Mətbuat Şurası: "Sputnik Azərbaycan" Rusiya Federal Təhlükəsizlik Xidmətinin filialından başqa bir şey deyildi

Son illərdə Rusiya Federasiyası kütləvi informasiya vasitələrindən xarici siyasət təsir aləti kimi daha fəal istifadə edir. İnformasiya fəaliyyəti pərdəsi altında ictimai rəyin formalaşdırılmasına və suveren dövlətlərdə siyasi vəziyyətin destabilizasiyasına yönəlmiş geniş miqyaslı kampaniyalar həyata keçirilir.

Bu barədə Mətbuat Şurasının bəyanatında bildirilib.

Qeyd edilib ki, bu cür hərəkətlər başqa ölkələrin daxili işlərinə müdaxilə olaraq, yerli ictimai qurumların fəaliyyətini sarsıdır və hakimiyyətə olan etimad səviyyəsini azaldır.

"Bu təcrübə xüsusilə Rusiyanın “Sputnik” agentliyi və onun əməkdaşlarının fəaliyyətində aydın şəkildə özünü göstərir. Rusiya Jurnalistlər İttifaqının "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və insan hüquqları assosiasiyalarına ünvanlanmış açıq məktubuna cavab olaraq, beynəlxalq ictimaiyyətə hadisələrin obyektiv mənzərəsini təqdim etməyi zəruri hesab edirik.

Hər şeydən əvvəl, məktubda faktlar kobud şəkildə təhrif edilib, bu da beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdinin aydın sübutudur. "Sputnik Azərbaycan"ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun saxlanılması, açıq məktubda iddia edilənlərin əksinə olaraq, onların jurnalistika sahəsində peşə vəzifələrini yerinə yetirmələri ilə heç bir əlaqəsi yoxdur".

Vurğulanıb ki, göstərilən şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əməkdaşlıq edirdilər və jurnalistika fəaliyyətinə aid olmayan tapşırıqları yerinə yetirmək məqsədi ilə Azərbaycanda olublar. Bu baxımdan, onların saxlanılması qüvvədə olan qanunvericiliyə tam uyğun olaraq və hüquqi çərçivədə həyata keçirilmiş qanuni tədbirdir:

"Vəziyyəti daha yaxşı anlamaq üçün qeyd etmək istərdik ki, əvvəllər "Sputnik Azərbaycan"a bir neçə il Vitali Denisov - Rusiya xüsusi xidmət orqanlarının zabiti, Baş Kəşfiyyat İdarəsi ilə sıx əlaqəli olan şəxs rəhbərlik edib. Bundan əvvəl o, "Sputnik Cənubi Osetiya" agentliyinə, daha sonra isə "Sputnik Moldova"ya rəhbərlik edib. Bu vəzifələrdə olarkən o, göstərilən regionların media resurslarından Rusiya xüsusi xidmət orqanlarının maraqları naminə istifadə edərək, Kreml yönümlü gündəmi təşviq etmək məqsədi daşıyan informasiya-təbliğat kampaniyalarına rəhbərlik edib.

Təxribat fəaliyyətinə görə Denisovun Azərbaycan və Moldovadan çıxarılması onun jurnalistika fəaliyyəti pərdəsi altında çox vaxt cəmiyyəti məlumatlandırmaqdan uzaq olan tapşırıqların yerinə yetirildiyini təsdiqləyir — söhbət qəbul edən ölkələrin milli təhlükəsizliyinə təhdid yaradan koordinasiyalı təsir və müdaxilə cəhdlərindən gedir.

Xüsusi xidmət orqanlarının Sputnik kimi yalançı media strukturlarından alət kimi istifadə etməsi, suveren dövlətlərdə vəziyyəti destabilizasiya etməyə yönəlmiş daha geniş hibrid strategiyanın bir hissəsidir. Bu, Avropa Şurası, Avropa Parlamenti, EUvsDisinfo və EDMO kimi aparıcı təşkilatların beynəlxalq hesabatlarında da təsdiqlənir ki, burada Sputnik-in sadəcə xəbər agentliyi deyil, digər ölkələrin daxili siyasi proseslərinə müdaxilə etməyə yönəlmiş Rusiya dezinformasiya kampaniyasının əsas aləti olduğu qeyd edilir.

Bu baxımdan beynəlxalq ictimaiyyətin Sputnik-in fəaliyyətinə reaksiyası tamamilə qanunauyğundur: agentlik rəsmi olaraq 32 ölkədə, o cümlədən Avropa İttifaqının bütün 27 dövlətində, həmçinin Ukrayna, Böyük Britaniya, Kanada, İsveçrə və Avstraliyada qadağan edilib və ya bloklanıb".

Rusiya Jurnalistlər İttifaqının öz ölkəsində jurnalistlərin təqibi və söz azadlığının məhdudlaşdırılması problemləri ilə ciddi məşğul olmaq əvəzinə, faktiki olaraq bu kəskin məsələləri lazımi diqqətdən kənarda qoyması dərin təəccüb doğurur. Müstəqil media nümayəndələrinin çoxsaylı həbs halları və onlara qarşı sistematik təzyiq ictimai və siyasi diskursun periferiyasında qalır.

Vəziyyətin ciddiliyini beynəlxalq jurnalist və insan hüquqları təşkilatlarının məlumatları da təsdiqləyir. Məlumatlarda bildirilir ki, 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb. Bu zaman əsaslı şübhələr var ki, bu onların peşə fəaliyyəti ilə bağlı olub. Bundan əlavə, 2019-cu ildən 2024-cü ilə qədər ölkədə ən azı 26 jurnalist saxlanılıb və həbs edilib ki, bu da söz azadlığı və müstəqil jurnalistika sahəsində sistemli problemlərin davam etdiyini əyani şəkildə göstərir. Beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarında Rusiyada müstəqil jurnalistikanın miqyaslı şəkildə azalması müntəzəm olaraq qeyd edilir, ekspertlər 60-70% civarında rəqəmlər göstərirlər. Oxşar nəticələr nüfuzlu mənbələrin materiallarında da göstərilir ki, bu da ölkədə söz azadlığının boğulmasına yönəlmiş sistemli və dərin kök salmış tendensiyanı göstərir.

Beləliklə, Yuri Şekoçixin, Anna Politkovskaya, Pavel Şeremet, Pol Xlebnikov və bir çox digər tanınmış jurnalistlərin qətl işləri siyasi motivasiyalı olduqları üçün hələ də açılmamış qalır. Rusiyanın Ukraynaya qarşı hərbi kampaniyasının başlamasından sonra media üzərində senzura əhəmiyyətli dərəcədə gücləndi, hər hansı alternativ mövqe aktiv şəkildə yatırılır, öz fikirlərini bildirməyə çalışan jurnalistlər isə təqib və həbslərə məruz qalırlar.

Yuxarıda göstərilənlərə baxmayaraq, Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəkləməyə üstünlük verir, öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qətiyyəti göstərmir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin filialından başqa bir şey olmayan "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarının həbsi ilə bağlı iləsə beynəlxalq jurnalist və insan hüquqları təşkilatları ilk növbədə Rusiya Jurnalistlər İttifaqının timsalında müstəqil jurnalist təşkilatlarının xüsusi xidmət orqanları ilə əlaqəsi, onların siyasi təsir və informasiya manipulyasiyası vasitəsinə çevrilməsi barədə düşünməlidirlər.

Biz beynəlxalq jurnalist və insan hüquqları təşkilatlarını bu cür informasiya təxribatlarına adekvat reaksiya verməyə və mediadan siyasi məqsədlər üçün istifadə edilməsini qətiyyətlə pisləməyə çağırırıq.

Son xəbərlər

Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı

"Bloomberg": Pxenyanın nüvə başlıqlarının sayı ABŞ-nin müdafiə sistemini sıradan çıxara bilər

Mayda temperatur 32 dərəcəyədək yüksələcək - AYLIQ PROQNOZ

Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib

"Bunun qarşısını ala bilmərik" - Rektor

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək - TARİX AÇIQLANDI

Maliyyə Nazirliyində Aparat rəhbəri təyin olundu

VƏSİLƏ USUBOVANIN ANIM GÜNÜ... - FOTO(TARİX)

Aprelin son günündə 22 dərəcə isti gözlənilir

"Süni intellekt hamımızı öldürə bilər"

İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var

Bir gülüşündən sarı - FOTO

Sara Əzimovaya yeni vəzifə verilib

İçdiyi dərmanlar ölümünə səbəb oldu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi - Biri öldü

Estetik əməliyyatına sərvət xərclədi - Fotolar

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Şahin Mustafayev İrəvandadır

Azərbaycanın axtardığı şəxslər bu ölkələrdə tutuldu

“Fidan Zeyn həm salonumu işlədib pul qazanır, həm də həbs olunmağıma çalışır”

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Yağır yağmadığın cəmini yağış - FOTO

Qeydiyyat bu gün bitir

Evlərini və maşınlarını satıb kəndinə 10 milyon dollar xərclədi - Fotolar

Coliyə nə olub? - Foto

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

Əfqanıstanla Pakistan arasında daha bir GƏRGİNLİK

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930