
Xəbərlər
30.09.2026, 22:53
Məmməd Qədir : Öztəsəllim - FOTO

Vaxt gəlir kimsəyə olmursan gərək,
Keçmir boğazından nə su, nə çörək,
Cism parçalanır, partlayır ürək,
Sən ki, dozumlüsən əzaba, zülmə,
Bu da keçib gedər, şair, üzülmə.
Yerdə sürünənlər göydən kişnəyir,
İndi haqsızındı meydan, kişnəyir,
Off kəhər canında madyan kisnəyir,
Dağ vaxtına söykən, belə büzülmə,
Bu da keçib gedər, şair, üzülmə.
Doldura bilmirsən bəxti, yarı ol,
Bəxt iti olunca, bəxt xiyarı ol,
Çalış həyatının Bəxtiyarı ol,
Ay Qəzənfər dayı, nə olar ölmə,
Bu da keçib gedər, şair, üzülmə.
Nə olsun Allahın sairisən sən,
Allahı sevənlər rədd edənlə tən,
Adın silinəcək it dəftərindən,
Haqq belə ağlayır, anlasan gülmə,
Bu da keçib gedər, şair, üzülmə.
Haqq gücsüz, haqsızlar kef edəcəklər,
Dərgahda özünü əfv edəcəklər,
Nəşini cahillər dəfn edəcəklər,
İstinad etsən də haqda yüz elmə,
Bu da keçib gedər, şair, üzülmə.
Sözü cırnatmasan köpək də hürmür,
Zülmətdən keçməsə günəş də görmür,
Böyük faylları tarix götürmür,
Format ol, kiçikləş, ya da sezilmə,
Bu da keçib gedər, şair, üzülmə.
İndi söz ocağı başqa dinlidi,
Pulsuz keçmək olmur, yaman enlidi,
Sənin yazdıqların qaya genlidi,
Hər çınqıl zərbədən, Məmməd, əzilmə,
Bu da keçib gedər, şair, üzülmə.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

