duymaq üçün təkcə texnologiya kifayət etmir. Bunların bəziləri yalnız yaşanmış həyatın, zamanın və təcrübənin verdiyi biliklərdir.

Əlbəttə, yaşlı olmaq hər məsələdə haqlı olmaq demək deyil. Keçmişin hər düşüncəsi bu günə uyğun gəlməyə bilər. Gənclərin də yaşlılardan öyrənəcəyi qədər yaşlıların gənclərdən öyrənəcəyi çox şey var. Demək istədiyim, bir nəslin digərindən üstün olması deyil. Düşündürən məqam bir-birini tamamlaya bilən nəsillərin bəzən bir-birini anlamağa belə çalışmamasıdır.
Bu gün texnologiyanı bilmədiyi üçün kənarda qalan yaşlı insan bir vaxtlar gənc olub. O da öyrənib, çalışıb, qurub, səhvlər edib, çətinliklərdən çıxış yolu tapıb. Bu gün bizə adi görünən həyatın bir çox rahatlığı onun nəslinin zəhməti, mübarizəsi və təcrübəsi hesabına yaranıb. İndi isə zaman dəyişib deyə, sanki onun bildiklərinin artıq heç bir əhəmiyyəti yoxdur.
İndiki gənclər də həmişə gənc qalmayacaqlar. Bu gün yeniliklərə hamıdan tez uyğunlaşanlar sabah özlərinə yad olan texnologiyalarla qarşılaşacaqlar. Onların da öyrənməkdə çətinlik çəkdiyi, anlamadığı, bəlkə də köməyə ehtiyac duyduğu vaxt gələcək. O zaman özlərindən sonrakı nəslin onları dinləməsini, səbrlə başa salmasını, həyat təcrübələrinə hörmətlə yanaşmasını istəməyəcəklərmi?
Zaman heç kimin qarşısında dayanmır. Bu gün öyrədən sabah öyrənən, bu gün yol göstərən sabah başqasının köməyinə ehtiyac duyan ola bilər.
Videoya baxarkən məni ən çox düşündürən də elə bu oldu - təbiətdə yaşamaq üçün bir-birinə ehtiyac duyan canlılar var. İnsan isə bəzən özünü inkişaf etdirdikcə, öz imkanlarını artırdıqca başqasına ehtiyacını unudur. Halbuki nə qədər bilikli, nə qədər imkanlı, nə qədər müasir olsaq da, həyatın elə məqamları var ki, orada bizə ən yeni texnologiya deyil, bir insanın illərlə qazandığı təcrübə, bir ağsaqqalın sözü, bir ağbirçəyin xatirəsi lazım olur.
Bəlkə də biz inkişafı bir az yanlış anlayırıq. İnkişaf yalnız daha sürətli getmək, daha çox bilmək, daha müasir vasitələrdən istifadə etmək deyil. İnkişaf həm də geridə qalanı gözləmək, bilməyənə öyrətmək, yaşanmış təcrübəyə hörmət etmək, birgə yol getməyi bacarmaqdır.
Təbiətin bizə öyrədə biləcəyi çox şey var. Təəssüf ki, bəzən onu izləyirik, heyran qalırıq, hətta mükəmməlliyindən danışırıq, amma öz həyatımızda həmin sadə həqiqətləri tətbiq etməyi unuduruq.
Bəlkə də insanın ən böyük müdrikliyi hamıdan öndə getməkdə deyil, yanında gedənlərin heç birini yolda qoymamaqdadır.
Axı yolun uzunluğu ilə yanaşı, onu kiminlə və necə getdiyimiz də vacibdir.

Son xəbərlər

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031