Xəbərlər
25.04.2026, 01:07
ONUN BÖYÜK ÜRƏYİ yaxud SÖZƏ BAĞLI İNSAN - FOTOLAR
(Şair dostum Əzizə Ağahüseynqızının ad gününə gecikmiş təbrik)
Qadınlar bəşəriyyətdə ülviliyin, zərifliyin, incəliyin, saflığın, sülhün rəmzidir. Çünki o anadır, dünyaya uşaq bəxş edir, ailəyə körpə səsi, körpə təbəssümü bağışlayır. Vətənə oğul, qız böyüdür. Ailəyə isti yuva qurur, ocaq qalayır, möhtəşəm bina ucaldır.
Dünyada baş verən hadisələr, tarixi proseslər yeni məcraya düşdükcə bir daha aydın olur ki, həyatın təzələnmə, saflaşma prosesləri qadınların müdaxilələri olmadan mümkünsüzdür.Danılmaz həqiqətdir ki,Azərbaycan qadınları da ölkəmizdə gedən dəyişikliklərin fəal iştirakçılarına çevriliblər. Onlar müstəqillik uğrunda mübarizənin,ictimai-siyasi həyatın önündə gedib,öz əməlləri, işgüzarlıqları, təşkilatçılıqları ilə böyük qüvvə olduqlarını təsdiqləyib və bu işləri hazırda da davam etdirməkdədirlər.Başqa cür ola da bilməz. Axı həyatımızdakı ziddiyyətlər,yaşadığımız dövrün çətin abi-havası, anaların, bütün təbəqələrdən olan qadınların qayğıları, onların hətta müharibə dövründəki ağrı-acıları ortaya o qədər həlli vacib problemlər çıxarmışdı ki...
Daim xalqla ünsiyyət saxlayan, mübarizələrin önündə gedən, ədəbi mühitdə özü, öz sözü olan belə qadınlardan biri də Əzizə Ağahüseynqızıdır.
Əzizə xanım həmişə millətin sevinci, kədəri, acısı, şirini ilə yaşayıb. Əbəs yerə demirlər ki, ziyalılıq anlayışı xalqa daim yaxın olub. Əzizə xanımın çöhrəsindəki doğmalıq, şəfqət, mərhəmət hər kəsi özünə yaxınlaşdırır, onlarla ilıq münasibət yaradır. Əzizə xanım o xoşbəxt insanlardan, ziyalılardandır ki, tanıyanların hər biri onu öz ailəsinin üzvü, sirdaşı və rəfiqəsi, dostu, anası, bacısı kimi qəlbinə qəbul edir.
Danılmaz faktdır ki, ədəbi mühitdə külünc vuranlar yenə də onun gərəkli sözlərinə, dəyərli məsləhətlərinə, ağıllı nəsihətlərinə ehtiyac duyurlar.
Məlumdur ki, problemsiz adam yoxdur, məncə, qadınların kişilərə nisbətən problemi daha çoxdur. Birincisi, bu, uşaqların tərbiyəsi ilə bağlıdır. Belə ki, uşaq vaxtının çoxunu anası ilə keçirir. Qadınlar psixoloji baxımdan uşaq qəlbini daha dərindən duyur, başqa sözlə, daha aydın oxuyurlar. Buna görə də övladın tərbiyəsində məsuliyyət qadının üzərinə düşür. İkincisi qayğıdır. Bu isə, ümumiyyətlə, ailə problemidir.
Bunu zaman-zaman yaşayanlardan biri də Əzizə xanım olub.
Şəfqət, şəfa, öz xalqına fədakarlıqla xidməti Ə.Ağahüseynqızının odlu, böyük qəlbinin işıqlar dənizidir. Onun böyük ürəyi hərflərdən, misralardan yoğrulub, sözdən, şeiriyyətdən mayalanıb, təmiz sevginin, əmin-amanlığın, ülvi arzuların keşiyində duran məşəl, işığa yol göstərən mayakdır. Bu böyük ürək həzin, kövrək ruhlu misraların köməyi ilə evlərə, ailələrə baş çəkir, sevən qəlblərə yol açır, körpələrin beşiklərinə boylanır, çətinliyə düşənlərin çırpıntılarına qulaq asır, dərdlərinə məlhəm olur, toy və nişanlarda sevinir.
Mən tanıdığım qadınlara bir nümunə, örnək olaraq Əzizə xanımın ömürnaməsinə, mənalı yaşanan həyatına bir körpü salmaq məqsədilə öz kişik töhfəmi vermək istəyirəm. Məqsədim budur ki, ad gününə həsr etdiyim bu yazının hər bir sətrindən, cümləsindən Əzizə Ağahüseynqızının nurlu siması görünsün, şəfqəti yayılsın, səsi eşidilsin.
Ömürnaməsindən: Əzizə Ağahüseynqızı 20 aprel 1960-cı ildə Beyləqan rayonunun Dünyamallar kəndində doğulub. Bakı Dövlət Universitetini bitirib. Dövrü mətbuatda 1975-ci ildən çap olunur. "Azərbaycan", "Ulduz", "Körpü", "Literatura Azerbaycana" jurnallarında, "Ədəbiyyat" qəzetində və müxtəlif almanaxlarda şeirləri dərc olunub. Üç şeir kitabının müəllifidir.
Bir çox mükafat və adla təltif olunub. "Qızıl qələm" media mükafatı laureatıdır. "Dirili Qurbani”, “Sazlı-Sözlü Borçalı” Ədəbi Məclisinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Pedaqoji elmlər doktoru, professor Rüfət Lətif oğlu Hüseynzadə "Manera.az" saytında onu belə xarakterizə edib: “Əzizə xanımın şeirlərinin mayası onun ilhamından, sevgisindən, qəlbinin məhəbbətindən yoğrulub. Ona görə deyir : "Mən şeir yazanda xoşbəxt oluram":
Duyğular könlümün həmdəmi olur,
Mən şeir yazanda xoşbəxt oluram.
Payız buludu tək ürəyim dolur,
Mən şeir yazanda xoşbəxt oluram.
Bilmirəm sevgidən ya nədən gəlir,
Elə müqəddəsdir səmadan gəlir,
Tanrı dərgahından xanadan gəlir,
Mən şeir yazanda xoşbəxt oluram.
Mən şeir yazanda xoşbəxt oluram.
Payız buludu tək ürəyim dolur,
Mən şeir yazanda xoşbəxt oluram.
Bilmirəm sevgidən ya nədən gəlir,
Elə müqəddəsdir səmadan gəlir,
Tanrı dərgahından xanadan gəlir,
Mən şeir yazanda xoşbəxt oluram.
Şairin fikirlərində bir müdriklik fəlsəfəsi var. O bildirir ki, insan bihudə yaşamamalıdır. Bu gün kitab çap etdirmək də, şeir yazmaq da çətindir. İnsan həyatında bir iz qoyub getməlidir”.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Qəzənfər Məsimoğlu da "Bütöv Azərbaycan" qəzetinin 26 may 2023-cü il tarixli sayında Əzizə Ağahüseynqızı haqqında fikirlərini dilə gətirib: “Onun yazdığı şeirlərdən torpağın ətri, bulaqların zümzüməsi, çayların şırıltısı, ildırımların şaqqıltısı, yağışın həzin pıçıltısı duyulur. Yurd-yuvalarından didərgin düşmüş insanlarımızın nisgili, əsir və itgin düşmüş insanların ah-naləsi, şəhidlərimizin qanı, ürəkləri qisas yanğısı ilə döyünən igid əsgərlərimizin düşmənlərimizə atdığı güllələrin gurultusu eşidilir, duyulur, hiss olunur.
O, dünyaya, təbiətə, sevgi-məhəbbətə, hətta məişət məsələlərinə özünün düşüncələrinin gözü ilə baxır, poetikləşdirir. Yaratdığı bənzətmələr maraqlı və düşündürücüdür. "Gecə düşüncələri" şeirində yazır:
Buluda hamilə payız gecəsi,
Yatmayır, qorxur ki, dölü boğacaq.
Gecə keşik çəkir bulud anaya,
Göyün yağış adlı oğlu olacaq...
Yatmayır, qorxur ki, dölü boğacaq.
Gecə keşik çəkir bulud anaya,
Göyün yağış adlı oğlu olacaq...
Və yaxud "Məni" şeirində yazır:
Bu nəğmə möcüzə, sehirli gəvə,
Karvanı zınqırov sədalı dəvə,
Tellər hana olsun, əllərin həvə,
Xallara, güllərə toxu, sən məni...”
Karvanı zınqırov sədalı dəvə,
Tellər hana olsun, əllərin həvə,
Xallara, güllərə toxu, sən məni...”
Tələbəlik illərinin ən yaxın dostlarından biri İsmayıllı RİH Basqal Ərazisi üzrə nümayəndəsi Novruz Əsədovun fikirləri də maraqlıdır: “Poeziyanın zirvəsində yaşanan ömür mənim xətrini daha çox istədiyim tələbə yoldaşım Əzizə Ağahüseynqızının ömrüdür. Əzizə Ağahüseynqızı deyəndə ilk növbədə gözlərimiz qarşısında işıqlı, nurlu bir səhər canlanır. Əzizə xanımı ədəbiyyat fədaisi – böyük söz sahibi, şair, təşkilatçı, fəal ictimaiyyətçi kimi tanıyıram. Bunu demək yerinə düşər ki, dəniz nə qədər təlatümlüdürsə, insan gücü də o qədər tükənməzdir. Günəş nə qədər parlaq və əbədidirsə, insan zəkası da həmişə işıq saça bilər. Təbiət və şəxsiyyət oxşarlığını, vəhdətini Ə.Ağahüseynqızı fenomenində açıq-aydın dərk etdik, - desək yanılmarıq.
Onu 40 ilə yaxın bir vaxtdan – auditoriyalarında gəzdiyimiz, dərs otaqlarında parta arxasında oturduğumuz illərdən tanıyıram. Lakin təhsil illərində onun ədəbi mühitin inkişafı üçün əzmlə çalışdığının canlı şahidi olmuşam. İnsan nə qədər yazar, nə qədər işləyərdi. Dərsə gələndən gedənə qədər qələm əlindən düşməzdi. Bu zəhmətsevərlik bütün insanlar, bütün gənclik üçün bir örnək deyilmi? Onun yazıb-yaratdığı şeirlər, poemalar, poetik nümunələr xalqımız, ədəbiyyatsevərlər üçün ən qiymətli sərvətdir”.
“Ədalət və həqiqət” qəzetinin, “Turaz.tv” saytının rəhbəri və baş redaktoru Cəmil Zəbhullaoğlu da Əzizə xanımı bu cür xarakterizə edir: “İndi qadınlarımız daha sərbəstdirlər. Müasir qadın dövlət xadimidir, alimdir, diplomatdır, iş adamıdır, şairdir, bəstəkardır və sair. Buna görə də onlar vaxtlarının çoxunu işə həsr edirlər. Özlərini ailəyə həsr etməkdən çox özlərinin sərbəstlikləri və müstəqillikləri barədə düşünürlər. Bununla bağlı onlar öz uşaqlarını gələcək ailə həyatına hazırlamırlar. Ancaq qadın, hər şeydən öncə, anadır. Bu onlara Allahdan əta olunmuş ən böyük, ülvi, müqəddəs həyati keyfiyyətlərdir.
Mənim bir müddət əvvəl tanıdığım Əzizə Ağahüseynqızı da bu keyfiyyətləri, Analıq vəzifəsini özündə yaşadan, yazıb-yaradan xanımlardandır. O, ailə dəyərlərini hər şeydən üstün tutan xanımdır.
Həmişə deyir ki, ailəm mənim sevincimdir, həyatım onlarla bağlıdır. Onların xeyirxah, nəcib, Vətənə, xalqa layiq övlad kimi böyümələrində, gözəl mütəxəssis kimi yetişmələrində Əzizə xanımın zəhməti çoxdur. Onlar da sağ olsunlar ki, Əzizə xanımın adını uca tutur, zəhmətini yerə vurmurlar”.
Allahıma minnətdaram…
Ağrı-acı! Əgər bu xoşməramlı yazı olmasaydı, bu yazının adını belə qoymaq istəyərdim… Əzizim Əzizə xanım! Bəlkə də çoxunun xəbəri yoxdur ki, tale sizi bu iki sözün bütün rəngləriylə, çalarlarıyla, amansız zərbələriylə, təzyiqiylə, zəhəriylə, zülmətiylə uzun illər imtahana çəkib. Tale sizi aclıqla aclıqdan min dəfə artıq ağır imtahanlarla da imtahana çəkib. Tale sizi orta məktəbdə oxuduğunuz dövrlərdən ədəbiyyata gətirib, sözə, qələmə, ağ vərəqlərə bağlayıb, Tanrı taleyinizi bu istiqamətə yönəldib. Siz də kitabı, qələmi, ağ vərəqi sevmisiniz, sözü sevmisiniz, qəlbinizin dərinliyində bəsləmisiniz. Orta məktəbdəki fəallığınız texnikumda, sonrakı illərdə isə ali məktəbin auditoriyalarında davam edib, səsiniz müxtəlif jurnal, qəzet və ədəbi almanaxlardan, radionun “Bulaq” verilişindən, ayrı-ayrı telekanallardan gəlib. Siz müxtəlif ədəbi təşkilatların, birliklərin üzvüsünüz, şərəflə onları təmsil edir, tədbirlərində iştirakınızla, sözünüzlə fərqlənirsiniz.
Uzun illər sözün nazını çəkən, ədəbiyyatın bu günlərində belə şeirin qayğısına qalan Əzizə xanım! Uğurunuza hamıdan daha çox sevinmiş, özü ali təhsil almasa belə, sizi daim ruhlandıran, şeirlərinizin ilk oxucuna çevrilmiş atanız, onun sizə verdiyi ilham yada düşür. Göydə Allaha, yerdə isə ata-ananıza minnətdarlığınızı bildirmisiniz ömürlüyünüzdə. Dilinizdən həmişə eşitmişəm ki, Allahdan da, taleyinizdən də, 8 uşağın (ailədə dördüncü məhz sizsiniz) valideynlərindən də, hətta ixtisasca eyni olan mərhum həyat yoldaşınızdan da, bir sözlə, söz xiridarlarının hər birindən məmnunluq edirsiniz. Bu, heç də hamıya nəsib olan xüsusiyyət deyil. Bu, Əzizə Ağahüseynqızına məxsus fərdi keyfiyyətdir.
Siz nümunəvi bir ailənin başçısısınız. 3 övladın – 2 qızın, bir oğulun anasısınız. Onları böyüdün ərdəyə gətirmisiniz. Qızlarınız BDU-nun mexanika-riyaziyyat və tətbiqi-riyaziyyat fakültələrini bitiriblər. Biri orta məktəbdə, biri də texnikumda müəllimdir. Oğlunuz Dəmiryolu texnikumunu qurtarıb. Həmçinin musiqi təhsillidir. 3 nəvəniz var.
Ailə üzvlərinizin hamısı sizing yaradıcılığınıza böyük dəyər verir. Cəmiyyətdəki hörmətinizi görüb çox sevinirlər. Ola bilər şeiriyyəti bir o qədər dərk etməsinlər, amma bu hörmətə görə onlar da şeiri sevirlər, kitablarınızı oxuyurlar.
Söz düşəndə belə deyirsiniz: “Mənim ruhumda həmişə bir kənd həyatı var. Bu ruhla yaşayıram. Kənd həyatından şəhər həyatına qədəm qoyanda qarayanız qız idim. Şəhərdə söz məni bu ucalığa gətirib çıxardı. Orta məktəb müəllimlərim ekranda məni görəndə zəng edir, kövrələrək danışırlar ki, sən tikə-tikə, cırmaq-cırmaq bu səviyyəyə çatmısan. Onlar savadımı, biliyimi gördükləri, bildikləri üçün mənimlə, uğurlarımla fəxr edirlər. Bilirlər ki, zəhmətimlə, fədakarlığımla əldə etmişəm bunları.
Mən Tanrıma, Sözə qiymət verən, mənim bu səviyyəmə çatmağıma vasitəçi olan valideynlərimə, müqəddəs Sözə, kitaba, qələmə, ağ vərəqlərə minnətdaram!”
O illər, yaşantıları bu fikirləri səsləndirən Əzizə xanımın kino lenti kimi gəlib keçir gözlərinin önündən və keçdikcə an-an, saat-saat, il-il böyüyür surəti Əzizə xanımın. Azərbaycan poeziyası,şeiriyyəti, ədəbi mühiti durduqca o böyük obraz duracaq. Xanımlara məxsus etik normalarımızın canlı daşıyıcısı, Azərbaycan ədəbiyyatının qadın surəti, şair, təşkilatçı, əziz, gözəl Əzizə xanım! Ancaq o, sağlığınızda qurduğunuz heykəldən min dəfələrlə böyük heykəl, pərəstişkarlarınızın, qəlblərinə misralarınızla yol açdığınız şeirsevərlərinizin xatirindədir. Sizə olan sevgilər, istəklər daim başınızın üstündə fırlanacaq...
BİRİ MƏHƏBBƏTDİ, BİRİ SEVGİDİ
Bir ucu doğrudu, bir ucu yalan,
Könlümün evində yaşayan, qalan,
Ruhumu oxşayan, qəlbimə dolan,
Gül-çiçək ətirli zəmim, talam var,
Biri məhəbbətdi, biri sevgidi...
Başıma ələnən qarımdan iraq,
Yolumda pusquda sarımdan iraq,
Bir ömür sevdiyim yarımdan iraq,
Duyğumdan, hissimdən doğan balam var,
Biri məhəbbətdi, biri sevgidi...
Verdiyi əhdindən, sözündən dönməz,
Min il bundan belə yansa da sönməz,
Xaqana baş əyməz, padşaha enməz,
Uçulmaz, sökülməz qəsrim, qalam var,
Biri məhəbbətdi, biri sevgidi...
Könlümün evində yaşayan, qalan,
Ruhumu oxşayan, qəlbimə dolan,
Gül-çiçək ətirli zəmim, talam var,
Biri məhəbbətdi, biri sevgidi...
Başıma ələnən qarımdan iraq,
Yolumda pusquda sarımdan iraq,
Bir ömür sevdiyim yarımdan iraq,
Duyğumdan, hissimdən doğan balam var,
Biri məhəbbətdi, biri sevgidi...
Verdiyi əhdindən, sözündən dönməz,
Min il bundan belə yansa da sönməz,
Xaqana baş əyməz, padşaha enməz,
Uçulmaz, sökülməz qəsrim, qalam var,
Biri məhəbbətdi, biri sevgidi...
Mənim əzizlərim, xahiş edirəm, Əzizə xanım haqqında bu kiçik yazını oxuyanda tələsik yox, aramla oxuyun. Müxtəlif adamların boyuna biçilmiş elə ifadə və təyinlər var ki, Əzizə xanıma aid olanda gərək aydın aramla, xüsusi ehtiramla oxunsun və yaınız böyük hərflə yazılsın: Ana, Vətəndaş, Şair, Natiq, Təşkilatçı, Təbliğatçı, Dəyərli Söz Sahibi, Xeyirxah İnsan, Sadiq Dünyanın Ən Səbirli adamı, Millətimizin və onun bütün övladlarının uğurlarına sevinən İnsan!..
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




















