Elza Gülməmmədova haqqında ELZANAMƏ düşüncələr...
«YENƏ SÜKUT QUMUN ÖMRÜNÜ ÖLÇÜR...»

Bu cümləni hansısa qəzetin manşetindən deyil, bir qadının ürəyindən keçərək düşüncələrindən süzülüb gələn sözlərindən götürmüşəm. Bu, adi bir xəbər deyil, sualdır. Özü də elə bir sual ki, insanın vicdanını dindirir, düşüncələrini oyadır...
Bəli, o, sükutun da ömrünü ölçür. Saatların belə gəzməyə cəsarət etmədiyi bir kainatda sözü gəzməyə çıxarır...
Bəzən bir insanı tanımaq üçün onunla uzun-uzadı söhbət etməyə ehtiyac qalmır. Bir kəlməsi, bir cümləsi, bir yazısı kifayət edir ki, qarşındakı insanın düşüncə dünyasına baş vurasan.

Haqqında danışmaq istədiyim Elza Gülməmmədova da mənim üçün şəxsiyyəti və yaradıcılığı ilə diqqət çəkən belə insanlardandır.
Elza xanımı hələ Azərbaycan Nəşriyyatından tanıyıram. Mətbuat aləminin içində olan, sözə bağlılığı ilə seçilən bir qələm sahibidir. O vaxtlardan onu fəal, sözünü deməkdən çəkinməyən, haqqın axtarışında olan bir insan kimi tanımışam. Dəfələrlə nəşriyyatın dəhlizlərində üz-üzə gəlmişik. Amma birbaşa tanışlığımız, salamlaşmağımız belə olmayıb. Sadəcə bilirdim ki, mətbuat aləmində belə bir qələm sahibi var — sakit, öz dünyasında yaşayan, düşüncələri ilə baş-başa qalan yaradıcı bir insan...
Bir gün metronun «Memar Əcəmi» stansiyasından «Avtovağzal» stansiyasına gedən platformada bir xanımla söhbət etdiyini gördüm. Yanından ötüb keçə bilmədim. Axı Facebook-da dost idik. Nəşriyyatda salamlaşmadığımız halda, burada da səssizcə keçib getmək istəmədim.
Yaxınlaşdım:
— Salam, Elza xanım! Xoş gördük!
Ayağa qalxdı. Üzündə elə səmimi bir təbəssüm vardı ki, sanki illərin doğması ilə görüşürdü. Gözlərini qıyaraq şəhadət barmağını mənə tərəf uzatdı:
— Siz... Siz...
Adımı xatırlamağa çalışırdı. Tərəddüdünü görüb özüm köməyə gəldim:
— Elxas... Elxas Comərd.
Bu vaxt yanındakı xanımın uzaqlaşdığını görüb narahat oldum, üzrxahlıq etdim. Narahatlığımı hiss edən Elza xanım səmimiyyətlə dilləndi:
— Başqa adam idi, tanış deyildik. Elə-belə oturmuşduq. Narahat olma, xoşdur...
Elə sadə, elə doğma danışdı ki, həmin an bir daha anladım: yaradıcı insanın böyüklüyü təkəbbüründə deyil, sadəliyindədir.
Görüşümüz cəmi bir neçə dəqiqə çəkdi. Amma mənə bir udumluq sevinc bəxş etdi. Ayrılarkən ona can sağlığı arzuladım. İndi geriyə dönüb düşünəndə anlayıram ki, o bir udumluq sevincin içində böyük bir hörmət, səmimiyyətə duyulan ehtiram varmış.
Evə qayıdandan sonra «BİR UDUMLUQ SEVİNC» başlığı altında bir yazı yazıb Facebook-da paylaşdım.
Facebook dostluğumuz sayəsində Elza xanımı sonralar daha yaxından tanımağa başladım. Onun yazıları başqalarının yazılarından fərqlənirdi. Hamı status yazırdı, o isə sanki sözü daşa həkk edirdi: qısa, kəsərli, poetik...
İndi düşünürəm ki, insan haqqında yazmaq üçün təkcə onu tanımaq kifayət deyil. Gərək onun sözlərinin arxasında gizlənən dünyanı da anlamağa çalışasan. Çünki bəzən söz görünəndir, məna isə görünənin arxasında gizlənir.
Elza xanımın yazılarını oxuduqca görürsən ki, o, adi sözlərlə kifayətlənmək istəmir. Fikirlərini bəzən sual, bəzən çağırış, bəzən də bir-birinə calanan qeyri-adi poetik obrazlarla ifadə edir. Onun düşüncələrində insan, azadlıq, sülh, Vətən qeyrəti, yaddaş və unudulmazlıq bir-birinə qovuşaraq özünəməxsus mənəvi mənzərə yaradır.
Bir gün onun səhifəsinə yenidən qayıdıb dəfələrlə qarşıma çıxan paylaşımlarını təkrar oxudum. Əvvəllər diqqətimi çəkən fikirlərinə bir daha nəzər saldım. Oxudum, düşündüm... Öz-özümə dedim: nə qədər zəngin bir düşüncə dünyası var bu qadının! Yazacağım məqalədə istifadə etmək üçün bəzi fikirlərini seçib götürdüm.
Elza xanım yazır:

«BİR-BİRİNİ HEÇ VAXT UNUTMAĞI BACARMAYAN RUHLAR VAR...»

Ardınca isə bu fikri səsləndirir:

«BİR-BİRİNİ XATIRLAYARKƏN, UNUDULMAZ OLURLAR ONLAR».


Bu iki cümlədə yaddaş, bağlılıq və unudulmazlıq bir-birinə qovuşur. İnsan münasibətlərinin elə bir tərəfi var ki, onu nə zamanla ölçmək mümkündür, nə də məsafə ilə. Bəzən insanlar bir-birindən uzaq düşürlər, amma xatirələrində yaşadıqca bir-birini unudulmaz edirlər.
Mənə elə gəlir ki, qələm adamının ən böyük qazancı da elə budur: oxucusunun yaddaşında bir fikir, bir duyğu, bir sual kimi yaşamaq...
Hərdən öz-özümə sual verirəm. Söz yazmaq asandırmı?
Əlbəttə, sözləri yanaşı düzmək olar. Ancaq hər sözün içində bir fikir yaşatmaq, hər cümlə ilə oxucunu düşündürmək tamam başqa məsələdir. Əsl yaradıcılıq da, məncə, məhz bu axtarışdan başlayır.
Elza xanımın söz dünyasına yenidən baş vuraraq onun deyimlərindən seçdiyim nümunələrlə düşüncələrimi davam etdirmək istəyirəm.
O yazır:

«YENƏ HƏBSXANANIN UZAQ KAMERASINDAN BİRİ QIŞQIRIR...
EY HÖRMƏTLİ İNSANLAR! SİZ BURA NECƏ DÜŞDÜNÜZ?»


Bu cümlələr oxucunu dərhal düşünməyə vadar edir. Burada yalnız həbsxana divarları arasında qalan insanı deyil, cəmiyyətin içində yaşadığı halda özünü sıxılmış, eşidilməmiş, anlaşılmamış hiss edən insanı da görmək mümkündür. Əlbəttə, bu, həmin fikrə mənim verdiyim mümkün yozumlardan biridir.
Elza xanımın özünəməxsus ifadə tərzi var. Onun cümlələrində fikir bəzən birbaşa, bəzən isə obrazların arxasında gizlənərək çatdırılır. Oxucu bu ifadələrin qarşısında dayanmalı, düşünməli, mənanı özü üçün aydınlaşdırmağa çalışmalıdır. Bu axtarış onun fərqli təfəkkürünü, söz vasitəsilə öz dünyasını ifadə etmək cəhdini üzə çıxarır.
Ancaq burada bir məqamı da vurğulamaq istərdim: fikrin dərinliyi qədər, onun oxucuya çatdırılma biçimi də əhəmiyyətlidir. Çünki söz yalnız yazanın daxilində yaşayan fikir deyil, həm də başqasının qəlbinə aparan yoldur.
Elza xanımın başqa bir fikrinə nəzər salaq:

«SÜLH MƏRMİ LAVASININ HƏYATI CƏHƏNNƏMƏ ÇEVİRƏN MƏCBURİYYƏT YOLU DEYİL — DAĞ DİBİNƏ SIĞINMIŞ BULAĞIN SUYUNDAN İÇİB, BAŞINA KÖLGƏ SALAN AĞACIN SINMIŞ BUDAĞINI SAĞALTMAQDIR».


Bu ifadədə sülh anlayışı qeyri-adi obrazlarla təqdim olunur. Mənim oxuduğum mənada sülh yalnız müharibənin dayanması deyil, həm də həyatın yaralarını sağaltmaq, dağılanı bərpa etmək, insanın mənəvi dünyasını qorumaqdır.
Elza xanımın bu fikrini oxuyanda bir qənaətə gəldim. Onun üçün sülh plakatlarda yazılan bir söz deyil. Sülh — sağaltmaqdır.
Qeyrət isə qışqırmaq deyil, qorumaqdır.
Elza xanımın başqa bir deyimi də var:

«QEYRƏT AYDIN SIÇRAYIŞIN YÜNGÜL ADDA BÖYÜK QÜRURUDUR».


O, özünün düşüncə dünyasını «ELZANAMƏ — DÜNYƏVİ QEYRƏT KİTABIM» adlandırır.
Doğrudan da, hər kəsin öz naməsi, öz söz dünyası var. Elza xanımın dünyasında isə qeyrət, azadlıq, sülh və insanlıq anlayışları mühüm yer tutur. Onun «Elzanamə» adlandırdığı bu mənəvi dünyanı da həmin dəyərlər üzərində qurulmuş düşüncələr toplusu kimi qəbul etmək olar.
Bir başqa paylaşımında isə yazır:

«SÜLH ÜMİD SULAYAN SÖZSÜZ YARA DEYİL,
QURAQ YERDƏ DƏ SÖZSÜZ YARALANANLARI SAĞALDAN AZADLIQDIR.
GƏLİN ŞƏHİD SÖZLƏRİNİN ÜSTÜNƏ GÜL ???? SƏPİB,
AİLƏ UNİVERSİTETLƏRİ YARADIB QORUYAQ!»


Bu fikirlərdə sülh, azadlıq, şəhidlərin xatirəsi və ailə dəyərləri bir araya gəlir. Şəhid sözlərinin üstünə gül səpmək obrazı mənə xatirənin ehtiramla yaşadılmasını, ailə universitetləri yaratmaq çağırışı isə ailənin mənəvi tərbiyə və dəyər məkanı kimi qorunmasını xatırladır.
Bu sətirləri oxuyanda bir daha düşündüm: sözün arxasında nə qədər geniş bir dünya gizlənə bilər!

SÖZLƏRİN ARXASINDAKI DÜNYA


Elza xanım üçün bu dünya, mənim qənaətimə görə, onun «Elzanamə — Dünyəvi qeyrət kitabım» adlandırdığı düşüncə məkanından keçir.
Deyirlər, hər insanın öz dünyası var. Kimi onu sadə cümlələrlə ifadə edir, kimi düşüncələrinin dolaşıq yollarında özünə məna axtarır. Elə insanlar da var ki, onların söylədiklərini anlamaq üçün sözləri oxumaq kifayət etmir. Gərək bir az dayanıb düşünəsən, görünənin arxasında görünməyəni də axtarasan.
Elza Gülməmmədova mənim üçün məhz belə insanlardandır: fəlsəfi və poetik təfəkkürə malik bir qələm sahibi.
O, sülhdən, azadlıqdan, Vətən qeyrətindən, insan ruhundan danışarkən hamının alışdığı ifadələrlə kifayətlənmir. Sanki sözün məlum sərhədlərini aşaraq özünə yeni ifadə yolu axtarır.
Bəzən həmin yol aydın görünür, bəzən isə onun düşüncələrinin izinə düşüb mənanı özün axtarmalı olursan.
Bəlkə də insanın fərqliliyi elə buradan başlayır: hamının gördüyünə başqa gözlə baxmaq, hamının adi qəbul etdiyinə sual vermək...
Ancaq düşüncənin dərinliyi qədər, onu başqasına çatdırmaq bacarığı da əhəmiyyətlidir. Axı söz yalnız yazanın daxilində qalan fikir deyil, həm də oxucunun qəlbinə gedən yoldur. O yol nə qədər mürəkkəb olsa da, oxucuya çatmağa bir keçid tapmalıdır.
Elza xanımın yazılarında məni düşündürən cəhətlərdən biri də budur. O, insanı, cəmiyyəti, sülhü və azadlığı özünəməxsus obrazlarla ifadə etməyə çalışır. Onun fikirlərinin qarşısında dayanıb düşünmək, bəzən razılaşmaq, bəzən də öz-özünə sual vermək lazım gəlir.
Məncə, yaradıcı insanın fərqi təkcə yazdıqlarında deyil, oxucusunu düşündürə bilməsində də üzə çıxır.
Elza xanımın bu cümləsi isə xüsusilə diqqətimi çəkir:

«HEÇ BİR SAATIN GƏZMƏYƏ GETMƏYƏ CƏSARƏT ETMƏDİYİ BİR KAİNATDA YAŞAYIRIQ».


Zaman və kainat haqqında qeyri-adi, obrazlı bir düşüncədir bu. Saatın hərəkəti ilə zamanın keçidi arasında qurulan əlaqə oxucunu adi təsəvvürlərdən kənara çıxarır. Burada zaman sanki öz adi ölçüsünü itirir, kainat isə insan düşüncəsinin qarşısında sirli bir məkana çevrilir.
İnsan bəzən bir sözün başlanğıcını tapmaqda çətinlik çəkir, onu bitirməkdə isə daha çox düşünür. Çünki elə insanlar var ki, onları bir neçə cümlə ilə təqdim etmək olmur. Onlar haqqında yazmaq üçün əvvəlcə düşüncə dünyalarının qapısını döymək, sonra isə həmin dünyanın içində özünə bir yol axtarmaq lazımdır.
Əlbəttə, mənim bu qənaətlərim Elza xanımın səhifəsində oxuduğum və burada nümunə gətirdiyim fikirlərə əsaslanır. Bu yazı ilə onun bütün yaradıcılığı haqqında qəti hökm vermək niyyətində deyiləm. Məqsədim oxuduğum sözlərin məndə oyatdığı düşüncələri bölüşmək, onun şəxsiyyətinə və qələm dünyasına öz baxışımı ifadə etməkdir.
Çünki insanı tanımaq bəzən onun haqqında danışmaqdan daha çətindir. Sözlərini oxuyursan, fikirlərini araşdırırsan, sonra öz-özünə soruşursan: görəsən, bu sözlərin arxasında hansı duyğular, hansı yaşantılar, hansı mənəvi dünya dayanır?
Bu sualın cavabını tam bildiyimi iddia etmirəm. Amma bir həqiqəti bilirəm: hər kəsin sözü özündən bir iz daşıyır.
Elza xanımın sözlərində də həmin izləri axtarmağa çalışdım.

DƏRDİNİ ÖZÜ DAŞIYAN QADIN

Elə insanlar var ki, həyatın bütün sınaqlarına baxmayaraq, öz duruşlarını qoruyub saxlamağı bacarırlar. Dərd onları sındırmağa çalışsa da, başqalarının qarşısında sınmış görünməməyə, yaşadıqları ağrını kiminsə çiyninə yükləməməyə çalışırlar.
Elza Gülməmmədovanı mən belə insanlardan biri kimi tanımışam.
Onu övlad itkisi ilə üzləşməmişdən əvvəl də tanıyırdım. Davranışında və danışığında ölçü-biçiyə riayət edən, xanımlığına xas təmkinini qoruyan, eyni zamanda rahat ünsiyyət quran, səmimi bir insandır. Söz verdisə, sözünün üstündə dayanmağı bacarır. Mənim üçün insanın bu xüsusiyyəti az dəyər daşımır. Çünki sözə sahib çıxmaq, əslində, özünə sahib çıxmaqdır.
Elza xanımın xarakterində bir möhkəmlik var. Bəlkə də elə buna görə onu tanıdıqca düşünürəm ki, insanın gücü həmişə gur danışığında, özünü nümayiş etdirməsində olmur. Bəzən güc sakit dayanmaqda, həyatın ağır sınaqları qarşısında mənəvi tarazlığını qorumağa çalışmaqda görünür.
Həyat heç kəsdən soruşmur ki, hansı ağrıya hazırsan, hansı sınağa dözə bilərsən. Bəzən insanın ən böyük dərdi onun ən möhkəm görünən tərəfinə toxunur. Və elə anlar olur ki, insanın daxilində qopan fırtınanı kənardan heç kim duymur.
Elza xanım da övlad itkisi kimi ağır bir acı yaşayıb.
Mən onun ürəyində baş verənləri tam bildiyimi iddia edə bilmərəm. Ana qəlbinin ağrısını kənardan ölçmək, o ağrının dərinliyini bir neçə cümləyə sığdırmaq mümkün deyil. Bəzi dərdlər var ki, insan onları danışdıqca deyil, susduqca daşıyır. Bəzi ağrılar isə sözə çevrilsə belə, özünün ən dərin qatını yenə gizli saxlayır.
Amma mənim müşahidəmə görə, Elza xanım bu dərdi başqalarının üzərinə yükləmədən, öz daxilində daşımağa çalışıb.
Mən ona bu ağrılara görə deyil, həyatın belə ağır sınağı qarşısında öz duruşunu qorumağa çalışan bir insan gördüyüm üçün rəğbət bəsləyirəm. Çünki mərhəmətlə yanaşı, insanın iradəsinə, xarakterinə, ləyaqətinə də hörmət etmək lazımdır.
Zərifliyi ilə qadın, iradəsi ilə möhkəm dayanan insandır Elza xanım.
Bəlkə də onun yazılarındakı həssaslığa da bu baxışla yanaşmaq olar. İnsanların qarşısında hər ağrısını dilə gətirməyən birinin sözlərində düşüncələr bəzən başqa biçimdə üzə çıxır. Bunun onun şəxsi yaşantıları ilə birbaşa bağlı olduğunu qəti söyləmək olmaz. Axı yaradıcılıq təkcə şəxsi ağrıların ifadəsi deyil; insanın dünyaya baxışının, müşahidələrinin, duyğularının və düşüncələrinin də məhsuludur.
Ancaq bir həqiqət var:
İnsanı tanımaq üçün təkcə onun danışdıqlarına deyil, həyat qarşısındakı duruşuna da baxmaq lazımdır.
Mən Elza xanımın şəxsiyyətində bu duruşu görmüşəm. Onunla qısa görüşümün yaratdığı ilk təəssürat, sonralar yazılarını oxuduqca formalaşan düşüncələrim və insan kimi müşahidə etdiyim xüsusiyyətləri mənim üçün bir-birini tamamlayıb.
Bəlkə də insan haqqında yazmağın ən çətin tərəfi elə budur: onu nə olduğundan artıq göstərmək, nə də özünəməxsusluğunu adi sözlərin içində itirmək...
Mən Elza Gülməmmədova haqqında yazarkən fikirim onu mükəmməl insan kimi təqdim etmək deyil, tanıdığım, oxuduğum, düşündüyüm Elzanı sözə gətirmək istədim. Onun yaradıcılığındakı qeyri-adi ifadələri, sülhə və azadlığa münasibətini, qeyrət və yaddaş haqqında düşüncələrini, eləcə də həyat qarşısındakı duruşunu öz baxışım çərçivəsində bir araya gətirməyə çalışdım.
Bəlkə də yazının əvvəlindəki o fikir elə buraya qayıdır:

«YENƏ SÜKUT QUMUN ÖMRÜNÜ ÖLÇÜR...»

Zaman keçir. İnsanlar dəyişir, yollar ayrılır, görüşlər yaddaşa çevrilir. Amma bəzi sözlər unudulmur. Bəzi görüşlər qısa çəksə də, yaddaşda uzun bir ömür yaşayır. Bəzi insanlar haqqında yazmaq isə onları tərifləməkdən daha çox, özündə oyatdıqları duyğuların və düşüncələrin hesabını verməkdir.
Mən bu yazını Elza xanımın ömrünü, dərdini və ya yaradıcılığını ölçmək üçün yazmadım. Sadəcə, tanıdığım bir insanın məndə yaratdığı təəssüratları, oxuduğum sözlərin oyatdığı düşüncələri bölüşmək istədim.
Bəlkə də hər yazının öz sükutu, hər insanın öz yaddaşı, hər yaddaşın da öz ömrü var...
Ona görə də bunu yazıram: unudulmaz olmaq üçün yox, unutmağı bacarmadığım üçün.
Böyük səmimiyyətlə,
Elxas Comərd
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Şair-publisist










Son xəbərlər

Kim Çen İn komaya düşüb? - Bacısı yerinə keçə bilər

“Heç kimin inancımı sorğulamağa haqqı yoxdur”

Türkmənistan mələyi - FOTO

Pakistanın Baş Qərargah rəisi Tehrana gedir

Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” olaraq dəyişdirməyi təklif etdi

Ağ Evin bir müddət mətbuat katibi olmayacaq

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Oktyabrın 20-si Zəngilan şəhəri günüdür - FOTOLAR

SÖZÜNƏ SƏDAQƏTLİ, QƏLƏMİNƏ VƏFALI ZİYALI — HÜSEYN İSAOĞLU 65 YAŞINDA

PÜSTƏ RƏVAN : GÖRÜŞÜNƏ TƏLƏSİRƏM MƏN - FOTO

Leyla Əliyeva Oğulcahan Atabayeva ilə görüşdü - FOTOLAR

"Eşref Rüya"nın aktrisası yeni serialda - FOTO

Ehsan aşını yeyən 100 nəfər zəhərləndi

Sahibə Yusif : Çörək qoxusu - FOTO

Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər

Paxıl insanları neylərdin, İlahi? - FOTOLAR

Rauf dostum ("Həkəri" qəzetinin redaktoru, şair-publisist, yaxın dostum Rauf İlyasoğluna)

Leyla Əliyeva Türkmənistanda səfərdədir

NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb

“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb

Fransada iğtişaşlar fonunda bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək

"Ağ xalatlı qəhrəman" kitabının təqdimatı 17 oktyabr 2026-cı il tarixində Yardımlıda keçirildi - FOTOLAR

“Son baxış – Heydərin hekayəsi”

Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb - FOTO

Teymur Musayev Anar Bayramovu kollektivə təqdim etdi - FOTO

Avropanın turizm və kruizlər üçün ən yaxşı şəhəri bəlli oldu

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031