
Xəbərlər
19.09.2024, 23:37
“SƏNAN ƏFSANƏSİ” HÜNƏR VƏ QƏHRƏMANLIQLARLA DOLU TARİXİ SALNAMƏDİR" - FOTOLAR
“SƏNAN ƏFSANƏSİ” HÜNƏR VƏ QƏHRƏMANLIQLARLA DOLU TARİXİ SALNAMƏDİR
-“...Alın yazımdan sonrakı yazılardı - yaddaşımın Ağdam, Qarabağ yazıları... Ola bilsin, taleyimin yeni bir abzasıdı”.
Şəhid atası Hacı Əkbər Rüstəmovla hər görüşümüzdə söhbətimiz təxminən bu ovqatda davam edir. “Taleyinin bir abzası” dediyi Qarabağı hər zaman ürəyində, canında, ruhunda daşıyıb. Hayana qonubsa, hayana qaçıbsa, Qarabağ, Ağdam yenə gəlib ətəyindən-ömürlüyündən, işindən yapışıb...
Birinci Qarabağ müharibəsi haqqında az kitab yazılıb. Bu dəhşətli müharibənin ağrı-acısı haqqında nə qədər şərqi bəstələnsə də, real tarixi faktlardan bəhs edən onlarla kitab yazılsa da, şəhid atasının yazdıqları, mətbuatda çap edilmiş məqalə-xatiratları, sonradan isə onların toplum halında dərc edilməsi haradasa bizə təsəlliverici haldır.
Əkbər Rüstəmov 1988-ci ildə Azərbaycanda baş vermiş milli azadlıq mücadiləsindən sonra vətənimizin başının üstünü qara buludlar alanda könüllü özünümüdafiə taboruna ilk yazılanlardan biri olub. 845 saylı alayın komandir müavini kimi vətənə xidmət edib. Bu müddətdə gördüklərini, müharibə dəhşətlərini, savaş iztirablarını, dost itkilərini, ölüm-itimləri illər sonra özünün “Gündəliyi”nə həkk edib, lap sonralar da zaman-zaman taleyinin ən acı sınağı dövründə onları müəyyən qədər kitablaşdırıb.
Bu yazımda isə tanınmış yazıçı-publisist Qəşəm Nəcəfzadənin “Sənan əfsanəsi” kitabından bəhs edirəm. O kitab ki burada yazılanların heç biri təxəyyül məhsulu deyil, gerçəklikdir. Komandir müavinin müəllifə danışdıqları, onun gördükləri, içində olduğu, yaşadığı hadisələrdir…
Müharibə elə bil ata-balanın taleyinə yazılıbmış. Şəhid Sənan Rüstəmovun qismətinə batalyon komandiri Şirin Mirzəyevin dəstəsinə qoşulmaq düşübmüş. 4 aprel 1992-ci ildə Ş.Mirzəyev onu 3-cü batalyonun 2-ci rotasına komandir təyin edibmiş.
İstər Əkbər müəllim, istərsə də oğlu Sənan dəhşətli anlar içində yaşadıqları hisslərin adını bilməyiblər. “Amma bir onu anladım ki, tale və keçmiş deyilən şeydən heç vaxt qaçmaq mümkün deyil. Harada olursansa ol, o bir gün yenə yaxandan yapışacaq” – deyir Əkbər Rüstəmov...
- Könül quşum hər zaman iki yurda - gəncliyimin, taleyimin, yaşantılarımın tən ortasında dayanan Ağdama, həsrətində qaldığım Qarabağa – oğlumun ruhunun dolaşdığı torpaqlara , bir də hər zaman bəlalardan iraq düşməsini istədiyim paytaxta uçub. Torpaqlarımız erməni işğalına məruz qalandan sonra yolum qaçqınların məskunlaşdıqları, sığındıqları Bakıdan başladı. 30 ilə yaxın zaman müddətində hər yay Ağdamın işğal olunduğu tarixdən bir neçə gün əvvəl yolumu o torpaqlardan salır, həsrətini çəkdiyim, vaxtilə döyüşdüyüm səngərlərə intizar hissi ilə baxır, beynimdə və ürəyimdə doğma yurda qayıdacağım anları gözləyirdim. Çünki bu torpaqlar məni gözləyir, səsləyirdi. Çünki bu torpaqlarda şəhid Sənanımın, bala, qqrdaş hesab etdiyim qəhrəman döyüşçülərimin ruhu dolaşırdı, - deyir Əkbər müəllim.
Əkbər müəllim onu da əlavə edir ki, oğlu Sənanın şəhidliyi xəbəri eşitdiyi an onun üzündəki kədəri, gözündəki yaşı, dilindəki fəryadı təsvir edə biləcək nə sözü var idi, nə də gücü. Özünü nə qədər toparlamaq istəsə də, gücünü və özünü ələ almaq istəsə də, bununla barışmaq istəmirdi. Kənardakılar onu nə qədər sakitləşdirmək fikrində olsalar da, gözlərinin önünə lay divar oğlunun hünəri, qəhrəmanlıqları, ən əsas da xarakterik cizgiləri gəldikcə özünü, göz yaşlarını saxlaya bilmirdi… Əslində indi də ondan söz düşəndə qəhərini boğa bilmir…
Yuxarıda qeyd etdiyim kimi, şəhid Sənan Rüstəmov haqqında müəyyən oçerklər, məqalələr işıq üzü görüb, haqqında sənədli filmlər çəkilib, Əkbər müəllimin iştirakı ilə şəhid oğlunun qəhrəmanlıqlarını əks etdirən bəzi məqamlar lentə alınıb. Amma görünür bunlar azlıq edibmiş. Belə igidlər haqqında nə qədər yazılsa da, əlavə yazılara yenə də ehtiyac duyulur.
“Sənan əfsanəsi” kitabı Qəşəm Nəcəfzadənin redaktorluğu və “Vektor” Beynəlxalq Elm Mərkəzinin prezidenti, tanınmış alim və şair, professor Elçin İsgəndərzadənin tərtibçiliyi sayəsində ilk dəfə işıq üzü görüb. İkinci dəfə bu kitab cüzi əlavə və dəyişikliklərlə 2024-cü ildə dərc edilib. Kitabın redaktoru Qəşəm Nəcəfzadə özünün ön sözündə deyir ki, kitabdakı yazılardan doğan və adamı yükləyən bir sual həmişə oxucunu rahat buraxmır: “Qarabağı nə vaxt qaytaracağıq? Kitab üçün bu da əsas bir məsələdir”.
Kitabda tam əvvəldən axıra kimi Sənanın yüksək mənəvi əxlaqı, daxili və fiziki mədəniyyətə malik obrazı var. Əvvəldən axıra kimi bu obraz inkişaf edir, zamanı, dövrü ifadə edir. Qarabağın ictimai həyatı, məişəti həm Sənanın, həm də onu tanıyanların fikir və düşüncələrində hərəkətdə olduğu görünür; məncə, kitab üçün bu yaxşı keyfiyyətdir, - deyə redaktor oxucuya müraciət edir.
Kitabın ön səhifələrində Əkbər Rüstəmovun “Erməni qəddarlığına son qoyulmalıdır” başlığında ölkə Prezidentinə ünvanladığı və 21 aprel 2016-cı ildə “Qarabağ” qəzetində dərc edilmiş müraciət də böyük maraq doğurur. Müraciətdə deyilir:
“Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə
Bakı şəhəri 7 saylı Peşə Liseyinin fiziki tərbiyə üzrə rəhbəri, Milli Azadlıq hərəkatının iştirakçısı, Azərbaycan Milli Ordusunun ilk yaradıcılarından biri, üç oğlu ilə könüllü döyüşmüş Əkbər Rüstəmov tərəfindən
MÜRACİƏT
Cənab Ali Baş Komandan!
1988-ci ildən Ağdam rayonunda kəndlərimizin erməni hücumlarından qorunması, hər bir kəndin özünümüdafiə dəstələrinin yaranmasında üç oğlumla iştirak etmişəm. Batalyonların formalaşmasında və onların bir-biri ilə münasibətlərinin qurulmasında, gücümüzü düşmənlərə qarşı yönəltmək uğrunda səy göstərmişəm. 1988-1993-cü illər ərzində vətənimizin torpaqlarının qorunması üçün çalışmışam. 1993-cü il iyul ayının 23-də Ağdamın işğalı ilə əlaqədar respublika televiziyası və mətbuatda xalqa çağırış etmişəm.
15 may 1992-ci ildə oğlum Sənan Rüstəmov Ağdamın Abdal-Gülablı kəndlərində düşmənləri məhv edərək qəhrəmanlıqla şəhid olub. Özüm də yaralanaraq xəsarət almışam.
Bu gün gəncliyimizin fiziki sağlamqlıqlarının artırılması, onların orduya hazırlanması üçün çalışıram. Düşmənin yenə də dinc sakinləri, qadın və uşaqları qətlə yetirmələri, evləri viranəyə çevirmələri heysiyyatımıza toxunur.
Cənab Ali Baş Komandan!
Keçmiş tələbələrimiz hazırda ordumuzun tərkibində igidliklə, rəşadətlə döyüşürlər… Liseyimizin müəllim və tələbələri vətəni quldur, terrorçu ermənilərdən təmizləmək üçün cəbhəyə getməyə, döyüşməyə hazır olduqlarını bildirirlər. Mən təcrübəli döyüşçü və şəhid atası kimi dövlətimizə, millətimizə, vətənimizə xidmət göstərmək istəyirəm. Xahiş edirik Azərbaycandan bu mənfurları qovub çıxarmaq üçün bizə bu fürsəti verəsiniz.
Hörmətlə;
Əkbər RÜSTƏMOV,
Keçmiş döyüşçü, şəhid atası
21 aprel 2016-cı il”
“Sənan əfsanəsi” kitabının ilk variantı Böyük Qələbəmizdən çox-cox qabaq çıxıb. Bu kitab isə, göründüyü kimi, Əkbər müəllimin cənab Prezidentə müraciətindən 8 il sonra çap edilib. Bu kitabın qəhrəmanları Sənan kimi igidlərimizin timsalında Qarabağ torpaqlarını işğaldan azad edərkən şəhid olan qəhrəman oğullarımızdır, Ali Baş Komandandır, bütün ordumuzdur, bütün Azərbaycan xalqıdır, Azərbaycan-Türkiyə dostluğudur, atalarını gözləyən körpələrimiz, əlləri göyə uzalı Allaha duasını əsirgəməyən analar, atalar, bacılardır, körpələrdir.
Qarabağımızın xilası eyni zamanda milli ruhumuzun və qürurumuzun qələbəsidir. “Qarabağ Azərbaycandır və nida” müqəddəs şüarı qələbəmizin rəmzi ifadəsinə çevrildisə də, doğma Şuşamızın Xarı bülbülü isə torpaqlarımızın ərazi bütövlüyü uğrunda can qoymuş 2803 şəhidin əziz, müqəddəs ruhları qarşısında qəhrəmanlıq simvoluna, qeyrət tacına çevrildi.
Kitabda “Sənə doğru gəlir” yazısından sitat: “…Bəli, 30 ildən sonra dilə gəlmişdi bu tar, sənin tarın. Bəlkə də bu sənin ruhun idi. Torpaqlar azad olunduqdan sonra öz yurdunun azadlığını görüb sənin ruhun bu tarı sinəsinə sıxmışdı. Necə də məlahətli dilləndirirdin tarı. Bəli, bu sən idin. O gündən mən və ailə üzvlərimiz hər səhər sənin tarının səsinə oyanırıq. Çal, tarını, Sənan. Qoy bu tarın sədaları altında Qarabağımız, Ağdamımız yenidən abadlaşdırılsın. Ruhları şad olsun bütün şəhidlərimizin. İndi başımız ucadır. Hər kəsin üzünə dik baxa bilirik. Çünki azaddı Qarabağımız.
Qarabağ bizimdi Sənan!!!
Çal tarını mənim balam,
Azaddı Qarabağımız.
Məlhəmləndi mənim yaram,
Gəl-gəl deyir Ağdamımız,
Azaddı Qarabağımız”.
Çal tarını mənim balam,
Azaddı Qarabağımız.
Məlhəmləndi mənim yaram,
Gəl-gəl deyir Ağdamımız,
Azaddı Qarabağımız”.
Təbii ki, zəfərə nail olmaq heç də asan proses deyil. Biz də bir xalq olaraq Zəfərimizi qanla qazandıq. Bu kitabın ərsəyə gəlməsini böyük Zəfərimizi öz qanları ilə yazan igid Vətən oğullarınım əziz ruhu qarşısında bir vəfa borcu kimi dəyərləndirirəm. Mən şəxsən bir Azərbaycan vətəndaşı kimi bu çətin, məsuliyyətli, şərəfli və məhsuldar işdə tərtibçisinə, redaktoruna, o cümlədən onları məlumatlandıran şəhid atasına böyük zəhmətləri müqabilində ən dərin, ən səmimi minnətdarlıq hisslərimi ifadə edirəm.
Və mən də, elə Əkbər müəllim də sevinir ki, Sənanının da, digər şəhidlərimizin də qanı düşmənlərdən alındı. İllər öncə ruhu Qarabağımızın səmasında narahat dolaşan Sənanın ruhu bu gün şaddır...
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










