Deyən igid zabit, leytenant Murtuz Abbasov kimi oğulları olan Vətənin torpağı işğalda qala bilməzdi...

İnsanın zehni, yaddaşı çox zaman öz dadına çatır. Elə məqamlar, elə anlar olur ki, illər keçsə də, gözlərin önündən çəkilmir, xatirələr bir-bir çözələnir. Bəzən bu xatirələr insanda təəssüf hissi yaratsa da, həmin anları, üzücü olsa belə, yenidən yada salırsan. Yaddaşının ən aydın, ən canlı məqamını gözlərinin qarşısına gətirirsən.
Xüsusilə 44 günlük Zəfər tariximizi yazan şəhid və qazilərimizi xatırlayarkən çoxumuz belə hisslər yaşamışıq. Bəzən özümüzə sual da vermişik: Gözümüzün qarşısında böyüyən bu igidləri niyə daha yaxından tanımamışıq?
Axı onlar bizimlə dəfələrlə rastlaşıb, bəlkə salamlaşıb, ictimai nəqliyyatda yerimizi verib, küçədə qarşımızdan keçiblər. Biz isə onları hələ “uşaq” bilmişik. Bəzən bircə “Allah köməyin olsun” deməklə kifayətlənmişik. Onların necə böyük ürək sahibi olduqlarını, bir gün Azərbaycanın şərəfli tarixini yazan qəhrəmanlara çevriləcəklərini düşünməmişik.
Mən bu hissləri son bir neçə ayda daha çox yaşamışam.

Bir neçə ayın söhbətidir. 44 günlük Vətən müharibəsindən sonra yaxın qonşumuzun oğlu həqiqi hərbi xidmətdən, məlum səbəblərə görə, bir neçə ay sonra tərxis olunaraq evə buraxılmışdı. “Gözaydınlığı” deyilən gözəl adətimizə uyğun olaraq qonşu gilə keçmişdim.
İgid balamızla görüşdük. Xidmətinin necə keçdiyini, döyüş zamanı hansı cəbhə bölgəsində olduğunu soruşduq. Bir qədər söhbət etdik. Əsgər balamızı tay-tuşları çağırdı. Üzr istəyib getməsinə icazə verdik.
Uşaq getdikdən sonra söhbətimizi onun atası ilə davam etdirdik.
Tarix yazan ordumuzun əsgərinin atası övladının keçdiyi döyüş yolundan, imkan tapıb ata-anasına danışdığı hadisələrdən böyük qürurla söz açırdı. Danışdığı hər epizod mənim də yaddaşımda müxtəlif hadisələri, müxtəlif məqamları oyadırdı. Mən də qonşumla birlikdə qürur hissi keçirirdim.
Axı həmin uşaqların hər biri böyük, şərəfli bir tarix yazmışdı. Onların yaşadıqları, etdikləri hər bir hərəkət fəxr edilməli idi.
Bu qürurun nə qədər böyük olduğunu sadə bir misalla təsəvvür etmək olar.
Təhlükəsizliyimizə tam əmin olduğumuz halda, harada olmağımızdan asılı olmayaraq, qəfil partlayışa bənzər bir səs eşidəndə səksənirik. Bir anlıq qorxu hissi keçirir, özümüzü qorumaq instinkti ilə diksinirik.
Bu, təhlükəsizliyimizin təmin olunduğu şəhərdə, kənddə, yolda baş verir.
Bəs o igidlər?
Ağır artilleriyanın, avtomatın, pulemyotun, minaatanın və digər silahların atəşi altında düşmənin üzərinə getmək nə deməkdir?
Bunu təsəvvür etməyə çalışsaq, onların necə böyük ürək sahibi olduqlarını daha yaxşı dərk edərik...
Söhbətimizin şirin yerində əsgər atası “WhatsApp”dan bir şəkil tapıb mənə göstərdi.
— Qonşudur, bizdən xeyli yuxarıda yaşayır. Çingizin oğludur. Bizim uşaqla bir yerdə olub. Bizim uşağın yanında döyüş zamanı şəhid olub...
Şəkilə baxan kimi:
— Mən bu uşağı tanıyıram! — dedim.
Şəkilə dönə-dönə, diqqətlə baxdım. Özü də lap yaxından tanıyırdım. Tez-tez rastlaşmışdıq. Bizim məktəbdə...
Qonşum nigarançılığıma son qoydu:
— Uşaq burada oxuyub. Atasıgil də burada yaşayır.
Tam təfsilatı ilə qonşudan bildiklərimi soruşdum. Yaddaşımı bir daha çək-çevir etdim. Sanki uşağın baxışları gözlərimə dikilmişdi.
Gülümsər məktəbli uşaqların dərsdən çıxıb evə getdikləri anlar gözlərimin önündən keçirdi. Yadıma düşdükcə, hər bir məqam diqqətimi özünə çəkirdi.
Səhəri gün məktəbə getdim.
Çünki yaddaşımda ən çox məktəbin dəhlizində, pilləkənlərində rastlaşdığım anlar canlanırdı. Məktəbə gedərkən yol boyu, məktəbin dəhlizində, pilləkənlərində sanki o uşaq yenə hərəkətdə idi, gülümsəyərək mənə baxırdı...
Adətim üzrə axtarış verdim və şəhid balamız — Azərbaycan Ordusunun zabiti, leytenant Murtuz Çingiz oğlu Abbasov haqqında məlumatlarla tanış oldum.

Murtuz Abbasov 2 noyabr 1998-ci ildə Lerik rayonunun Soru kəndində anadan olub. Beş qardaş, dörd bacının sonbeşiyi olan Murtuz 2005-ci ildə Bakı şəhəri Binəqədi rayonunun Sulutəpə qəsəbəsindəki Elşən Sultanov adına 217 nömrəli məktəbin birinci sinfinə gedib. 2007-ci ildən etibarən təhsilini yaşayış yerinin yaxınlığında yeni tikilərək istifadəyə verilmiş 313 nömrəli tam orta məktəbdə davam etdirib.
2016-cı ildə orta təhsilini başa vuraraq Dövlət Sərhəd Xidməti Akademiyasına daxil olub. 2020-ci ildə Akademiyanı leytenant rütbəsi ilə bitirən Murtuz Abbasov Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində taqım komandiri vəzifəsində xidmətə başlayıb. Daha sonra raket-artilleriya silahlarının istismarı və təmiri mütəxəssisi ixtisası üzrə xidmətini davam etdirib.
27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ — Vətən müharibəsində gənc zabit, leytenant Murtuz Abbasov döyüş yoluna Ağdam istiqamətindən başlayıb.

Ağdam və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə əsgər heyəti ilə birlikdə hər qarış torpaq uğrunda böyük qəhrəmanlıqla döyüşüb. Düşmənin canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsində böyük şücaət göstərib. Nümunəvi zabit kimi şərəflə döyüşüb, hərbi hissə qarşısında qoyulan tapşırıqları ləyaqətlə yerinə yetirib.
Sonralar döyüş yolu Zəngilan istiqamətinə uzanıb. İranla sərhədlərimizin düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə də böyük qəhrəmanlıq göstərib.
22 oktyabr 2020-ci ildə Zəngilan rayonunun Ağbənd istiqamətində gedən döyüşlərdə düşmənin snayper gülləsinə tuş gəlib.
Şəhidlik məqamına yüksəlib.
Nəşi doğulduğu Lerik rayonunun Soru kəndində böyük izdihamla, uğrunda canından keçdiyi müqəddəs torpağa tapşırılıb.
Dövlət tərəfindən gənc zabit, leytenant Murtuz Abbasovun şərəfli döyüş yolu və qəhrəmanlığı 3-cü dərəcəli “Vətənə xidmətə görə”, “Vətən uğrunda” və “Zəngilanın işğaldan azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhid balamızın ordu sıralarında xidmətə həvəsi də, görünür, hələ uşaq yaşlarından formalaşıbmış.
Böyük qardaşı əsgərlikdə olarkən onun yanına gedəndə çəkdirdiyi şəkli daim ehtiramla qoruyub saxlayırmış.
Amma məni ən çox düşündürən, ən çox kövrəldən isə atasına dediyi son sözlər oldu:
— Narahat olma, ata... Mənə nəsə olsa, məndən başqa dörd oğlun da var...

Bu bircə cümlənin arxasında necə böyük bir ürək, necə böyük Vətən sevgisi, necə ağır bir fədakarlıq dayanır...
İnsan bu sözlərin mənasını düşündükcə anlayır ki, bizim şəhidlərimiz, qazilərimiz, döyüş yolu keçmiş oğullarımız Vətən üçün yaşamağa da, lazım gəlsə, Vətən üçün ölməyə də həmişə hazır olublar.
Belə oğulları olan Vətənin torpağı heç bir zaman işğalda qala bilməzdi.
Allah sizlərə rəhmət eləsin, şəhid balalarımız.
Allah sizlərə şəfa versin, qazilərimiz.
Allah sizi qorusun, müzəffər Ordumuzun əsgərləri!
Sizlərlə fəxr edir, sizinlə qürur duyur, qarşınızda ehtiramla baş əyirik.
Belə cəsarətli, belə igid oğullar yetirən valideynlərə isə ömrümüz boyu minnətdar olmalıyıq.
Çünki Vətənin qəhrəmanları əvvəlcə bir ananın, bir atanın övladları olurlar...
Elxas Comərd

Son xəbərlər

SÖZÜN İÇİNDƏ YAŞAYAN QADIN

NARAHAT OLMA, ATA...

Bu ölkə "Avroviziya"dan imtina etdi

Mənim burda ahlarımdan Sibirdə Baykal gölü bir az sola çəkili -Sevinc YUNUSLU

Sumqayıtda məktəb direktoru vəfat etdi

17 oktyabr 2026-cı il tarixdə Hicran Faiq Əhmədlinin kitab təqdimatı keçiriləcək.

Kleopatra haqqında tarixçilərin susduğu 6 utanc verici fakt

Türkiyədə qanunsuz miqrantlar saxlanıldı

Sazın sehrində, sözün qüdrətində yaşayan ömür - Aşıq Altay Məmmədli

Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi

Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı

Fransada tələbə üsyanı böyüyür - Fotolar

Hollivudda tarixi razılaşma - 110 milyardlıq nəhəng şirkət quruldu

İçkili halda maşın sürən Blok3 belə cəzalandırıldı

Zeynəb Cəmaləddin : Aman Rəbbim, qoru məni bu gözdən - FOTO

Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb

Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib

Azərbaycanın çoxvektorlu diplomatiyası - İlham Əliyevin yeni mesajları - ŞƏRH

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Hörmüz boğazında gəmiyə zərbə endirilib, 11 hindistanlı yaralanıb

Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsi hazırlanıb

TBMM-in sədr müavini Bekir Bozdağ istefa verib

347 milyon uşağın həyatı təhlükədədir - Xəbərdarlıq edildi

ADY-nin sərnişin daşımaları artıb

Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı

Özəl klinikada “analiz biznesi”: Xəstə müalicə olunur, yoxsa kassaya çevrilir?

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031