
Xəbərlər
30.07.2025, 16:29
İnsanlıq-ən uca zirvədir... - FOTO
İlk dəfə onu xeyriyyəçi rəfiqəm Sevda Əliyevanın vasitəsilə tanımışam.
Sevda xanım isə onunla “feyzbuk” sosial şəbəkəsində tanış olub. Məlum olanda ki, necə deyərlər, onlar eyni yolun yolçusudurlar, aralarında səmimi münasibət yaranıb və bu münasibət getdikcə möhkəm dostluğa çevrilib. Əqidə dostluğu aralarında o qədər qırılmaz bağlarla baglanıb ki, artıq birinin gördüyü işi o biri ikiəlli dəstəkləyir. Sevda xanımın imkansız ailələrə, xəstə və tənha insanlara yardım çagırışlarına da həmişə birinci O qoşulub.
İndi isə Onu sizlərə tanıtdırmaq istəyirəm...
Qəhrəmanım xarici ölkədə yaşadıgına görə məlumatları ondan vatsapp vasitəsilə alıram (əslində onu bu müsahibəyə güclə razı salmışdım). Qasımova Gülarə Firudin qızı 1970-ci ildə Bakıda, Buzovna qəsəbəsində anadan olub.
Buzovna qəsəbəsindəki Əfqan Əliyev adına 125 nömrəli orta məktəbi bitirib. Orta məktəbi bitirən il ali məktəbə daxil ola bilməyib. Elə həmin il ailə həyatı qurub. Növbəti il o vaxtlar Lenin adını daşıyan Pedaqoji İnstituta qəbul olunub, qiyabi oxuyaraq ali təhsil alıb.
İki övladı var. Qızı ali təhsillidir. Oğlu bizneslə məşğul olur. 15 ildir ki, Amerikada (ABŞ) yaşayırlar.
Gülarə xanımın dediklərindən: "Anam maştağalı, atam buzovnalıdır. Hərçənd, mən Azərbaycanda “haralısan” sualını xoşlamıram, çünki Vətənimin hər qarışı mənim üçün əzizdir. Amma indi soruşursunuz deyə deyirəm. Xeyirxah işlər görməyə sevgi mənə atamdan keçib. Atam əliaçıq, xeyirxah, səxavətli bir adam kimi tanınırdı. Hamıya kömək edər, heç kimlə pis münasibətdə olmazdı. Hamı ona hörmət və ehtiramla yanaşardı.Yaxşinsan olmaq modelini ilk dəfə mən atam vasitəsilə dərk eləmişdim. Halal zəhmətlə yaşamağın vicdanla çörək qazanmağın necə fəxarətli bir şey olduğunu isə özüm böyüdükdən, ailə sahibi olduqdan sonra tam başa düşmüşəm...
Həyat yoldaşım bizi qoyub Amerikaya getdikdən sonra çox əziyyətli günlərimiz oldu. İnsanların necə əzablara qatlaşaraq uşaq böyütdüklərini eşitmişdim, amma görməmişdim. Bunu öz həyatımda yaşadıqdan sonra, dərk elədim. Bir müddət sonra uşaqlarımın mükəmməl təhsil almaları üçün xaricə-həm də məhz Amerikaya gedib orada yaşamaq qərarına gəldim. Əvvəlcə özüm getdim. İş tapıb, hər şeyi yerbəyer etdikdən sonra geri qayıdıb uşaqları da gətirdim. İşim xəstələrə baxmaqdan-onların qulluğunda durmaqdan ibarət idi. Hər cür xəstəm olurdu. Atam mən Amerikaya köçdükdən sonra rəhmətə getmişdi. Son vaxtlarında onun yanında ola, qulluğunda dura bilməmişdim deyə, bu mənə çox əzab verirdi. Ürəyimdə çox böyük ağırlıq hiss edirdim. Və belə qərara gəldim ki, ahıl yaşlı insanlara yardım edə biləcəyim bir işdə çalışım. Klinton adına İnstituta daxil oldum, nəzərdə tutduğum kateqoriyadan olan insanlara kömək etmək səriştəsi və hüququ verən sertifikata yiyələndim. O vaxtdan düz on beş ildir ki, xəstə baxıcısı kimi çalışıram.
Bəxtimdən qulluq göstərməli olduğum ilk xəstəm də kişi xeylağı oldu. Bu, bir az mənə qəribə gəldi: “Axı mən kişiyə necə baxacagam?” deyib bir az tərəddüd etdim. Amma onu atamın yerində təsəvvür edərək işə başladım. Bu cür yanaşma mənə kömək etdi. Xəstəyə o qədər həssaslıqla yanaşırdım ki, xəstənin doğmaları belə qayğılı rəftarımdan təəccüblənir, həm də sevinirdilər. "Sən bizim adamımıza bizdən də yaxşı baxırsan", deyə ürəkdən minnətdarlıq edirdilər.
Gülarə xanım övladlarına da humanist duyğular aşılaya bildiyini məmnunluqla deyir:
-Şadam ki, uşaqlarıma da yardımsevərliyi təlqin edə bilmişəm. Ümumiyyətlə, təkcə insanlarla deyil, heyvanlarla da qayğılı rəftar edirik. Mənim də, evladlarımın da evində ev heyvanları var. Heyvanları çox sevirik. Burada küçədə sahibsiz itlərə rast gəlmək olmur, amma pişiklər var. İşə gedəndə həmişə evdən özümlə xörək qalıqları götürürəm, yolda rast gəldiyim heyvanları yedizdirirəm. Yolum okeanın kənarından keçir. Orda mütləq qağayıları yemləyib sonra yoluma davam edirəm. Birdən elə olur ki, evdən yemək götürə bilmirəm, ya yaddan çıxır. Belə olanda mağazadan çörək alıb onları yemləyirəm. Bu mənə xüsusi zövq verir, özümü çox yaxşı və rahat hiss edirəm...
Gülarə xanım deyir ki, burda yaşadığım müddətdə həmişə qapım azərbaycanlıların üzünə açıq olub. Amerikaya gəldikləri ilk günlərdə həmyerlilərimiz evimdə qalıblar, özlərinə iş-güc axtarıblar. Ta ki, əlləri çörəyə çatana, yer-yurd tapıb məskunlaşana qədər. İşlərini, problemlərini yoluna qoyandan sonra, minnətdarlıq edib gediblər. Sonradan, öz növbələrində onlar da mənə öz xidmətlərini, öz köməkliklərini təklif ediblər. Evladlarım da eynilə mənim kimidirlər. Buraya gələn gənc həmvətənlərimizə köməkliklərini heç vaxt əsirgəməyiblər. O qədər olub ki, buraya təhsil almağa, işləməyə gələn azərbaycanlı gənclər çətin anlarında bizə sığınıblar, süfrəmizdəki son tikəyə kimi onlarla bölüşmüşük. Əziz bayramlarımızda belə evimiz həmyerlilərimizlə dolu olub. Elə olub ki, gəlib görmüşəm qızım evə gənc həmyerlilərimiz i gətirib. Tələsikdə süfrə tapa bilməyib, yerə bir döşəkagı sərib, yemək-içməkdən hər nə var, əlinə gələni yığıb oraya, gəncləri qonaq edib. Qızım ailə qurana kimi bu hal davam edib...
– Gülarə xanım, Amerikaya gedənə qədər, Azərbaycanda hansısa bir işdə çalışmısınızmı?
-Azərbaycanda ilk əvvəl uşaq bağçasında işləmişəm. Sonra bir rəfiqəmin vasitəsilə Arbitraj məhkəməsində sədrin katibəsi vəzifəsinə işə düzəldim. Xeyli müddət həmin işdə çalışdım.Ta Amerikaya köçənə qədər. İşdən çıxmaq üçün ərizə verəndə sədr Natiq Abdullayev mənə dedi ki, “elə bil, mənim sağ əlimi kəsib aparırsan. Axı, sən burada çalışa-çalışa çox şey öyrənmişdin, çox şeyi bəzi hüquqşünaslardan yaxşı bilirdin..." Ümumiyyətlə, hansı sahədə çalışmışamsa, işimi mükəmməl mənimsəmişəm, işimə həmişə məsuliyyətlə yanaşmışam. Bu da mənə həmişə başucalığı gətirib.
-Amerikada yaşasanız da, Azərbaycanda gözəl xeyriyyə əməllərinə imza atırsınız, savab işlər görürsünüz. İlk dəfə bu təşəbbüsünüz nədən başladı?
– “Feyzbuk”da “Bakılılar” adlı qrupa üzv olmuşdum. Oradakı çağırışlara hay verərək bəzi ehtiyaclı şəxslərə köməklik edirdim. Daha sonra bir nəfərin məsləhəti ilə özüm qrup yaratdım. Düşündüm ki, belə olsa, xeyirhah işlərim daha səmərəli olar. Beləliklə, öz qrupumu yatardım. Rövşən, Nicat, Sahib kimi xeyirxah insanlar həmin qrupa üzv oldular. Biz həm özümüzün, həm də çağırış etdiyimiz şəxslərin ianələri ilə kimsəsiz, əlsiz-ayaqsız, xərçəng və digər xəstəliklərdən əziyyət çəkən adamlara köməklik göstərməyə başladıq. İlk başladığımız vaxtlarda on üç imkansız ailəmiz vardı ki, onlara xeyli müddət ərzində hər ay mütəmadi olaraq yardımlar göstərmişik. Bir neçə ailənin evini əsaslı təmir etdirmişik. Qurban bayramında dana alıb kəsib, 100 evdə bayram qazanı qaynatmışam. Bu işin təşkilində mənə qrupumun üzvü Nicat və qardaşım Rövşən kömək etdi. Bu məni sanki dünyanın xoşbəxti etdi.
– Sevda xanımla tanışlıgınız da bu ərəfələrdə olub deyəsən...
– Sevda xanımla sosial şəbəkə vasitəsilə tanış olmuşuq. Çox mərd, vətənpərvər, qayğıkeş qadındır. Onun da yardımlar həyata keçirdiyini görüb qürur hissi duyurdum. Şadam ki, belə insanlar az da olsa, var. Pandemiya dönəmində ciddi ehtiyac duyan şəxslərə, ardınca isə Vətən müharibəsi zamanı sıxıntı çəkənlərə, müharibədən ziyan görmüş bölgələrə, eləcə də müharibədən sonrakı dönəmdə şəhid ailələrinə və qazilərə yardımlar edirdik. Biz əlbir olub ərzaq, pul yardımları edir, əlil arabasına ehtiyacı olanlara arabalar alıb verirdik. Açığını deyim ki, həmin ərəfələrdə mənim qrupumun üzvləri özləri də əvvəlki imkanlara malik deyildilər. Sonradan qrup tədricən fəallaşdı. Adminlərim Rza və Gülnarə gözəl insanlardır. Qrup üzvləri Babək, Leyla, Cəmilə çox xeyirxahdırlar. Onlardan çox razıyam.
– Amerikada azərbaycanlılar üçün açdığınız doğma qucaq, göstərdiyiniz humanistlik bu gün də davam edir. Əminəm ki, Azərbaycanın təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işlərə də dəstəyiniz olub...
– Əlbəttə! Vətənin müqəddəsliyini ilk növbədə evdə, ailədə uca tutmuşam. Mən evə heç vaxt kənardan xörək alıb gətirməmişəm, həmişə qazan asıb milli xörəklər bişirmişəm. İki nəvəm var, düşbərədən ötrü əldən gedirlər(gülür). Azərbaycan mətbəxini işlədiyim yerdə də tanıtmışam. Təşkil etdiyimiz iftar və ehsan süfrələrində milli xörəklər təqdim etmişik, Novruz bayramında şəkərbura, paxlava paylamışıq...
O ki qaldı ictimai fəaliyyətə, deyim ki, ştatlardakı Azərbaycan diasporası ilə həmişə sıx əlaqədə olmuşam. “Ana Vətən” cəmiyyətinin fəal üzvüyəm. Cəmiyyətin yaradıcısı Solmaz xanım olub. Çox xeyirxah qadın idi. Bir il öncə rəhmətə gedib. Allah ona rəhmət eləsin. O Amerikaya köçən ilk azərbaycanlılardan idi. Əslən Gəncədən olub. Bəy gəlini imiş. Sürgün vaxtı Türkiyəyə sürgün ediliblərmiş. Oradan da Amerikaya gəlmişlər. Ərcan bəy Türkiyə vətəndaşı olsa da, əslən azərbaycanlıdır. Qəşəng xanım isə qarabağlıdır, çoxdan Amerikada yaşayandır. Ərcan bəy və Qəşəng xanım Solmaz xanımla bərabər çox böyük işlər görüblər. İndi də Solmaz xanımın davamçıları olaraq diasporanı idarə edirlər. Həmin işlərdə indi mən də onların yanındayam, yardımlarda, tədbirlərdə onlarla bərabərəm. Diasporanın təşkil etdiyi bəzi tədbirlərdə iştirakımız dəvətli, bəzi hallarda isə könüllülük əsasında olur. Həmişə çalışmışam ki, heç birindən qalmayım. Tədbirlər vaxtı dəfələrlə Brooklyndən Vaşinqtona maşın sürən vaxtlarım olub. Qələbəmizdən əvvəlki illərdə, konsulluğumuzun qarşısında, BMT-nin ofisinin binası önündə Xocalı faciəsi qurbanlarının xatirəsi üçün aksiyalara qatılmışam. Olub ki, açıq havada isti-soyuq bilmədən saatlarla üz-üzə, göz-gözə dayandığımız ermənilərlə bizi kiçik bir məsafə ayırıb. Düşmən təxribatından çəkinməmişik, təhlükədən qorxmamışıq...Əlamətdar hadisələrdən biri də odur ki, Brooklyn merinin dəstəyini alıb burada şəhidlərimizin xatirəsinə park açılmasına nail olmuşuq.
– ABŞ vətəndaşı olmaq Azərbaycana gələndə hüquqi çətinlik yaratmır ki?
–Dediyim kimi, artıq 15 ildir ABŞ-da yaşayıram. Hüququm çatsa da, ABŞ vətəndaşlığını almağa tələsmirəm. Çünki ABŞ vətəndaşları olan soydaşlarımızın Vətənə gedib-gəlməkdə bəzi bürokratik çətinliklərlə üzləşdiklərini görürəm. Digər tərəfdən, Vətənimi hədsiz dərəcədə çox sevdiyimdən ABŞ vətəndaşı olmaq istəmirəm. Amma Amerikanı da sevirəm. Çünki mən burada çörək qazanıram. Etdiyim yardımları da burada qazandığım qazanc hesabına edirəm. Bunları itirə bilmərəm. Azərbaycana gedəndə qohumlarımla görüşəndən dərhal sonra, qrupumun üzvləri ilə, tanıdığım ictimaiyyət nümayəndələri ilə təmasa can atıram. Sonuncu dəfə görüşümüzdə qrupumun üzvləri ilə çələng hazırlatdırıb şəhid generalımız, Milli Qəhrəman Polad Həşimovun büstünü ziyarət etdik. Burada da təşəbbüs Sevda xanımdan gəlmişdi... İnşallah, növbəti səfərlərimdə işğaldan azad olunmuş torpaqları ziyarət etmək niyyətindəyəm. İşğaldan əvvəl də oralarda heç olmamışam. Amma o yerləri elə doğma yurdum Bakı qədər sevirəm, müqəddəs bilirəm.
–Yəqin ki, xeyriyyəçilik fəaliyyətinizi bundan sonra da davam etdirəcəksiniz...
– Nə qədər ki, ömrüm var, bəli... İstərdim ki, Allah heç kimi heç kimə möhtac eləməsin, hamının canı sağ olsun, insanlar yaşamaq üçün əziyyət çəkməsinlər. Ancaq bu da bir həqiqətdir ki, hamı yaxşı yaşamır və ehtiyac sahibi olan insanlar çoxdur. Allah yardıma ehtiyacı olan bəndəsinə köməkliyi bir başqa bəndəsinin vasitəsilə göndərir. Mən özüm həyatda çox keşməkeşli yollardan keçmişəm. Ehtiyacın nə demək oldugunu çox yaxşı bilirəm. Buna görə də ehtiyacı olanlara bacardığım qədər yardım etməyə çalışıram. İmkanım çox olsa, daha da artığını edərəm. Allah bundan sonra mənə daha yaxşı imkan yetirərsə, qazancımın 90 faizini ehtiyaclılara yardım edəcəyimə söz vermişəm. Hərdən qızım mənə deyir ki, ana, bu qədər fədakar olma, bir az özünü də düşün. Deyirəm yox, qızım, mənim xəmirim belə yoğrulub, mən artıq belə formalaşmışam. Çünki insanlığa dəyər verirəm, var-dövlət hərisliyinə nifrət edirəm. Yəni, yuxarıdan aşağı deyil, aşağıdan yuxarı baxmaq lazımdır. Onda insan əsil doğruları daha yaxşı görə bilir.
-Tədbirlərdə çəkilən şəkillərdə tək özünüzün əlverişli rakursdan çəkdirdiyiniz yoxdur. Ancaq ümumi fondan seçilməyənlərdir.
- Bilirsiniz, mən bu işi reklam xatirinə eləmirəm. Gördüyü işləri gözə soxanları qətiyyən sevmirəm. Savab işləri sadalamaq vacib olanda belə, xeyirxahlığımdan faydalanan insanların bircəciyinin də adını çəkməmişəm. Canlı yayım açanda belə öz görüntüm deyil, çəkdiyim obyektlər və fonda səsim düşür yayıma. Özümü tərifləməyə nə ehtiyac var ki? Əsas odur Yaradan görür, bu mənim bəsimdir.
-Gülarə xanım, sizə dərin təşəkkürümü bildirirəm ki, müsahibəyə razılıq verdiniz. Yeni gözəl bir qəlb sahibini tanımaqdan o qədər məmnunam ki. Nə yaxşı ki, dünyanın hər yerində belə geniş qəlbli, pak niyyətli, vicdanlı, xeyirxah, səxavətli insanlar var. Bir misal var, deyirlər, dünya xeyirhahların çiynində dayanır. Bu gün buna bir daha əmin oldum.
– Siz də sağ olun. Sağ olun ki, bizə dəyər verirsiniz, dəyər verməyinizlə bizlərə həm də daha çox yaxşı işlər görməyə həvəs, motivasiya verirsiniz.
Təşəkkürümü qəbul edin.
-Çox sag olun. Allah arzu və niyyətlərinizi həyata keçirsin. Gördüyünüz bütün işlərdə yollarınız açıq olsun.
Söhbətləşdi: Nüşabə Əhməd
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














