
Xəbərlər
28.04.2026, 00:20
DOSTA ÜRƏYİNİ QIYA BİLƏCƏK QƏDƏR ÜRƏK SAHİBLİ ŞAİR - FOTOLAR
(“Bir kənd, yeddi şair” ədəbi möcüzəsinin ikinci nəfəsi)
Bəzən tarix böyük şəhərlərdə yazılmır. Bəzən ədəbiyyat paytaxtların gur səsli salonlarında yox, ucqar bir kəndin sakit, amma dərin nəfəsində doğulur. Və elə olur ki, bir kənd – coğrafi baxımdan kiçik, amma mənəvi baxımdan böyük bir məkan – birdən-birə bir neçə söz adamı yetişdirir. Bu artıq təsadüf deyil, bu – ədəbi hadisədir, ruh hadisəsidir.
“Bir kənd, yeddi şair” - ifadəsi də məhz belə bir təsadüfdən düşüncəmə hakim kəsildi. Fikirləşdim ki, bu sadəcə statistik fakt deyil. Bu, bir mühitin, bir torpağın, bir nəfəsin poeziyaya çevrilməsidir. Bu kəndin yetirmələri bir-birindən fərqli səslər olsalar da, onları birləşdirən ortaq bir ruh var. Sözə sədaqət, insana sevgi və ilahi duyum.
Bu silsilədə haqqında söz açacağım ikinci imza – Abbasəli Misir oğlu Əhmədovdur. Abbasəli müəllim həmin ədəbi zəncirin mühüm halqalarından biridir. O, bu yeddi nəfərin arasında təkcə bir şair kimi yox, həm də ürəyi ilə yaşayan, ürəyi ilə yazan və ocağında daha bir şair yetişdirən bir insan kimi seçilir.
Abbasəli Misir oğlu Əhmədovun həyat yolu da onun poeziyası kimi sadə, səmimi və zəngindir.
O, 1950-ci ildə Ağsu rayonunun Ləngəbiz kəndində anadan olub. İlk təhsilini doğma kəndində alan Abbasəli müəllim sonradan M.Ə.Sabir adına texnikum və N.Tusi adına ADPU kimi təhsil ocaqlarında oxuyaraq pedaqoji biliklərə yiyələnib.
1970–1972-ci illərdə hərbi xidmətdə olan Abbasəli müəllim, həyatının böyük hissəsini müəllimlik peşəsinə həsr edib. Əmək fəaliyyətinə Ağsu rayonunun Xəlilli kənd məktəbində başlayan pedaqoq, 1974-cü ildən 2018-ci ilə qədər Ağarx kənd tam orta məktəbində müəllim kimi çalışıb.
Onun müəllimlik fəaliyyəti yalnız peşə borcu ilə məhdudlaşmayıb – bu, bir missiya olub. O, yetişdirdiyi şagirdlərə təkcə bilik yox, həm də mənəvi dəyərlər aşılayıb. Bu zəhməti dövlət səviyyəsində də qiymətləndirilib – Təhsil Nazirliyinin sərəncamı ilə “Baş müəllim” adına layiq görülüb.
Abbasəli Əhmədov yalnız pedaqoq deyil, həm də fəal ədəbi mühit iştirakçısı olub. O, “İti qələm” Respublika Ədəbi Birliyinin üzvü kimi yaradıcılıq fəaliyyətini davam etdirib, “Qızıl qələm”, Həsən bəy Zərdabi adına fəxri diplomlarla təltif olunub.
SÖZÜN KÖKÜ – TORPAQ, RUH VƏ YADDAŞ
Hər şairin bir başlanğıcı var. Bu başlanğıc bəzən bir xatirə, bəzən bir ağrı, bəzən də bir kənd olur. Abbasəli müəllimin də sözünün kökü doğulduğu torpağa – Ləngəbizin ruhuna bağlıdır.
Bu kəndin yetirmələrinin çoxluğu təsadüfi deyil. Burada söz yalnız danışılmır – yaşanır. Burada insan təbiətlə, yaddaşla və ən əsası, öz kökü ilə harmoniyada yaşayır. Məhz bu harmoniya poeziyanın mayasını təşkil edir.
Abbasəli müəllim də bu mühitin yetirməsi kimi sözə süni yanaşmır. Onun şeirlərində həyat var, nəfəs var, səmimiyyət var. O, yazmır, danışır, etiraf edir, bölüşür.
ÜRƏKDƏN GƏLƏN POEZİYA
Onun, mənə gəlib çatan “Ürəyimi verdim dosta” kitabı adından da göründüyü kimi, bir həyat fəlsəfəsinin ifadəsidir. Bu, sadəcə poetik obraz deyil – bu, onun həyat tərzidir. Bu kitabdan oxuduqlarımdan tam əmin oldum ki,
Abbasəli Əhmədlinin poeziyasında üç əsas xətt qabarıq şəkildə özünü büruzə verir.
Dostluq – onun üçün müqəddəs anlayışdır.
Vətən sevgisi – sadəcə coğrafi bağlılıq deyil, mənəvi məsuliyyətdir.
İlahi bağlılıq – insanın daxili saflaşmasının əsas yoludur.
Bu üç xətt birləşərək onun yaradıcılığında bütöv bir mənəvi sistem yaradır. Bu sistemdə söz bəzək deyil – mahiyyətdir.
YEDDİ ŞAİRİN ORTAQ RUHU
“Bir kənd, yeddi şair” anlayışını dərinləşdirəndə görürük ki, bu şairlər bir-birinin davamı kimidir. Onlar eyni məktəbin yetirmələri, eyni torpağın adamları və eyni ruhun daşıyıcılarıdırlar.
Abbasəli müəllim bu ruhun daha çox insani tərəfini təmsil edir. Onun şeirlərində pafosdan çox səmimiyyət, iddiadan çox sadəlik var. Bu isə oxucu ilə daha tez bağ qurmağa imkan verir.
Onun poeziyası oxucunu yormur, əksinə, ona yaxınlaşır, onunla söhbət edir. Bu baxımdan o, klassik mənada “şair” olmaqla yanaşı, həm də xalqın içindən çıxan söz adamıdır.
ŞƏXSİYYƏTİN BÖYÜKLÜYÜ – SÖZDƏ YOX, ƏMƏLDƏ
Abbasəli müəllimi fərqləndirən cəhətlərdən biri də onun insanlığıdır. Onu tanıyanların söylədikləri, onunla olan xatirələr, onun davranışları bir həqiqəti təsdiqləyir.
O, şeir yazdığı kimi də yaşayırdı.
Bu gün bir çox hallarda sözlə əməl arasında məsafə olur. Amma onun həyatında bu məsafə yox idi. O, yazdığı dəyərləri yaşayırdı.
Bu isə onu sadəcə şair yox, həm də mənəvi örnək səviyyəsinə qaldırır.
QÜRUR VƏ İTKİ ARASINDA
Onun vəfatı ilə bağlı yaşananlar isə bir daha göstərdi ki, insanın böyüklüyü onun yoxluğunda daha aydın görünür. Mərasimdə hiss olunan hörmət, deyilən sözlər, insanların münasibəti – bunlar təsadüfi deyil.
Bu, bir ömrün qazandığı etimadın, sevginin və hörmətin nəticəsidir.
Bu baxımdan, onun itkisi təkcə bir ailənin yox, bir mühitin, bir ədəbi çevrənin itkisi idi.
SONU OLMAYAN YOL
“Bir kənd, yeddi şair” kitabı təkcə xatirə kitabı deyil – bu, bir ənənənin sənədləşdirilməsidir. Bu ənənənin ikinci siması kimi Abbasəli Əhmədov bu kitabda öz layiqli yerini tutur.
Onun sözü yaşayır. Onun xatirəsi yaşayır. Onun yetişdirdiyi insanlar, təsir etdiyi qəlblər yaşayır.
Çünki bəzi insanlar ömürlərini yaşamır – onlar ömürlərə çevrilirlər.
DANIŞANLAR VƏ YAŞAYANLAR: İNSANIN SÖZÜ İLƏ ƏMƏLİ ARASINDAKI UÇURUM
Zaman dəyişir, dövrlər bir-birini əvəz edir, texnologiyalar inkişaf edir, amma insanın mahiyyəti – onun daxili dünyası, xisləti, mənəvi çəkisi çox zaman eyni qalır. Bu dəyişməzliyin içində isə ən çox diqqət çəkən məqamlardan biri insanın dediyi ilə etdiyi arasındakı fərqdir. Məhz bu fərqin poetik, lakin sərt və açıq ifadəsini şairin, - “Danışar” - adlı şeir özündə çox dolğun şəkildə əks etdirir.
Şeir başdan-ayağa bir müşahidənin məhsuludur. Burada müəllif həyatın içindən çıxan müxtəlif insan tiplərini sanki bir güzgü qarşısında düzür və oxucuya deyir. Bax, bu da var, o da var... seç, tanı, fərqləndir.
“Adam var...” – bu təkrar sadəcə bədii üsul deyil, bu, həyatın ritmidir. Hər misrada bir insan, hər bənddə bir xarakter, hər fikirdə bir həqiqət dayanır. Müəllif bu sadə, lakin güclü konstruksiya ilə cəmiyyətin sosial-psixoloji portretini yaradır.
Adam var istəməz hazır yeməyi,
Adam var bacarmır sözün deməyi,
Adam var adama dəyməz köməyi,
Arandan, turandan, kandan danışar!
Şair bununla bir-bir sadalayıb deyir, bəli, bu adamları, tanı...
Adam var tər tökər, itər əməyı,
Adam var qıymayır tikə çörəyi,
Adam var adama olmaz gərəyi,
Adam var kükrəyib qandan danışar!
Bir tərəfdə zəhmət çəkən, alın təri ilə yaşayan, səxavət göstərən insanlar var. Digər tərəfdə isə hazırı sevən, söz deyə bilməyən, yaxud deyə bilmədiyi halda danışmağa can atan, lakin içi boş olanlar. Bu qarşılaşdırma şeirin əsas bədii yükünü daşıyır.
Adam var illərlə düşməz yadına,
Adam var qurbanlıq kəsər adına,
Adam var adamı salar oduna,
Adam var “baş üstə”, “can”dan danışar!
Şeirdə xüsusilə diqqət çəkən məqamlardan biri “qandan danışar” ifadəsinin təkrarıdır. Bu ifadə artıq sadəcə söz deyil, bir simvoldur. Bu, zorakılığın, qəddarlığın, bəzən də yersiz qəhrəmanlıq iddialarının göstəricisidir. Müəllif demək istəyir ki, insanın dilində nə varsa, qəlbində də odur. Əgər kimsə durmadan nifrətdən, qandan, qarşıdurmadan danışırsa, bu onun daxili aləminin sükunətsizliyindən xəbər verir.
Adam var nur yağar daim üzündən,
Adam var öpərlər bir cüt gözündən.
Adam var doymazlar şirin sözündən,
Arıdan çəkilmiş baldan danışar!
Şeirin digər bir qatında isə daha incə, daha zərif bir müşahidə yer alır. “Adam var nur yağar üzündən” deyərkən müəllif daxili saflığın, mənəvi təmizliyin zahiri ifadəsini təqdim edir. Bunun qarşısında isə şirin sözlərlə insanları aldadan, “arıdan çəkilmiş baldan danışan” obraz dayanır. Bu isə cəmiyyətin ən təhlükəli təbəqələrindən biridir – zahirən cazibədar, daxilən isə boş və ya riyakar olan insanlar.
Adam var düz getməz haqqın yolunu,
Adam var zor edib, sınar qolunu,
Adam var düşünməz ömrün sonunu,
Hər kəlmə başında qandan danışar!
Müəllifin tənqidi yalnız fərdi xüsusiyyətlərlə məhdudlaşmır. O, daha geniş – ictimai müstəviyə keçir. Mənliyin sərvətə satılması, qeyrətin şöhrətə qurban verilməsi, dostluğun, ülfətin pozulması artıq tək-tək insanların yox, bütöv bir mühitin problemidir. Bu, mənəvi aşınmanın, dəyərlərin deqradasiyasının poetik təsviridir.
Adam var tanımaz solun-sağını,
Adam var itirər öz dayağını,
Adam var dəyişib canda qanını,
Doğmasını unudub, yaddan danışar!
Bu insanın, ən eybəcər formaya düşməsinin təzahürüdür ki, şair bunu, - "Doğmasını unudub, yaddan danışar!" - deyir.
Şair daha sonra dəyişən insanın mənəvi simasızlığının əsas amillərinə toxunur.
Adam var mənliyin satar sərvətə,
Qeyrətin pay verər, şana-şöhrətə,
Adam var xələlilik vurar ülfətə,
Məclisdə hörmətdən, şannan danışar!
Şeirin son bəndi isə xüsusi olaraq seçilir.
Könül, can deyənlə cananı tanı,
Çoxları son anda anır şeytanı.
Qəlb qırıb, nahaqdan salsan sən qanı,
Elə nahaq tökülən qandan danışar!
Şair burada “Könül”ə müraciət edir. Bu müraciət əslində oxucuya yönəlib. Bu, bir xəbərdarlıqdır, bir çağırışdır. İnsanı tanımaq üçün onun sözünə yox, əməlinə bax. “Can” deyən hər kəs can deyən deyil. İnsan bəzən son anda öz həqiqi simasını göstərir. Və ən acısı odur ki, qəlb qıran, haqsızlıq edən, qan tökən belə sonradan haqlı kimi danışmağ çalışır.
Bu şeir oxucunu düşündürür, silkələyir və bəlkə də ən əsası – onu öz daxilinə baxmağa məcbur edir. Çünki burada təsvir olunan “adamlar” əslində uzaqda deyil. Onlar bizim ətrafımızda, bəlkə də içimizdədir.
“Danışar” şeiri bir daha xatırladır ki, söz ucuz, əməl isə ağırdır. Danışmaq asandır, yaşamaq çətindir. Əsl insan isə danışan yox, yaşadığını sübut edən insandır.
Abbasəli müəllimin yaradıcılığından seçdiyim ikinci şeir,-"Gərək"-şeiridir. Çünki bu şeir, müasir dövrdə sözün dəyəri ilə onun zahiri parıltısı arasında sərhədlərin bulanıqlaşdığı bir zamanda belə şeirlər oxucunu silkələyir, onu düşünməyə və öz daxilinə qayıtmağa vadar edir. “Gərək” şeiri də məhz bu qəbildəndir – o, sadəcə poetik mətn deyil, həm də mənəvi kamilliyə çağırış, sənət və həyat haqqında dərin bir manifestdir.
Şeir ilk baxışda sadə, aydın və xalq dilinə yaxın üslubda qurulsa da, onun daxilində çoxqatlı məna sistemi, klassik ədəbiyyatın ruhunu yaşadan fəlsəfi yük mövcuddur. Burada müəllif oxucu ilə sanki üz-üzə dayanır və ona həyatın dəyişməz qanunlarını xatırladır.
Sənət zirvəsinə ucalmaq üçün,
Ustaddan dərsini alsan gərək!
Sözlə işarəni ayırmaq üçün,
Ariflər yanında qalasan gərək!
Şeir - “Sənət zirvəsinə ucalmaq üçün” - misrası ilə başlayaraq dərhal istiqamətini müəyyənləşdirir. Müəllif burada sənətin təsadüfi uğur deyil, zəhmət, məktəb və ənənə tələb edən bir sahə olduğunu vurğulayır. “Ustaddan dərsini alsan gərək” fikri Azərbaycan ədəbi düşüncəsində köklü bir ənənəni – ustad-şagird münasibətini yada salır.
Bu yanaşma sənətin fərdi istedadla yanaşı, kollektiv yaddaşdan və təcrübədən bəhrələndiyini göstərir. Yəni sənətkar yalnız öz hissləri ilə deyil, ondan əvvəl gələnlərin qoyduğu yol ilə də formalaşır.
Məna ilə zahirin sərhədi: ariflik mərtəbəsi
“Sözlə işarəni ayırmaq üçün” misrası şeirin fəlsəfi qatını daha da dərinləşdirir. Burada müəllif sadəcə dil ustalığından yox, məna duyumundan danışır. Çünki söz hər zaman görünən deyil, o, çox vaxt gizlədilən, işarə edilən həqiqətin daşıyıcısıdır.
Ariflər yanında olmaq çağırışı isə təsadüfi deyil. Arif – anlayan, dərk edən, zahirdən batinə keçə bilən insandır. Deməli, müəllifə görə, həqiqi sənətkar olmaq üçün yalnız yazmaq yox, həm də anlamaq, sezmək və ayırd etmək lazımdır.
Həyatın tərəzisi budur, yaxşı ilə yamanın seçmək.
Yaxşını yamandan ayırmaq üçün,
Ali məclislərdə sayılmaq üçün,
Sözün qüdrətindən güc almaq üçün,
Aqillər yanında olasan gərək!
Şeirin bu bəndində diqqət həyatın etik tərəfinə yönəlir. “Yaxşını yamandan ayırmaq” artıq yalnız estetik yox, həm də mənəvi məsələ kimi təqdim olunur. Müəllif burada insanın daxili kompasının formalaşmasının əhəmiyyətini vurğulayır.
“Ali məclislər” və “aqillər” anlayışları bu kontekstdə xüsusi məna kəsb edir. Bu, sadəcə fiziki məkan deyil, düşüncə səviyyəsidir. İnsan hansı mühitdədirsə, onun dünyagörüşü də o mühitin təsiri ilə formalaşır. Deməli, doğru seçim yalnız fərdi məsələ deyil, həm də mühit seçimidir.
Zövq nədir, anlamaz hər zinət taxan,
Dərdi duya bilməz hər gəlib baxan,
Piltəsi yandıqca əriyib, axan,
Şamın göz yaşıdır qanasan gərək!
Şeirin ən təsirli və poetik zirvəsi şübhəsiz ki, şam obrazının təqdim olunduğu bəndidir. "Piltəsi yandıqca əriyib, axan, Şamın göz yaşıdır qanasan gərək!" - deyən şair klassik ədəbiyyatın ənənəvi simvollarından birini – şam obrazını yenidən canlandırır. Şam yanaraq əriyir, amma ətrafına işıq saçır. Bu, sənətkarın taleyinin poetik modelidir.
“Şamın göz yaşı” ifadəsi isə son dərəcə güclü metaforadır. Bu göz yaşı, əzabın, fədakarlığın, daxili yanğının rəmzidir.
Müəllif oxucuya çatdırır ki, həqiqi sənət və həqiqi həyat zahiri gözəllikdən yox, bu daxili yanğının mövcudluğundan doğur.
İnsanla otur, dur, insan olmaqçün,
Xoş əməl, saleh ol, ucalmaq üçün,
Elin adətini yaşatmaq üçün,
Müdriklər yanında qalasan gərək!
“İnsanla otur, dur, insan olmaqçün” misrası şeirin ən sadə, lakin ən dərin fikirlərindən biridir. Burada müəllif insan olmağın belə öyrənilən bir keyfiyyət olduğunu vurğulayır.
Xoş əməl, salehlik, el adətinə bağlılıq – bütün bunlar milli-mənəvi dəyərlərin qorunması ilə birbaşa bağlıdır. Şeir bu nöqtədə fərdi inkişafdan ictimai məsuliyyətə doğru genişlənir. Şair daha sonra deyir;
"Yaz, yarat, el-oban verər qiyməti,
Əsil sənətkara edər hörməti,
İnsan tez itirər ucuz şöhrəti,
Gör-götür anlayıb, qanasan gərək!"
Şeirin son bəndi müasir dövrün ən aktual problemlərindən birinə toxunur – ucuz şöhrət məsələsinə. Müəllif açıq şəkildə bildirir ki, tez qazanılan şöhrət tez də itirilir. Əsl sənət isə zamanın sınağından çıxaraq qalıcı olur.
“Gör-götür anlayıb” ifadəsi həyat təcrübəsinin, müşahidənin və dərketmənin əhəmiyyətini ön plana çəkir. Bu, bir növ həyat məktəbinin zəruriliyini təsdiqləyir.
Şeir forma baxımından klassik ənənəyə bağlıdır. “Gərək” sözünün təkrarı ritmik vahid yaradır və fikrə hökm xarakteri verir.
Bu xüsusiyyətlər şeiri həm xalq poeziyasına yaxınlaşdırır, həm də onu klassik nəsihət poeziyasının davamı kimi təqdim edir.
Abbasəli müəllimin yaradıcılığından seçib götürdüyüm - “Gərək” - şeiri sadəcə bədii mətn deyil – o, Abbasəli müəllimin keçdiyi həyat yolunun dərsi, yaratdığı sənət yolunun xəritəsidir. Özündə cəmləşdirdiyi mənəvi kamilliyin göstəricisidir.
Həqiqətən də, Abbasəli müəllim bu yolu şərəflə keçib, bir örnək olaraq bu gündə, sabahda yaşayacaq.
Elxas Comərd,
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və
"Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












