Xəbərlər
10.10.2026, 00:18
GƏNCİN GEYİMİ, MİLLƏTİN GÖRÜNƏN ÜZÜ - FOTO
GƏNCİN GEYİMİ, MİLLƏTİN GÖRÜNƏN ÜZÜ
YAXUD MƏQSƏD GƏNCLƏRİ KEÇMİŞƏ QAYTARMAQ DEYİL, KEÇMİŞİN MƏNƏVİ SƏRVƏTİNİ ONLARIN GƏLƏCƏYİNƏ DAŞIMAQDIR
YAXUD MƏQSƏD GƏNCLƏRİ KEÇMİŞƏ QAYTARMAQ DEYİL, KEÇMİŞİN MƏNƏVİ SƏRVƏTİNİ ONLARIN GƏLƏCƏYİNƏ DAŞIMAQDIR
Əməkdar jurnalist, dəyərli həmkarım Şəmsiyyə Kərimovanın “Hicab, namus və kimlik: Görünənlə görünməyən arasında” adlı yazısı diqqətimi çəkdi. Diqqətlə oxudum, hətta rəy də yazdım. Şəmsiyyə xanım hicabla bağlı maraqlı fikirlərini bölüşüb. Həqiqəti yazıb. Dəstəkləyirəm. Amma mən isə başqa məsələyə toxunmaq istəyirəm. Bu da təkcə gənclərin yox, millətin geyimi məsələsidir.
***
Bir millətin gələcəyi təkcə onun qurduğu binalarda, qazandığı sərvətdə, fəth etdiyi zirvələrdə deyil, yetişdirdiyi gənclərin düşüncəsində, davranışında, özünə və kökünə münasibətində yaşayır.
Geyim... İlk baxışda adi bir məsələdir. Parça, rəng, biçim, dəb... Amma bir az dərinə getsək, görərik ki, geyim bəzən insanın zövqündən daha çox şey danışır. O, insanın özünə münasibətini, cəmiyyətə baxışını, bəzən də hansı dəyərlər içində böyüdüyünü göstərən səssiz bir dildir.
Bu gün küçələrimizdə, məktəblərimizdə, universitetlərimizdə gənclərimizi görürük. Onların gözlərində arzular, ürəklərində ümidlər, addımlarında gələcəyə doğru bir tələskənlik var. Ancaq bir sual da düşüncəmizi məşğul edir: Gənclərimiz geyim seçərkən yalnız dəbin arxasınca gedirlər, yoxsa öz kimliklərini də düşünürlər?
Dünya dəyişir. Dəbin sərhədləri yoxdur. Bir ölkədə yaranan geyim tərzi bir neçə saat sonra başqa bir ölkənin küçələrində görünə bilir. İnternet, sosial şəbəkələr, məşhurların həyat tərzi gənclərin zövqünə təsir edir. Bunların hamısını düşmən elan etmək nə ağıllılıqdır, nə də mümkündür. Müasir olmaq günah deyil. Gözəl geyinmək, yeniliyə açıq olmaq, fərqli görünmək istəyi də təbiidir.
Amma bir həqiqəti unutmayaq:
dünyaya açilmaq öz qapini bağlamaq demək deyil!
Nə üçün bəzən yad ölkələrin dəbinə heyranlıqla baxır, öz milli geyimimizə isə yalnız bayram günlərində xatırlanan bir xatirə kimi yanaşırıq? Nə üçün özgənin mədəniyyətini mənimsəməyi müasirlik sayır, öz mədəniyyətimizi yaşatmağı bəzən köhnəlik hesab edirik? Məgər milli olmaq dünyadan geri qalmaqdırmı? Məgər öz kökünü tanıyan gənc müasir düşünə bilməzmi?

Azərbaycanın elə bir mədəniyyəti, elə bir zövq ənənəsi var ki, onu daşımaq üçün insanın nə keçmişə qayıtmasına, nə də dünyadan üz döndərməsinə ehtiyac var. Qarabağın naxışlarında, Şuşanın ruhunda, nənələrimizin ilmələrində, milli geyimlərimizin, baş örtüyü olan kəlağayılarımızın rənglərində əsrlərin yaddaşı yaşayır. Bu yaddaş muzeylərdə tozlanmaq üçün deyil, bu günün həyatında da özünə yer tapmaq üçündür.
Ancaq gəlin bir məsələdə də ədalətli olaq. Gəncin geyimini görüb onun vətən sevgisini ölçmək, paltarına baxıb mənəviyyatına hökm vermək doğru deyil. Milli geyimdə olub milli dəyərlərə yad yaşayan da var, müasir geyimdə olub xalqının tarixini, dilini, ədəbiyyatını ürəyində daşıyan da. İnsanın mənəviyyatı təkcə çiynindəki paltarla ölçülmür.
Məsələ geyimin özündə deyil, geyimin arxasında dayanan düşüncədədir!
Gənclərimizə qadağalarla yol göstərmək asandır. Barmaq silkələmək, danlamaq, hər yeniliyə şübhə ilə yanaşmaq da asandır. Çətin olan isə onlara zövq aşılamaqdır. Çətin olan elə bir ailə, elə bir məktəb, elə bir cəmiyyət qurmaqdır ki, gənc öz milli kimliyini təzyiq altında deyil, sevə-sevə qəbul etsin. Özünü başqasından üstün tutmadan, amma heç kimdən də əskik bilmədən yaşasın.
Axı gəncliyə yalnız “belə geyinmə!” deməklə milli ruh aşılamaq olmaz. Ona gözəlliyin nə olduğunu göstərmək lazımdır. Tarixini sevdirmək, dilinin zənginliyini duydurmaq, milli mədəniyyətinin incəliklərini tanıtmaq lazımdır. Öz mədəniyyətini tanıyan gənc dünyadan qorxmaz. Çünki haradan gəldiyini bilən insan hara gedəcəyini də daha yaxşı anlayar.
Əziz gənclər, geyinin, bəzənin, zövqünüzü göstərin, dünyanın gözəlliklərindən bəhrələnin! Amma bir anlıq dayanıb düşünün: Siz yalnız dəbli görünmək istəyirsiniz, yoxsa şəxsiyyət kimi tanınmaq da istəyirsiniz? Başqalarının sizə baxıb nə düşünməsini istəyirsiniz, yoxsa özünüz güzgüyə baxanda kim olduğunuzu da görmək istəyirsiniz?

Paltar dəyişə bilər, dəb köhnələ bilər, rənglər solub gedə bilər. Amma insanın düşüncəsi, ləyaqəti, dili, yaddaşı onunla qalır. Geyim insanı bəzəyə bilər, ancaq insanı ucaldan onun mənəviyyatıdır.
Və nəhayət, valideynlərə, müəllimlərə, cəmiyyətə də bir sözümüz var: Gənclərdən milli dəyərləri qorumağı istəyiriksə, əvvəlcə həmin dəyərləri yaşatmağı dəyər halına gətirməliyik. Özümüzün unutduğumuz mədəniyyəti gənclərdən tələb edə bilmərik. Özümüz oxumadığımız kitabların sevgisini onlara zorla verə bilmərik. Özümüz laqeyd yanaşdığımız milli irsi onların çiyinlərinə yalnız nəsihətlə yükləyə bilmərik.
Bir millətin kimliyi onun geyimində görünə bilər, amma yalnız geyimində yaşamır
O kimlik ana dilində, vicdanında, davranışında, böyüyə hörmətində, kiçiyə qayğısında, Vətənə sədaqətində yaşayır. Gənclərimizin geyimi müzakirə olunursa, gəlin onların zövqü ilə yanaşı düşüncəsini də müzakirə edək. Onların xarici görünüşündən danışırıqsa, daxili dünyalarına da diqqət yetirək. Çünki bizə, sadəcə, yaxşı geyinən gənclik deyil, yaxşı düşünən, özünü tanıyan, dünyaya açıq, kökünə bağlı bir gənclik lazımdır.
Unutmayaq: Məqsəd gəncləri keçmişə qaytarmaq deyil, keçmişin mənəvi sərvətini onların gələcəyinə daşımaqdır.
Dəbin arxasınca qaçmaq olar. Dünyadan öyrənmək olar. Yeniliklərlə yaşamaq da olar. Yetər ki, bu yolda özümüzü itirməyək. Çünki özgənin paltarını geyinmək mümkündür, amma özgənin kimliyi ilə yaşamaq bir millətin ən böyük mənəvi itkisinə çevrilə bilər.
Gəlin elə bir gənclik yetişdirək ki, müasirliyi ilə seçilsin, biliyi ilə yüksəlsin, davranışı ilə sevilsin, milli kimliyi ilə qürur duysun. Çünki gələcəyin Azərbaycanı bugünkü gənclərin yalnız necə geyinməsindən deyil, necə düşünməsindən, nəyə inanmasından və kim olduğunu nə qədər dərk etməsindən asılıdır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






