Məqalədə rəqəmsal dünyanın və süni intellektin insanın emosional və intuisiya əsaslı xüsusiyyətlərinə təsiri pedaqoji baxımdan təhlil edilir. Texnologiyanın sürətli inkişafı fonunda formalaşan “duyğusuz zəka” və “səssiz insan” modelləri sosial-emosional bacarıqların zəifləməsi və insanlıq dəyərlərinin kölgədə qalması təhlükəsini gündəmə gətirir. Məqalədə emosional zəkanın və intuisiya qabiliyyətinin təhsil prosesində önəmi vurğulanır və bu sahədə balanslı inkişafın təmin olunması üçün pedaqoji yanaşmaların transformasiyası zərurət kimi təqdim olunur. Müəllimlərin emosional liderlik bacarıqlarının gücləndirilməsi və sosial-emosional öyrənmə modellərinin tətbiqi vasitəsilə rəqəmsal mühitdə insanın daxili aləminin qorunması əsas məqsəd kimi müəyyən edilir. Nəticə etibarilə, təhsil sistemi yalnız bilik ötürən struktur deyil, eyni zamanda onun insanlıq dəyərlərinin davamlılığını təmin edən kompleks və inteqrativ bir modelə çevrilməsidir.

Müasir dövrdə cəmiyyətin bütün sahələrini əhatə edən sürətli dəyişikliklər, xüsusilə sosial həyatımızda daha qabarıq şəkildə hiss olunur. Bu dəyişikliklər nəticəsində meydana çıxan etik yeniliklər isə bəzi ötəri sosial trendlərdən fərqli olaraq, daha dərin mənəvi və mədəni təmələ əsaslanır; eyni zamanda uzunmüddətli sosial münasibətlərin və davranış normalarının yenidən qurulmasına zəmin yaradır. Ən əsası isə, bu proseslər təkcə bu günümüzü deyil, həm də gələcəyimizi müəyyənləşdirərək insan həyatına istiqamət verən fundamental bir məsələyə çevrilir.

Bu kontekstdə texnologiyanın getdikcə sürətlənən (eksponensial) inkişafı və rəqəmsal dünyanın fasiləsiz genişlənməsi, insan həyatının bütün sahələrinə – o cümlədən təfəkkür tərzinə, davranış modellərinə və sosial münasibətlərə – dərin və çoxplanlı təsir göstərməkdədir. Rəqəmsallaşan həyat tərzi insanı daha çevik və məlumatlı etsə də, bu inkişafın digər üzü – insanın emosional dərinliyinin və sosial duyarlılığının tədricən arxa plana keçməsi – artıq narahatedici şəkildə hiss olunmağa başlanıb. Bu gün insanlar öz zəka imkanları ilə inkişafın yeni mərhələsinə, bəlkə də, sərhəd nöqtəsinə çatmışlar. Lakin bu mərhələdə onların qarşısında duran varlıq – süni intellekt – artıq insan tərəfindən yaradılmış, lakin bir çox parametrlər baxımından onu geridə qoymuş bir zəka formasıdır. Başqa sözlə, Amerikalı yazıçı James Rodman Barratın fikrincə: “insanlıq ilk dəfə olaraq öz ağlından daha güclü olan bir süni zəka – süni superzəka ilə qarşı-qarşıya gəlib”.

Bu süni zəka forması artıq yalnız riyazi-məntiqi funksiyaları yerinə yetirməklə kifayətlənmir. O, emosional zəkaya bənzər davranışları təqlid edir, insan intuisiyasını analiz edir, hətta empatiya nümayiş etdirməyə çalışır. Amma bu “duyğular” real deyil – onlar sadəcə alqoritmik modellərdir. Beləliklə, biz “duyğusuz zəka”nın hökm sürdüyü bir dövrə qədəm qoyuruq. Eyni zamanda, bu proses “səssiz insan”ın – yəni emosiyalarını texnologiyanın səsi qarşısında itirmiş fərdin -yaranmasına səbəb olur. Emosiyaların dəyəri, insani ünsiyyətin mənəvi qatları rəqəmsal dünyada getdikcə silinməyə başlayır.

Məşhur futurist Rey Kursveyl (Ray Kurzweil) 2005-ci ildə nəşr etdiyi The Singularity Is Near adlı əsərində texnoloji inkişafın insan həyatına təsirini öncədən təhlil edərək yazır:
“Süni intellektin insan səviyyəsində təbii ünsiyyət qurması üçün tələb olunan Turinq testini 2029-cu ilə qədər keçməsi gözlənilir”. O, bu mərhələni texnoloji və intellektual təkamülün “Beşinci Epoxası” adlandırır. Həmin epoxa texnologiyanın eksponensial inkişafı nəticəsində sosial münasibətlərdən tutmuş idrak və qərarvermə mexanizmlərinə qədər bir çox sahədə radikal dəyişiklikləri ehtiva edir. Kursveylin fikrincə, bu mərhələ bəşəriyyətin təkamülündə – insanla texnologiyanın sintezinə əsaslanan transformativ bir dövrün və eyni zamanda yeni bir mədəniyyətin başlanğıcı olacaqdır. Bu sintez nəticəsində insan təbiəti və süni sistemlər arasında sərhədlər getdikcə silinir, texnologiya isə insan həyatının mərkəzi struktur elementi statusuna yüksəlir.

Belə bir transformasiya fonunda insanın daxili aləmini təşkil edən duyğular, empatiya və intuisiya kimi əsas psixoloji və mənəvi komponentlərin arxa plana keçməsi təhlükəsi artıq qlobal tədqiqatların mühüm obyektinə çevrilmişdir. Dünya üzrə bir sıra pedaqoji və psixoloji tədqiqat mərkəzləri bu dəyişikliklərin insan tərbiyəsinə və sosiallaşmasına təsirini ciddi şəkildə araşdırmaqdadır. Rəqəmsal dünyanın formalaşdırdığı “duyğusuz zəka” və “səssiz insan” modeli, emosional zəkanın, empatiyanın və intuisiya əsaslı qərarvermənin zəifləməsi ilə nəticələnə bilər ki, bu da insanlıq dəyərlərinin aşınmasına və mənəvi deqradasiyaya səbəb ola bilər.

Tarixi və müasir təcrübə göstərir ki, dünyanı idarə edən strateji liderlərin intuitiv hissləri çox zaman rasional qərarlardan daha həlledici olmuşdur. İntuisiya yalnız fərdi müdrikliyin göstəricisi deyil, həm də cəmiyyətlərin yönləndirilməsində və tarixi dönüş nöqtələrinin formalaşmasında iştirak edən fundamental bəşəri dəyərlərdən biridir. O, insanın sosiallaşması, mənəvi kamilləşməsi və humanist dünyagörüşünün formalaşmasında əvəzsiz rol oynayır.

Xüsusilə pedaqoji mühitdə bu dəyişikliklərin təsiri daha qabarıq şəkildə hiss olunmaqdadır. Gənc nəslin formalaşması prosesi yalnız texniki və nəzəri biliklərlə deyil, həm də emosional zəka, empatiya və intuisiya kimi mənəvi-mədəni komponentlərlə müşayiət olunmalıdır. Emosiyalar insanın özünü və ətraf dünyanı anlamasında, münasibətlər qurmasında və dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayır. Intuisiya isə çox zaman şüurlu düşüncəni qabaqlayaraq, qərarvermədə və davranışda istiqamətverici rol oynayır.

Bu səbəbdən emosiya və intuisiya yalnız fərdi inkişafın deyil, həm də cəmiyyətin humanist əsaslar üzərində qurulmasının təməlini təşkil edir. Onların rəqəmsal transformasiya dövründə itirilməsi, insanın mahiyyətinə və sosial funksiyasına ciddi zərbə vurmaq potensialına malikdir.

Bu məqalədə rəqəmsal texnologiyaların insan emosiyaları və intuisiyası üzərində yaratdığı təsirlər, həm qazanc, həm də itkilər müstəvisində pedaqoji aspektdən təhlil ediləcək; təhsildə balanslı, humanist və texnoloji sintezə əsaslanan yanaşmaların zəruriliyi əsaslandırılacaqdır.

Emosiyalar və intuisiya təhsildə: unudulan insanlıq. Təlim-tərbiyə prosesində insanın emosional və intuisional yönümlü xüsusiyyətləri tarixən əsas tərbiyə vasitələrindən biri kimi dəyərləndirilmişdir. Bu komponentlər, insan şəxsiyyətinin formalaşmasında, sosial münasibətlərin qurulmasında və mənəvi inkişafın təmin olunmasında əvəzsiz rol oynamışdır.

Emosiya, insanın üzvi və psixoloji tələbatlarının ödənilməsi və ya ödənilməməsi ilə bağlı yaranan, fərdin müəyyən hadisə, obyekt və ya şəxsə qarşı yaşadığı sevinç, qorxu, qəzəb, təəccüb, nifrət, kədər və həyəcan kimi kompleks daxili hisslər sistemidir. Emosiyalar yalnız psixoloji proseslər kimi deyil, həm də canlı orqanizmin daxili vəziyyətinə və xarici stimullara münasibətini qiymətləndirmək üçün universal və bioloji əsaslı adaptiv reaksiyalar kimi çıxış edir. Pedaqoji baxımdan isə onlar öyrənməni stimullaşdıran, motivasiya yaradan və sosial qarşılıqlı əlaqəni gücləndirən əsas emosional resurslardır.

İntuisiya – şüurlu və analitik düşüncə proseslərini keçmədən, dərketmənin birbaşa və ani şəkildə baş verməsi ilə əlaqəli idrak formasıdır. Bu, tez-tez “daxili səs”, “sezgisel bilik” və ya “qəlb yolu ilə anlama” kimi ifadələrlə xarakterizə olunur. İntuisiya insanın əvvəlki təcrübələrinə, altşüurda toplanan məlumatlara və instinktiv təhlil mexanizmlərinə əsaslanaraq qərar qəbul etməsini təmin edir. Xüsusilə təlim prosesində müəllimin pedaqoji situasiyalara çevik uyğunlaşmasında və tənzimləyici qərarların qəbulunda intuisiyanın əhəmiyyəti danılmazdır.

Klassik pedaqoji nəzəriyyələrdə həm emosional zəka (EQ), həm də intuisiya, insan inkişafının mühüm tənzimləyici və istiqamətverici mexanizmləri kimi qiymətləndirilmişdir. Emosiyalar tədris prosesində yalnız subyektiv yaşantılar deyil, həm də motivasiyaedici, əlaqələndirici və empatik münasibətləri formalaşdıran əsas pedaqoji vasitələr kimi çıxış edir. Onlar şagirdlərin mənəvi dəyərlərinin formalaşmasına, emosional özünüdərkin inkişafına və ictimai adaptasiyanın düzgün istiqamətlənməsinə təsir göstərir. Intuisiya isə müəllimin mürəkkəb situasiyalarda analitik düşüncəyə vaxt olmadan qərar verməsinə, dərs prosesində yaradıcı həll yolları tapmasına və fasiləsiz didaktik dinamikaya uyğunlaşmasına imkan yaradır.

Bu baxımdan, təlim-tərbiyə prosesində emosional və intuisional komponentlərin nəzərə alınması yalnız metodoloji zərurət deyil, həm də humanist və şəxsiyyətyönümlü təhsil modelinin təməl şərtidir. Azərbaycan filosofu Əbu Turxanın bu konteksdə ifadə etdiyi dəyərli fikirdə deyildiyi kimi: “Fikir sıxlaşaraq forma almış hisdir.” Bu ifadə emosiyanın yalnız bir duyğu deyil, düşüncənin ilkin halı olduğunu göstərir. Əgər insan fikirləri emosional əsasda formalaşırsa, o zaman emosiyaların və intuisiyanın düzgün tərbiyəsi təlim-tərbiyə prosesində prioritet məsələ kimi çıxış etməlidir.

Lakin rəqəmsal əsrdə təhsil sistemində texnoloji vasitələrin geniş tətbiqi, bəzən emosional və intuisiya əsaslı yanaşmaların kölgədə qalmasına səbəb olur. İnformasiyanın ötürülməsi və emalı proseslərinə həddindən artıq diqqət yetirilməsi, tədris mühitində insani münasibətlərin texniki alqoritmlərlə əvəzlənməsi ilə nəticələnir. Bu, şagirdlərdə empatiya bacarığının zəifləməsi, yaradıcılıq və sezgi əsaslı qərarvermənin məhdudlaşması, ümumilikdə isə süni davranış modellərinin və duyğusuz yanaşmaların formalaşması ilə müşayiət olunur.

Süni intellekt əsrində, emosional zəkanın qorunub inkişaf etdirilməsi üçün təhsil mühitində insanlıq dəyərləri ilə zənginləşdirilmiş münasibətlərin qurulması, müəllimlərin emosional liderlik funksiyalarının gücləndirilməsi xüsusilə əhəmiyyətlidir. Bu kontekstdə rəqəmsal texnologiyalarla pedaqoji yanaşmalar arasında tarazlığın yaradılması, emosional və intuisional komponentlərin itirilmədən inteqrasiyası, müasir təhsilin əsas vəzifələrindən biri olmalıdır.

Bütün bu texnoloji və sosial dəyişikliklərin fonunda ortaya çıxan ən ciddi problemlərdən biri – insanın insan kimi qalmasının təhlükəyə düşməsidir. Emosional və intuisional komponentlərin təhsil prosesində kölgədə qalması təkcə duyğusal zənginliyin deyil, həm də empatiya, mənəviyyat və mənəvi refleksiya kimi insani keyfiyyətlərin zəifləməsinə səbəb olur. Bu isə getdikcə daha çox “unudulan insanlıq” anlayışını gündəmə gətirir.

Müasir təhsil sistemlərində texnoloji imkanların mərkəzə çəkilməsi, insanın ruhi və daxili aləminin ikinci plana keçməsi ilə nəticələnməkdədir. Halbuki təhsil yalnız informasiya ötürən bir sistem deyil, ilk növbədə insanlığı formalaşdıran və nəsildən-nəslə ötürən mədəni proses kimi dəyərləndirilməlidir. Bu mənada, təhsil istehsalyönlü deyil, mədəniyyətyönlü olmalıdır.

ABŞ-ın tanınmış təhsil nəzəriyyəçisi Howard Gardner bu yanaşmanı belə ifadə edir:
“İnsanların bir-birini başa düşməsi səviyyəsinin yüksəldilməsi baxımından, nə olursa olsun, təhsil öz məxsusi təsdiqini tapmalıdır. Bütün elmlərin əsas obyekti insan olmalıdır.”
Bu kontekstdə müasir pedaqogikanın qarşısında duran əsas vəzifələrdən biri – insanı yenidən mərkəzə gətirmək, onun emosional və intuisional mahiyyətini təlim-tərbiyə prosesinin ayrılmaz tərkib hissəsi kimi bərpa etmək və inkişaf etdirməkdir. Təhsil prosesi yalnız intellektual inkişafla məhdudlaşmamalı, bütöv şəxsiyyətin – emosional, sosial, etik və estetik cəhətdən zəngin, humanist və balanslı fərdin – formalaşmasına xidmət etməlidir. Belə bir yanaşma, müasir dövrün əsas pedaqoji çağırışlarından birinə çevrilmişdir: vətəndaş yetişdirmək.

Rəqəmsal zəka və səssiz nəsil: əldə etdiklərimiz və itirdiklərimiz. Rəqəmsal texnologiyaların və süni intellektin təhsil sisteminə inteqrasiyası bir sıra müsbət nəticələr doğurmuşdur. Bu texnoloji inkişaflar elmi-texniki tərəqqinin sürətlənməsi, fərdiləşdirilmiş və adaptiv tədris mühitlərinin formalaşması, eyni zamanda məlumatların daha səmərəli emalı və istifadəsi baxımından təhsilin səmərəliliyini əhəmiyyətli dərəcədə artırmışdır. Qloballaşma kontekstində formalaşan bu rəqəmsal mühit, fərdlərə informasiya resurslarına geniş və sürətli çıxış imkanı yaradaraq bilik əldə etmə və paylaşma modellərini dəyişdirmişdir. Nəticədə, öyrənmə prosesinin zaman və məkan məhdudiyyətləri aradan qaldırılmış, informasiya əsaslı və çevik təhsil yanaşmaları aktuallaşmışdır.

Lakin texnologiyanın bu cür intensiv tətbiqi bəzən insanın emosional və intuitiv potensialının kölgədə qalmasına, nəticə etibarilə təlim-tərbiyə prosesində bəzi insani komponentlərin zəifləməsinə səbəb olur. Rəqəmsal epoxanın doğurduğu “duyğusuz zəka” və “səssiz insan” obrazları – yəni texnoloji vasitələrə yüksək adaptasiya qabiliyyəti olan, lakin emosional reaksiya və sosial empatiya baxımından zəifləmiş fərd modeli – müasir təhsil sferasında aktual narahatlıqlardan birinə çevrilmişdir.

Bu tendensiya, süni intellektin insan fəaliyyətini əvəzlədiyi və qərarvermə proseslərinə nüfuz etdiyi bir dövrdə daha da güclənir. Empatiya, sosial əlaqə qurmaq bacarığı, intuisiyaya əsaslanan dərinləşdirilmiş mühakimə və emosional refleksiya kimi insanlıq üçün xarakterik olan keyfiyyətlər, getdikcə daha az inkişaf etdirilən və daha az qiymətləndirilən bacarıqlara çevrilməkdədir. Nəticədə, yeni nəsildə emosional zəiflik, empatiya çatışmazlığı və mənəvi reflektivliyin azalması ilə müşayiət olunan bir növ “emosional səthi cəmiyyət” modelinin yaranması ehtimalı artır.

Bu, təkcə fərdi inkişafda deyil, cəmiyyətin sosial-mədəni toxumasında da dərin dəyişikliklərə yol açır. İnsanlararası münasibətlərdə səthilik, emosional dərinliyin yoxluğu və texnokratik yanaşmanın dominantlığı, cəmiyyətin mənəvi və mədəni dayanıqlığını sarsıdan əsas faktorlar kimi qiymətləndirilə bilər.

Belə bir şəraitdə, informasiya cəmiyyətində təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biri – emosional tərbiyə və intuisiya əsaslı idrakın sistemli şəkildə bərpası və inkişafıdır. Texnologiyanın imkanlarından istifadə olunmaqla yanaşı, təhsil mühiti insanlıq dəyərlərinin, empatiya və etik münasibətlərin öyrədildiyi, qorunduğu və təşviq edildiyi bir məkana çevrilməlidir. Müasir pedaqoji yanaşmalar yalnız informasiya ötürümünə deyil, həm də bütöv şəxsiyyətin – emosional, sosial və estetik baxımdan zəngin, humanist fərdin – formalaşmasına xidmət etməlidir. Bu baxımdan, texnoloji dəyişikliklərin insan davranışına və sosial strukturun formalaşmasına təsirini tədqiq edən amerikalı sənədli film rejissoru və yazıçı James Rodman Barratın yanaşması da diqqətəlayiqdir. Onun fikrincə, gələcəyin təhsili yalnız informasiya ötürümü ilə məhdudlaşmamalı, həm də emosional və sosial bacarıqların inkişafını əhatə etməlidir.

Müəllim kimdir? Sadəcə öyrədən, yoxsa emosional rəhbər? Müasir təhsil paradiqmasında müəllimin rolu yalnız informasiya ötürən bir fiqur olmaqla məhdudlaşmır; o, həm də şagirdlərin emosional inkişafına, sosiallaşmasına və şəxsiyyətinin formalaşmasına yön verən əsas pedaqoji lider funksiyasını daşımalıdır. Xüsusilə rəqəmsal texnologiyaların təhsildə geniş tətbiqi ilə müşayiət olunan dəyişikliklər müəllim-şagird münasibətlərində emosional əlaqələrin zəifləməsinə səbəb olur ki, bu da təlim prosesinin mənəvi və psixososial dərinliyinə mənfi təsir göstərə bilər. Belə bir kontekstdə müəllimin empatiya bacarığı, intuisiyaya əsaslanan qərarvermə qabiliyyəti və emosional liderlik keyfiyyətləri xüsusilə önəm kəsb edir.

Emosional liderlik, müəllimin şagirdlərin daxili dünyasını dərindən duymaq, onların hiss və ehtiyaclarını empatik yanaşma ilə anlamaq və tədris fəaliyyətini bu ehtiyaclara uyğun şəkildə tənzimləmək bacarığı kimi dəyərləndirilir. Bu pedaqoji yanaşma, yalnız tədris nəticələrinin yüksəldilməsinə deyil, həm də şagirdlərin sosial münasibət bacarıqlarının inkişafına, emosional intellektlərinin formalaşmasına və yaradıcılıq potensiallarının açılmasına şərait yaradır. Emosional liderlik mərkəzli pedaqoji model rəqəmsal mühitdə belə öz əhəmiyyətini itirmir; əksinə, texnologiyanın dominant olduğu təlim prosesində insan amilinin və mənəvi komponentlərin qorunmasına xüsusi önəm verir.

Bu səbəbdən də, müəllimlərin peşəkar hazırlıq və inkişaf proqramlarında yalnız texnoloji savadlılığın deyil, eyni zamanda emosional zəka və liderlik bacarıqlarının inkişaf etdirilməsi zəruridir. Müasir müəllim həm rəqəmsal resurslarla səmərəli işləməli, həm də şagirdlərin psixoloji-mənəvi ehtiyaclarına həssaslıqla yanaşmalıdır. Təhsil prosesində bu iki istiqamətin – texnoloji səriştə və emosional kompetensiyanın inteqrasiyası – bütöv, humanist və şəxsiyyətyönümlü tədris mühitinin formalaşmasını təmin edə bilər. Belə yanaşma gələcək nəsillərin formalaşmasında yalnız elmi biliklərin deyil, həm də insani dəyərlərin ötürülməsini və inkişafını mümkün edir ki, bu da balanslı və humanist cəmiyyətin bərqərar olunması üçün strateji əhəmiyyət daşıyır.

Məsələn, tanınmış amerikalı psixoloq və yazıçı Daniel Goleman qeyd edir ki, müasir pedaqoji yanaşmalar yalnız təlim nəticələrinin yüksəldilməsinə deyil, eyni zamanda şagirdlərin sosial ünsiyyət bacarıqlarının inkişafına, emosional intellektlərinin formalaşmasına və yaradıcılıq potensiallarının üzə çıxmasına da şərait yaratmalıdır.

Pedaqoji yol xəritəsi: Duyğuların geri qayıdışı.Rəqəmsal dövrün gətirdiyi imkanlarla yanaşı, təhsil sisteminin qarşısında duran ən mühüm çağırışlardan biri insanın emosional zənginliyinin qorunması və inkişaf etdirilməsidir. Texnologiyanın dominant rol aldığı müasir təhsil mühitində süni intellektin tətbiqi ilə əlaqədar pedaqoji yanaşmalar yalnız texniki biliklərə deyil, həm də emosional və sosial bacarıqlara əsaslanmalıdır. Bu məqsədlə, tədris prosesinə emosional zəka (EQ) və sosial-emosional öyrənmə (SEL) modellərinin inteqrasiyası prioritet kimi nəzərdən keçirilməlidir.

Emosional zəka təlimi, şagirdlərin öz hisslərini dərk etməsi, tənzimləməsi, başqalarının emosiyalarını başa düşməsi və empatik davranış sərgiləməsi kimi XXI əsrin əsas bacarıqlarını inkişaf etdirir. Bu bacarıqlar yalnız fərdi rifaha deyil, həm də sağlam sosial münasibətlərin formalaşmasına töhfə verir.

Təlim texnologiyalarının təhsildə istifadəsi zamanı insan dəyərlərinin qorunması və təşviqi əsas prioritet olaraq qalmalıdır. Rəqəmsal vasitələrdən balanslı və məqsədyönlü istifadə təhsildə sadəcə bilik ötürülməsini deyil, həm də empatiya, yaradıcı təfəkkür, intuisiyaya əsaslanan idrak və mənəvi refleksiya kimi insani keyfiyyətlərin inkişafını dəstəkləməlidir.

Psixoloji dəstək proqramları və SEL strategiyalarının tədrisə daxil edilməsi müəllim-şagird münasibətlərinin güclənməsinə, məktəb mühitində emosional təhlükəsizliyin və inklüzivliyin təmin olunmasına xidmət edir. Bu yanaşmalar eyni zamanda rəqəmsal texnologiyaların mümkün mənfi təsirlərinin azaldılmasında mühüm rol oynayır. Pedaqoji Yol Xəritəsinin Strateji İstiqamətlərini aşağıdakı kimi təklif edirik:

1.Emosional zəkanın kurikulumlara daxil edilməsi. Sosial və Emosional Öyrənmə (SEL) proqramlarının tədris planlarına inteqrasiyası ilə şagirdlərin empatiya, emosional özünütənzimləmə və sosial məsuliyyət bacarıqları sistemli şəkildə inkişaf etdirilməlidir.
2.Texnologiyadan humanist məqsədlərlə istifadə. Rəqəmsal alətlər təhsildə vasitə kimi istifadə olunmalı, insanlıq dəyərlərinin ötürülməsinə xidmət etməlidir.
3.Müəllimlərin emosional liderlik bacarıqlarının gücləndirilməsi. Peşəkar inkişaf proqramlarında müəllimlərin emosional zəka və empatiya əsaslı pedaqoji ünsiyyət bacarıqları ön plana çəkilməlidir.
4.Tədris mühitinin emosional təhlükəsizliyinin təşkili. Məktəblərdə psixoloji rifah, münasibətlərin etik çərçivədə qurulması və hər bir şagirdin mənəvi ehtiyaclarının nəzərə alınması təmin olunmalıdır.
5.Şəxsiyyətyönümlü və bütöv təhsil modelinin qurulması. Biliklə yanaşı, mənəvi və emosional inkişafı da əhatə edən, insanın zehni və qəlbini bütövlükdə formalaşdıran təhsil konsepsiyası tətbiq olunmalıdır.
Nəticə: Rəqəmsal texnologiyaların və süni intellektin təhsildə geniş tətbiqi insan həyatının demək olar ki, bütün sahələrində olduğu kimi pedaqoji proseslərdə də köklü dəyişikliklərə yol açmışdır. Bu dəyişikliklər təhsilin keyfiyyətinin yüksəlməsi və fərdiləşdirilməsi üçün geniş imkanlar yaratsa da, eyni zamanda yeni çağırışları da özü ilə gətirir.

Məqalədə vurğulandığı kimi, rəqəmsal mühit insanın emosional zənginliyini və intuisiya əsaslı idrakını zəiflədə bilər, nəticədə “duyğusuz zəka” və “səssiz insan” kimi mənfi sosial-psixoloji modellərin formalaşma riski artır. Bu mənada, təhsil yalnız akademik biliklərin ötürülməsi ilə məhdudlaşmamalı, həm də sosial-emosional bacarıqların, empatiyanın və mənəvi dəyərlərin inkişafına sistemli şəkildə diqqət ayırmalıdır.

Müasir pedaqoji sistem rəqəmsal texnologiyaların üstünlüklərini mənimsəməklə bərabər, insanın emosional və intuisiya əsaslı inkişafını dəstəkləyən, balanslı və inteqrativ yanaşma formalaşdırmalıdır. Belə bir yanaşma, gələcək nəsillərin yalnız kognitiv biliklərlə deyil, həm də emosional zəka və etik dəyərlərlə zəngin, humanist şəxsiyyətlər kimi formalaşmasına şərait yaradır.

Nəticədə, təhsildə “duyğusuz zəka” və “səssiz insan” modellərinin yaranmasının qarşısını almaq, rəqəmsal dünyada itməkdə olan insanlıq dəyərlərini bərpa etmək və tədris mühitini sosial-emosional zənginliklə təmin etmək pedaqoji prioritet olmalıdır. Bu, yalnız fərdlərin deyil, bütövlükdə cəmiyyətin sağlam və davamlı inkişafı üçün zəruri olan dərin dönüşümdür. Təhsil sahəsində bu humanist və balanslı yanaşmanın tətbiqi müasir çağırışlara cavab verməklə yanaşı, gələcəyin yaradıcı, empatik və məsuliyyətli vətəndaşlarının yetişməsini təmin edə bilər.

Vidadi Orucov Ömər oğlu
pedaqogika üzrə elmlər doktoru

Son xəbərlər

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

"Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış - FOTO

Xərçənglə bağlı yeni kəşf: 1 800-ə yaxın mikropetid aşkarlandı

Dolların qlobal çöküşü başladı - İki dünya nəhəngi ABŞ valyutasını necə sıxışdırır?

Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi

Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib

Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib

Naftalan sanatoriyasının direktoru vəfat etdi

Zelenski təyyarəsinə edilən hücum cəhdlərindən danışdı

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına vəzifə verildi

Bakının bu ərazilərində suyun verilişində fasilə olacaq

Komada olan qadın mələk görüb, ana dilini unutdu

Raqif Nazimoğlu : Bu,nə xəbər idi ... FOTO

Rafael MƏMMƏDOV - 60

VALİDEYNƏ EHTİRAM

“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs

Tarix Vüsallı : Mən küləklə danışıram gecələr - FOTO

lk Yardım və Miqrasiya kontekstində tədbir - FOTOLAR

“Sizi məhv etməyəcəyik” - Süni intellekt aktrisasından ŞOK AÇIQLAMA

Reuters: Ukrayna Rusiyanın reaktiv PUA-larına qarşı yeni tutucu dronların sınağında uğursuz olub

Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş

Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat - Saxlanılanlar var

“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb

İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar

Polis Akademiyasında andiçmə mərasimi olub

Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930