Turaztv.az » Xəbərlər » MƏNİM BU DÜNYADA HEÇ KİMİM YOXDU - FOTO
Xəbərlər

MƏNİM BU DÜNYADA HEÇ KİMİM YOXDU - FOTO

04.10.2025, 16:46 245
Şərafəddin Ilkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Rəsul Rza” mükafatı laureatı.


Niyə bu dünyaya gəldim, bilmirəm,
Niyə bu dünyanı sevdim, bilmirəm.
Qalımmı bilmirəm, gedim bilmirəm-
Mənim bu dünyada heç kimim yoxdu.

Azmışam həm sayı, həm qədəri mən,
Qəlbimə dost seçdim dərd-kədəri mən.
Çoxunun son ümid, güman yeri-mən-
Mənim bu dünyada heç kimim yoxdu.

Bilmirəm nə edim, nə sayaq edim,
Ürək daş deyil ki, doğrayım, didim...
Vallah, döyüləsi qapım yox gedim-
Mənim bu dünyada heç kimim yoxdu.

"Dostlar" var gözləri cibimdə elə,
"Dostlar" var verməmiş gətirir dilə.
Necə ömür edim, yaşayım belə?-
Mənim bu dünyada heç kimim yoxdu.

Ağlasam gözümü kim siləcək ki?
Çağırsam hayıma kim gələcək ki?
Eh, mənim qədrimi kim biləcək ki?-
Mənim bu dünyada heç kimim yoxdu?!

Oxşar xəbərlər